Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-124/2021 05.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Səttar oğlunun və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1962-ci ildə Qaz-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri Xəqani küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayan, 12.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Səttar oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Səttar oğlu satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd sellofan torbada qablaşdırılmış halda sol əlində daşıyaraq saxlamış, 12.07.2021-ci il tarixdə saat 20:10-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Xəqani küçəsində yerləşən yaşadığı 27 nömrəli evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Səttar oğlu məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 12.07.2021-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı Hacıqabul şəhəri Xəqani küçəsində yerləşən 27 nömrəli evdən çıxıb, küçənin başına doğru hərəkət etməyə başlamış və bir neçə metr getdikdən sonra yolun sol hissəsində yerdə bir ədəd göy rəngli sellofan torba görmüş və həmin sellofan diqqətini çəkdiyi üçün yerdən götürüb içini açıb baxan zaman içərsində marixuana olduğunu bilmişdir. O, marixuanadan istifadə etmək qərarına gəlmiş və həmin sellofan torbanı əlinə götürmüşdür. O, sellofan torba əlində evinə tərəf gedərkən Hacıqabul rayon PŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik maddə olmasında şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Orada Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üstünə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı 1 ədəd göy rəngli sellofan torbanın içərsində olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmişdir, o, protokola imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Şahid Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 12.07.2021-ci il tarixdə Hacıqabul şəhəri Xəqani küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Səttar oğlunun üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması barədə raportla şöbənin rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs Səttar oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 12.07.2021-ci il tarixdə saat 20:10 radələrində Təqsirləndirilən şəxs Səttar oğlunu yaşadığı Hacıqabul şəhəri Xəqani küçəsində saxlayaraq, üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Mübaşir Heybətov tərəfindən Təqsirləndirilən şəxs Səttar oğlu müdafiəçi ilə təmin edildikdən sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heybətov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Səttar oğluna üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs Səttar oğlu sol əlində saxladığı 1 ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuanaya bənzər maddəni təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs Səttar oğlu təqdim etdiyi maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 12.07.20201-ci ildə saat 20:00 radələrində Hacıqabul şəhəri Xəqani küçəsində olarkən 1 ədəd sellofanın içərisində tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs Səttar oğlunun təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürləndkdən sonra, TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı şahid Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə 12.07.2021-ci il tarixdə saat 20:45-də tərtib edilmiş protokoldan görünür ki, 12.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səttar oğlunun üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən əlində saxladığı 1 ədəd sellofan torbanın içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.07.2021-ci il tarixli 18/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs Səttar oğlunun əlində aşkar edilərək...” sözləri və imzalar olan polietilen torbanı açdıqda təmiz çəkisi - 450 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (iş v. 34-36). Məhkəmə qeyd etməyi vacib hesab edir ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrinin miqdarına, habelə onların külli miqdarına görə» siyahılarının İ siyahının 19-cu sıra altında marixuana şəxsi istehlak miqdarından artıq miqdar 5 qram, külli miqdar isə 500 qram hesab olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın 30.07.2021-ci il tarixli 2577 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs Səttar oğlunda opiodlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 88-89) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 14.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Səttar oğlu əvvəllər Biləsuvar rayon Məhkəməsinin 02.12.2015-ci il tarixli 1(022)-156/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli 7(057)-469/2019 nömrəli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 09 ay 23 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 25.06.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (iş v. 66-68) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Səttar oğlunun Biləsuvar rayon Məhkəməsinin 02.12.2015-ci il tarixli 1(022)- 156/2015 nömrəli hökmü ilə yaranmış məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs Səttar oğlunun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs Səttar oğlunun satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan təmiz çəkisi - 450 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuananı əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Səttar oğluna cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Səttar oğlunun törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Səttar oğlundan götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 449,98 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Səttar oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında “həbs” edilməlidir. Təqsirləndirilən şəxs Səttar oğlunun cəza çəkmə müddətinin əvvəli 05.10.2021-ci il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səttar oğlu ibtidai istintaq zamanı 12.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.07.2021-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Səttar oğlunun cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs Səttar oğlundan tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 150 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Səttar oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 12.07.2021-ci il tarixdən 14.07.2021-ci il tarixə kimi olan 02 (iki) gün təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Səttar oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05.10.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Səttar oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Səttar oğlundan götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 449,98 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs Səttar oğlundan tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Səttar oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-124/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-124/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver