Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-122/2025 04.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Sabirabad rayonunun Cavad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib cinayətə aidiyyəti olmayan Şahid1 məxsus “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla, Hacıqabul rayonu Navahı kəndinə daşımış, 05 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7 tağımının 720 saylı stasionar postunun Yol Patrul Xidmətinin inspektorları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılan zaman özünü şübhəli apardığından “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman avtomobilin arxa sağ tərəfinə ayaqaltına atdığı ona məxsus 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,562 qram və 0,473 qram olmaqla, ümumi təmiz çəkisi - 1,035 qram xeyli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,310 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 Sabirabad rayon sakini kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Sonuncu dəfə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14 iyun 2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2021-ci ildə həbs olunmamışdan əvvəl İran İslam Respublikası vətəndaşı Fərhad adlı ilə şəxslə tanış olmuşdur. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün yenidən narkotikdən istifadə etmək istəmişdir. Ona görə də, xx.xx.2025-ci il tarixdə tanıdığı İran İslam Respublikası vətəndaşı Fərhad adlı şəxsin istifadəsində olan və hazırda xatırlamadığı mobil nömrəsinin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq 2 qram narkotik vasitə heroin və 2 qram psixotrop maddə metamfetamin istəmişdir. Fərhad da etiraz etməmiş, psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə görə 140 (yüz qırx) manat pul istəyib bir ədəd hazırda nömrəsini xatırlamadığı kart nömrəsi onun istifadəsində olan mobil nömrəsinə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərmişdir. O, 120 (yüz iyirmi) manat pulu həmin kart hesabına köçürmüş, qalan 20 (iyirmi) manat pulu sonra verəcəyini demiş, Fərhad da razı olub psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin qoyulduğu yerin məkanını ona göndərmişdir. Daha sonra o, məkanın atıldığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisinə getmiş və orada daşın altından bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürmüşdür. Götürdüyü 2 qram narkotik vasitə heriondən və 2 qram psixotrop maddə metamfetamindən istifadə etmişdir. İki büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini əynində şalvarının cibinə qoyub sonra qəbul etmək məqsədi ilə saxlamışdır. 05 avqust 2025-ci il tarixdə Şahid1 yol pulunu vermək şərti ilə idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişalı avtomobillə onu Bakı şəhərindən Sabirabad rayonuna aparmasını xahiş etmiş, Şahid1 da etiraz etməmişdir. Həmin gün saat 11 radələrində Bakı şəhərindən yola düşmüşlər. Yolda Qaradağ rayon ərazisində DYP-nin postunda DYP-nin əməkdaşları tərəfindən Şahid1 saxla işarəsi verilmiş, lakin, Şahid1 avtomobilini saxlamayaraq hərəkətinə davam etmişdir. Şahid1 sürücülük vəsiqəsində problemin olduğunu və idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişalı avtomobilinin ödənilməmiş cəriməsi olduğu üçün avtomobili saxlamayaraq yollarına davam etmişlər. Həmin gün saat 12:30 radələrində Hacıqabul rayonu Navahı kənd ərazisində yerləşən DYP-nin postuna çatmağa az qalmış sağ tərəfdə olan yeməkxananın yaxınlığında DYP-nin əməkdaşları tərəfindən saxlanılarkən əynində olan şalvarının cibində saxladığı bir bükümün içərisindəki iki bükümdə narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metamfetamini cibindən çıxardıb gizlətmək məqsədi ilə avtomobilin arxa sağ ayaq altına atmış, lakin bunu sürücü Şahid1 görməmişdir. DYP-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra DYPnin inzibati binasının qarşısına gətirilmişdir. Az vaxt keçəndən sonra ora Hacıqabul rayon PŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun və sürücü Şahid1 iştirakları ilə “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış keçirilən zamanı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ ayaq altına atdığı bir bükümün içərisində 2 bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və bundan sürücü Şahid1 məlumatının olmadığını bildirmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə heroin ilə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkilərkən psixotrop maddə metamfetamin 0,52 qram və narkotik vasitə heroin 0,73 və 0,58 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitədən və psixotrop maddədən başqa üzərində və avtomobildə qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində olan zaman hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Hacıqabul rayonu Navahı kəndində yerləşən DYP-nin postunda polis əməkdaşları tərəfindən aşkar edib qablaşdırdıqları narkotik vasitə heroinlə psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra həmin kütlələr başqa zərfə qoyularaq qablaşdırılmışdır. Baxış keçirmə, götürmə, şəxsi axtarış və götürmə barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolları imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs tanıyır və onunla münasibəti normaldır. 05 avqust 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq yol pulunu vermək şərti ilə idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu Sabirabad rayonuna aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə gediş-gəliş üçün xidmət haqqı 80 manata razılaşmışlar. Həmin günü onlar saat 11:30 radələrində Bakı şəhərindən yola düşmüşlər. Yolda hərəkətdə olarkən Qaradağ rayon ərazisində DYP-nin postunda polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, sürücülük vəsiqəsində probleminin olduğunu və idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş cəriməsi olduğu üçün avtomobili saxlamayaraq hərəkətinə davam etdirmişdir. Daha sonra həmin tarixdə saat 12 radələrində Hacıqabul rayonu, Navahı kənd ərazisində yerləşən DYP-nin postuna çatmağa az qalmış sağ tərəfdə olan yeməkxanaya dönmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb DYP-nin inzibati binasının qarşısına gətirilmişlər. Az vaxt keçdikdən sonra oraya Hacıqabul rayon PŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakları ilə özünün idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Polis əməkdaşları baxış keçirməmişdən əvvəl idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir qanunsuz əşyanın, narkotik vasitənin və psixotrop maddənin olub-olmaması soruşmuş, o da idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz əşyanın, narkotik vasitənin və ya psixotrop maddənin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun idarə etdiyi avtomobilə baxış keçirmişlər. Baxış keçirilən zamanı idarə etdiyi avtomobilin arxa sağ ayaq altında bir bükümün içərisində 2 bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. Polis əməkdaşları narkotik vasitə heroinlərin və psixotrop maddə metamfetaminin kimə məxsus olmasını soruşduqda, o, həmin kütlələrdən məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinlərin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, polis əməkdaşlarını gördükdə, gizlətmək üçün həmin kütlələri avtomobilin arxa sağ ayaq altına atdığını demişdir. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs Murdxan oğluna məxsus narkotik vasitədən və psixotrop maddədən başqa avtomobilində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər orada onun izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 3(071)- 217/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində inzibati həbs növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7-ci tağımında Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. 05 avqust 2025-ci il tarixdə YPX-da təsdiq edilmiş cədvəl əsasında 720 saylı stasionar postunda xidmətdə olmuşdur. Həmin günü saat 12:30 radələrində 719 saylı YPX postundan radio-efir vasitəsilə “Toyoto Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil 719 saylı YPX postunun qarşı tərəfindən xidmət aparan “BMW” markalı **-YP- *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin naryadına ərazi boyu tabeçilik göstərməyərək davamlı olaraq idarə etdiyi nəqliyyat avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza vəziyyəti yaradaraq 720 saylı YPX postu istiqamətində hərəkətdə olması barədə məlumat daxil olmuşdur. 720 saylı Yol Patrul Xidməti postunda qabaqlayıcı tədbirlər görülüb süni tıxac yaradıldığından, həmin nəqliyyat vasitəsi postdan 150 metr qarşıda olan yeməkxananın həyətinə daxil olarkən saxlanılmış, sürücü Sabirabad şəhəri sakini Şahid1 və avtomobildə olan sərnişin Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsi ilə birlikdə 720 saylı posta gətirilmişlər. Sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxs özlərini şübhəli apardıqları üçün Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilmiş və polis əməkdaşları YPX-nin postuna gəlmişlər. Hacıqabul rayon PŞ-nin TB-nin baş təhqiqatçısı X11, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4, RPŞ-nin PRXB-nin polis nəfəri X7, 7-ci taqımında Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən Şahid3, sürücü Şahid1 və avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs iştirakları ilə “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs avtomobilin arxa sağ ayaq altına atdığı bir bükümün içərisində 2 bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. Sərnişin Təqsirləndirilən şəxs narkotik vasitə heroinlərin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, narkotik vasitədən və psixotrop maddə metamfetamindən sürücü Şahid1 məlumatının olmadığını bildirmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkildi və zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra Şahid1 və sərnişin Təqsirləndirilən şəxs Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə götürülmüş maddələrə təkrar baxış keçirildikdən sonra başqa poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Baxış keçirmə, götürmə və şəxsi axtarış və götürmə barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Vİİ tağımında Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən Şahid3, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4, RPŞ-nin PRXB-nin polis nəfəri X12 iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfi şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Vİİ tağımında Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən Şahid3 və Tural Cəmaləddinov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində 719 saylı YPX postundan radio-efir vasitəsilə 719 saylı YPX postunun qarşı tərəfindən xidmət aparan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin naryadına “Toyoto Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ərazi boyu tabeçilik göstərməyərək davamlı olaraq idarə etdiyi avtomobillə təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza vəziyyəti yaratması və 720 saylı YPX postu istiqamətində hərəkətdə olması barədə məlumat daxil olmuşdur. 720 saylı Yol Patrul Xidməti postunda qabaqlayıcı tədbirlər görülüb süni tıxac yaradıldığından, həmin nəqliyyat vasitəsi postdan 150 metr qarşıda olan yeməkxananın həyətinə daxil olarkən saxlanılmış, sürücü Sabirabad şəhəri sakini Şahid1 və avtomobildə olan sərnişin Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsi ilə birlikdə 720 saylı posta gətirilmişlər. Sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxs özlərini şübhəli apardıqları üçün Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilmiş və “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs avtomobilin arxa sağ ayaq altına atdığı bir bükümün içərisində 2 bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. İş materiallarında olan 05 avqust 2025-ci il tarixdə Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı Zahid Salahov tərəfindən tərtib edilmiş “baxış keçirilmə və götürmə aparılması barədə” protokoldan görünür ki, Şahid1 idarə etmiş olduğu “Toyota Prius” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs avtomobilin arxa sağ ayaqaltında sellofan bükülünü götürüb təqdim etmiş, sellofan bükülü açıldıqda orada 2 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Onlar sellofan ilə birlikdə elektron tərəzidə çəkilərkən psixotrop maddə metamfetamin 0,52 qram və narkotik vasitə heroin 0,73 və 0,58 qram olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin ona məxsus olmasını bildirmişdir. Narkotik vasitədən və psixotrop maddədən başqa qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Baxış keçirmə və götürmə aparılması ilə əlaqədar narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin aşkar olunmasını özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan baxış keçirilmə və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, baxış keçirilmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı Zahid Salahov tərəfindən tərtib edilmiş 05 avqust 2025-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmağa başlanılmış, İsrayıl Novruzova üzərində qanunsuz hər hansı maddə, predmet və ya əşya olub-olmaması sorğu-sual edilmiş və ona olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. İsrayıl Novruzov üzərində qanunsuz olaraq hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Buna baxmayaraq, İsrayıl Novruzov üzərində yoxlama aparılmış, lakin üzərində qanunla qadağan olunan hər maddə, predmet və ya əşya aşkar edilməmişdir. Axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilmiş və bu barədə protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Eyni zamanda videogörüntüdən müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və o, baxış zamanı müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək ona qarşı təzyiq edilmədiyini, etirazının olmadığını və aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin ona aid olmaqla istifadəçisi olduğunu təsdiq etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 05 avqust 2025-ci il tarixli, 18/566 nömrəli rəyinə əsasən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobilindən” sözləri yazılmış kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,562 qram, 0,473 qram, ümumi təmiz çəkisi - 1,035 qram olan maddələr kusta üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,310 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin rəyə əlavə edilmiş aktdan müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra psixotrop maddə 0,260 qram metamfetamin və narkotik vasitə 0,935 qram heroin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 15 avqust 2025-ci il tarixli, 5004 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Sabirabad rayon MX-da (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik hesab edilən heroin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Həmin Qanunun 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,310 qram, metamfetaminin təmiz çəkisi isə ümumilikdə 1,035 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olm adan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 13:00-dan hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-29/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 05 avqust 2025-ci il tarixdən saat 13:00-dan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 122/2025 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon İH-nin Başçısının Sabirabad şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 735 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda anası X5 ilə faktiki olaraq yaşayır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon İH-nin Başçısının Sabirabad şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı yer üzrə mənfi rəy daxil olmamış, lakin o, yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixli tələbnamədən və müvafiq məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 15 iyun 2025-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-184/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzadan xx.xx.2025-ci il tarixdə azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarının xarakteri nəzərə alınmaqla onun hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə sadə residiv olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 avqust 2025-ci il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda, Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsi məsləhət görülmüş və ərazi narkoloji dispanserində qeydiyyata olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,260 qram metamfetamin və narkotik vasitə 0,935 qram heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,260 qram metamfetamin və narkotik vasitə 0,935 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,260 qram metamfetamin və narkotik vasitə 0,935 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-122/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-122/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver