Məhkəmə qərarları › İş №1(071)-122/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-122/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-122/2024 04.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsinə daşımış, 08 avqust 2024-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen torbada şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 370 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sol çiynində olan qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu ərazisində həm tikinti işlərində fəhlə, həm də mühafizəçi kimi işləyir. Təxminən iki ilə yaxın müddətdir ki, hər gün olmasa da, arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Son olaraq 08 avqust 2024-cü il tarixdə saat 10 radələrində Hacıqabul rayonu Meyniman kəndində aparılan tikinti sahəsində mühafizəçi kimi gecələdiyindən, növbəni təhvil verib yaşadığı evə gəlmək üçün yola düşmüşdür. Həmin kənddən Hacıqabul şəhərinə gəlmək üçün taksi tapmaq məqsədilə asfalt yolun kənarı ilə piyada şəklində hərəkət etməyə başlamışdır. Bu zaman hərəkətdə olduğu küçədə yerdə bir ədəd sellofan olduğunu görmüşdür. Həmin sellofan diqqətini çəkdiyi üçün yaxınlaşıb əlinə götürən zaman içərisində əvvəllər istifadə etdiyi üçün tanıdığı narkotik vasitə marixuana olduğunu görmüşdür. Ətrafda onu başqa şəxslərin görmədiyinə tam əmin olduqdan sonra sellofan torbada olan narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində olan içərisində işdə geyindiyi paltarları yığdığı qara rəngli idman çantasının içərisinə qoyub hərəkətinə davam etmişdir. Təxminən bir saat taksi gəlməsini gözlədikdən sonra tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşib Hacıqabul şəhərinə gəlmişdir. Təxminən saat 12 radələrində taksi sürücüsü onu Hacıqabul şəhəri, Bayramov İbrahimov küçəsinə gətirmiş, həmin küçədə piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üzərində yoxlama aparılacağını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunduqdan, üzərində yoxlama aparılacağı zamanı vido-çəkilişdən istifadə olunacağı barədə məlumat verildikdən sonra əməliyyatçı onun üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsi barədə təklif etmişdir. Üzərində hər hansı qanunla qadağan olunmuş maddə, predmet və ya əşya olmadığını bildirəndən sonra əməliyyatçı ilk öncə əynində olan paltarlarda yoxlama apardı, lakin, qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmadı. Daha sonra əməliyyatçı onun əlində saxladığı qara rəngli idman çantasının içərisində nə olduğunu soruşduqda, həmin çantanın içərisində paltarlarının olduğunu bildirmişdir. Həmin çanta əməliyyatçı tərəfindən yoxlanılan zaman Hacıqabul rayonu Meyniman kəndində asfalt yolun kənarından tapdığı bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuana çantanın içərisindən aşkar olunaraq götürülmüşdür. Əməliyyatçı Şahid1 tərəfindən ona məxsus çantanın içərisindən aşkar olunaraq götürülmüş içərisində nəşə olaraq tanıdığı narkotik vasitə marixuana olan bir ədəd sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisinin 380 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı aşkar olunaraq ondan götürülmüş kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. O, sualı cavablandıraraq üzərində aşkar olunan kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə marixuananın Hacıqabul rayonu Meyniman kəndində asfalt yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Maddi imkanı olmadığına görə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X2 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 avqust 2024-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərindı yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin rəisinin əmri əsasında qrup rəhbəri kimi onun, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 oğundan ibarət əməliyyat qrupu yaradılmışdır. 08 avqust 2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxsun Hacıqabul şəhəri Bayram İbarhimov küçəsi ilə piyada şəklində hərəkətdə olduğunu görmüş, bundan sonra Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməkdə və üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demişdir. O, Təqsirləndirilən şəxs yoxlama aparılması barədə məlumat verib, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Bundan sonra o, ilk öncə Təqsirləndirilən şəxs əynində olan paltarlarda yoxlama aparmış, lakin qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar etməmişdir. Daha sonra saxlanılan zaman sol çiynində olan yoxlama zamanı əlində saxladığı qara rəngli idman çantasının içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, həmin çantanın içərisində paltarlarının olduğunu bildirmişdir. Həmin çantanın içərisi tərəfindən yoxlanılan zaman bir ədəd sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Daha sonra aşkar olunaraq götürülən narkotik vasitə marixuanaya bənzər kütlələr içərisində olduğu bir ədəd sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 380 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bunan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə marixuananın Hacıqabul rayonu, Meyniman kəndində asfalt yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirildi, lakin qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş, birlikdə polis şöbəsinə gəldikdən sonra onun üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuşdur. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçı Taryel Səfərovun xidməti otağına daxil olduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş verilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video çəkilişdən istifadə olunacağı barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şöbhəli şəxsinin üstünün yoxlanılması və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun çiynində olan qara rəngli idman çantasının içərisində bir ədəd sellofan torba aşkar edilmiş, həmin torba açılarkən içərisində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/726 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 1 ədəd polietilen torbada təmiz çəkisi 370.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 369,95 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 109.1-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 5 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuananın haradan və kimdən əldə etməsini, Hacıqabul rayonu ərazisində və ya respublika daxilində kimlərəsə narkotik vasitə satıb-satmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı şəxsi istifadə üçün əldə etməsi, satmaq məqsədinin olmadığı, həmin narkotik vasitədən kənar şəxslərə vermədiyi müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 369,95 qram qalan psixotrop maddə metam narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci ildə Gəncə DYPİ-si tərəfindən Cinayət Məcəlləsinin (köhnə redaksiya) 15,83-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Azərbaycn Respublikasının Milli Məclisiinin xx.xx.1999-cu il tarixli Amnistiya Qərarının 13 maddəsinin 1-ci hissəsinə, 11-ci maddənin 2-ci hissəsinə, 13,4,17-ci maddələrinə əsasən işə xitam verilmişdir. Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Həsənov X3 şəhəri Ə.Vahid küçəsi ev 57, mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində mənfi rəy daxil olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:57-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (yetmiş dəfədən çox) narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə X4 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 369,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 369,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 (altımış) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar