Məhkəmə qərarları › İş №1(071)-115/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-115/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-115/2024 05.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X20 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – X6 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-cı ildə Sabirabad rayonu, Ələhətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri ərazisinə daşımış, 25 iyul 2024-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, V.Quliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,37 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Beləliklə, X9 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin ona aydın olduğunu və özünü həmin cinayət əməlinin törədilməsində qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, etiraf edir ki, təxminən 2022-ci ildən narkotik vasitə marixuanadan istifadə edir. Mütəmadi olaraq narkotik vasitədən istifadə etməsə də, arabir marixuana istifadə edir. Həmin narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 25 iyul 2024-cü il tarixdə saat 15 radələrində tanışı Süleymanov Vüqar onu və digər tanışı Şahid3 öz yaşadığı evə dəvət edib həyatyanı sahədə apardığı təsərrüfat işlərinə, yəni ot alaqlarını təmizləməsi üçün ona köməklik etməsini xahiş etmişdir. Daha sonra Vüqar Süleymanov onlara həddiyə olaraq marixuana vermişdir. Onlar birlikdə həmin marixuananı çəkmişlər. O, marixuananı çəkdikdən sonra çölə çıxmış və bu vaxt ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Hacıqabul rayon Polis şöbəsinə gəlməyini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. O, çöldə saxlanılarkən narkotik vasitəni çəkib bitirdiyi üçün üzərində olmamışdır. Ona görə də özünü hazırkı verilən ittiham üzrə təqsirli hesab etmir. Özünü yalnız narkotik vasitə istifadə etməyə görə təqsirli hesab edir. Şöbədə olarkən təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini izah etmişdir. Ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə üzərinə video-çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Polis şöbəsinə gedən zaman üzərində heç bir narkotik vasitə olmamasına baxmayaraq baxış vaxtı əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq üzərinə tərəflərindən imzalar edilmişdir. Baxış zamanı qorxduğu üçün kibrit qutusundakı narkotik vasitənin ona aid olmasını etiraf etmişdir. Verilmiş suallara əsasən təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, yalnız Vüqar Süleymanova məxsus evdə narkotik vasitə çəkməyə görə özünü təqsirli bilir, lakin polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində narkotik vasitə olmamışdır. Onunla birlikdə Şahid3 və Vüqar Süleymanov da saxlanılmışlar. İlkin olaraq o, saxlanılıb şöbəyə aparılmış, daha sonra digəriləri gətirilmişdir. Rəşad və o, 48 saat şöbədə saxlanıldıqdan sonra barələrində başlanmış cinayət işi üzrə azadlığa buraxılmalarına baxmayaraq Vüqar Süleymanov onun barəsində hər hansı cinayət işi başlanılmadan azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs eyni zamanda bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. İstintaqa verdiyi ifadəsində ona görə özünü təqsirli hesab etmişdir ki, etiraf etməyəcəyi təqdirdə ona ağır maddə ilə ittiham verilə bilər. Ona təqdim edilən vəkilə isə bu barədə məlumat verməmişdir. X3 sözündə özünü qismən təqsirli bildiyi üçün ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində cəlb edilərək dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs, Süleymanov Vüqar birlikdə Vüqargilin bağında saxlanılmışlar. Həmin vaxt onların üzərində narkotik vasitə olmamışdır. onlara hədə-qorxu gəlindiyi üçün etiraf etmək məcburiyyətində qalmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəni istifadə etməyib və ümumiyyətlə görməmişdir. Vüqarın bağ evində otları təmizləyərkən saxlanılmışlar və şöbəyə aparılmışlar. Belə ki, Vüqar onlara bağlarında çay içməyi təklif etmişdir. Ona görə də həmin gün Vüqar, Müşviq və o birlikdə olmuşlar. Polis əməkdaşları gələn zaman onların üzərində narkotik vasitə olmayıb. Həmin anda Müşviq çöldə, o isə evin içərisində olmuşdur. Etiraf edir ki, saxlanılmamışdan qabaq üçü birlikdə marixuana çəkiblər, lakin saxlanılanda üzərlərində narkotik olmayıb. Çəkdikləri marixuana narkotik vasitəsini isə Vüqar onlara vermişdir. Onları saxlanıldıqdan sonra polis şöbəsinə aparmışlar, Vüqar polis şöbəsindən məsuliyyətə cəlb edilmədən azadlığa buraxılsa da, Samid adlı polis əməkdaşı Müşviqə və ona böhtan atmışlar və onun cibinə narkotik vasitəni qoymuşlar. O, Müşviqi narkotik vasitə qəbul edən şəxs kimi tanımamışdır. Şöbədə hər birinə ayrı-ayrılıqda müdafiəçi təqdim edilsə də, o, öz müdafiəçisinə bu barədə məlumat verməmişdir. Üzərlərinə şəxsi axtarış ayrı-ayrılıqda keçirilmişdir. Bundan başqa, ona qarşı güc tətbiq edilməmişdir, lakin Müşviqin səsini eşitdiyindən hesab edir ki, ona qarşı güc tətbiq edilmişdir. Bir daha qeyd edir ki, saxlanılmamışdan öncə narkotik vasitəni birlikdə çəkmişlər və narkotik vasitəni onlara Vüqar gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin Narkotiklə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 25 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşıması barədə, ona əməliyyat məlumatı daxil olmuşdur. 25 iyul 2024-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində şəxsi axtarış aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 25 iyul 2024-cü il tarixdə saat 15 radələrində X7 Hacıqabul şəhəri, V.Quliyev küçəsində yerləşən FHN-nin Hacıqabul rayonu Yanğından Mühafizə bölməsinin yaxınlığında yolun kənarında dayanmasını görmüşlər. Onlar birlikdə Müşviq Ağamaliyevə tərəf yaxınlaşaraq özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Müşviq Ağamaliyevdən şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşan zaman o, davranışları ilə daha da şübhə yaratmışdır. Onlar orada şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb, X17 rayon polis şöbəsinə dəvət etmişlər. Onlar polis şöbəsinə gəldikdən sonra Təhqiqat Bölməsinin baş təhqiqatçısı Zahid Salahovun xidməti otağına daxil olmuşlar. Baş təhqiqatçı tərəfindən X15 şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilib dövlət hesabına müdafiəçi təqdim edildikdən sonra videoçəkilişlə şəxsi axtarış aparılmışdır. X1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt Müşviq Ağamaliyev kibrit qutusunu təqdim edib, içərisindən nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 24 iyul 2024-cü il tarixdə dağlıq ərazinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş, daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, onun X15 ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. X14 25 iyul 2024-cü il tarixdə saxlanıldıqda, üzərində şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusat, yəni guya saxlanılan zaman üzərində narkotik vasitə olmamasına dair məlumat həqiqi əks etdirmir. Bundan başqa Ağamalıyev Müşfiq saxlanılan zaman onun yanında kənar şəxs olmamış və tək olmuşdur. Digər şəxslərin saxlanılmasından məlumatı yoxdur. Çünki gün ərzində bir neçə əməliyyat keçirilə bilər və buna görə də hər birini detallı xatırlaya bilməz, eləcə də digər əməliyyatçıların keçirdikləri tədbirlərin hər birindən məlumatlı deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin PPXB-nın polis nəfəri Şahid1 iş üzrə Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. O, həmçinin təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən xüsusatları çarpaz dindirmə zamanı israrla təkzib etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X11 və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Hacıqabul şəhəri, Əliağa Vahid küçəsi, ev 41də qeydiyyatda olmaqla yaşayan X6 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş 3-13-78/Ə347/2024 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə RPŞ-nin PPXB-nın polis nəfəri Şahid1 daxil edilməklə, qrupa rəhbərlik əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Bundan sonra Şahid2 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2024-cü il tarixli 879 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid2 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən X14 xx.xx.2024-cü il tarixdə saat 15:00-da Hacıqabul şəhəri V.Quliyev küçəsində saxlanılaraq Hacıqabul RPŞyə gətirilmişdir. X14 həmin gün RPŞ-nin TB-nin baş təhqiqatçısı Zahid Salahov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş X6 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs X14 əynindəki qara rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, həmin kibrit qutusu açılan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, ƏN-nin MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 80 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı X6 üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs X6 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Həmçinin baxış zamanı müəyyən edilir ki, təqsirləndirilən şəxs ona dövlət hesabına təyin edilmiş müdafiəçisi Salman Fərəcovun suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı tapdığını və ona aid olmasını bildirmişdir. Eyni zamanda iş materiallarında olan X6 şübhəli şəxs qismində dindirilməsinə dair videogörüntünün olduğu diskdən müəyyən edilir ki, o, təqsirini tam etiraf edərək üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmasını bildirmiş və dindirmə protokolu düzgün tərtib edilmişdir. Beləliklə məhkəmə sübutları müqayisəli şəkildə tədqiq edib hesab edir ki, X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla inandırıcı deyildir və həqiqəti əks etdirməməklə sübut kimi qəbul edilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid3 da etiraf etmişdir ki, onlar saxlanılmamışdan öncə narkotik vasitə marixuana çəkmişlər. Bu isə ona dəlalət edir ki, onlar hər ikisi narkotik vasitə əldə etmək məqsədilə Vüqar Süleymanov kimi adlandırdıqları şəxsin evində görüşmüşlər. Digər tərəfdən, Şahid3 onun da CM-nin 234.1ci maddəsinə əsasən təqsirləndirilməsinə dair məhkəmənin icraatında olan digər cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirini səmimi etiraf etməklə, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə marixuana olmasını etiraf etməsinə baxmayaraq hazırkı iş üzrə şahid kimi verdiyi ifadəsində həmin məlumatları təkzib edərək Müşfiq Ağamalıyevin və özünün üzərində saxlanılarkən narkotik vasitə olmamasını bildirmişdir. Eyni zamanda onlar hər ikisi hansı səbəbdən üzərlərinə baxış keçirilən zaman aşkar edilən narkotik vasitələrin onlara aid olmasını etiraf etmələri, saxlanılarkən onlara qarşı nə kimi hədənin mövcudluğunu mötəbər sübutlarla əsaslandıra bilməmişlər. Bunun əksinə olaraq videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Odur ki, məhkəmə Şahid3 ifadəsini inandırıcı hesab etməyərək sübut kimi qəbul etmir və məhkəmənin icraatında olan cinayət işləri üzrə onların hər ikisinin də təqsirləndirilən şəxs statusunda olmalarını nəzərə alıb, onların ifadəsində göstərilən məlumatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. İttiham tərəfinin şahid qismində təqdim etdiyi Şahid2 və Şahid1 ifadələrində göstərilən məlumatlar iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığından onların ifadələri məhkəmə tərəfindən sübut olaraq qəbul edilir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/694 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “X6 üzərindən....” sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 5,35 qram qurudulmuş marixuana qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 dair ekspert komissiyasının 15 avqust 2024-cü il tarixli 5605 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı X8 Kannabioidlərdən, Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, X6 törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilmiş marixuananın təmiz çəkisi 5,37 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X6 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, X14 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 15:00-dan hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X21 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, X6 üzərindən xx.xx.2024-cü il tarixdə 5,37 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən X14 müvəqqəti saxlama yerindən həmin tarixdə saat 12:35-də azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-115/2024 saylı hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs X14 barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 844 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs X2 şəhəri, Əliağa Vahid küçəsi, ev 41 ünvanında yaşayır. Himayəsində azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, X6 barəsində yaşadığı yer üzrə Hacıqabul şəhər İƏD-üzrə nümayəndəliyinə mənfi rəy daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli, PHŞ-18-1-41/2-659/2024 saylı məktuba əsasən X2 rayon Mərkəzi Xəstəxanasının konsultativ-poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetlərində dispanser qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 07 avqust 2024-cü il tarixli tələbnaməyə əsasən X2 rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinə əsasən təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 26 oktyabr 2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Tələbnamədən müəyyən edildiyi kimi, X14 hazırki cinayət əməlini törədərkən Hacıqabul rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilməmişdir. Lakin məhkəmə diqqətə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X6 himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, onun şəxsiyyətini xarakterizə edən hallar, aşkar edilmiş natkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq olması, habelə əvvəllər barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsirinin yetərli olmaması, əvvəlki cəzanın məqsədlərinə nail olunmaması və nəticə etibarı ilə təqsirləndirilən şəxs tərəfindən Hacıqabul rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(071)-30/2022 saylı hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi nəzərə alınmaqla, cəzanın məqsədləri baxımından X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, X14 hazırki hökmlə ona təyin ediləcək cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. X6 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, X6 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X9 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxs X5 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 5,35 qram marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs X6 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri, 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 5,35 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs X6 üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təsirləndirilən şəxs X14 və əlavə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində şəxsiyyət məlum olmayan “Vüqar Süleymanov” adlı şəxsdən narkotik vasitə əldə etdiklərini bildirdiklərindən və qeyd olunan cinayət xarakterli məlumatın araşdırılması məhkəmənin səlahiyyətinə daxil olmadığından, həmin məlumatın, yəni narkotik vasitənin əldə edilməsi mənbəyi ilə bağlı məlumatın yoxlanılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili X13 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X9 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 18 (on səkkiz) saata görə 108 (yüz səkkiz) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X14 barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. X14 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X14 hökmlə təyin olunmuş cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X14 barəsində məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 5,35 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X12, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs X9 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 18 (on səkkiz) saata görə 108 (bir yüz səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar