Məhkəmə qərarları › İş №1(071)-105/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-105/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-105/2024 16.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, bərbər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid3 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu ərazisində yerləşən Qədirxum marketin yaxınlığına daşımış, 05 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu ərazisində yerləşən Qədirxum marketin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd kağız kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,354 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təxminən 3 aya yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 05 iyun 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində taksidən istifadə edən zaman avtomobilin sərnişin oturacağının yerində siqaret kağızı görmüşdür. Həmin kağızı götürüb baxan zaman içərisində “patı” olmasını bilmişdir. Əvvəllər istifadə etdiyi üçün “patını” görən kimi tanımışvə istifadə etmək üçün şalvarının cibinə qoyub gizlətmişdir. Bundan sonra öz işləri ilə məşğul olmuşdur. Zeynallİ Elçin Elşən oğlunu tanıyır. Onunla heç bir şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Şahid3 idarə etdiyi “Toyota Prius” markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Şəmkir rayonunda olan ailə üzvlərini Bakı şəhərinə gətirmək üçün bu barədə Şahid3 xahiş etmiş və buna görə ona 60 manat pul verəcəyini bildirmişdir. Elçin onunla razılaşmışdır. 05 iyun 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhərindən Şəmkir rayonu istiqamətində yola düşmüşdür. Şahid3 saat 20 radələrində Hacıqabul rayonunda yerləşən Qədirxum restoranının qarşısında mağazaya daxil olmaq və tualetdən istifadə etmək üçün avtomobili saxlamışdır. O, mağazaya daxil olub çıxdıqdan sonra avtomobildə əyləşib gözləmişdir. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X4 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynində olan göy rəngli şalvarın sol cibində saxladığı 01 ədəd siqaret kağız kəsiyi bükümündə psixotrop maddə metamfetamini və üzərində saxladığı 2 ədəd mobil telefonu təqdim etmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər əşya elektron tərəzidə çəkilmiş və çəkisinin 0,52 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. O, bildirmişdir ki, aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhərində tanımadığı taksidən istifadə edən zaman avtomobilin sərnişin oturacağında tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin PPXB-də xidmət edir. 05 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun rəhbəri Şahid1 ilə birlikdə 05 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Qədirxum marketin yaxınlığında saxlayaraq onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi “Toyota Prius” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 da, polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol ön cibində gizlətdiyi 01 ədəd kağız bükümdə kütləni təqdim etmişdir. Həmin bükümün içərisinə baxdıqda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təhqiqatçının şifahi suallarına Təqsirləndirilən şəxs cavab olaraq həmin psixotrop maddəni tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,52 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd siqaret kağızı kəsiyi aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/562 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 0,304 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin CAB–nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,304 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bakı şəhəri Binəqədi rayon İH-nin Biləcəri Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında övladı - X9, atası X5 və anası X1 ilə birlikdə yaşayır. Bakı şəhəri Binəqədi rayon İH-nin Biləcəri Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2024-cü il tarixli, 5001 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,304 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 21 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 126 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, X2 üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,304 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 126 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar