Məhkəmə qərarları › İş №1(071)-124/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-124/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-124/2025 17.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Salyan rayonu Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndi ərazisində ona məxsus həyətyanı sahəsində olan bir ədəd dibçəkdə 02 ədəd, torpaq sahəsində isə 01 ədəd olmaqla, ümumilikdə 03 ədəd ümumi çəkisi 135,0 qram olan xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, 24 iyul 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əraziyə baxış keçirilərkən həmin bitki kolları aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla tək yaşayır, iki övladı var, lakin arvadı və uşaqları Bakı şəhəri Qaradağ rayonu ərazisində işlədikləri üçün orada yaşayırlar. Hazırda heç bir yerdə işləmir, yaşadığı kənddə fərdi təsərrüfatla məşğul olur. Təxminən 2 ilə yaxındır narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Həmin narkotik vasitəni 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğundan və bədənində dözülməz ağrılar olduğu üçün istifadə edir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən müxtəlif məbləğlərdə əldə etmişdir. Təxminən 2 il bundan əvvəl işğaldan azad olunmuş Hadrut qəsəbəsinə işləmək məqsədi ilə getmişdir. Həmin qəsəbədə olduğu müddətdə yolun kənarlarında təbii formada bitən çətənə bitkilərinin olduğunu görmüş, bitkilərin üzərində toxumların olduğunu aşkar etmişdir. Həmin toxumlardan 03 ədədini yaşadığı həyətyanı sahədə öz istifadəsi üçün əkmək məqsədi ilə götürmüşdür. 2025-ci ilin aprel ayında evdə tək yaşadığı üçün bunu fürsət bilərək özündə olan toxumları əkmək qərarına gəlmişdir. Həyətyanı sahədə olan 01 ədəd dibçəyin içərisində 02 ədəd, qamışdan olan çəpərin yaxınlığındakı torpaq olan hissəyə isə 01 ədəd toxum əkmişdir. 2-3 gündən bir toxumları əkdiyi dibçəyə və torpaq sahəsinə su verib torpaq sahəsini yumşaltmışdır. Təxminən 10 gün sonra əkdiyi toxumların cücərməsini aşkar etmişdir. Bundan sonra dibçəyi günəş işığı düşən yerə, yəni evin arxa hissəsinə qoymuşdur. Torpaq sahəsində cücərən çətənə kolunun ətrafına isə ağac parçaları qoyaraq kənardan görünməz vəziyyətə salmışdır. Tutulduğu günə qədər həmin 03 ədəd kollara qulluq etmişdir. 24 iyul 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yaşadığı evin yaxınlığında piyada şəklində hərəkətdə olan zaman mülki və polis formasında olan şəxslərin ona tərəf yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar yaşadığı evin həyətyanı sahəsində onun qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməkdə və kultivasiya yolu ilə becərməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirib hüquq və vəzifələrimi ona elan etmişlər. Əməliyyatçı baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra ondan yaşadığı evin həyətyanı sahəsində baxış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. O, ərizə ilə müraciət edərək, baxışın aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra baxışda iştirak etməsi üçün aqronom dəvət olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış aparılmağa başlanılmışdır. Baxış zamanı o, evin arxa hissəsinə qoyduğu dibçəyi təqdim edərək həmin dibçəkdə 02 ədəd çətənə kollarının olduğunu bildirmişdir. Bundan sonra aqronom tərəfindən həmin kollara baxılmış və həmin kollara qulluq olduğunu bildirmişdir. Şahid1 tərəfindən həmin dibçəkdə olan çətənə kolları ölçüldükdə, uzun çətənə kolunun hündürlüyü 82 sm, qısa çətənə kolunun hündürlüyü isə 65 sm olduğu müəyyən edilmişdir. Həmin kollar Şahid1 tərəfindən kökündən çıxarılaraq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra Şahid1 ondan həyətyanı sahədə başqa kolların olubolmadığını soruşmuşdur. O, həmin vaxt həyəcanlı olduğundan başqa kolun olmadığını bildirmişdir. Buna baxmayaraq Şahid1 tərəfindən həyətyanı sahəyə baxış keçirilmiş və qamışdan hazırlanmış çəpərin yaxınlığında torpaq hissəyə əkdiyi 01 ədəd çətənə kolu aşkar olunmuşdur. Eyni qaydada aqronom həmin kola baxdıqdan sonra torpaq hissədə əkdiyi kola qulluq olduğunu bildirmişdir. Qeyd etdiyi kol Şahid1 tərəfindən kökündən çıxarılmış və ölçüldükdən sonra həmin kolun hündürlüyünün 65 sm olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 həmin kolu qablaşdıraraq götürmüşdür. Sonra həyətyanı sahəyə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir kol, əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra həyətyanı sahəsinə baxış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Zahid Salahov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Zahid Salahov, onun qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməkdə və kultivasiya yolu ilə becərməkdə şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X8 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı yaşadığı evin həyətyanı sahəsində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video- çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan və ya yaşadığı evin həyətyanı sahəsində baxış aparan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. Çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərmişdir. O, heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmiş, həyətyanı sahəsində əkdiyi çətənə kollarından kiminsə məlumatı olmamışdır. Hacıqbaul rayonu Qubalıbalaoğlan kəndində yerləşən çətənə kolları aşkar olunan həyətyanı torpaq sahəsi və torpaq sahəsində olan ev ona məxsusdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyul 2025-ci il tarixdə Hacıqabul rayonu Qubalıbalaoğlan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan başqa aşkar olunduğu təqdirdə bitkilərə müvafiq rəy verilməsindən ötrü Azəbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul rayon Mərkəzinin rəisi aqronom Şahid5 dəvət etmişlər. Daha sonra onlar verilən məlumata əsasən Hacıqabul rayonu Qubalıbalaoğlan kəndi ərazisində əməliyyat tədbirini qurmuşlar. 24 iyul 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməkdə və kultivasiya yolu ilə becərməkdə şübhəli olduğunu, buna görə evinin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirib, hüquq və vəzifələrini ona elan etmiş və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış aparılmasına etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək baxışın aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Baxışda iştirak etməsi üçün aqronom Şahid5 dəvət olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun tərəfindən baxış aparılmağa başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs onları evin arxa hissəsinə tərəf apararaq həmin hissəyə qoyduğu dibçəyi təqdim etmiş və həmin dibçəkdə 02 ədəd çətənə kollarının olduğunu bildirmişdir. Bundan sonra o, və aqronom tərəfindən həmin kollara baxılmış, aqronom həmin kollara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. O, həmin dibçəkdə olan çətənə kollarını ölçdükdə uzun çətənə kolunun hündürlüyünün 82 sm, qısa çətənə kolunun hündürlüyünün isə 65 sm olduğunu müəyyən etmişdir. Həmin kollar onun tərəfindən kökündən çıxarılaraq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə başqa kolların olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt başqa kolun olmadığını bildirmişdir. Buna baxmayaraq onun tərəfindən həyətyanı sahəyə baxış keçirilmiş və qamışdan hazırlanmış çəpərin yaxınlığında torpaq hissəyə əkilən 01 ədəd çətənə kolu aşkar olunmuşdur. Eyni qaydada aqronom həmin kola baxdıqdan sonra torpaq hissədə əkilən kola aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin kol onun tərəfindən kökündən çıxarılmış və ölçüldükdən sonra kolun hündürlüyünün 65 sm olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan çətənə kolu onun tərəfindən qablaşdıraraq götürülmüşdür. Onun tərəfindən həyətyanı sahəyə baxış keçirilməyə davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir kol, əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Sonda Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Zahid Salahovun xidməti otağına daxil olmuşlar. X9 Bağırova qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməkdə və kultivasiya yolu ilə becərməkdə şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X8 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Zahid Salah həyətyanı sahəsində baxış aparılan zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar şahidlər Şahid4, Şahid1 ilə eyniməzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, Azəbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiyası üzrə (zərərsizləşdirmə) Hacıqabul rayon Mərkəzinin rəisi vəzifəsində işləyir. 24 iyul 2025-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə yaradaraq Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yerləşən onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ehtimalının olduğunu deyib həmin həyətə baxış keçirəcəklərini, aşkar olunacağı təqdirdə həmin bitkilərə rəy verilməsindən ötrü onun mütəxəssis qismində iştirak etməsini xahiş etmişlər. O, polis əməkdaşları ilə birlikdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs Hacıqabul rayon Qubalıbalaoğlan kəndi ərazisində yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin yaxınlığındakı küçədə piyada şəklində hərəkətdə olmasını görmüşlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməkdə və kultivasiya yolu ilə becərməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirib, hüquq və vəzifələrini ona elan etmişlər. Əməliyyatçı Şahid1 baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək baxışın aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Əməliyyatçı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış aparılmağa başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evin arxa hissəsinə qoyduğu dibçəyi təqdim edərək həmin dibçəkdə 02 ədəd çətənə kollarının olduğunu bildirmişdir. Bundan sonra onun tərəfindən həmin kollara baxış keçirilən zaman kollara aqrotexniki qaydada qulluq olunduğunu müəyyən etmişdir. Şahid1 tərəfindən həmin dibçəkdə olan çətənə kolları ölçüldükdə, uzun çətənə kolunun hündürlüyü 82 sm, qısa çətənə kolunun hündürlüyü isə 65 sm olduğu müəyyən edilmişdir. Həmin kollar Şahid1 tərəfindən kökündən çıxarılaraq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs həyətyanı sahədə başqa kolların olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs başqa kolların olmadığını bildirmişdir. Buna baxmayaraq Şahid1 tərəfindən həyətyanı sahəyə baxış keçirilmiş və qamışdan hazırlanmış çəpərin yaxınlığında torpaq hissədə 01 ədəd çətənə kolu aşkar olunmuşdur. Eyni qaydada o, həmin kola baxdıqdan sonra torpaq hissədə əkilən kola aqrotexniki qaydada qulluq olunduğunu müəyyən etmişdir. Həmin kol Şahid1 tərəfindən kökündən çıxarılmış və ölçüldükdən sonra həmin kolun hündürlüyünün 65 sm olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 həmin kolu qablaşdıraraq götürmüşdür. Sonra həyətyanı sahəyə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir kol aşkar edilməmişdir. Bundan sonra onun tərəfindən aşkar olunmuş 03 ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq olunmasına dair müətəxəssis rəyi hazırlayaraq baxış protokoluna əlavə edilməsi üçün təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Aşkar olunmuş 03 ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayır. 2000-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. Həmin nikahdan iki övladları vardır. Təxminən 2 ilə yaxındır övladlarının təhsil və iş yerlərinə görə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs isə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində özünə məxsus olan fərdi yaşayış evində tək yaşayır. Arabir Təqsirləndirilən şəxs Sahil qəsəbəsində gələrək onlara baş çəkir və təkrar yaşadığı Qubalıbalaoğlan kəndinə qayıdır. 24 iyul 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evinə gələrək evin həyətyanı sahəsində baxış aparmışlar və ümumilikdə 03 ədəd dibçək və torpağa əkilmiş halda çətənə kolları aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin çətənə kollarını onlara Sahil qəsəbəsində yaşadıqları müddətdə əkdiyini ona bildirmişdir. Nərimanla evli olmaqlarına baxmayaraq o, övladları ilə Sahil qəsəbəsində yaşayır demək olar ki, nə o, nə də övladları Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evinə 2 ilə yaxındır ki, gəlməmişlər, yalnız Nəriman onları görməyə yaşadıqları Sahil qəsəbəsinə gəlib-getmiş, bu müddət ərzində ona Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evinin həyətində hər hansı qanunla qadağan olunmuş kolların əkilməsi barədə heç bir məlumat verməmişdir. Onun əri Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri qanunsuz olaraq əkib becərməsindən məlumatı olmayıb, Nərimanla ər-arvad münasibətində olmaqlarına baxmayaraq ona bu barədə heç bir məlumat verməmişdir. Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi əri Təqsirləndirilən şəxs məxsusdur. Ailə həyatı qurduqları vaxtdan etibarən onlar həmin evdə yaşamışlar, Nərimanın həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair sənədləri var, həmçinin həmin fərdi yaşayış evinə bütün kommunal xidmətlər çəkilmiş və hər biri Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin yaşadığı ünvana baxış keçirilməsi və götürmə haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində qazan formasında olan dibçəyin içərisində narkotik vasitə çətənə bitkisi əkdiyini bildirdi. Həmin dibçəyə baxış keçirən zaman dibçəyin içərisindən 2 ədəd çətənə bitkisinin əkildiyi aşkar edildi. Aqronom tərəfindən həmin bitkilər nəzərdən keçirilmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi müəyyən edildi. Bundan sonra həyətyanı sahəyə baxış keçirilməyə davam etdirilərkən 15 metr kənarda qamışdan düzəldilmiş hasarın kənarından 1 ədəd çətənə bitkisinin əkildiyi aşkar edildi. Aqronom tərəfindən həmin bitki nəzərdən keçirilmiş və həmin bitkiyə aqrotexniki qaydada qulluq edildiyi müəyyən edildi. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilmiş 3 ədəd çətənə bitkisinin qablaşdırıldığı 2 ədəd selofan torbalar təkrar açılaraq orada olan bitkilərə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış 02 ədəd polietilen torbada ümumi sayı 03 ədəd yaş vəziyyətdə, ümumi çəkisi – 135 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Ekspertiza tədqiqatına 0,03 qramı sərf edildikdən sonra 134,7 qram qalmışdır. Aqronomun rəyinə əsasən təqdim edilmiş 03 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun (Tərkibində narkotik olan bitkilər) İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin xeyli miqdarının həddinin 3-15 ədəd (6-30 hissə), külli miqdarın həddinin 16-800 ədəd (31-1150 hissə) olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4956 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyatda alınması məsləhət görülür. Əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin toxumlarını haradan və kimdən əldə etməsini, Hacıqabul rayon ərazisində və ya respublika daxilində kimlərəsə narkotik vasitələr satıb-satmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana istifadə etməsi üçün əkib-becərməsi, satmaq məqsədinin olmadığı müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 134,7 qram qalmış 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İHB-nın Qubalıbalaoğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bağırov X2 rayonu Qubalıbalaoğlan kəndində arvadı və övladları – 2004-cü il təvəllüdlü X3 və 2007-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Qubalıbalaoğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən daxil olmuş 18-1-41/2- 647/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ölkənin ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. Hacıqabul rayon BMM aqronomu Şahid5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində dibçəyin içərisində 2 ədəd çətənə kolu aqrotexniki qaydada qulluq olunduğu aşkar olundu, bundan başqa həyətyanı sahənin digər hissəsindən aşkar edilmiş 1 ədəd çətənə kolu aqrotexniki qaydada becərilməsi müyyən edildi. Ümumilikdə Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 3 ədəd kolun aqrotexniki qaydada becərilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan 3 ədəd ümumi çəkisi 135 qram çətənə (kannabis) bitkisini əkib becərməklə yetişdirməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ölkənin ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Mirzəyev Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş qalıq çəkisi 134,7 qram qalan 03 ədəd narkotik tərtkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 110 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 134,7 qram qalan 03 ədəd narkotik tərtkibli çətənə (kannabis) bitkisi məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 110 (bir yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar