Məhkəmə qərarları › İş №1(071)-1/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-1/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-1/2025 10.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağsu rayonunun Daşdəmirbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 08 mart 2023-cü il tarixdə saat 22:57-də etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz 818L» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı bortlu-tentli yük avtomobili ilə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən 159,5-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olub səhv getdiyinə görə Göylər-Şamaxı yoluna dönmək məqsədi ilə avtomobili saatda 5 km sürətlə arxaya doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, sağ zolaqla nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin nəqliyyat vasitəsinə çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyərək Qazax istiqamətində 90 km/saat sürətlə hərəkətdə olub «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozan (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) 1996-cı il təvəllüdlü sürücü Şahid1 idərə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Renault Meqane» markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Renault Meqane» markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1937-ci il təvəllüdlü X2 əlin arxa səthinin sıyrığı və qançırı, hər iki diz oynaqlarının bayır səthlərinin sıyrıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün açıq sınığı, alt çənə sümüyünün qapalı sınığı, kəllə əsası sümüyünün sınığı, beyinin yumşaq toxmasma, eləcə də mədəciklərinə qansızmalar kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, həmin minik avtomobilinin digər sərnşini 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 müştərək travma, ağır açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sol beyin yarımkürəsinin subdural hematoması, sağ təpə payının intraparenximatoz hematoması, əsas sümüyünün çıxıntısının və hər iki qanada bənzər çıxıntısının sınığı, hər iki almacıq sümüyünün və sağ almacıq qövsünün, burun sümüyünün, çənə sümüyünün sağ şaxəsinin sınığı, sağ tərəfli ağ ciyərin əzilməsi, pinevmotoraks, sağ tərəfli İV-V qabırğaların, sağ kürək sümüyünün çıxıntısının sınığı, hər iki göz ətrafının, alm nahiyəsinin qançırları, sağ bazu nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 mart 2023-cü il tarixdə saat 22-57 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan Mercedes Benz 818L yük markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili içərisi kartofla dolu vəziyyətdə Bakı-Qazax-Gürcustan sərhəddi yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində Göylər yoluna dönməli olduğu halda həmin yolu bilmədən 20-25 metr ötüb keçdiyi üçün avtomobili yolun sağ çiyni ilə arxaya doğru 5 km/saat sürətlə hərəkət etdirməyə başlamışdır. Avtomobili arxaya doğru hərəkət etdirərkən avtomobilin sağ tərəfi yolun ehtiyat hissəsində, sol tərəfi isə yolun sağ kənarıda çəkilmiş sarı xətdən təxminən 50-60 sm solda yolun hərəkət zolağında dəymişdir. Baş vermiş hadisə nəticəsində xəsarət almadığı üçün avtomobildən düşərək avtomobilin arxa tərəfmə yaxanlaşmışdır. Yoldan keçən tanımadığı adamlar avtomobillərini saxlayıb ora yaxınlaşmış və ona avtomobili bir az qabağa doğru hərəkət etdirməyi demişlər. O, avtomobili qabağa doğru hərəkət etdirməsinə baxmayaraq onun avtomobilinə dəymiş minik avtomobili onun avtomobilindən qopmamış və həmin avtomobili də qabağa sürütləmişdir. Tanımadığı adamlar minik avtomobilindən qabaqda sağda olan yaşlı qadını çıxaran zaman onun öldüyü məlum olmuşdur. Həmin vaxt minik avtomobilində sürücü və başqa bir qadında xəsarət aldığı üçün hadisə yerinə gəlmiş TTY avtomobili onları xəstəxanaya aparmışdır. Başqa bir TTY avtomobili isə gələrək qadının meyitini aparmışdır. O, avtomobildə tək olmuşdur. Başqa heç kim olmamışdır. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə yerinə onun iştrakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, avtomobillərin toqquşması yolun sağ kənarıda çəkilmiş sarı xətdən 65 sm solda yolun hərəkət zolağında baş vermişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin protokolu o da imzalamışdır. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəmiş şəxslə və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş (sonrakı məhkəmə iclasında videokonfrans vasitəsilə) Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, hadisə nəticəsində vəfat etmiş X11 onun anası, Zərərçəkmiş şəxs1 isə onun həyat yoldaşıdır. X4 və həyat yoldaşı Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə bacısı oğlu Şahid1 idarə etdiyi “Renault Megane” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Bərdə rayonuna yola düşmüşlər. Həmin gün saat 23-05 radələrində telefonla məlumat almışdır ki, Bakı-Qazax-Gürcustan sərhəddi yolunun Hacıqabul rayonu ərazisində Şahid1 avtomobili yük avtomobili ilə toqquşmuş və anası Asya hadisə yerində ölmüş, həyat yoldaşı və Elməddin xəsarət aldıqları üçün Şirvan şəhər xəstəxanasına aparılmışdır. O, Bakı şəhərindən həmin xəstəxanaya getmişdir. Orada anasının meyitinin Şirvan şəhər MTE-nın meyitxanasında olduğunu, həyat yoldaşı və Elmədinin isə Şirvan ŞMX-da müalicə olunduqlarını bilmişdir. Anasının meyiti tibbi müayinədən keçdikdən sonra onlara təhvil verilmiş və onlar meyiti aparıb Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən qəbrsanlıqda dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Elməddinin avtomobili yolun sağ zolağı ilə Qazax istiqamətində hərəkətdə olarkən yük avtomobili arxaya doğru hərəkətdə olmuş, ona görə yük avtomobilinin arxa sol hissəsi ilə Elməddinin idarə etdiyi avtomobilin qabaq sağ tərəfi arasında toqquşma baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, qaynX4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə baldızı oğlu Şahid1 idarə etdiyi “Renault Megane” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Bərdə rayonuna yola düşmüşlər. Avtomobili Elməddin özü idarə etmiş, sağ qabaqda qayanası əyləşmiş və o isə sağ arxada oturmuşdur. Elməddin hərəkət edib Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsinə çatmışlar. Təxminən saat 22:55 radələrində Elməddin avtomobilinin sağ qabaq qarşı tərəfini qarşıda geriyə hərəkət edən yük avtomobilinin sol arxa hissəsinə vurmuşdur. Hadisə zamanı avtomobildə olan qaynanası ölmüş və o, özü isə ağır xəsarət almışdır. Sonradan ona Elməddin bildirməsinə görə məlum olmuşdur ki, qarşıda yolun sağ hərəkət hissəsi ilə yük avtomobili geriyə hərəkət etmiş və bu səbəbdən də, onların olduğu avtomobil həmin yük avtomobili ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclasında Zərərçəkmiş şəxs1 həm məhkəmə iclası zamanı həm də, məhkəməyədək verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və məlum olmuşdur ki, o, həm məhkəməyədək icraat zamanı həm də, məhkəmə iclası zamanı eyniməzmunlu ifadələr vermişdir. Əvvəlki məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 08 mart 2023-cü ildə saat 22-57 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Renault Megane” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcustan sərhəddi yolu ilə Qazax istiqamətində 90 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkət etdirərkən avtomobildə qabaq sağ oturacaqda nənəsi Asya Əliyeva, arxada isə bibisi Zərərçəkmiş şəxs1 olmuşlar. Nənəsi ilə bibisi söhbət edən zaman o, onların söhbətinə qoşulmuşdur. Hava qaranlıq olduğu üçün uzaq məsafəyə vuran işıqlarla avtomobili idarə etmiş və 100 metr məsafəni görə bilmişdir. Həmin yolun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində təxminən 100 metr məsafədən görmüşdür ki, qabaqda yük avtomobili geriyə doğru hərəkət edir. Həmin an yolun sol hərəkət hissəsində dövlət qeydiyyat nömrəsi və markasını bilmədiyi avtomobil olduğu üçün idarə etdiyi avtomobilin qabaq sağ tərəfi geriyə doğru hərəkət edən “Mercedes Benz 818L” yük markalı **-VX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Həmin vaxt yük avtomobilinin sol təkərləri yolun sağ hərəkət zolağında imiş. Hadisə baş verdikdən sonra yük avtomobilinin sürücüsü avtomobili irəliyə doğru hərəkət elətdirməyə başlamış, o, qışqıraraq avtomobildə olan sərnişinlərdən biriinin öldüyü üçün avtomobili saxlamasını bildirmişdir. Nənəsi Asya hadisə yerində ölmüş, onun meyitini və xəsarət almış bibisini tanımadığı adamlarla avtomobildən çıxarmışlar. Onu və bibisi Alidəni xəsarət aldıqları üçün hadisə yerinə gəlmiş TTY avtomobili onları xəstəxanaya, nənəsinin meyitini isə meyitxanaya aparmışlar. Hadisə yerində tanımadığı adamlar bildirmişdir ki, yük avtomobilinin sürücüsü Ağsu rayonuna dönən yolu bilmədən qabağa keçdiyi üçün həmin yola dönmək məqsədi ilə avtomobili geri hərəkət etdirmişdir. Sonrakı məhkəmə iclasında Şahid1 həm məhkəmə iclası zamanı həm də, məhkəməyədək məhkəməyədək verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və məlum olmuşdur ki, o, həm məhkəməyədək icraat zamanı həm də, məhkəmə iclası zamanı eyniməzmunlu ifadələr vermişdir. Əvvəlki məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-mn 7-ci tağımın inspektoru Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə inspektor X9 ilə birlikdə Bakı-Qazax-Gürcustan sərhəddi yolunun Kürdəmir rayonu ərazisində xidmətdə olarkən saat 23-00 radələrində həmin yolun Hacıqabul rayonu Padar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə getmişlər. Hadisə yerinə gəldikdə məlum olmuşdur ki, hadisə həmin yolun 159-ci km Qazax istiqamətində baş vermişdir. “Renault Megane” minik markalı avtomobillə “Mercedes Benz” yük markalı avtomobil toqquşmuşdur və hadisə nəticəsində minik avtomobilində olan bir yaşlı qadın ölmüş, bir qadm isə xəsarət almışdır. Xəsarət alanları TTY avtomobili ilə xəstəxanaya aparmışlar, ölən qadının meyitini isə onlar digər TTY avtomobili ilə Şirvan şəhərinə meyitxanaya yola salmışdır. Sonra hadisə yerinə gəlmiş müstəntiq onların, hal şahidlərin və toqquşmada iştrakçı olan yük avtomobilinin sürücüsünün iştrakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, toqquşma yolun sağ çiynində çəkilmiş yan xəttə 65 sm qalmış, yəni avtomobillərin hərəkət zolağında baş vermişdir. Hadisə yerində avtomobillərə aid şüşə və plastmas qırıntıları yola səpələnmiş halda tökülmüş və yolun hərəkət zolağından sağ ehtiyat hissəyə doğru avtomobilə aid təkərin sürtünmə izi qalmışdır. Avtomobillərin toqquşma yerini toqquşmada iştrakçı olan yük avtomobilin sürücüsü göstərərək bildirmişdir ki, yük avtomoblini geriyə hərəkət etdirərkən “Renault Megane” minik markalı avtomobil onun idarə etdiyi yük avtomobilnin arxa sol tərəfi ilə toqquşmuşdur. Sonrakı məhkəmə iclasında Şahid2 həm məhkəmə iclası zamanı həm də, məhkəməyədək məhkəməyədək verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və məlum olmuşdur ki, o, həm məhkəməyədək icraat zamanı həm də, məhkəmə iclası zamanı eyniməzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid4 məhkəməyədək icraat dövründə şahid qismində ifadə verərək bildirmişdir ki, özünə məxsus Kamaz 5511 markalı ** TP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 08 mart 2023-cü il tarixdə Bakı-Qazax yolu ilə Göyçay rayonuna mişar daşları aparırmış. Həmin yolla hərəkət edib yolun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən Ağsu rayonu Padarçöl yoluna ayrılan körpüyə çatmışdır. Saat təxminən 23 radələri olmuşdur. Həmin yerdə Atego yük avtomobilinin arxa sol hissəsinə minik avtomobilinin çırpıldığını görüb avtomobilini saxlamışdır. O , hadisə yerinə yaxınlaşmışdır. Bundan sonra polis əməkdaşları ona hadisə yerinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O, buna etiraz etməmiş və bundan sonra daha bir nəfər şəxsdə hal şahidi qismində dəvət edilmişdir. Onlara hüquq vəzifələri izah edilmişdir. Daha sonra onların və Atego yük avtomobilinin sürücüsünün iştirakları hadisə yerinə baış keçirilməyə başlanılmışdır. Məlum olmuşdur ki, Qazax hissəsində hərəkət hissəsinin eni 7,5 metr, sağ ehtiyat hissənin eni 3,5 metrdir. Hadisə yerində iştirak edən Atego yük avtomobilinin sürücüsü sağ hərəkət zolağında müşahidə olunan torpaq qırıntılarını, su və yağ izlərini göstərib bildirmişdir ki, toqquşma həmin yerdə baş vermişdir. Onların iştirakı ilə ölçmə aparılmış və məlum olmuşdur ki, hərəkət hissənin sağ kərarından sarı xətdən yolun içərisinə doğru 65 sm- dir. Həmin yerin və avtomobillərin şəkilləri çəkilmişdir. Hadisə yerinə baxış protokolu, sxem tərtib edilmiş, onlara ucadan oxunmuşdur. Onlarda həmin sürücü ilə birlikdə protokolun və sxemin doğruluğunu imzalamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” 84 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən 159,5ci kilometrliyidir. Hadisə yerində hərəkət hissəsi düz, hamar və asfalt örtüklüdür. Qazax istiqamətində hərəkət hissəsi iki hərəkət zolağından ibarət olub eni 7,5 metr, sol ayırıcı zolağın eni 4,4 metrdir. Ayrıcı zolağın orta bərabərliyində 90 santimetr hündürlükdə beton sədd vardır. Sağ ehtiyat hissəsinin eni 3,5 metrdir. Sağ ehtiyat hissədən toqquşmadan sonra irəliyə doğru gedib dayanmış “Renault Megane” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik və Mercedes Benz 818L yük markalı ** VX *** dövlət qeydiyyat nişanlı yük avtomobili müşahidə edilir. Minik avtomobilinin sağ qabaq hissəsi yük avtomobilinin arxa sağ və sol hissəsi ilə toqquşmuşdur. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. AE 963930 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyası verilmişdir. AD №742621 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz 818 L” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı bortlu-tentli avtomobilin sahibi X7r. ƏN-V№ 196103 saylı etibarnamədən görünür ki, “Mersedes Benz 818 L” markalı **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmə səlahiyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci ilə qədər Təqsirləndirilən şəxs vermişdir. Ağsu rayonu İHB-nın Daşdəmirbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Ağsu rayonu İHB-nın Daşdəmirbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağsu rayonu Daşdəmirbəyli kəndində yaşayır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) BC AE 963930 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmişim hüquqi varisi qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş qismində tanınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 04 saylı rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol əlin arxa səthinin sıyrığı və qançırı, hər iki diz oynağının bayır səthlərinin sıyrıqları, alın nahiyəsinin əzilmişcırılmış yarası, burun sümüyünün açıq sınığı, alt çənə sümüyünün qapalı sınığı, kəllə əsası sümüyünün sınığı, beynin yumşaq toxumasına qansızmalar. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Xəsarətlər həyatı olmaqla ölümündən bir qədər əvvəl əmələ gəlmişdir. X1 ölümünə səbəb başın küt travması nəticəsində kəllə əsası sümüyünün sınığından sonra baş vermiş beynin yumşaq toxumasına və eləcədə mədəciklərinə qansızmalar olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – müştərək travma, ağır açıq kəllə-beyin travması, baş beyin əzilməsi, sol beyin yarımkürəsinin subdural hemotoması, sağ təpə payının intraparenxematoz hematoması, əsas sümüyünün çıxıntısının sınığı, hər iki göz ətrafının, alın nahiyəsinin qançırı, sağ bazu nahiyəsinin əzilmiş-cırılmış yarası. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-trasoloji eksprertizasının xx.xx.2023-cü il tarixli 8\1141 saylı rəyindən görünür ki, təqdim edilmiş Renault Megane minik markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində, kapotda, qabaq sağ qanadda, qabaq sağ qapıda, banında, qabaq sağ dirəkdə) və Mercedes Benz 818L yük markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa qoruyucuda, yük yerinin arxa sol təkərində, təkər qoruyucusuda) olan zədələr izlərinə, öz formasına, morfoloji qurluşuna, xarkterinə və sair əlamətlərinə görə hər hansı sərt bərk olan predmetlə kotaktda olması, dəyməsi, o cümlədən avtomobillərin hərəkəti zamanı birbirləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Avtomobillərin qarşılıqlı vəziyyətləri sxemdə göstərilib. İlkin kontakt anında toqquşma Renault Megane minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ hissəsi ilə Mercedes Benz 818L markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi arasında təxminən 15-20 dərəcə bucaq altında baş vermişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2117 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Renault Megane” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz 818L” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5 km/saat sürətlə hərəkət edən “Mercedes Benz 818L” markalı avtomobiin dayanma vaxtə 1,7 saniyədir. 90 km/saat sürətlə hərəkətdə olan “Renault Megane” markalı avtomobilin 100 metr məsafəni qət etməsinə sərf olunan vaxt 4 saniyədir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Mercedes Benz 818L” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı və “Renault Megane” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1542 saylı rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən, Mercedes Benz 818 markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs toqquşma yerinə çatmadan avtomobili dayandırmağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə yerində toqquşmaya kimi Mercedes Benz 818 markalı və “Renault Megane” markalı avtomobillərə məxsus tormoz izi qalmadığından toqquşma bucağına əsasən ilkin kontakt anında yola nəzərən avtomobillərin qarşılıqlı vəziyyətlərini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Ona görə də, qeyd olunan şəraitdə Mercedes Benz 818 markalı avtomobilin toqquşma yerinə çatmadan dayandırılması vəziyyətində avtomobillər arasında toqquşmanın baş verməməli olmasını yol-nəqliyyat hadisələri ekspertizaları yolu ilə müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 818L” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən 159,5-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olub səhv getdiyinə görə Göylər-Şamaxı yoluna dönmək məqsədi ilə avtomobili saatda 5 km sürətlə arxaya doğru hərəkət etdirərkən arxadan gələn 1996-cı il təvəllüdlü Şahid1 idərə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Renault Meqane» markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşdurmuş, nəticədə minik avtomobilində olan sərnişin 1937-ci il təvəllüdlü X6 ölümünə, digər sərnişin 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi baş vermişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün bir zərər çəkmiş şəxsin ölümü və digər zərərçəkmiş şəxsin ağır dərəcəli xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin hüquqi varisinini, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.1.13, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, iş üzrə maddi sübut qismində tanınmış avtomobillərin qanuni sahiblarinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Mercedes Benz 818L” markalı **- VX-*** dövlət qeydiyyat nişanlı və “Renault Megane” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 333 (üç yüz otuz üç) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar