Məhkəmə qərarları › İş №1(071)-108/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-108/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-108/2025 09.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəza çəkən, hazır ki, cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri Xanlar küçəsinə daşımış, 12 iyul 2025-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Xanlar küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,63 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli cins şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvaında ailə üzvləri ilə birlikdə yaşayır. 12 iyul 2025-ci il tarixdə günorta saatlarında Hacıqabul şəhəri Bakı küçəsində yerləşən yaşadığı evdən çıxıb şəhər mərkəzinə tərəf hərəkət etməyə başlamışdır. Bir qədər sonra hərəkətdə olduğu küçədə yolun kənarında 01 ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutusu diqqətini çəkdiyi üçün yaxınlaşıb yerdən götürmüş və içərisinə baxmışdır. Görmüşdür ki, kibrit qutusunun içərisində əvvəllər istifadə etdiyi narkotik vasitə marixuana vardır. Ətrafa nəzər salıb onu görən başqa şəxslərin olmadığını gördüyü üçün, tapdığı narkotik vasitə marixuananı istifadə etmək məqsədi ilə əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Bundan sonra hərəkətinə davam edib həmin yerdən uzaqlaşıb getmişdir. Həmin gün, yəni 12 iyul 2025-ci il tarixdə saat 19 radələrində Xanlar küçəsi ilə piyada şəklində hərəkət edərək yaşadığı evə doğru gedirkən mülki geyimdə olan şəxslərin ona yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini elan etmişlər. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat vermişdir. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi istəməsi barədə təklif etmişdir. Həmin vaxt tapdığı narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə əynində olan qara rəngli şalvarının sol yan cibində olduğundan həmin kibrit qutusunu əməliyyatçıya təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusu əməliyyatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə marixuana olduğu aşkar edilmişdir. Əməliyyatçı Şahid1 tərəfindən təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və çəkisinin 9,17 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş, hər biri tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin ona məxsus olduğunu, yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərimdə saxladığını bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Ağayev kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Natiq Ağayev, ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmiş, üzərindən aşkar olunan narkotik vasitədən kiminsə məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyul 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi, üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2, Şahid1 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 12 iyul 2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Cəyirli məhəlləsi kimi tanınan Hacıqabul şəhəri Xanlar küçəsi ilə piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərində yoxlama aparılacağını demişdir. Bundan sonra hüquq və vəzifələrini elan edib yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqdim olunan kibrit qutusunu açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,17 qram olduğu müəyyən edilmişdir. Sonda həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmağa davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Natiq Ağayevin xidməti otağına daxil olmuşlar. X9 Həsənova qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X1 Həsənovun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirildi, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçliyi olmamış, 12 iyul 2025-ci il tarixdə saxlanıldıqda, həmin şəxsin üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın aludəçisi olduğundan həmin narkotik vasitəni istifadə etmək məqsədilə əldə etdiyi və üzərində saxladığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar şahidlər Şahid3 və Şahid4 ilə eyniməzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 12 iyul 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,17 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və çəkisinin 9,17 qram olduğu müəyyən edildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/526 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 109.1-ci bəndində narkotik vasitə qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri müşahidə edilmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (ALKOQOLİZM XƏSTƏLİYİ) aşkar olunur. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən RNM-da (F10x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən daxil olmuş 18-1-41/2- 642/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 6,61 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:01-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 19:20-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə Cinayət Məcəlləsinin 234.1, 177.1-ci maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Həsənov X5 rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətə görə məhkəmə istintaqı aparıldığı müddət ərzində törədilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki təyin olunmuş cəza ilə Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası qismən toplanılmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həm əvvəlki həm də, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,61 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin alkoqolizm xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 198 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün olmaqla, cəmi dörd gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6,61 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 18 (on səkkiz) saata görə 198 (bir yüz doxsan səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar