Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-107/2024 30.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək faəliyyəti ilə məşğul olan, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 167 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsinə daşımış, 05 iyul 2024-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi 300 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan ağ-qara rəngli qısaqol köynəyin sol qoltuq altı nahiyyəsində gizlətdiyi bir ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 05 iyul 2024-cü il tarixdə Hacıqabul şəhəri dəmir yol kənarı ilə gedərkən yerdə bir ədəd selofan bükülünü görmüşdür. Selofan bükülünü götürüb açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu görmüş, qəbul etmək üçün həmin selofan bükülünü əynindəki ağ-qara rəngli qısaqol köynəyini qaldırıb sol qoltuq altında gizlədib yoluna davam etmişdir. 05 iyul 2024-cü il tarixdə saat 21 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində olarkən polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilmişdir. Rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olubolmaması ondan soruşulmuşdur. O, əynində olan ağ-qara rəngli qısaqol köynəyinin sol qoltuq altında gizlətdiyi 1 ədəd selofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 317 qram olması müəyyən edilmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarış aparılan zaman, habelə polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 iyul 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 167 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2lə birlikdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsinə gedərək orada Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması ondan soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli qısaqol köynəyinin sol qoltuq altında gizlətdiyi 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 317 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 iyul 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli qısaqol köynəyin sol qoltuq altından 1 ədəd selofan torbada içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/639 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi - 300 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5076 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 299,90 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 21:15-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Bəxtiyar Qurbanov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 18-1-35/2-1098/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər mərkəzi xəstəxanasının narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Babayev X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edildikdən qısa müddət sonra hazırki cinayət əməlini törətməsi CM-in 18.1ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (altmış dəfədən artıq) narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər dəfələrlə analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 299,90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 299,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-107/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-107/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver