Məhkəmə qərarları › İş №1(071)-113/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-113/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-113/2023 20.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd polietilen kəsiyinə bükülmüş vəziyyətdə təmiz çəkisi 9,237 qram olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib üzərində daşıyaraq saxlamış, 08 avqust 2023-cü il tarixdə saat 20:40 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, B.İbrahimov küçəsində yerləşən "xxxx" MMC-nin Hacıqabul rayon filialının inzibati binasının yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə olan tiyək üzərindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, uzun müddətdir narkotik vasitələr qəbul edir. Əvvəllər tiryək kimi tanıdığı narkotik vasitə istifadə etmişdir. Bir müddət sonra narkotik vasitələrdən asılılıq yarandığı üçün istifadə etmədikdə bədənində müxtəlif dərəcəli ağrılar yaranmışdır. Bu səbəbdən o, hər gündə istifadə etməsə də, azı həftədə bir dəfə narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitələri əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. 08 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində Hacıqabul şəhəri M.B.Nadim küçəsindən bazar istiqamətində hərəkət edən zaman yerdə bir ədəd bükülmüş polietilen kəsiyinin olduğunu görmüş və həmin bükülmüş polietilen kəsiyinin içərisində dəyərli əşyanın olduğunu hesab edərək götürüb içərisinə baxmışdır. O, polietilen kəsiyinin içərisinə baxan zaman orada tiryək kimi tanıdığı narkotik vasitənin olduğunu görmüş və özü narkotik vasitələrin istifadəçisi olduğu üçün polietilen kəsiyinin içərisindəki narkotik vasitəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş, lakin həmin narkotik vasitədən istifadə etməmişdir. Həmin günü, yəni 8 avqust 2023-cü il tarixdə saat 21:00 radələrində o, gəzmək məqsədilə Hacıqabul şəhərində yerləşən Mərkəzi Poçtun olduğu küçəyə tərəf çıxmış və təxminən 15 dəqiqə gəzdikdən sonra iki nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bildirərək özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X2 təhqiqatçısı Natiq Ağayev kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini bildirmiş, o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd polietilen kəsiyinin içərisində olan narkotik vasitə tiryəki təqdim etmişdir. Bundan sonra X7 tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,34 qram olduğu müəyyən edilmişdir. X7 tərəfindən həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə - tiryək olduğunu, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. X7 tərəfindən həmin kütlə zərfə qoyularaq möhürlənmiş və işirakçılar tərəfindən üzərinə imza edilmişdir. Daha sonra onun üzərinə axtarış barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişdir. Şəxsi axtarış aparılan zaman, habelə polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 8 avqust 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Hacıqabul Rayon Polis Şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və o, yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. 8 avqust 2023-cü il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri B.İbrahimov küçəsində yerləşən Mərkəzi Poçtun yaxınlığında saxlayaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotk vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə onlarda bir daha şübhə yaratmış və bu səbəbdən həmin vaxt üzərində axtarış aparılması üçün əlverişli şərait olmadığından onu Hacıqabul RPŞ-nə dəvət etdikdən sonra birlikdə X7in xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd polietilen kəsiyini çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin polietilen kəsiyini açdıqda içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən olunmuş, həmin polietilen kəsiyində aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda, o, həmin maddənin narkotik vasitə - tiryək olmasını, həmin maddəni Hacıqabul şəhəri M.B.Nadim küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra X7 tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,34 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd selofan kəsiyinin içərisində narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/788 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 9,237 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 50 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6037 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 9,137 qram qalan narkotik vasitə hesab edilən tiryək maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Ağayev tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40-dan etibarən faktiki azdlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 21:00-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İbrahim Qəhrəmanov tərəfindən qəbul edilmiş “tutulmuş şəxsin azad edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:25-də azad edilmişdir. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İbrahim Qəhrəmanov tərəfindən qəbul edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-113/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs özünü qeyri-adi aparmış, bununla əlaqədar verilən suallara cavab olaraq bildirmişdir ki, o, mütəmadi spirtli içkilər qəbul edir və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin oktyabr ayında naməlum mənbədən əldə edərək narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs analoji cinayəti törətməyə davam etməsini, onun əvvəllər analoji cinayət törətməyə görə məhkum olunmasını və məhkumluğu ödənilmədiyi müddətdə yenidən cinayət törətməsini, habelə şəxsiyyəti ilə bağlı digər mənfi xüsusiyyətləri nəzərə alaraq ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul etmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, ailə üzvü yalnız həyat yoldaşı X1 ibarətdir. Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Yusifov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-071/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-186/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-671/2022 nömrəli qərarına əsasən cəzanın çəkilməmiş 9 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, daha sonra Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 6 ay azaldılmış və Salyan rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 9 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edildikdən qısa müddət sonra hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən tiryək əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, şübhəli şəxs qismində tutulduğu iki gün cəzadan çıxılmaqla, cəza çəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbirinin tətbiq edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 9,137 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 9,137 qram olan narkotik vasitə tiryək məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar