Məhkəmə qərarları › İş №1(071)-114/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-114/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-114/2022 24.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də keyfiyyətə nəzarət üzrə mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə saat 01:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanının) tələblərinə riayət etməyərək 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 141-ci kilometirliyində Bakı istiqamətində sol zolaqla 93 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sol tərəfdən nəqliyyat vasitələrinin geriyə dönməsi üçün nəzərdə tutulan zolaqdan piyadanın sağa doğru keçdiyini görüb vaxtında tədbir görməklə avtomobilin sürətini azaltmalı və sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, yəni avtomobili nəqliyyat vasitələrinin geriyə dönməsi üçün nəzərdə tutulan zolağa çıxartmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib piyadanın arxasından keçmək üçün avtomobili sola istiqamətləndirmiş, avtomobil sola istiqamətləndiyinə görə piyada 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs geri qayıdarkən onu nəqliyyat vasitələrinin geriyə dönməsi üçün nəzərdə tutulan zolaqda avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrinin əzilmiş-cırılmış yaraları, sağ baldır sümüklərinin qapalı sınığı, sol baldır sümüklərinin açıq qəlpəli sınığı, qara ciyərin cırılması, qarın boşluğunda çoxlu miqdarda duru və laxta qan ilə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 15 iyun 2022-ci il tarixdə saat 01:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə quraqlıq və qaranlıq hava şəraitində Bakı istiqamətdə sol hərəkət zolağında 93 km/saat sürətlə yaxın məsafəyə vuran fara işığı ilə hərəkətdə olmuş, yaxın məsafəyə vuran fara işıqları təxminən 28-30 metr məsafəni tam işıqlandırmışdır. Avtomobildə 312 kq yük olmaqla sərnişini olmamışdır. Qarşıda hərəkətdə olan nömrəsi və markasını xatırlamadığı minik avtomobilini ötmə edib sol hərəkət zolağında hərəkətdə olarkən soldan geriyə dönmək üçün nəzərdə tutulan yoldan və ayrıcı zolaqdan piyadanın sağa doğru yolu keçdiyini görüb piyadanın arxa hissəsindən keçmək məqsədi ilə avtomobili sola istiqamətləndirmiş, bu an piyada geri qayıtmış və piyadanı avtomobilinin qabaq orta hissəsi ilə bütöv sarı düz xəttdən sola doğru geriyə dönmək üçün nəzərdə tutulan hərəkət zolağında vurmuşdur. Avtomobilin şarları açılmış, heç nə görə bilməmiş, piyadanın avtomobilin kapotu üstündə olduğunu hiss etmişdir. Bir müddət getdikdən sonra piyada asfaltın üstünə düşmüş və avtomobili hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında saxlamışdır. Avtomobildən düşüb arxaya baxdıqda piyada oğlanın beton arakəsmənin yaxınlığında sarı bütöv düz xəttin üzərində tərpənməz vəziyyətdə olduğunu görmüşdür. Yol-nəqliyyat hadisəsi barədə 102, 113 xidmətlərinə və atasına zəng edib məlumat vermişdir. Hadisə yerinə polis nəfərləri gəlmiş, hadisə yerinin təhlükəsizliyini təmin etmiş, orada olan tanımadığı adamları meyitə yaxın getməyə qoymamışlar. Hadisə yerinə yol polisinin əməkdaşı, bir müddət sonra isə TTTY gəlmişdir. Tibb işçisi meyitə baxış keçirmiş, baxdıqdan sonra meyiti xərəklə TTTY maşınına yerləşdirib morqa aparmışlar. Hadisə yerində asfalt örtük üzərində piyadanın vurulduğu yerdə tökülüb qalmış siqareti, meyitin düşdüyü yerdə isə qan ləkəsi olmuş, başqa heç nə olmamışdır. Hadisə yerinə baxış keçirilməsində iştirak edib piyadanın yolu keçdiyi və piyadanı vurduğu yeri göstərmişdir. Tərtib olunmuş prokokol və sxemlə tanış olub imza etmişlər. Hadisədən sonra piyadanın Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. O, mərhum Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərinin keçirilməsi üçün zərərçəkmiş şəxsin hüquqi varisi X4 15.000 manat pul vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə aralarındakı razılaşmaya əsasən mərhum Zərərçəkmiş şəxs qəbir daşının (baş daşının) düzəldilməsi üçün xx.xx.2022-ci ilə kimi o, zərərçəkmiş şəxsin hüquqi varisi X4 2.000 (iki min) manat pul ödəyəcəkdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Törətdiyi əməldən peşman olmuşdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.1995ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. Oğlu Zərərçəkmiş şəxs 14 iyun 2022-ci il tarixdə qohumları X8 və X6 ilə birlikdə qarğıdalı satmaq üçün Sumqayıt şəhərinə getmişlər. Qarğıdalını satdıqdan sonra Zaman və Rəhman Sumqayıt şəhərində qalmış, Mərhəmət isə geri qayıdaraq Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli bazarı»nda digər qohumları ilə görüşmüş, onların təklifinə baxmayaraq, gözləməyib yol maşını ilə Hacıqabul rayonuna yola düşmüşdür. Oğlu ilə telefon vasitəsi ilə əlaqə saxlayarkən rayona qayıdacağını bildirsə də, oradan çıxması barədə ona heç bir söz deməmiş, axşam isə evə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrində qardaşı Nofil ona zəng edərək, Mərhəməti Hacıqabul rayonu ərazisindən keçən Bakı- Qazax yolunda avtomobil vurduğunu və dünyasını dəyişdiyini və ona Şirvan şəhər Xəstəxanasının meyitxanasına getməsini demişdir. O, dərhal Şirvan şəhər mərkəzi xəstəxanasının morquna getmişdir. Ekspert meyitini müayinə etmiş və ona təhvil vermişdir. Meyiti qohumlarının iştirakı ilə yaşadıqları Abdulabad kəndinə gətirib həmin gün kənd qəbirstanlığında dəfn etmişlər. Yas mərasiminə sürücünün qohumları gəlmiş, sürücünün Şirvan şəhər sakini olduğunu bilmiş, sürücünün valideyni qohumları ilə birlikdə yas mərasimində iştirak edib, yas mərasiminin keçirilməsi üçün ona maddi köməklik etmişlər. Sonradan aldığı məlumata görə oğulu Mərhəmət 15 iyun 2022-ci il tarixində saat 01:20 radələrində yolun sol kənarından sağ kənarına keçərkən Bakı istiqamətində hərəkətdə olan X3 idarə etdiyi Opel Astra markalı minik avtomobili ilə vurulmuş, oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Özü və ailə üzvləri sürücü Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxsla, onun ailə üzvləri ilə qohumluq əlaqələri və ədavətləri yoxdur. Təqsirləndirilən şəxs ona yas mərasiminin keçirilməsi üçün 15.000 manat pul vermişdir. Təqsirləndirilən şəxsla onun arasında olan razılaşmaya əsasən mərhum Zərərçəkmiş şəxs qəbir daşının (baş daşının) düzəldilməsi üçün xx.xx.2022-ci ilə kimi Təqsirləndirilən şəxs jyf 2.000 (iki min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə məhkəməyə yazılı ərizəsini təqdim etdi və bunları nəzərə almağı məhkəmədən xahiş etdi. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Rəfail 15 iyun 2022-ci il tarixdə idarə etdiyi Opel Astra markalı minik avtomobili ilə Bərdə rayonundan Şirvan şəhərinə yola düşmüş, avtomobildə tək olmuşdur. Oğlu ona zəng edərək Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən piyadanı vurduğunu bildirmişdir. O, piyadanın vəziyyəti barədə soruşduqda oğlu piyadanın tərpənmədiyini və səsinin gəlmədiyini bildirmişdir. O, dərhal qardaşı Namikə zəng edib məlumat vermiş, evlərinə gedib qardaşını götürərək hadisə yerinə yola düşmüşdür. Oğlu ilə təkrar telefon vasitəsi ilə əlaqə saxlayarkən oğlu 103 xidmətinə zəng etdiyini, polis əmkdaşlarının hadisə yerində olduğunu, təcili tibbi yardım maşınını gözlədiklərini bildirmişdir. Yolda olarkən özü də 113 xidmətinə zəng edərək, yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Hadisə yerinə çatdanda Rafaili, polis əməkdaşlarını və tanımadığı yol adamlarını görmüş, hadisə yerində ona oğlunun saat 01:20 radələrində günün qaranlıq vaxtında quraqlıq hava şəraitində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda Bakı istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə keçən piyada sonradan şəxsiyyəti ona məlum olan Hacıqabul rayonu Abdulabad kənd sakini Zərərçəkmiş şəxs vurduğu və piyadanın aldığı xəsarətlərdən hadisə yerində öldüyü məlum olmuşdur. Hadisə yerində olarkən saat 02.00 radələrində 113 xidmətinin TTTY maşını gəlmiş və meyiti Şirvan şəhər mərkəzi xəstəxanasının morquna aparmışdır. Müstəntiq hadisə yeinə gəlmiş, Rəfailin, yol polisi əməkdaşının və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Rəfail piyadanın yolu keçdiyi və piyadanı vurduğu yeri göstərmiş, bu barədə sənədləşmə aparalıb şəkillər çəkilmişdir. O, və ailə üzvləri Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanımamış, Zərərçəkmiş şəxsla və onun ailə üzvləri ilə qohumluq əlaqələri və ədavətilri olmamışdır. Zərərçəkmiş şəxs yas mərasimində el ədəti ilə iştirak etmiş, yas məraiminin keçirilməsinə köməklik etmək məqsədilə zərərçəkmiş şəxsin hüquqi varisi X4 15.000 manat pul vermişlər. Hazırda aralarındakı razılaşmaya əsasən xx.xx.2022-ci il tarixə kimi oğlu Rafail mərhumun atası X4 2.000 manat ödəyəcəkdir. Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Hacıqabul rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 08 nömrəli meyitin ekspertizası rəyində qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: bədənin müxtəlif hissələrinin əzilmiş-cırılmış yaraları və sıyrıqları, sağ baldır sümüklərinin qapalı sınığı, sol baldır sümüklərinin açıq qəlpəli sınığı, qara ciyərin cırılması, qarın boşluğundu çoxlu miqdarda duru və laxta qanın olması. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən qara ciyərin cırılması, sol baldır sümüklərinin açıq qəlpəli sınığı canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Sağ baldır sümüklərinin qapalı sınığı canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Bədənin müxtəlif hissələrinin əzilmiş-cırılmış yaraları canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir, sıyrıq isə sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. Qeyd olunan xəsarətlər həyati olmaqla ölümündən az əvvəl əmələ gəlmişdir. Zərərçəkmiş şəxs ölümü baş vermiş hadisədən qısa müddət sonra baş verməsi inkar olunmur. Zərərçəkmiş şəxs ölümünə səbəb bədənin müxtəlif hissələrinin küt travması nəticəsində qara ciyərin cırılması, daxilə qanitirmə ilə yanaşı baldır sümüklərinin sınığından sonra baş vermiş ağır dərəcəli hemorarqik və travmatik şok olmuşdur. Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl etil spirti və narkotik tipli maddələr qəbul etməmişdir (2135/K saylı akt). (iş v 104-110) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2260 nömrəli avtotexniki ekspertizanın rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Opel Astra» markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Opel Astra» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 93 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. (iş v. 116-119) Tibbi ərazi bölmələrini idarəetmə birliyinin «Hacıqabul rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsi təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi tərəfindən verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəyə dair xx.xx.2022-ci il tarixli 594 №-li aktda Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:00-da alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş 18 iyun 2022-ci il tarixli 016-76754-1222 №-li məktubunda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AE 524491 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmadığı göstərilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən surətindən görünür ki, doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş v. 33). Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etmək məqsədilə təcili tibbi yardıma və polisə zəng edərək məlumat verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmasını, mərhumun yas mərasimlərinin keçirilməsi üçün zərərçəkmiş şəxsin hüquqi varisi X4 15.000 manat pul verməsini və aralarındakı razılaşmaya əsasən mərhum Zərərçəkmiş şəxs qəbir daşının (baş daşının) düzəldilməsi üçün xx.xx.2022-ci ilə kimi zərərçəkmiş şəxsin hüquqi varisi X4 2.000 (iki min) manat pul ödəməyi öhdəsinə götürməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayəti və maddi tələbinin olmadınına dair xx.xx.2022-ci il tarixli ərizəni, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin arasında olan razılaşmaya (xx.xx.2022-ci il tarixli ərizələri) əsasən mərhum Zərərçəkmiş şəxs qəbir daşının (baş daşının) düzəldilməsi üçün xx.xx.2022-ci ilə kimi zərərçəkmiş şəxsin hüquqi varisi X4 2.000 (iki min) manat pul ödənilməsi Təqsirləndirilən şəxs öhdəsinə qoyulmalıdır. İş üzrə maddi sübut olan “Opel Astra” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin arasında olan razılaşmaya əsasən mərhum Zərərçəkmiş şəxs qəbir daşının (baş daşının) düzəldilməsi üçün xx.xx.2022-ci ilə kimi zərərçəkmiş şəxsin hüquqi varisi X4 2.000 (iki min) manat pul ödənilməsi Təqsirləndirilən şəxs öhdəsinə qoyulsun. İş üzrə maddi sübut olan “Opel Astra” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə baxışı zamanı iştirak etdi 10 saata görə 60 (altmış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar