Məhkəmə qərarları › İş №1(071)-122/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-122/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-122/2023 23.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi -vəkili Müdafiəçi Faqi oğlunun iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində X7 ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı qəsdən B.Hüseynovun başının arxa hissəsinə daş parçası ilə vuraraq başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. 2015-ci ilin iyun ayında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini X7 ilə ailə həyatı qurmuş və nikahlarından 2 övladları vardır. Bəhruz ilə münasibətləri uyğun gəlmədiyi üçün 2018-ci ilin aprel ayında Bəhruzdan boşanmışdır. Bəhruz vaxtı-vaxtıda alimenti ödəmədiyi üçün ondan dəfələrlə şikayət etmişdir. 15 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində öz yaşadığı evdə olan zaman darvazanın möhkəm döyüldüyünü eşitmiş və darvazanı açdıqda Bəhruzun olduğunu görmüşdür. Bəhruz mobil telefonun video kamerasından istifadə edərək onu videoya çəkmişdir. Bəhruzdan gəlişinin səbəbini soruşmuşdur. Bəhruz mübahisə edərək onu təhqir etmişdir. Səsə anası Şahid Pencanlı qızı gələrək, Bəhruza səsi qonşular eşitdiyini, sakit durmağı bildirmişdir. Bundan sonra, Bəhruz onun mərhum atası Babasalamın goruna təhqiredici ifadələr işlətdiyi üçün əsəbləşib yerdən daş parçası götürdükdə Bəhruz çönüb getdikdə daş parçasını atdıqda daş parçası Bəhruzun başının arxa hissəsindən dəymişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 5, ev 48-də yaşayır. 2015-ci ilin iyun ayında Hacıqabul rayonu, Atbulaq kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və nikahlarından 2 övladları vardır. Elvira ilə münasibətlər uyğun gəlmədiyi üçün 2018-ci ilin aprel ayında Elviradan boşanmışdır. Elvira ilə boşandıqdan sonra azyaşlı qızı X6 və oğlu X1 verilmişdir. Hazırda azyaşlı uşaqlarını Elvira saxlayır. Mədinə və Məhəmməd xəstə olduqları üçün 15 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində baş çəkmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən Hacıqabul rayonu, Atbulaq kəndinə getmişdir. Elviranın yaşadığı evin darvazasının qarşısına gedib küçədə durmuş və Elviranın mobil telefonuna zəng etmişdir. Elviraya yaşadığı evin qarşısında küçədə olduğunu, küçəyə çıxmasını xahiş etmişdir. Elvira darvazanın qarşısına onun yanına getmişdir. Əlində olan çantanı Elviraya uzadıb içərisində uşaqlar üçün dərman, kampot və mürəbbə gətirdiyini bildirmişdir. Elvira çantanı qəbul etməyərək onu təhqir etmiş və onu qapıdan qovmuşdur. Qapıdan 3 metr kənarlaşdıqda Elviranın anası Şahid onun yanına getmişdir. Rəhimə onun yaxasından tutub sifətinə tüfürmüşdür. Elvira arxadan başına küt alətlə vurmuşdur. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. Bundan başqa, X7 onun qızı Elviranm həyat yoldaşı olmuşdur. Elvira Bəhruzdan boşandıqdan sonra Elvira iki azyaşlı uşaqları ilə birlikdə ona məxsus evdə yaşayırlar. Onun Elvira və Bəhruz ilə düşmənçiliyi və ədavəti olmamışdır. 15 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində öz yaşadığı evdə olan zaman darvazanın möhkəm döyüldüyünü eşitmişdir. Elvira səsə küçəyə çıxmışdır. Elvira gəlmədiyi üçün darvazaya getdikdə mübahisə səsi eşitmiş və küçəyə çıxdıqda Bəhruzun Elviranın yanında olduğunu görmüşdür. Elvira Bəhruzun onu təhqir etdiyini demişdir. Bəhruzu sakitləşdirmək istəmişdir. Bəhruz yenidən Elviranı təhqir etmiş və onun mərhum həyat yoldaşının goruna söydüyü üçün Elvira əsəbləşib yerə əyildikdə Bəhruz qaçıb getmişdir. Hadisə zamanı Bəhruzun yaxasından tutmadığını və sifətinə tüfürmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 316 nömrəli rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 oktyabr 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Atbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 500 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Atbulaq kənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif vaxtlarda ailədaxili kiçik münaqişələrlə tanınsada, son vaxtlar özünü normal bir vətəndaş kimi aparmış və barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi onu mərhum atasını təhqir etdiyi üçün vurması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, bunu məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı olan hərəkətlərindən əsəbiləşərək zərərçəkmiş şəxsi vurmasını, eləcə də onun barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası yuxarı həddə yaxın həddə təyin edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi fərdi fəaliyyət göstərən X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 60 manat pul ödənilməlidir. . Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 60 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Haciqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar