Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-124/2022 28.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1963-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, DOST mərkəzində fəhlə işləyən, məhkumluğu olmayan, Hacıqabul rayonu Nəvahı kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,844 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf sellofan bükümündə qablaşdırılmış halda əynində olan boz rəngli şalvarının sol cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Nəvahi kəndində daimi qeydiyyatda olmaqla, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayır. Arada bir psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı Hacıqabul rayonu Pirsaat qəsəbəsində yolun kənarından 1 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin tapmışdır. Metamfetamini özü istifadə etmək üçün əynində olan boz rəngli şalvarının sol cibinə qoymuşdur. Bir qədər sonra yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra, dərhal Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan boz rəngli şalvarının sol cibində saxladığı 01 ədəd sellofan bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqdim etdi maddə qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və onlar protokolu imzalamışlar. Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində arvadı, uşaqları və nəvələəri var. O, fəhlə işləyir və ailəsinin maddi təminatını ödəyir, ailədə ondan başqa işləyən yoxdur. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində daimi qeydiyyatda olmaqla, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol cibindən 01 ədəd şəffaf sellofan bükümünün içində psixotrop maddə metamfetaminə oxşar maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan götürülmüş maddənin psixotrop maddə metamfetamin olduğunu, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq Hacıqabul rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş və TB-nin təhqiqatçısı Turazl Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra onlar protokolu imzalamışlar. Şahid Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə xx.xx.2022-ci il tarixdə saat 11:45-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd şəffaf sellofan kəsiyi aşkar edilmiş, həmin sellofan kəsiyinə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin verdiyi xx.xx.2022-ci il tarixli 18/810 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi - 0,844 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (1 siyahı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 5019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökm ilə yaranmış məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, psixotrop maddələrin siyahısına daxil edilmiş 0,844 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, uşaqları və nəvələrinin olmasını, fəhlə işləməklə ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalııdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,794 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,794 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 18 saata görə 108 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 228 (iki yüz iyirmi səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-124/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-124/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver