Məhkəmə qərarları › İş №1(071)-124/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-124/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-124/2024 28.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Salyan rayonu Nəvahi kəndində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonu Navahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla bir qismini üzərində, qalan hissəsini isə yaşadığı Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evində saxlamış, 07 avqust 2024-cü il tarixdə saat 05:34-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Navahı qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılan zaman onun əynində olan göy rəngli idman şalvarının sol yan cibində gizlətdiyi bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 3,23 qram, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman evin otağında olan divanın üzərində saxladığı göy rəngli polietilen torbanın içərisindən təmiz çəkisi 410,0 qram olmaqla, ümumilikdə 413,23 qram xeyli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 06 avqust 2024-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsi ərazisindən keçən magistral yolun kənarı ilə piyada gedən zaman yolun kənarında göy rəngli 1 ədəd polietilen torbanı görmüş, götürüb açıb içərisinə baxarkən orada narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmiş, ətrafda heç kimin onu görmədiyindən əmin olduqdan sonra həmin polietilen torbanın içərisindəki narkotik vasitə qurudulmuş marixuananı qəbul etmək məqsədi ilə götürüb oradan uzaqlaşıb yaşadığı evə gəlmiş, yaşadığı evin həyətində olan sol tərəfdə köhnə yaşayış evin otağına daxil olub içərsində narkotik vasitə qurudulmuş marixuana olan torbanı divanın üstünə qoymuş, bir ədəd kibrit qutusundakı kibritləri yerə boşaldıb, tapdığı marixuananın bir qismini həmin kibrit qutusuna yığıb əynində olan göy rəngli idman şalvarımın sol yan cibinə qoymuşdur. 07 avqust 2024-cü il tarixdə səhər saat 05:30 radələrindi yaşadığı evinin yaxınlığnda özünə məxsus olan kafedən çıxıb evinə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini Hacıqabul rayon PŞ-nin polis əməkdaşları kimi təqdim edərək, üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib video çəkilişdən istifadə etməklə üzərində yoxlama aparacaqların bildirib yaşadığı evin həyətinə daxil olmuşlar.Yaşadığı evin həyətində video çəkilişdən istifadə edilməklə polis əməkdaşları üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşmuş, həmin vaxt əynində olan idman şalvarının sol cibində gizlətdiyi 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən 6,28 qram olduğu müəyyən edilmiş və kibrit qutusu poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onun iştirakı ilə videoçəklişdən istifadə edilməklə yaşadığı evə baxış keçirilən zaman, evdə olan divanın üstünə qoyduğu 1 ədəd polietilen torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edib götürülmüşdür. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən 424 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş kütlə poçt zərfinə qoyularaq qablaşdırılmış və zərfin üzərinə imza etmişdir. Polis əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə dəvət olunmuş, rayon PŞ-də olarkən hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul rayonu Navahı qəsəbəsində üzərindən və yaşadığı evdən aşkar olunub götürülərək qablaşdırılmış qurudulmuş marixuana müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə poçt zərfi açılaraq baxış keçirilib başqa bir poçt zərfinə qoyularaq qablaşdırılmış, üzərindən narkotik vasitə çıxmasına və zərfə təkrar baxış keçirilməsi haqqında tərtib edilmiş protokola imza etmişdir. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 avqust 2024-cü il tarixdə Hacıqabul rayonu Navahı qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X1 iştirakı ilə əməliyyat müşahidə qrupu yaradılmışdır. Həmin günü saat 05:30-da Hacıqabul rayonu Navahı qəsəbəsindən keçən Bakı-Qazax magistral yolunun kənarında Təqsirləndirilən şəxs saxlanılaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli bilinərək videoçəklişdən istifadə edilməklə üzərində yoxlama aparacağımızı bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol cibində gizlətdiyi 1 ədəd kibrit qutusunu təqdim edərək həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən 6,28 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamış, aşkar olunan qurudulmuş marixuana kibrit qutuda poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəklişdən istifadə edilməklə onun yaşadığı evə baxış keçirilən zamanı, evdə olan divanın üstünə 1 ədəd polietilen torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edib götürülmüş, aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana polietilen torba ilə birlikdə elektron tərəzidə çəkilərkən 424 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşar olunmuş qurudulmuş marixuana qablaşdırılaraq rayon PŞ-nin 80 saylı möhürülü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuş, RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət etdilmişdir. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində yoxlama aparılan zamanı aşkar olunub götürülmüş narkotik vasitə marixuanalar Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə zərf açılıb baxış keçirildikdən sonra başqa zərfə qablaşdırılaraq rayon PŞ-nin 80 saylı möhürülü ilə möhürlənmişdir. Yoxlama və baxış keçirilməsi barədə protokl tərti b edilmiş və protokolun doğru olmasını imzalamışdır. Məhkəmə istintaqı zamanı X6 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid2, X6 və Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şöbhəli şəxsinin üstünün yoxlanılması və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun çiynində olan şalvarın sol cibindən bir ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusu açılarkən içərisində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə yerləşən köhnə tikili şəklində olan evdə olan divanın üzərindən bir ədəd mavi rəngli selofan torba aşkar edilmiş, həmin torba açılarkən içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/722 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 410 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 413,13 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 109.1-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 5 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın haradan və kimdən əldə etməsini, Hacıqabul rayonu ərazisində və ya respublika daxilində kimlərəsə narkotik vasitə satıb-satmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə üçün əldə etməsi, satmaq məqsədinin olmadığı, həmin narkotik vasitədən kənar şəxslərə vermədiyi müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 413,13 qram qalan psixotrop maddə metam narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 5 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hacıqabul rayon İHB-nın Navahi qəsəbə üzrə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədov X2 rayonu Navahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayon İHB-nın Navahi qəsəbə üzrə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 05:34-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (səksən dəfədən çox) narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə X5 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 413,13 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 413,13 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 (altımış) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar