Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-11/2025 23.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2004-cü ildə Sabirabad rayonu Çölbeşdəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Zalqarağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan halhazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 23 radələrində işlədiyi "xxxx" MMC-də 1 nömrəli gözətçi postunda işdə olan zaman qeydiyyat şəhadətnaməsi ilə həmin MMC-yə məxsus olan “X12 yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək, yəni qaçırmaq qərarına gəlib həmin avtomobilə yaxınlaşaraq istifadə etmək üçün icazəsi və idarə etmək üçün hüququ olmadığı halda avtomobilin qapılarını açıb sükan arxasında əyləşmiş və onunla birlikdə xidmətdə olan "xxxx" MMC-də gözətçi işləyən Şahid1 avtomobili idarə etmək üçün rəhbərlik tərəfindən ona icazə verildiyini bildirməklə aldadaraq sonuncunun onunla razılaşıb avtomobilin ön sərnişin oturacağına əyləşməsinə nail olduqdan sonra avtomobilin kontakt hissəsində saxlanılan açarla mühərriki işə salıb avtomobili Ağacanlı-Ələtli kənd yolunda Ələtli kəndi istiqamətdə yüksək sürətlə hərəkət etdirmiş və idarə etməni itirərək avtomobili hərəkət istiqaməti üzrə yolun sol kənarına aşırıb "xxxx"xxxx"xxxx" MMC-yə məxsus olan “X12 yük” markalı 24-AС-385 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş, yəni qaçırmışdır. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. 2024-cü ilin fevral ayından etibarən Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir. Şirkətə məxsus olan giriş qapısında gözətçilik edir və şirkətin ərazisinə daxil olan və ya oradan çıxan şəxslərə, həmçinin avtomobillərə nəzarət edir. Bəzən tək xidmət aparır, bəzən isə iki nəfər həmin giriş qapısında xidmət edirlər. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində xidmətə başlamış və saat 11 radələrində həmin postda onunla xidmət edən Şahid1 da işə gəlmişdir. Onların xidmət etdiyi postun yanında şirkətə məxsus avtomobillərin saxlanılması üçün yer vardır. Bəzi şirkətə məxsus avtomobilləri işlərini yekunlaşdırdıqdan sonra şirkətin işçiləri gətirib orada saxlayır və evlərinə gedirlər. Mütəmadi olaraq şirkətin əməkdaşı olan Rüfət adlı şəxsin idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “X12 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib həmişə postun yanında saxlayıb evə getmişdir. Rüfətin idarə etdiyi həmin avtomobilin açarı üzərində olmuş və onun bu barədə məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində posta olan zaman darıxmış və həmin vaxtı Şahid1 ilə birlikdə postdan çölə çıxıb siqaret çəkmişlər. Siqaret çəkdikdən sonra həmin Rüfətin idarə etdiyi şirkətə məxsus olan avtomobilə yaxınlaşmışlar. Avtomobilin qapısı açıq olduğu üçün qapılarını açıb içərisinə daxil olub oturmuşlar. O avtomobilin sükanının arxasında və Şahid1 isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra avtomobilin açarı üstündə olduğuna görə qəfildən avtomobili sürmək fikrinə gəlmişdir. Buna görə də avtomobilin açarını fırladıb avtomobili işə salmışdır. Həmin vaxtı Şahid1 ondan nə etdiyini soruşmuş, o isə cavabında Rüfətin ona icazə verdiyini, idarə etməni öyrənmək üçün sürməyə icazə aldığını və avtomobili bir qədər sürüb geri qayıdacaqlarını bildirmişdir. Novruz da onunla razılaşmışdır. O, Şahid1 bu barədə yalan demiş, çünki Rüfət ona avtomobili sürməyə icazə verməmişdir. Çünki ehtiyat etmişdir ki, Şahid1 ertəsi gün Rüfətə bu barədə xəbər verər. Avtomobili işə salıb dayandığı yerdən hərəkətə başlamış və Ağacanlı kəndi istiqamətdə hərəkət etmişdir. Təxmini 500-600 metr məsafə qət etdikdən sonra avtomobili 100 km/saat sürətlə idarəetmiş və həmin vaxt avtomobilin sürətlər qutusu 5-ci pillədə olmuşdur. Həmin vaxtı qəfildən qarşısına sərt döngə çıxmış və o, avtomobilin idarə etməsini itirib həmin döngədə avtomobili aşırmışdır. Bundan sonra avtomobildən enmişlər. Hadisə nəticəsində Şahid1 qol və üz nahiyyəsindən bəzi xəsarətlər almışdır. Onlar öz aralarında məsləhətləşərək posta geri qayıdıb şirkətin mühafizə xidməti rəisi Tofiq müəllimə zəng edib bu barədə məlumat verməyi qərara almışlar. Qərarlaşdıqları kimi baş vermiş hadisə barədə Tofiqə məlumat vermişlər. Təxminən 15-20 dəqiqə sonra Tofiq gəlmiş və hadisəni ona danışmışlar. O da öz növbəsində şirkət rəhbərliyinə bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Verilmiş suallara əsasən Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-yə məxsus olan “X12 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün heç kim ona icazə verməmiş və avtomobili idaə edərkən hüquqazidd hərəkət etdiyini dərk etmişdir. O, avtomobili idarə edərkən isə ehtiyatsızlıqdan hadisə törətmişdir. Onun heç kimlə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. “X12 yük” markalı **-AC- *** dövlət qeydiyyat nişanlı avtomobilə qapıları açıq olduğu üçün qapını açaraq daxil olmuş və avtomobilin açarı üstündə olduğuna görə rahatlıqla mühərriki işə salmışdır. Hadisənin baş verməsinin əsas səbəbi avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur. Onun sürücülük vəsiqəsi, yəni sürücülük hüququ yoxdur. O, həmin günü spirtli içki qəbul etməmiş və ayıq olmuşdur. Avtomobili qaçırmağa kimsə ona kömək etməmişdir. Sadəcə olaraq qəfildən avtomobili idarə etmək qərarına gəlmiş və həmin vaxtı yanında olan Şahid1 onun avtomobili icazəsiz idarə etməsindən məlumatı olmamışdır. Əvvəlcədən Novruzla bu barədə razılığa gəlməmişlər. Mülki iddianı qismən etiraf edir, ekspert rəyi ilə müəyyən edilmiş dəymiş ziyanın məbləğilə razıdır, dəymiş ziyandan 1400 manat pul vəsaitini ödəmiş, qalan hissəsini isə gələcəkdə ödəmək niyyətindədir. Belə ki, hazırda işsiz olmaqla maddi çətinliyi olduğundan həmin vəsaiti tam şəkildə ödəmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, hazırkı əməlinə görə dəymiş maddi ziyanın bir qismini ödəməsinin nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 ifadəsində göstərmişdir ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-də hüquqşünas vəzifəsində işləyir. Hadisə ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs və Əsədov X6 Quşçuluq Şirkəti MMC-də gözətçi vəzifəsində işləmişlər. Şirkətə məxsus olan “X12 yük” markalı **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobil şirkətdə işləyən Şahid3 təhkim olunmuşdur. Şahid3 hər gün adəti üzrə işdən sonra idarə etdiyi həmin avtomobili 1 nömrəli giriş postunun yanında saxlayıb evə getmişdir. Həmin avtomobilin saxlanıldığı yer Təqsirləndirilən şəxs və Şahid1 xidmət etdiyi postun ərazisinə daxil olmuşdur. xx.xx.2024cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs və Şahid1 icazəsiz olaraq avtomobili olduğu yerdən talama niyyətləri olmadan qaçırmış və avtomobili idarə edən Təqsirləndirilən şəxs avtomobili aşırmaqla avtomobilə maddi ziyan vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh ibtidai istintaq zamanı ödədiyi 400 manatdan başqa, məhkəmə istintaqı zamanı da 1.000 manat məbləğində ödəniş etmişdir. Dəymiş ziyandan ödənilməmiş qalan 2.240 manat məbləğində pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Nümayəndə1 Hacıqabul Quşçuluq Şirkəti MMC-nin xeyrinə tutulmasını xahiş edir. Bundan başqa istintaq orqanı tərəfindən törədilmiş cinayət əməlinə verilmiş tövsiflə razıdır. Çünki, istintaq zamanı müəyyən edilmişdir ki, Şahid1 Ruslanın avtomobili icazəsiz idarə etməsi barədə məlumatı olmamışdır. Bu səbəbdən ağır ittihamın verilməsi ilə bağlı vəsatəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da digər Şahid2 və iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. O, verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, şirkətə məxsus “X12 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim edilmişdir. O, şirkətdə həm satış müdiri, həm də direktor müavini vəzifəsində işləyir. Şirkətin 40-a yaxın avtomobili vardır və həmin avtomobillər üzrə yol vərəqəsi vermək onun səlahiyyətində deyildir. Adəti üzrə avtomobili şirkətin həyətində saxladıqdan sonra açarlarını üzərində saxlamış, bu barədə isə mühafizəçilərin məlumatı olmuşdur. Heç bir mühafizəçiyə, o cümlədən postda xidmətdə olan Təqsirləndirilən şəxs və Şahid1 avtomobili idarə etməsi üçün icazə verməmişdir. Əvvəllər də gözətçilər tərəfindən idarə etmə halı olmadığından açarı rahatlıqla mühərrikin üzərində saxlamışdır. Təqsirləndirilən şəxsla isə hər hansı səmimi münasibətləri olmamış, yalnız işçi kimi onu tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. 2024-cü ilin mart ayından etibarən Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir. Şirkətə məxsus olan giriş qapısında gözətçilik edir və şirkətin ərazisinə daxil olan və ya oradan çıxan şəxslərə, həmçinin avtomobillərə nəzarət edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində həmin postda işə gəlmişdir. Xidmət etdiyi postun yanında şirkətə məxsus avtomobillərin saxlanılması üçün yer vardır. Bəzi şirkətə məxsus avtomobilləri işlərini yekunlaşdırdıqdan sonra şirkətin işçiləri gətirib orada saxlayır və evlərinə gedirlər. Mütəmadi olaraq şirkətin əməkdaşı olan Rüfət adlı şəxsin idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “X12 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib həmişə postun yanında saxlayıb evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində posta olan zaman Təqsirləndirilən şəxs ilə birlikdə postdan çölə çıxıb siqaret çəkmişdirlər. Siqaret çəkdikdən sonra həmin Rüfətin idarə etdiyi şirkətə məxsus olan avtomobilə yaxınlaşmışlar. Avtomobilin qapısı açıq olduğu üçün rahat şəkildə içərisinə daxil olub əyləşmişlər. Təqsirləndirilən şəxs avtomobilin sükanının arxasında, o isə ön sərnişin oturacağında əyləşmişdir. Bir qədər keçdikdən sonra qəfildən Ruslan avtomobilin açarını fırladıb avtomobili işə salmışdır. O, Ruslandan nə etdiyini soruşmuş və Ruslan ona avtomobili həmişə idarə edən Rüfət müəllimə dediyini, ondan sürmək üçün icazə aldığını və avtomobili bir qədər sürüb gətirib yerinə qoyacağını bildirmişdir. O da susaraq razılıq vermişdir. Ruslan avtomobili işə salmış dayandığı yerdən hərəkətə başlamış və Ağacanlı kəndi istiqamətdə hərəkət etmişdir. Təxmini 500-600 metr məsafə qət etdikdən sonra avtomobili 100 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin vaxtı qəfildən qarşılarına sərt döngə çıxmış və Ruslan avtomobilin idarə etməsini itirib həmin döngədə avtomobili aşırmışdır. Bundan sonra avtomobildən enmişdir. Xəsarət aldığı üçün qol və üz nahiyyəsində qan izləri olmuşdur. Posta geri qayıtmışlar və Ruslan Tofiqə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra Tofiq gəlmiş və hadisəni Tofiqə danışmışlar. Tofiq də öz növbəsində şirkət rəhbərliyinə bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O da sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Verilmiş suallara əsasən şahid əlavə olaraq bildirmişdir ki, Ruslan ona Rüfətin avtomobili sürmək üçün icazə verdiyini bildirmişdir. “X12 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qapıları açıq olduğu üçün qapını açaraq daxil olmuşlar və Ruslan avtomobilin açarı üstündə olduğuna görə rahatlıqla mühərriki işə salmışdır. O, postu qanunsuz olaraq tərk etməsinə baxmayaraq, Ruslanın avtomobili icazəsiz idarə etməsi, eləcə də onun sürücülük vəsiqəsinin olmaması barədə məlumatı olmamışdır. Əvvəllər bu şəkildə şirkətin hər hansı avtomobilinin idarə edilməsinin şahidi olmamışdır. Həmin vaxt onlar hər hansı bir işlə bağlı postu tərk etməmişlər. Ruslan və Rüfətini yaxın münasibətlərdə olmasının şahidi olmamışdır, çünki hadisədən əvvəl 15 gün olardı işə qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və xx.xx.2024-cü il tarixli qərarla istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan BD196091 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasından müəyyən edilir ki, “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Hacıqabul rayonu Ağacanlı kəndi istiqamətindən gələrək Ələtli kəndi istiqamətində gedən zaman idarə etməni itirib sərt döngə olan yerdə yoldan çıxaraq qəza törətmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə həmin vaxt onun sürəti 100 km/saat olmuşdur. Avtomobil yolun çiynində, asfaltdan 7 metr metr məsafədə, təkərləri üzərində dayanmışdır. Avtomobilin ön hissəsi əzilmişdir. Avtomobilin olduğu yer ilə asfalt arasında hündürlük 2,75 metrdir. Yolun eni gəliş istiqamətində 5,80 metr, gediş istiqamətində 6 metrdir. Asfalt üzərində 4,30 metr tək təkərin tormoz izi vardır. Hadisə yeri 1.11.2 saylı xəbərdarlıq nişanın təsir zonasıdır. Hərəkət üsulu nizamlanmayan yolun ehtiyyat hissəsinin eni 1,80 metrdir. Yolun sağ ehtiyyat hissəsi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, "xxxx" MMCyə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza nəticəsində ön ehtiyyat hissələri sınmış və qırılmış vəziyyətdədir. Həmçinin nəqliyyat vasitəsinin ön sol təkəri partladığı üçün hərəkətsiz vəziyyətdədir. Eyni zamanda nəqliyyat vasitəsinin ön alın şüşəsində sınıqlar mövcuddur. Sükanda olan “airbag”, yəni hava şarı isə açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Şahid1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 16:00dan hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Şahid1 müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən baş vermiş cinayət hadisəsinin onun təqsiri ucbatından törədilmədiyini, həmin vaxt Təqsirləndirilən şəxs ilə söhbət etmək məqsədilə "xxxx" MMC-yə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini, daha sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini işə saldığını, nə etdiyini soruşduğu zaman Təqsirləndirilən şəxs ona avtomobili həmişə idarə edən Rüfət müəllimə dediyini, ondan sürmək üçün icazə aldığını və avtomobili bir qədər sürüb gətirib yerinə qoyacağını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan xüsusatları hadisə yerində bir daha təsdiq etməklə əyani surətdə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə ifadənin yerində yoxlanılması zamanı Şahid1 ifadəsində qeyd olunan xüsusatları hadisə yerində bir daha təsdiq etməklə əyani surətdə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tutulmuş şəxsin azad edilməsinə dair” qərardan müəyyən edilir ki, iş üzrə ibtidai araşdırma zamanı şübhəli şəxs Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi faktı təsdiqini tapmadığından, o, şübhəli şəxs vəziyyətindən azad edilmişdir. İş materiallarında olan “əşyanın maddi sübut hesab edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılmışdır. İş materiallarında olan Sabirabad rayon Mərkəzi xəstəxanası X14 tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, 18-1-70/2-439/2024 saylı məktuba əsasən Təqsirləndirilən şəxs Sabirabad RMX-nin polikinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16-7/2-4064/2024 saylı məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Bundan başqa, "xxxx" MMC-yə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vərəqəsinin verilməsi ilə bağlı isə Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində məlumat aşkar olunmamışdır. İş materiallarına olan məhkəmə-tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli, 163 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol çanaq tini nahiyyəsinin sıyrığı olmuşdur. Xəsarətin küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ biləcəyi qeyd olunmuşdur. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. İş materiallarına olan məhkəmə-tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli, 162 nömrəli rəyinə əsasən Şahid1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alın nahiyyəsinin sıyrığı, çənəaltı nahiyyənin əzilmiş cırılmış yarası, hər iki diz oynaqlarının ön səthlərinin sıyrıqları olmuşdur. Xəsarətlərin küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ biləcəyi qeyd olunmuşdur. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarına olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 31 may 2024cü il tarixli, 3-16-16/2-8/1354 nömrəli rəyindən müəyyən olunur ki, “X12” yük markalı **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan “Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəy aktından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ehtiyyat hissələri və təmir xərcləri ilə birlikdə cəmi 3860 manat təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(071)-90/2024 saylı qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 1(071)-90/2024 saylı cinayət işi üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8391 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş və iş materialında olan “Şirvan Avtomosrevis və Ticarət Müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2007-ci buraxılışlı, mühərrikin iş həcmi 1753 sm3 X12 (yük) markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən (dəyişilməli hissələrin qiyməti - 2660 manat; təmir-bərpa işlərinin qiyməti - 980 manat olmaqla) cəmi 3640 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə sübutların məcmusuna qiymət verərkən həmçinin nəzərə alır ki, ibtidai istintaq orqanının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində inzibati xəta tərkibi olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Hacıqabul RPŞ-nin DYPB-nə göndərilmişdir. Bundan başqa həmin qərarla Təqsirləndirilən şəxs və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsilə cinayət işinin başlanması rədd edilmişdir. Dövlət ittihamçısı və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qeyd olunan halla bağlı məhkəmə baxışı zamanı hər hansı vəsatətlərinin olmadığını bildirmişlər. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında verilmiş ittiham daxilində qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 16:00-dan hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs faktı üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarlarla CM-nin 185.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 14:30-da azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-90/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş qəbzdən müəyyən edilir ki, ibtidai istintaq dövründə cinayət işi üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-yə məxsus olan “X12” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 25 aprel 2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Çöl Beşdəli kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs atası X3 və anası X1 ibarət tərkibdə Sabirabad rayonu Zalqarağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarına olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Çöl Beşdəli kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, əvvəllər məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında üç növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəyə əsasən zzadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəyə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə iş üzrə mülki iddiaçı qismində tanınmış "xxxx" MMC tərəfindən verilmiş iddia tələbini cinayət işi üzrə toplanmış sübutlar əsasında araşdırıb hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin direktoru Babaşov Nemət Adışirin oğlu xx.xx.2024-cü il tarixində təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı mülki iddia ərizəsi verərək, təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurduğu maddi ziyana görə 3460 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İş materialları və cinayət prosesi iştirakçılarının verdikləri ifadələrlə müəyyən olunmuşdur ki, təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 400 manat, məhkəmə istintaqı dövründə isə 1000 manat olmaqla, cəmi 1400 manat məbləğində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) ödəniş etmişdir. Onun hazırda "xxxx" MMC-yə vurduğu ziyana görə 2240 (iki min iki yüz qırx) manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq dövründə iş üzrə ekspertiza təyin edilməmiş və yalnız mütəxəssis rəyinə əsasə zərərin məbləği müəyyən edilmiş. Məhkəmə istintaqı zamanı qeyd olunan nöqsan aradan qaldırılaraq iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Həmin rəyə əsasən cinayət əməli nəticəsində dəymiş ziyan 3640 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən ekspert rəyini mötəbər sübut olaraq qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddətyə əsasən Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 2240 (iki min iki yüz qırx) (3640-1400=2240) manat pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “X12” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 135 manat (yüz otuz beş) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11(on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 2240 (iki min iki yüz qırx) manat pul vəsaiti "xxxx" MMCnin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə maddi sübut kimi tanınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “X12” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 135 manat (yüz otuz beş) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-11/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-11/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver