Məhkəmə qərarları › İş №1(071)-118/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-118/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-118/2022 30.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində “Azərbaycan Dəmir Yolları QSC-nin” İnfrastruktur Departamentinin balansında olmaqla, Hacıqabul dəmir yol stansiyasının 12ci yolunda yerləşən lokomotivsiz dayanmış 2640 saylı qatarın tərkibində olan 73001679, 74996815, 53943619, 50473727, 51185270, 51031292, 73021792 nömrəli vaqonlardan hər birinin qiyməti 91 manat dəyərində olan 7 ədəd, 13-cü yolda lokomotivsiz dayanmış 2504 saylı qatarın tərkibində olan 50215128, 50272509 nömrəli vaqonlardan hər birinin qiyməti 91 manat dəyərində olan 2 ədəd, ümumilikdə 819 manat dəyərində olan 9 ədəd birləşdirici qolları gizli talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 819 manat dəyərində ziyan vurmaqla, qəsdən dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində pula ehtiyacı olduğu üçün evdən çıxıb dəmir yol stansiyasının evlərinə yaxın hissəsində dayanmış yük vaqonlarına yaxınlaşaraq, oradan ümumilikdə 9 ədəd birləşdirici qolları əli ilə sökərək, həmin vaqonların dayandığı yerdən təxminən 30 metr aralıda yerləşən məişət tullantılarının toplandığı yerin yaxınlığındakı kolluqda gizlətmişdir. Bir qədər dincəlib oğurladığı birləşdirici qolları evlərinin həyətinə araba ilə aparmışdır. Həmin gün saat təxminən 11 radələrində yuxudan oyandıqdan sonra həmin birləşdirici qolları aparıb satmaq üçün taksi sürücüsü Şahid2 zəng edərək evlərinə çağırmış, Gülhüseyn öz açıq göy rəngli VAZ-2106 markalı avtomaşını ilə onun evinə gəlmişdir. O, 9 ədəd birləşdirici qolları Gülhüseynin avtomaşınınin arxa yük yerinə yığdıqdan sonra, Gülhüseynə Şirvan şəhərinə gedəcəklərini bildirmiş, Şirvana gedərkən yolda Şirvan şəhərində metal qəbulu ilə məşğul olan əvvəllər tanıdığı Vüqar adlı şəxsə zəng edib dəmir avadanlıqlar olduğunu bildirmişdir. Vüqar telefonda ona obyektə getdiyini və ora gəlməyini demişdir. Gülhüseynlə birlikdə Şirvan şəhərində Vüqarın işlətdiyi metal qəbulu məntəqəsinə çatdıqda onları Vüqar qarşılamışdır. Orada Vüqar apardığı dəmirləri tərəzidə çəkmiş, ümumi çəkisi 200 kiloqram etdikdən sonra ona 80 manat pul vermişdir. O, 80 manat pulu vüqardan aldıqdan sonra Gülhüseynin avtomaşınına oturaraq evə qayıtmışdır. Yolda Gülhüseynə 7 manat yol pulu vermişdir. O, 9 ədəd birləşdirici qolları oğurlayan zaman təkbaşına olmuş, heç kimlə əlbir olmamış, Gülhüseyn birləşdirici qolları metal qəbulu məntəqəsinə aparan zaman onların oğurluq olduğunu bilməmişdir. Həmçinin Şahid1 da 9 ədəd birləşdirici qolu qəbul edən zaman onların oğurluq olduğunu bilməmişdir. O, 9 ədəd birləşdirici qolu metal qəbulu məntəqəsinə vermişdir. Həmin birləşdirici qollardan biri ola bilsin ki, metal qəbulu məntəqəsində itmişdir. Birləşdirici qollardan 8 ədədi istintaq zamanı aşkar edilərək götürülmüşdür. Mülki iddianı qismən qəbul edir. Birləşdirici qollardan 8 ədədi maddi sübut kimi götürülmüş və polis şöbəsində saxlanılır. Bir ədəd birləşdirici qolun dəyərini 91 manat pulu ödəməyə etiraz etmir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında mülki iddianı qismən müdafiə etdi və ifadə verərək bildirdi ki, rəsmi olaraq "xxxx" QSC-nin cənub vaqon istismarı deposunda rəis müavini vəzifəsində işləyir. 18 avqust 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində iş yerində olarkən işlədiyi "xxxx" QSC-nin cənub vaqon istismarı deposunun rəisi qatarlardan 09 ədəd birləşdirici qolların oğurlanması ilə bağlı ona və digər işçilərə məlumat vermişdir. İşçilərlə birlikdə Hacıqabul dəmir yol stansiyasında həmin vaqonların olduğu yerə gedərək oraya baxmış, baxış zamanı vaqonlarda 09 ədəd birləşdirici qolların yerində olmadığını görmüşdür. Sonra rəisləri bu barədə "xxxx" QSC-yə məlumat vermişdir. Daha sonra həmin oğurluğu Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin etdiyi müəyyən edilmişdir. "xxxx" QSC mülki iddia ərizəsi verməklə, 09 ədəd birləşdirici qolların dəyərini, 819 manat pulun Təqsirləndirilən şəxs tutularaq "xxxx" QSC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, bu qollardan səkkiz ədədi maddi sübut kimi tanınaraq polis şöbəsində saxlanılır. Bu səbəbdən maddi sübut kimi saxlanan səkkiz ədəd birləşdirici qolun geri qaytarılmasını və çatışmayan bir ədəd birləşdirici qolun dəyəri olan 91 manat pulun Təqsirləndirilən şəxs tutularaq "xxxx" QSC-yə ödənilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında zamanı ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 7- 8 aydır ki, tanıyır. 18 avqust 2022-ci il tarixdə saat təxminən 12:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək taksi lazım olduğunu bildirmiş, onun yaşadığı evə gəlməyini demişdir. O, özünə məxsus VAZ 2106 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayılın yaşadığı evə getmişdir. Orada İsmayıl 9 ədəd dəmir parçasını onun avtomobilinin yük yerinə yığmış və Şirvan şəhərinə metal qəbulu məntəqəsinə gedəcəklərini demişdir. O, İsmayılı Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparmış, orada tanımadığı bir nəfər şəxs İsmayılla görüşərək, dəmir parçalarını boşaltmış, İsmayıl həmin şəxsdən pul almışdır. Oradan ona 7 manat yol pulu vermişdir. Daha sonra İsmayılla birlikdə Hacıqabul şəhərinə qayıtmış, İsmayılı Anar marketin yanında düşürdərək çıxıb getmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Şirvan şəhərində və Sabirabad rayonu Dadaşbəyli kəndində metal qəbulu məntəqəsi işlədir. 18 avqust 2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Şirvan şəhərində olarkən əvvəllər tanıdığı İsmayıl adlı şəxs mobil nömrəsinə zəng edərək, satılıq dəmir olduğunu bildirmişdir. O, İsmayıla Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gəlməsini demişdir. İsmayıl metal qəbulu məntəqəsinə gəlmiş, İsmayıldan 9 ədəd birləşdirici qolu orada qəbul etmiş, həmin birləşdirici qolları tərəzidə çəkmiş, sonra isə İsmayıla həmin dəmirlərin müqabilində 80 manat pul vermişdir. Səhəri gün isə həmin 9 ədəd birləşdirici qolları Nəriman adlı şəxsin kamazı ilə Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən digər metal qəbulu məntəqəsinə göndərmişdir. Özü də Nərimanın ardınca oraya getmiş, həmin 9 ədəd birləşdirici qolu orada boşaltmışdır. 19 avqust 2022-ci il tarixdə isə Yevlax dəmir yol polisinin əməkdaşları oraya gələrək, həmin dəmirlərin oğurluq olduğunu bildirmişlər. O, Təqsirləndirilən şəxs dəmirləri qəbul edən zaman onların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs 09 ədəd birləşdirici qol qəbul etmişdir, birləşdirici qollardan biri ola bilsin ki, itmiş və ya yolda yerə düşmüşdür. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 19 avqust 2022-ci il tarixdə səhər saatlarında əvvəllər tanıdığı Şahid1 ona zəng edərək 9 ədəd birləşdirici qolları Sabirabad rayonuna aparmalı olduğunu, onun Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gəlməyini demişdir. O, öz avtomobili ilə Şahid1 Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Həmin vaxt Vüqar da orada olmuşdur. Orada 9 ədəd birləşdirici qolu avtomobilinə qoymuş, onları Vüqarın tapşırığına əsasən Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən Şahid1 işlətdiyi metal qəbulu məntəqəsinə aparmışdır. Həmin 9 ədəd birləşdirici qolları orada olan digər yüklərlə birlikdə Bakı şəhərinə aparmalı olmuşdur. Birləşdirici qolları orada boşaldan zaman bir az dincəlmək üçün avtomobilini orada qoyub Şirvan şəhərinə qayıtmışdır. Təxminən bir neçə saat sonra isə Vüqar ona zəng edib həmin birləşdirici qolların oğurluq olduğunu öyrəndiyini bildirmişdir. Birləşdirici qolları aparan zaman onların oğurluq olduğunu bilməmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınmış xx.xx.2022-ci il tarixli 213585 nömrəli məktubda göstərilmişdir ki, oğurlanmış 09 ədəd birləşdirici qolların hər birinin bazar qiyməti 91 (doxsan bir manat) manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6539 saylı ekspert rəyində göstərilir ki, 09 ədəd birləşdirici qolların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 819 (9 ədəd x 91 manat) manat təşkil edir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-1176/2008 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.4, 177.2.2, 177.2.3, 66.3, 67.1, 68.1.3, 68.2-ci maddələrinə əsasən qəti olaraq cəzasının əvvəli xx.xx.2008-ci ildən 09 il 02 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 7(007)- 732/2017 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələrinə əsasən 01 il 08 müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3.046 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(007)-164/2020 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Lakin Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3.046 manat cərimə ödənilməmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-98/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-100/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 3.046 (üç min qırx altı) manat cərimə cəzası, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilərək, qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.046 (üç min qırx altı) manat cərimə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-1176/2008 nömrəli hökmü və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluqları ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs qəsdən dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə 819 manat maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-98/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.046 (üç min qırx altı) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən, yeni hökmlə təyin azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, ona qəti cəza müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.046 (üç min qırx altı) manat cərimə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Yevlax stansiyası xətt polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut - 08 ədəd birləşdirici qol hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 354.1.1-ci maddəsinə əsasən "xxxx" QSC-nin mülki iddiası qismən təmin edilməlidir. Maddi sübut 08 ədəd birləşdirici qolun qaytarılması nəzərə alınmaqla, vaqonun çatışmayan bir ədəd birləşdirici qolunun əvəzi olaraq 91 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 121 manat pul Təqsirləndirilən şəxs tutulub "xxxx" QSC-yə ödənilməlidir. "xxxx" QSC-nin mülki iddiası qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 354.1.1, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-98/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.046 (üç min qırx altı) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən, yeni hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, Təqsirləndirilən şəxs qəti cəza 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.046 (üç min qırx altı) manat cərimə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Yevlax stansiyası xətt polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut - 08 (səkkiz) ədəd birləşdirici qol hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılsın. "xxxx" QSC-nin mülki iddiası qismən təmin edilsin. Vaqonun bir ədəd birləşdirici qolunun əvəzi olaraq 91 (doxsan bir) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, 121 (yüz iyirmi bir) manat pul Təqsirləndirilən şəxs tutulub "xxxx" QSC-yə ödənilsin. "xxxx" QSC-nin mülki iddiası qalan hissədə rədd edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar