Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-107/2022 29.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Hacıqabul şəhəri S.Almazov küçəsi ev 39-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd kağız bükümdə qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 28 iyun 2022-ci il tarixdə saat 12:40 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, S.Almazov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ildən narkotik vasitə qəbul edir. xx.xx.2022-ci il tarixdə yaşadığı Hacıqabul şəhəri S.Almazov küçəsində piyada gedərkən yerdən 1 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə heroin tapmışdır. Heroini istifadə etmək məqsədilə əynində olan cins şalvarın cibinə qoymuş və yaşadığı evə tərəf gedən zaman saat 12:40 radələrində Hacıqabul RPŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl, üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan kağız bükümü təqdim edərək, içərisində narkotik vasitə olan heroin olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili işləyir. 28 iyun 2022-ci il tarixdə Hacıqabul şəhəri S.Almazov küçəsi ev 39-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Onun və Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 28 iyun 2022-ci il tarixdə saat 12:40 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri S.Almazov küçəsində saxlayaraq, üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli qanunsuz əşya və predmet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı kağız bükümün içərisində qablaşdırılmış halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Hacıqabul şəhəri S.Almazov küçəsində yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə xx.xx.2022-ci il tarixdə saat 13:15-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi xx.xx.2022-ci il tarixli 18/710 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,385 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 21 iyul 2022-ci il tarixli 3981 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-116/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-924/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınaraq, o cəza çəkməkdən azad edilmişdir. Qərarın icrası dərhal təmin edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin məhkumluqları götürülsün. Məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-116/2021 nömrəli hökmü ilə yaranmış məhkumluq götürülmüşdür, o, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş 0,385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,335 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,335 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdi 25 saata görə 150 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-107/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-107/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver