Məhkəmə qərarları › İş №1(071)-114/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-114/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-114/2025 09.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Qazı-Məmməd (Hacıqabul) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Hacıqabul şəhəri, X15 küçəsi, ev 59 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Ə.Vahid küçəsinə daşımış, 09 iyun 2025-ci il tarixdə, saat 16:47-də Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,155 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarının sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyun 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ilə piyada gedən zamanı yerdə 1 ədəd kağız bükülmüş bükülünü görmüş, bükülünü götürüb açıb içərisinə baxdıqda orada psixotrop maddə metamfetamin olduğunu bilmiş, psixotrop maddə metamfetamin olan bükülünü büküb sonra qəbul etmək məqsədi ilə əyninə geydiyi qara rəngli şalvarının sol arxa cibinə qoyub yoluna davam etmişdir. Həmin günü saat 17 radələrində Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ilə yaşadığı ev istiqamətinə piyada gedərkən mülki formada bir neçə şəxs ona yaxınlaşıb özlərini Hacıqabul rayon PŞnin polis əməkdaşları kimi təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirib hüquq və vəzifələri izah etmişlər. Polis əməkdaşlarına etiraz etməmişdir. Polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuş, üzərində psixotorop hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmiş, lakin polis əməkdaşları onun dediyi sözə məhəl qoymayaraq videoçəklişdən istifadə etməklə üzərində yoxlama aparan zaman əynində olan qara rəngli şalvarının arxa sol cibində gizlətdiyi 01 bükümün içərsində psixotrop maddə metamfetamin aşkar etmişlər. Aşkar olunub götürülmüş 01 ədəd bükülüdə psixotrop madda metamfetamin elektron tərəzidə çəkilərkən 0,26 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq onun iştirakı ilə qablaşdırılmış və poçt zərfin üzərinə imza etmiş və rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsində üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülüb təkrar baxış keçirilmiş və psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırılaraq möhürlənmişdir. Üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və hazırkı əməlinə görə saxlanıldıqdan sonra hər hansı növdə narkotik vasitə qəbul etmədiyini nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyun 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 16:47-də Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nün polis nəfəri Şahid3 və Hacıqabul rayon PŞ-nin NH-nin sürücüsü Şahid4 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri, Ə.Vahid küçəsinə gedərək orada Təqsirləndirilən şəxs saxlanılaraq üzərində psixotrop maddə olmasına görə, üzərində videoçəklişdən istifadə edilməklə yoxlama aparılacağı bildirmiş, Təqsirləndirilən şəxs də etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs üzərində videoçəklişdən istifadə etməklə yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol arxa cibində bir ədəd kağız bükümün içərsində psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkilərkən 0,26 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və poçt zərfin üzərinə imza edilmiş və Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülüb təkrar baxış keçirilmiş və psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 və Hacıqabul RPŞ-nin NH-nin sürücüsü Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onların ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13- 78/Ə298/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 və Hacıqabul RPŞ-nin NH-nin sürücüsü Şahid4 daxil edilməklə, qrupa rəhbərlik Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli, 591 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdə saat 16:47-də Hacıqabul şəhəri Ə.Vahid küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni çəkisi 0,26 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” barədə xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs xx.xx.1989-cu ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Hacıqabul şəhəri, M.Axundov küçəsi, ev 59-da qeydiyyatda olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Hacıqabul şəhəri, Ə.Vahid küçəsində piyada hərəkətdə olarkən saat 16:48-də saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman dərhal təhlükəsizlik məqsədi ilə qoluna qandal vurulmuşdur. Ona nə üçün saxlanıldığı izah edilərək əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd “İPhone” markalı mobil telefon aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama davam etdirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol arxa cebindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Büküm açıldıqda içərsindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkildikdə 0,26 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkliş başa çatmışdır. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması və götürmə videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən xüsusi vasitələr dedikdə, dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr nəzərdə tutulur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ vardır. Həmin Qanunun 26-cı maddəsinin 2-ci hissəsinə əsasən Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə; 2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə; 3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə; 4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə; 5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə; 6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda; 7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə; 8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda; 9) həbs olunanları müşayiət etdikdə; 10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda; 11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə; 12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri). Həmin Qanunun 6-cı hissəsinə əsasən həmin qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 728-İQ nömrəli Qanununda əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildiyi halda da həmin qərarda əməliyyataxtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyataxtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. X9 vurğulanmışdır ki, burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan təhlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı polis əməkdaşları tərəfindən ona xüsusi vasitə olan qandal tətbiq edilməsi mövcud şəraitə uyğun olaraq mütənasib olmuş və polis əməkdaşları tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmişdir. Belə ki, videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən polis əməkdaşları tərəfindən video çəkilişin əməliyyat tədbirinin başlanmasının ilk saniyələrindən qeydə alınması, eləcə də onun cibinə hər hansı şəxs tərəfindən qanunsuz olaraq büküm qoyulması ilə bağlı şübhə doğuracaq hal aşkar edilməmişdir. Bunun əksinə olaraq əməliyyat tədbirinin ilk saniyələrindən etibarən şübhəli şəxsin qaçmağa başlaması nəticəsində onun qollarına xüsusi vasitə olan qandal vurulması müşahidə edilir. Belə olan halda saxlanılan şəxsin şəxsiyyəti nəzərə alınmaqla təhlükəsizlik tədbirinin təmin edilməsi məqsədilə ona qandal vurulmasını məhkəmə pozuntu kimi qiymətləndirmir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəmənin müvafiq Plenum qərarına uyğun olaraq polis əməkdaşları tərəfindən videoçəkiliş aparılması üçün fasiləsizlik şərait yaradılmışdır. Müdafiə tərəfi isə əməliyyat tədbirinin sübut olaraq qəbul edilməsinə etiraz etməmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, 09 iyun 2025-ci il tarixdə saat 16:37-dən saat 16:48-dək olan müddət ərzində PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin qablaşdırıldığı iki ədəd zərf açılaraq həmin vasitələrə təkrar baxış keçirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Həmçinin videogörüntüdən müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və o, baxış zamanı müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək ona qarşı təzyiq edilmədiyini, etirazının olmadığını və aşkar edilmiş psixotrop maddə metamfetaminin ona aid olmaqla istifadəçisi olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/443 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş və üzərində: “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,155 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyə əlavə edilmiş aktdan həmçinin müəyyən edilir ki, tədqiqata sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunan kütlədən 0,105 qram metamfetamin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 24 iyun 2025-ci il tarixli, 3777 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,155 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 16:47-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 0,155 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin baş müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 12:55-də azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-114/2025 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 200 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Nuriyev X2 şəhəri, M.F.Axundov küçəsi, ev 59-da qeydiyyatda olmağına baxmayaraq, ünvan 4 ünvanında anası X6 ilə yaşayır. Subaydır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bundan əlavə, “Elektron Məhkəmə” İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatları sorğulanan zaman himayəsində yetkinlik yaşına çatmayan övladının olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 17 iyun 2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X12 verilmiş 18 iyun 2025-ci il tarixli, 18-1-41/2-532/2025 saylı məktubdan müəyyən edilir ki, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi 59 nömrəli evdə qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativpolikinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olunmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, hazırki vəziyyətdə onun cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyətini xarakterizə edən hallar onun barəsində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli o, həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,105 qram metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,105 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk, o cümlədən məhkəmə araşdırması zamanı toplanmış digər sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,105 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar