Məhkəmə qərarları › İş №1(071)-101/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-101/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-101/2023 27.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Şahid4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşamış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,549 qram olan narkotik vasitə hesab edilən heroini əldə etməklə əynində olan qəhvəyi rəngli şalvarın sağ cibində qanunsuz olaraq saxlamış, 14 iyun 2023-cü il tarixdə saat 10:30 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində İmanov X1 şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 262,21 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə əlində olan sellofan torbada qanunsuz olaraq saxlamış, 25 iyul 2023-cü il tarixdə saat 10:45 radələrində Yevlax st.XPŞ-nin Hacıqabul.st.XPB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhərində yerləşən Hacıqabul X9 ərazisində saxlanılaraq Hacıqabul.st.XPB-nə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Buna görə əvvəllər məhkumluq həyatı da yaşamışdır. 14 iyun 2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman, polis əməkdaşları ona bir büküm heroin təqdim edərək, həmin maddənin guya onun üzərindən çıxması barədə izahat verməsini tələb etmişlər. Həmin vaxt polis əməkdaşları ona qarşı hər hansı formada zorakılıq tətbiq etməmişlər. Lakin, külli miqdarda narkotik vasitənin satışı ilə rəsmiləşdirilə biləcəyindən qorxduğundan o, edilən təklifi qəbul etmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman ona verilmiş heroini cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Əslində isə onun üzərindən çıxan heroin ona məxsus deyildir. Bundan başqa 2023-cü ilin may ayının ortalarında balıq tutmaq üçün Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisinə gedərkən, orada yabanı halda narkotik vasitə marixuana bitdiyini görmüş, həmin marixuananı sellofan torbaya yığıb Hacıqabul şəhərində yerləşən Hacıqabul X9 ərazisində olan köhnə çörək bişirmə sexinin yanındakı kolluqda gizlətmişdir. 2023-cü ilin iyul ayının 25-də təxminən saat 11 radələrində Hacıqabul şəhərində yerləşən Hacıqabul X9 ərazisində olan köhnə çörək bişirmə sexinin yanındakı kolluqdan qurudulmuş marixuananı sellofan torbada götürən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişdilər. Hacıqabul xətt polis bölməsində üzərində şəxsi axtarış aparılacağını demişlər. Həmin vaxt o, əlində olan sellofan torbanı təqdim edərək torbanın içərisində marixuana olduğunu bildirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyun 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması barədə NMQnin əməliyyat müvəkkili Şahid1 raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və 14 iyun 2023-cü il tarixdə saat 10:30-da İmanov X1 şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ cibindən 1 ədəd kağız bükümü təqdim edərək, bükülünün içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Yevlax st.XPŞ-nin Hacıqabul.st.XPB-nin rəisi vəzifəsində işləyir. 25 iyul 2023-cü il tarixdə Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Yevlax st. xətt polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra Hacıqabul XPB-nin polis nəfəri Şahid3la birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinə başlamışlar. Həmin günü təxminən saat 10:45 radələrində İmanov X1 X9 ərazisində olan köhnə çörək bişirmə sexinin yanında saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis bölməsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan torbanı təqdim edərək torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuanaya oxşar maddə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qəhvəyi rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin qara kağız bülükülüsü təqdim etmiş, həmin bükülünün içərisinə baxış keçirilən zaman içərsində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Hacıqabul şəhəri, Ə.Vahid küçəsindən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/633 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,549 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,499 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əlindəki sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu və onu 2023-cü ilin may ayında Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən Kür çayının kənarından yığdığını və qurutmaq üçün Hacıqabul şəhəri X9 ərazisindəki köhnə çörək bişirmə sexinin yanında gizlətdiyini, xx.xx.2023-cü il tarixdə səhət saatlarında gizlətdiyi narkotik vasitəni həmin yerdən götürərkən Hacıqabul şəhər X9 ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/564 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Şübhəli şəxs: Təqsirləndirilən şəxs. Müdafiəçi... iştirakçılar...» sözləri, adlar və imzalar yazılımış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi -262,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,20 qramı sərf edildikdən sonra, 262,01 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4352 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbuli nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini yerdən tapmış və şəxsi istifadəsi üçün saxlamışdır. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,499 qram qalan narkotik vasitə heroin və təmiz çəkisi 262,01 qram qalan narkotik vasitə qurudulmuş marixuana, eləcə də şəxsi axtarış keçirilməsini özündə əks etdirən DVD disklər maddi sübut kimi tanınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-52/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, onun barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 10:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. “Qətimkan tədbiri məsələsinə baxılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qərarının müddəti uzadılmayaraq, xx.xx.2023-cü tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. “Cinayət işinin aidiyyatı üzrə göndərilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən ərazi aidiyyatı üzrə Yevlax st.xətt polis şöbəsinə göndərilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, 01 sentyabr 2023-cü il tarixdə Baş Prokurorluq tərəfindən Yevlax rayon prokurorluğu vasitəsilə istintaqın davam etdirilməsi üçün Yevlax st.xətt polis şöbəsinə göndərilmiş, istintaqın davam etdirilməsi xx.xx.2023-cü il tarixdə İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis kapitanı X7 həvalə edilmişdir. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəsi ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və 27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (cəmi 11 dəfə) cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, onun əvvəlki məhkumluqları ödənilmiş, sonuncu dəfə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(071)-93/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra onun barəsində amnistiya aktı tətbiq edilməklə cəzasının müddəti 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə isə cəzasının müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, daha sonra amnistiya aktı tətbiq edilməklə müddəti azaldılmış cəzası başa çatdıqdan iki il keçməmiş hazırki cinayət əməllərini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Hacıqabul şəhər İƏDüzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs onun üzərindən narkotik vasitə heroinin aşkar edilməsi epizodu ilə bağlı özünü təqsirli bilməyərək, ifadəsində üzərindən aşkar edilmiş həmin narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən həmin maddəni ona polis əməkdaşlarının verdiyini, narkotik vasitə istifadəçisi olduğu üçün və külli miqdarda narkotik vasitənin satışı ilə rəsmiləşdirilə biləcəyindən qorxduğundan bunu qəbul etdiyini, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat təxminən 09:45 radələrində yaşadığı Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində gedərkən yerdə 1 ədəd siqaretin qara rəngli kağız bükülüsünü görmüş, həmin bükülünü açıb baxan zaman içərisində əvvəlcədən tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, həmin bükülünü əynində olan şalvarın sağ cibinə qoymuş, həmin günü təxminən saat 10:30 radələrində yaşadığı Hacıqabul şəhəri, Ə.Vahid küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılacağını demişlər. Həmin vaxt o, əynində olan qəhvəyi rəngli şalvarın sağ cibindən bir ədəd siqaretin qara rəngli kağız bükülüsünü təqdim edərək bükülünün içərisində heroin olduğunu bildirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Məhkəmə iclasında da təqsirləndirilən şəxs ifadəsində polis şöbəsində olarkən ona qarşı hər hansı formada zorakılığın olmadığını bildirmişdir. Bundan əlavə, Hacıqabul Rayon Məhkəməsinin 4(071)-52/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar vəsatətə baxılarkən, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və ya psixi zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə bütün izahat və ifadələrində, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə məhkəmə iclasında baxılarkən verdiyi izahatında törətdiyi əməli etiraf edərək, narkotik vasitə heroini əldə edib saxladığını və polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman həmin maddənin aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etməsi və üzərində saxlaması tamamilə sübuta yetirilir. Onun bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Onun əməlində cinayətin residivinin və təkrarlığının olmasını isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni ayrı-ayrı vaxtlarda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlaması, şəxsiyyətinin mənfi xarakterizə olunması, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. İş materiallarından görünür ki, məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Onun ev dustaqlığında olduğu müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 2 gün müddət ərzində o, həmçinin digər epizod üzrə şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev dustaqlığında olduğu dövrdə şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət əlavə olaraq nəzərə alınmamalıdır. Odur ki, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı üç ay müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Bundan başqa, cinayət işi üzrə maddi sübut olan və Yevlax st.xətt polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 262,01 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,499 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 84,29 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması, lakin yaşı ilə əlaqədar onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Odur ki, məhkəmə qanunvericiliyin həmin tələbinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunsa da, onun yaşı 60dan yuxarı olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 26 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 156 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 3 ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, 3 ay müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax st.xətt polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 262,01 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,499 qram olan narkotik vasitə heroin məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 84,29 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 156 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şahid4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar