Məhkəmə qərarları › İş №1(071)-100/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-100/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-100/2025 18.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 Nemət oğlunun, Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Beyləqan rayonu Qəhrəmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Beyləqan rayonu Qəhrəmanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrarayon yeni məhəllədə müvəqqəti yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Nemət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə, xx.xx.1969-cu il tarixdə İmişli rayonu Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3, 149.2.4, 149.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli rayonu Muradxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs1 Nemət oğlu, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 aprel 2025-ci il tarixdə saat 02 radələrində etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Zərərçəkmiş şəxs Əlipaşa oğluna məxsus Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən tövlənin yanına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2la birlikdə tövlənin yaxınlığına gələrək arxa tərəfində yerləşən pəncərədən saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 baş 30 kq çəkidə erkək toğlu və 11 baş hər biri 5-6 aylıq 10-12 kq çəkidə quzu olmaqla, cəmi 3500 manat dəyərində 12 baş xırda buynuzlu heyvanı (qoyunları) tövlədən çıxarıb aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin xırda buynuzlu heyvanları (qoyunları) onun idarə etdiyi avtomobilin yük və arxa sərnişin oturacağına yükləyərək aparmaqla Zərərçəkmiş şəxs Əlipaşa oğluna cəmi 3500 manat dəyərində 12 baş xırda buynuzlu heyvanı (qoyunları) qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 21 aprel 2025-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Zərərçəkmiş şəxs Əlipaşa oğluna məxsus Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Atbulaq kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən tövlənin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1la birlikdə tövlənin yaxınlığına gələrək, arxa tərəfində yerləşən pəncərədən saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs məxsus 1 baş 30 kq çəkidə erkək toğlu və 11 baş hər biri 5-6 aylıq 10-12 kq çəkidə quzu olmaqla, cəmi 3500 manat dəyərində 12 baş xırda buynuzlu heyvanı (qoyunları) tövlədən çıxarıb aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin xırda buynuzlu heyvanları (qoyunları) sonuncunun etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yük və arxa sərnişin oturacağına yükləyərək aparmaqla Zərərçəkmiş şəxs Əlipaşa oğluna cəmi 3500 manat dəyərində 12 baş xırda buynuzlu heyvanı (qoyunları) qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Nemət oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun xalası oğludur. 19 aprel 2025-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadığı evində olarkən Təqsirləndirilən şəxs2 onlara qonaq gəlib gecəni onlarda qalmışdır. Səhəri günü əyləşib çay içən zaman Beyləqan rayonuna valideyinlərinin yanına gedəcəyini Təqsirləndirilən şəxs2 dedikdə, sonuncu İmişli rayonuna getmək istədiyini, onu da, özü ilə aparmasını xahiş etmişdir. 20 aprel 2025-ci il tarixdə saat 22 radələrində idarə etdiyi VAZ- 2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yola düşmüşlər. Onlar yolda gedərkən Namiq ona bir fermanın olduğunu və orada heyvanların saxlanıldığını deyib oradan oğurluq etmək təklifi vermiş, o, buna etiraz etməmiş, fermadan oğurluq etmək qərarına gəlmişlər. Onlar Hacıqabul rayonu Atbulaq kəndinə gəlib çatanda Namiq ona avtomobili saxlamasını deyib yolun sağ tərəfində yerləşən dəmir yolunun yaxınlığında yerləşən fermanı ona göstərmiş və bundan sonra oradan oğurluq etmək qərarına gəlmişlər. Orada dayanmayıb qarşı tərəfdən, yəni Atbulaq kəndinin çıxacağında avtomobili geriyə Bakı şəhəri istiqamətinə qaytarıb fermanın olduğu yerin sağ tərəfindən aşağı torpaqlığa düşüb, bir neçə metr gedib avtomobili saxlamış, avtomobildə yatmışlar. 21 aprel 2025-ci il tarixdə saat 02 radələrində piyada magistral yoldan keçib fermaya tərəf gəlmişlər. Fermada olan damın yan tərəfində «Oteko» tipli avtomobil dayanmışdır. Təqsirləndirilən şəxs2la damın ətrafını yoxlamış, damda pencərələrin olduğunu görmüş, Təqsirləndirilən şəxs2la birlikdə kiçik ölçülü pəncərədə olan setkanı cırmış, pencərədən 10 metr kənardan yük avtomobilinin təkərini gətirib pəncərənin alt tərəfinə divara söykəmiş və Təqsirləndirilən şəxs2 təkərin üstünə çıxıb dama daxil olmuş, sonra geri qayıdaraq çölə çıxmadan pəncərədən ona damın qapsının birini açdığını, digərini isə aça bilmədiyini demiş, ona güc vurub qapını açmasını dedikdə Təqsirləndirilən şəxs2 gedib geri qayıdaraq aça bilmədiyini deyib onun yanına gəlmişdir. Damın digər tərəfində dayanan «Oteko» tipli avtomobilin yanına gəlib iri həcmli pəncərəyə yaxınlaşmış, Təqsirləndirilən şəxs2la növbəli şəkildə pəncərədən dama daxil olub, damdan digər dama keçib taxtadan olan qapını açıb orada olan qoyunları damın dəmir qapısını açıb arxa tərəfdən çölə çıxartmışlar. 18 baş qoyunlardan 11 baş quzunu və bir baş erkək toğlunu seçib qalan 6 baş qoyunları isə dama tərəf buraxıb 12 baş qoyunları avtomobilə tərəf gətirmişlər. Qoyunları magistral yolun alt hissəsində olan tuneldən keçirdib avtomobilin yanına gətirmişlər. Avtomobildə olan əskini bir neçə yerə bölüb 11 baş quzunu, 01 baş erkək toğlunun ayaqlarını bağlayıb 8 başını avtomobilin arxa yük yerinə və 4 başı isə avtomobilin salonunun arxa tərəfinə yığıb saat 05 radələrində Bakı istiqamətinə tərəf yola düşmüşlər. Saat 06:30 radələrində Bakı şəhərində kirayədə yaşadığı evə çatmışlar. Qoyunları avtomobildən düşürərkən quzunun birinin öləcəyini görüb onun başını kəsib dərisini soyub ətini evə vermişdir. Qalan 11 baş qoyunları evin yaxınlığında olan boş əraziyə buraxmışdır. Təqsirləndirilən şəxs2 ondan həmin heyvanları nə edəcəyini soruşmuş, qoyunları satacağını dedikdə Təqsirləndirilən şəxs2 ondan pul istəmiş, o, evə gedib 350 (üç yüz əlli) manat pulu Namiqə vermişdir. Heyvanların yanında dayanan zaman qonşu evdə yaşayan və ev sahibinin qardaşı Ceyhun ona yaxınlaşıb qoyunların kimə məxsus olduğunu və haradan gətirdiyini soruşmuş, o, həmin qoyunları atası tərəfindən ona verildiyini, satıb əldə pul edib müalicəsi üçün xərcləyəcəyini demişdir. Günortadan sonra Təqsirləndirilən şəxs2la birlikdə erkək toğlunu idarə etdiyi avtomobilin arxa yük yerinə qoyub Bakı şəhəri Binəqədi rayonunda heyvan satılan yerə aparmış və qoyunu tanımadığı şəxsə 250 (iki yüz əlli) manata satmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı İmişli rayonuna gedəcəyini dedikdə, quzunun birini kəsib ətin yarısını ona vermişdir. Namiq quzunun ətini götürüb İmişli rayonuna evə gedəcəyini deyib çıxıb getmişdir. Həmin gün qonşuda yaşayan Ceyhun adlı şəxsə yağış yağdığını, 9 baş qoyunları ona məxsus dama salmağı xahiş etmiş, Ceyhun buna etiraz etməmişdir. 22 aprel 2025-ci il tarixdə səhər vaxtlarında yuxudan durub Ceyhuna məxsus dama yaxınlaşıb orada saxladığı heyvanları çölə çıxardıb otlamağa buraxmışdır. Sonra heyvanları yaşadığı evin yaxınlığında «Doz» adlı zavodun həyətində olan bağlı yerə salmışdır. 23 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 yenidən onun evinə gəlmişdir. 25 aprel 2025-ci il tarixdə Hacıqabul rayon PŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs2 ilə onu Hacıqabul rayon PŞ-nə dəvət etmiş, Hacıqabul rayon PŞ-nə dəvət olunandan sonra 21 aprel 2025-ci il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını ona dəymiş ziyanı ödədiyini bildərərək törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Təqsirləndirilən şəxs1la hər hansı bir düşmənçilyi və ədavəti yoxdur. Müxtəlif vaxtlarda Bakı şəhərinə gedib-gələndə Atbulaq kəndində yolun kənarında bir fermanın olduğunu və fermanın çölündə heyvanların otlamasını görmüşdür. 19 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşadığı evinə qonaq gedib gecəni onlarda qalmışdır. Səhəri günü çay içən zaman Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna valideynlərinin yanına gedəcəyini dedikdə, onu da, yaşadığı İmişli rayonuna aparmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 etiraz etməmişdir. 20 aprel 2025-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yola düşmüşlər. Yolda olan zaman Atbulaq kəndində yolun kənarında fermanın olduğunu və orada olan heyvanlardan oğurlamağı Təqsirləndirilən şəxs1 demiş, Təqsirləndirilən şəxs1 buna razı olmuşdur. Atbulaq kəndində fermanın yaxınlığında magistral yolda Talehə avtombili saxlatdırıb fermaya baxmış və hər ikisi oradan oğurluq etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs1 Atbulaq kəndinin çıxacağından geriyə Bakı şəhəri istiqamətinə avtomobillə qayıdıb magistral yoldan aşağı torpaqlığa düşüb avtomobili saxlayıb gözləməyə başlamışlar. 21 aprel 2025-ci il tarixdə saat 02 radələrində piyada fermaya gedib çatmışlar. Həmin vaxtı tövlənin yan tərəfində «Oteko» tipli avtomobil dayanmışdır. Damın ətrafını yoxlayarkən damda pəncərələrin olduğunu görmüş, Təqsirləndirilən şəxs1la birlikdə kiçik ölçülü pencərədə olan setkanı cırmış, pəncərədən 10 metr kənarda yük avtomobilinin təkərini gətirib pencərənin alt tərəfinə divara söykəmiş, təkərin üstünə çıxıb dama daxil olmuş, Təqsirləndirilən şəxs1 isə çöldə qalmış, damın qapsını aça bilmədiyi üçün pencərədən çölə çıxıb Talehlə «Oteko» tipli avtomobilin yanına gəlmiş, orada iri həcimli pəncərəyə yaxınlaşıb növbəli şəkildə ayaqlarını «Oteko» tipli avtomobilin arxa təkərlərinin üstünə qoyub pəncərədən dama daxil olub, digər dama keçib taxtadan olan qapını açıb orada olan qoyunları, damın dəmir qapısını açıb çölə çıxartmış, 18 baş qoyunlardan 11 baş quzunu və bir baş erkək toğlunu seçib qalan 6 baş qoyunları isə dama tərəf buraxmışdır. 12 baş qoyunları gətirib magistral yolun alt hissəsində olan tuneldən keçirdib avtomobilin yanına gətirmiş, Təqsirləndirilən şəxs1 avtomobildə olan əskini gətirib ber neçə yerə bölüb 11 baş quzunu və 01 baş erkək toğlunun ayaqlarını bağlayıb 8 başı avtomobilin arxa yük yerinə və 4 başı isə avtomobilin salonun arxa tərəfinə yığıb saat 05 radələrində Bakı istiqamətinə tərəf yola düşmüşlər. Saat 06:30 radələrində Bakı şəhərində Təqsirləndirilən şəxs1 yaşadığı evə çatmışlar. Oğurladıqları qoyunları avtomobildən düşürəndə quzunun birinin öləcəyini görüb Təqsirləndirilən şəxs1 tez onun başını kəsib dərisini soyub ətini evə vermişdir. Qalan 11 baş qoyunları evin yaxınlığında olan boş əraziyə buraxmışlar. Təqsirləndirilən şəxs1 həmin heyvanları nə edəcəyini soruşanda o, qoyunları satacağını demiş, pulu olmadığına görə Təqsirləndirilən şəxs1 pul istəmişdir. Təqsirləndirilən şəxs1 evə gedib 350 (üç yüz əlli) manat pulu gətirib ona vermişdir. Heyvanların yanında dayanan zamanı tanımadığı kişi gəlib Talehlə salamlaşıb qoyunları haradan gətirdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 həmin qoyunları atasının verdiyini, satıb əldə pul edib öz müalicəsi üçün xərcləyəcəyini demişdir. Evdə çörək yedikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə erkək toğlunu Talehin idarə etdiyi avtomobilin arxa yük yerinə qoyub Bakı şəhərində tanımadığı heyvan satılan yerin yanına aparmış, Təqsirləndirilən şəxs1 həmin toğlunu 250 (iki yüz əlli) manata tanımadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs1 evinə qayıdarkən ona yaşadığı İmişli rayonuna gedəcəyini Talehə dedikdə, o, quzunun birini kəsib, ətinin yarısını ona vermişdir. Təqsirləndirilən şəxs1 quzunun birini kəsmiş, quzunun kəsilmiş ətinin yarısını ona vermiş və əti götürüb İmişli rayonuna evə gedəcəyini deyib Bakı şəhərində “20 yanvar” adlanan əraziyə gəlmişdir. İmişli rayonuna getmədiyi üçün əlində olan əti orada tanımadığı bir fəhləyə vermiş və özü isə orada oturacaqların üstündə gecələmişdir. Səhəri günü yəni, 22 aprel 2025-ci il tarixdə gecəni orada qalmişdır. 23 aprel 2025-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs1 evinə qonaq gəlib onlarda qalmışdır. Onlarda qalan zaman 25 aprel 2025-ci il tarixdə Hacıqabul rayon PŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs1la onu Hacıqabul rayon PŞ-nə dəvət etmiş, Hacıqabul rayon PŞ-nə dəvət olunandan sonra 21 aprel 2025-ci il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını ona dəymiş ziyanı ödədiyini bildərərək törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Atbulaq kəndində iri və xırda buynuzlu heyvanlar saxlamaq üçün ferması vardır. Təsərrüfatında olan heyvanlara Şamaxı rayonu Quşçu kənd sakini Şahid2 və oğlu Xəyyam ilə birgə baxır və heyvanları otarırlar. 20 aprel 2025-ci il tarixdə gecə saat 22 radələrinə kimi olan müddət ərzində fermada olmuşdur. Səhəri günü idarə etdiyi avtomobillə yük aparacağı üçün digər yaşadığı evə gəlib yatmışdır. 21 aprel 2025-ci il tarixdə səhər saat 06 radələrində yuxudan durub evdə olarkən saat 07 radələrində Şahid2 onunla telefon əlaqəsi yaradaraq fermada olan xırda buynuzlu qoyunların oğurlandığını bildirmişdir. Fermaya gedərkən 1 baş erkək toğlu, 6 baş dişi cavan qoyun və 11 baş isə 5-6 aylıq quzuların oğurlanmasını görmüşdür. Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Fermaya qayıdandan sonra 6 baş dişi qoyunları çöldən tövlənin yaxınlığında otlayarkən tapıb geri qaytarmışdır. Hacıqabul rayon PŞ-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Heyvanların oğurlanması nəticəsində ona 3500 (üç min beş yüz) manat maddi ziyan dəymişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş zərərin ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun X9nin evində kirayədə yaşayır. X9 ilə onun yaşadığı evin arasında bir hasar vardır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, orada kirayədə yaşadığı üçün münasibəti yaxşı olmuşdur. 21 aprel 2025-ci il tarixdə saat 10 radələri yaşadığı evdən çölə çıxanda evin yanında olan sahədə qoyunların olduğunu və həmin qoyunların yanında Təqsirləndirilən şəxs1 ilə bir nəfər şəxsin dayandığını görmüşdür. O, onların yanına gedib Təqsirləndirilən şəxs1 həmin qoyunların kimə məxsus olmasını soruşmuş, Təqsirləndirilən şəxs1 qoyunların ona atası tərəfindən verildiyini, onları satıb əldə pul edib öz müalicəsi üçün xərcləyəcəyini demişdir. Bundan sonra o, evinə getmişdir. Aradan az vaxt keçmiş Təqsirləndirilən şəxs1 ona yaxınlaşara heyvanları yağışın altında saxlamamasını, satana qədər ona məxsus damda saxlamasına icazə verməsini xahiş etmiş, o, buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 heyvanları gecəni orada saxlamışdır. Səhəri gün Təqsirləndirilən şəxs1 qoyunları çölə buraxmış, gündüz vaxtlarında qoyunları otarmış, axşam saatlarında qoyunları evin yanında olan «Dozu» adlanan zavodun yerində olan bağlı sahəyə aparıb orada saxlamağa başlamışdır. Aradan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 Hacıqabul rayon PŞ-nə aparılmasını bilmişdir. Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən RPŞ-nə dəvət olunandan sonra Təqsirləndirilən şəxs1 ilə onun qohumu tərəfindən gətirdikləri 11 baş qoyunların oğurluq olmaları barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Asif oğlu ifadə verərək bildirmişdir ki, Şahid2 İsgəndər qızı ilə Hacıqabul Atbulaq kənd sakin Zərərçəkmiş şəxs məxsus fermada işləyirlər. Zərərçəkmiş şəxs məxsus fermada iri və xırda buynuzlu heyvanlar vardır. Təsərrüfatda olan heyvanları otararaq onlara qulluq edirdər. 20 aprel 2025-ci il tarixdə saat 18-19 radələrində, 18 baş xırda buynuzlu və 14 baş iribuynuzlu heyvanları dama salıb, damların qapısını bağlamışlar. 21 aprel 2025-ci il tarixdə saat 06:30 radələrində yuxudan durub damlarda olan heyvanları çölə çıxartamq istəyəndə heyvanların yerində olmadığını və damların qapılarının cəftələrinin açıq vəziyyətdə olmalarını görmüşdür. Bu barədə ferma sahibi Zərərçəkmiş şəxs zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs fermaya gələndən sonra baş vermiş hadisə barədə polisə məlumat verməyə getmişdir. O, fermanın ətrafını axtararkən fermanın yanında olan boş sahədə 6 baş xırda buynuzlu heyvanların otlamalarını görmüş və onları fermaya gətirmişdir. Zərərçəkmiş şəxs fermaya qayıdandan sonra 6 baş dişi qoyunları çöldən tövlənin yaxınlığından tapılıb geri gətirməsini bildirmişdir. Hacıqabul rayon PŞ-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirdilər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 İsgəndər qızının ifadələri elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid3 Asif oğlu ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Atbulaq kəndində vətəndaş X1 məxsus xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş tikilidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nemət oğlu xx.xx.2025-ci il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nemət oğlu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nemət oğlu MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Şübhəli və ya təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları cinayətin törədilmə yerində bir daha təsdiq etmişdir. “Şübhəli və ya təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nemət oğlu ifadəsində göstərdiyi xüsusatları cinayətin törədilmə yerində bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs2 sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3, 149.2.4, 149.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 10 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Səfərov X11 Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.2, 62, 70-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın icrası şərti hesab edilmiş və 06 ay sınaq müddəti təyin edilmişdir. Beyləqan rayon İHB-nın Qəhrəmanlı qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Səfərov X5 rayonunun Qəhrəmanlı qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ 747972, AZ-İİ 839813, AZ-İ 923675 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Nemət oğlunun X4 ilə nikahından xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. İmişli rayon İHB-nın Muradxanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayonunun Muradxanlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Cənub Qiymətəndirici MMC”dən daxil olmuş **-PH-***5 saylı “Daşınar əşyalarında qiymətləndirmə hesabatından” görünür ki, oğurlanmış xırdabuynuzlu heyvanların ümumi qiyməti 2296 manat dəyərində qiymətləndirilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədilərkən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluq ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada onun üzərindən götürülməmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 10 və 11-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmiş dəyəri ilə “Daşınar əşyalarında qiymətləndirmə hesabatında” göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs münasibətdə oğurlanmış əmlakın dəyəri qiymətləndirmə hesabatında 2296 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 3500 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, qiymətləndirmə hesabatında oğurlanmış xırdabuynuzlu heyvanların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən qiymətləndirmə hesabatında göstərilən ümumi qiymət, yəni 2296 manat əsas götürülməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin ittihamda irəli sürülmüş cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Nemət oğlu və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Nemət oğlunun törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Nemət oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, təqsirləndirilən şəxs Həsənov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3, 149.2.4, 149.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Həsənov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluq ödənilmədən hazırki, cinayət əməlini törətmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən atı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında həbs edilməlidir. Digər Təqsirləndirilən şəxs1 Nemət oğluna münasibətdə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Nemət oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 Nemət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Nemət oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Beyləqan rayonunu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Nemət oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nemət oğlundan tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan 09 baş xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 253 manat pul köçürülməlidir. Digər Təqsirləndirilən şəxs1 Nemət oğlunun hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 253 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 Nemət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Nemət oğlunun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 Nemət oğlunun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Nemət oğlunun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və qeydiyyatda olduğu Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 Nemət oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası qeydiyyatda olduğu yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 Nemət oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 09 ədəd xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manat (yüz) pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nemət oğlundan tutularaq "xxxx" MMC-nin (büdcə təsnifatının kodu: Bank Respublika Lənkəran filialı Kod 504357, VÖEN **********, Müxbir hesab AZ80NABZ********************, SWİFT BİK: BRESAZ22, İBAN AZ11BRES********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 23 (iyirmi üç) saata görə 253 (iki yüz əlli üç) manat, Təqsirləndirilən şəxs1 Nemət oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 23 (iyirmi üç) saata görə 253 (iki yüz əlli üç) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar