Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-101/2025 13.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəza çəkən, hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri Xeybər İgidəliyev küçəsinə daşımış, 20 aprel 2025-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Xeybər İgidəliyev küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,185 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qış gödəkçəsinin sol yan cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 20 aprel 2025-ci il tarixdə saat 18 radələrində mobil telefonda yaranmış texniki nasazlıqla əlaqədar evdən çıxaraq telefon ustasının yanına getmişdir. Hacıqabul şəhəri Xeybər İgidəliyev küçəsi ilə piyada gedən zaman yolun kənarında yerdə bir ədəd sellofan bükümün olduğunu görmüşdür. Sellofan büküm onun diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmışdır. Orada “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Sağlamlığı ilə bağlı əməliyyat olduğundan və həmin əməliyyat nəticəsində bədənində şiddətli ağrılar hiss etdiyindən onu götürmək qərarına gəlmişdir. Özü narkotik vasitələrin istifadəçisi olduğu üçün kağız bükümün içərisindəki “patı” kimi tanıdığı maddəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin psixotrop maddəni yerdən götürüb əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoymuş və hərəkət etməyə davam etmişdir. Bundan təqribən 10 dəqiqə sonra gedən zaman arxasınca hərəkət edən hazırda markasını və qeydiyyat nişanını tam xatırlamadığı avtomobil yanında saxlamış və mülki geyimdə olan şəxslər avtomobildən düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Özünü Hacıqabul rayon polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. O, əvvəllər məhkum olunduğundan və cinayət məsuliyyətinə cəlb edilməkdən yayınmaq məsədilə üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Lakin polis əməkdaşları üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan büküm aşkar etmişdirlər. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,55 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Sonra onu polis şöbəsinə dəvət etmişdirlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Tariel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşdur. O, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmiş, üzərindən aşkar olunan narkotik vasitədən kiminsə məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 aprel 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olması, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2, Şahid4 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşdurlar. 20 aprel 2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri Xeybər İgidəliyev küçəsində piyada şəklində hərəkətdə olmasını görmüşdürlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamışdırlar. Bundan sonra özlərini təqdim edib Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirmiş, hüquq və vəzifələrini elan edib yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,55 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra şəxsi polis şöbəsinə dəvət edib birlikdə polis şöbəsinə gəldikdən sonra tərəfindən şübhəli şəxsin üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişdirlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Taryel Səfərovun xidməti otağına daxil olmuşdurlar. X7 Zülfüqarova qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildirişlər vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X2 Zülfüqarovun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar şahidlər Şahid4 və Şahid1 ilə eyniməzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd selofan bükülü aşkar edildi. Həmin selofan bükülü açıldıqda içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,55 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd selofan bükülü içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/327 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,185 qram olan maddə kustar üsulla hazırlanmış psxotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3540 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorlardan birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən RNM-da (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən daxil olmuş 18-1-41/2- 363/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-in konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda deyildir. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psxotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,135 qram qalan psxotrop maddə metamfetamin və 3 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:13-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 19:25-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 07 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müdddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş, hazırda cəza çəkir. Bakı şəhər Nərimanov rayon məhkəməsindən daxil olmuş 1(005)-232/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 1(005)-232/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-in 66.5ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-in eyni maddəsi ilə (məsələn, CM-in 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri ilə) tövsif olunmuşdursa, qəti cəza CM-in 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Bundan başqa, göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2 gün ərzində Hacıqabul RPŞ-nin MSY-də saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması məlum olur. Eyni zamadan, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli həm Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə, həm də, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətə əməllərinə görə ibtidai istintaq və məhkəmə baxışı aparıldığı müddət ərzində törədilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psxotrop maddə metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psxotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, hazırki cinayət əməlindən əvvəl iki epizod üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməllərini törətməsi, əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki təyin olunmuş cəza ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası qismən toplanılmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həm əvvəlki (Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündə nəzərdə tutulmuş 2 gün müddət, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündə nəzərdə tutulmuş 2 gün müddət olmaqla, ümumilikdə 4 gün müddət) həm də, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,135 qram qalan psxotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 27 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 297 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə şübhəli şəxs qismində tutulduğu iki gün müddət və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün müddət olmaqla, cəmi altı gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi altı gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,135 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 27 (iyirmi yeddi) saata görə 297 (iki yüz doxsan yeddi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-101/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-101/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver