Məhkəmə qərarları › İş №1(071)-105/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-105/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-105/2025 07.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda salış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri Rəşid Behbudov küçəsinə daşımış, 08 may 2025-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Rəşid Behbudov küçəsində saxlanılaraq üzərində yoxlama aparılan zaman 1 ədəd kibrit qutusunda təmiz çəkisi 9,06 qram xeyli miqdarda narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Hacıqabul şəhəri Nəsrəddin Tusi küçəsi ev 40-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda heç bir yerdə işləmir, arabir ünvan 2əşğul olur. Təxminən 15 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə istifadə etdiyinə görə əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. Tutulduğu gün, yəni 08 may 2025-ci il tarixdə günorta vaxtlarında Hacıqabul şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında piyada şəklində hərəkətdə olmuşdur. Hərəkətdə olduğu küçədə yolun kənarında 01 ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutusu diqqətini çəkdiyi üçün yaxınlaşıb yerdən götürmüş və içərisinə baxmışdır. Görmüşdür ki, kibrit qutusunun içərisində əvvəllər istifadə etdiyi narkotik vasitə marixuana vardır. Ətrafa nəzər salıb onu görən başqa şəxslərin olmadığı üçün tapdığı narkotik vasitə marixuananı istifadə etmək məqsədi ilə əynində olan boz rəngli köynəyin sağ döş cibinə qoymuşdur. Bundan sonra hərəkətinə davam edib, həmin yerdən uzaqlaşıb getmişdir. Həmin gün axşam saat 21 radələrində Rəşid Behbudov küçəsi ilə piyada şəklində hərəkət edərək yaşadığı evə doğru getmişdir. Bu zaman dövlət qeydiyyat nişanı və markasını xatırlamadığı avtomobilin yanında dayanmasını və içərisindən mülki geyimdə olan şəxslərin yerə düşərək ona yaxınlaşmalarını görmüşdür. Həmin şəxslər ona Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat vermişdir. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini etmişdir. Həmin vaxt tapdığı narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə əynində olan boz rəngli köynəyinin sağ döş cibində olduğundan həmin kibrit qutusunu əməliyyatçıya təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusu əməliyyatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə marixuana olduğu aşkar edilmişdir. Əməliyyatçı Şahid1 tərəfindən təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və çəkisinin 11,90 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş, üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin ona məxsus olduğunu, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş və əynində olan şalvarının sol yan cibindən özünə məxsus olan 01 ədəd Honor markalı mobil telefon aşkar olunaraq götürülmüş və həmin mobil telefonda zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar, təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X7 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmişdir, üzərindən aşkar olunan narkotik vasitədən kiminsə məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 may 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi, üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid3, Şahid4 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 08 may 2025-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Cəyirli məhəlləsi kimi tanınan Hacıqabul şəhəri, Rəşid Behbudov küçəsi ilə tək halda piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişdir. Bundan sonra hüquq və vəzifələrini elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyinin sağ döş cibindən 01 ədəd kibrit qutusunu çıxarıb ona təqdim edərək, içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, təqdim olunan kibrit qutusunu açdıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olmasını aşkar etmişdir. Bundan sonra həmin kütlə onun tərəfindən kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 11,90 qram olduğu müəyyən edilmişdir. Sonda həmin kütlə onun tərəfindən zərfə qoyularaq möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmağa davam etdirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd Honor markalı mobil telefon aşkar olunaraq onun tərəfindən götürülmüşdür. Həmin mobil telefon onun tərəfindən zərfə qoyularaq möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmağa davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazovun xidməti otağına daxil olmuşlar. X12 Ağayevə qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X1 Ağayevin hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə saxlanıldıqda, həmin şəxsin üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın aludəçisi olduğundan həmin narkotik vasitəni istifadə etmək məqsədilə əldə etdiyi və üzərində saxladığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, şahidlər Şahid4, Şahid2 və Şahid1 ilə eyniməzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 08 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin döş cibindən 1 ədəd kibrit qutusunu təqdim etdi. Həmin kibrit qutusu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 11.90 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin sağ döş cibindən 1 ədəd kibrit qutusunda içərisində 11.90 qram çəkidə olan qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 9,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,02 qramı sərf edildikdən sonra 9,04 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 500 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nun əməliyyat müvəkkili Şahid4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 9,04 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, X2 şəhəri Şirvan küçəsi ev 16 ünvanında yaşayır. Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi rəy daxil olmuşdur. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən daxil olmuş 18-1-41/2- 552/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində “F19.2 qarışıq maddələrin qəbulundan asılılıq sindorumu” diaqnozu ilə qeydiyyatdadır. Ambulator X3 nəticəsinə dair xx.xx.2025-ci il tarixli 3056 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətini olması ilə əlaqədar narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:27-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X10 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin səmimi etirafını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması, habelə əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həm azadlıqdan məhrumetmə, həm də, azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində həm azadlıqdan məhrum etmə həm də, azadlığın məhdudlaşdırılması cəzaları təyin edilmişdir. Lakin, Təqsirləndirilən şəxs islah olunmayaraq zərərli vərdişlərdən uzaqlaşmamış və nəticə etibarı ilə təyin edilmiş cəzaların məqsədinə nail olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən cinayət əməli törətməsi cəzanın islahedici təsirinin yetərli olmamasına dəlalət edir və bu səbəbdən onun barəsində yalnız azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə X10 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 9,04 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmaması ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamalı, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 88 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 9,04 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 8 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar