Məhkəmə qərarları › İş №1(071)-10/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-10/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-10/2024 24.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X22 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Ağamməd oğlunun iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, S.Vurğun küçəsi ev 18-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Aleksandrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, S.Vurğun küçəsi ev 1A-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 1,881 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin 0,704 qram çəkidəki hissəsini 10 iyul 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, S.Vurğun küçəsində 10 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan 1,177 qram çəkidəki hissəsi isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,925 qram, 0,120 qram və 0,132 qram olmaqla 3 ədəd kağız kəsiklərində qablaşdırılmış halda xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən fərdi yaşayış evində yataq otağında baxış və götürmə aparılan zaman yastığın altından və masanın üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, 10 iyul 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, S.Vurğun küçəsində 10 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs1 Şübhəli oğlundan satış məqsədi olmadan, özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,704 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, S.Vurğun küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,704 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan boz rəngli şalvarın sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıqabul şəhəri S.Vurğun küçəsi ev 1A-da qeydiyyatda olmaqla yaşayır. Hacıqabul şəhərində bərbər işləyir. O, Təqsirləndirilən şəxs1 Şübhəli oğlunu xeyli müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs1lə onun arasında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Bir ilə yaxın müddətdir ki, o, narkotik vasitə qəbul edir. 10 iyul 2023-cü il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində heroin almış və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri, S.Vurğun küçəsində piyada gəzən zaman Hacıqabul rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılarkən o, şalvarının qabaq sağ cibində olan bir ədəd kağız kəsiyi bükümünü təqdim edərək həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Sorğu zamanı ondan narkotik vasitəni haradan əldə etməsi soruşulmuş, o isə cavabında üzərindən aşkar edilmiş narkotik vasitəni bir gün əvvəl 10 manat pul verməklə Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, fərdi əməklə məşğul olduğunu, ailəli olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvanda yaşayır. Uzun müddətdi ki, o, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs2 tanıyır və onların arasında ədavət və düşmənçilik yoxdur. Dəqiq xatırlamadığı bir tarixdə küçədən içərisində heroin olan bir büküm tapmış və həmin bükümü yaşadığı evdə saxlamışdır. 10 iyul 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gələrək ondan heroin istəmiş və o, Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində heroin vermişdir. O, Təqsirləndirilən şəxs2 aldığı 10 manat pulu öz məsrəfləri üçün xərcləmişdir. 11 iyul 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, S.Vurğun küçəsində evlərinin qarşısında olarkən Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman onun üzərində qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, yaşadığı evdə narkotik vasitə saxladığını bildirdikdən sonra onun yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yataq otağında üç büküm heroin aşkar edilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 11 iyul 2023-cü il tarixdə Hacıqabul rayonu, S.Vurğun küçəsi, ev 1A-da yaşayan Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Hacıqabul rayon PŞ-nin NH-nin sürücüsü, polis nəfəri X1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 Hacıqabul şəhəri, S.Vurğun küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarın sağ cibində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bir ədəd kağız kəsiyi bükümündə olan narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs1 Şübhəli oğlundan 10 manata aldığını bildirdiyi üçün təhqiqatçının raportu əsasında Təqsirləndirilən şəxs1 Şübhəli oğlunun kimliyinin və yerinin müəyyən olunaraq Hacıqabul rayon PŞ-nə gətirilməsi barədə əməliyyat tapşırığı vermişdir. Həmin əməliyyat tapşırığı əsasında onlar Hacıqabul şəhəri, S.Vurğun küçəsi, ev 18-də yaşayan Təqsirləndirilən şəxs1 Şübhəli oğlunun yerini müəyyən edərək həmin günü saat 18:45 radələrində o, yaşadığı evin qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 Şübhəli oğlunun üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir qanunsuz predmet və əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etrazının olmadığını bildirmişdir. Müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 Şübhəli oğlunun yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağında yastığın altına qoyduğu bir ədəd və çarpayının yanındakı masanın üzərinə qoyduğu iki ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin üç ədəd büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş və həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 və Məmmədov X3 Vasif Tapdıq oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağız bükümündə narkotik vasitə olan heroinə oxşar kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni 10 iyul 2023-cü il tarixdə saat 18 radələrində 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini bənzər kütləni ona 10 manata satdığını, həmçinin yaşadığı evdə narkotik vasitə heroin saxladığını bildirmişdir. “Baxış keçirilməsi və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 özünün qaldığı yataq otağında yataq çarpayısının üzərində olan yastığın altından bir ədəd kağız bükülü və çarpayının yanındakı sol tərəfdə olan kiçik stolun üzərindən iki ədəd içərisində narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/718 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,704 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,654 qram qalıq qalmışdır. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 yaşadığı evdən..” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -0,925 qr, 0,120 qr, 0,132 qr, ümumi çəkisi -1,177 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,15 qramı (hər ob-0,05 qram) sərf edildikdən sonra, 1,027 qram qalıq qalmışdır. Tədqiqata təqdim olunmuş 04 ədəd bükümdə, ümumi çəkisi-1,881 qram olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 4926 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 5302 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabionidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadə verərək 10 iyul 2023cü il tarixdə saat 18 radələrində ondan 10 manat pul müqabilində narkotik vasitə heroin aldığını bildirmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs2 10 iyul 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, S.Vurğun küçəsində tanışı Təqsirləndirilən şəxs1 Şübhəli oğlundan 10 manat pul müqabilində 0, 704 qram olan narkotik vasitə heroini özünün istifadəsi üçün almışdır. Eyni zamanda əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitə heroini özünün istifadə etməsi üçün əldə etdiyi müəyyən edilmişdir. Lakin əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Şübhəli oğlunun əldə etdiyi narkotik vasitə heroini harada və kimdən əldə etdiyini, Təqsirləndirilən şəxs2 başqa digər şəxslərə satıb-satmamasıı müəyyən etmək mümkün olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,654 qram qalan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,027 qram qalan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsini və sonuncunun evinə baxış keçirilməsini özündə əks etdirən üç ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər üç dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Sonuncu dəfə o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(071)-123/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Məhkəməsinin 1(071)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan hissəsi 1 il 4 ay 12 gün təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-61/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X13 azad edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 701 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 evli olmaqla, ailə üzvləri - 1974-cü il təvəllüdlü həyat yoldaşı X15, xx.xx.1996-cı il təvəllüdlü oğlu X4 və xx.xx.2006-cı il təvəllüdlü oğlu X8 ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 702 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, ailə üzvləri- həyat yoldaşı xx.xx.1982-cı il təvəllüdlü X2, qızı xx.xx.2002-ci il təvəllüdlü X9, qızı xx.xx.2003-cü il təvəllüdlü X10 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 5 ünvanda yaşamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ilkin ifadəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində narkotik vasitə heroin satdığını, lakin evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, daha sonra ifadəsini dəyişərək yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, lakin pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, eləcə də iş üzrə digər sübutlar tədqiq edilərkən təqsirləndirilən şəxs yenidən ifadəsini dəyişdirmiş və özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəlində verdiyi ifadələri məsuliyyəti yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və onun məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadəsi işin faktiki hallarına daha uyğun olduğundan həmin ifadəni mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş üç büküm narkotik vasitə heroinin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olması da, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını təsdiq edir. Təqsirləndirilən şəxs2 isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində, o cümlədən Təqsirləndirilən şəxs1lə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni 10 manat pul müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bütün qeyd edilən sübutların məcmusu isə onu deməyə əsas verir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində 10 manat pul müqabilində Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin satmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq edilmiş özlərinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikdləri ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əvvəllər analoji cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsinin onun cinayət törətməyə meyilli şəxs olmasına və əvvəlki cəzanın onun islah edilməsi üçün kifayət etməməsinə dəlalət etməsi və şəxsiyyətini mənfi səciyyələndirməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, eləcə də təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona aşağı həddə cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla, müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.2). Onun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs2 həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əldə edib daşıyaraq saxladığı narkotik vasitənin miqdarı, o cümlədən cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,654 qram qalan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,027 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxslərin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyaclarının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən onların barələrindədə tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağamməd oğlu tərəfindən və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə münasibətdə işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına təqdim edilmiş hesabatlara uyğun olaraq pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay 12 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 8 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 0,654 qram və 1,027 qram olan narkotik vasitə heroin məhv edilsin, üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 126 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan (Təqsirləndirilən şəxs1 münasibətdə isə ona təqdim edildiyi andan) 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar