Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-126/2023 13.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2023-cü il tarixdə saat 09:30 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman təmiz çəkisi 1,021 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkçənin sağ sinə cibində gizlətdiyi bir ədəd politelin bükümünün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitənin müxtəlif növlərindən istifadə etmişdir. Buna görə dəfələrlə məhkumluq həyatı yaşamışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 09:30 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman, polis əməkdaşları ona bir büküm heroin təqdim edərək, həmin maddənin guya onun üzərindən çıxması barədə izahat verməsini tələb etmişlər. Həmin vaxt polis əməkdaşları ona qarşı hər hansı formada zorakılıq tətbiq etməmişlər. Lakin, külli miqdarda narkotik vasitənin satışı ilə rəsmiləşdirilə biləcəyindən qorxduğundan o, edilən təklifi qəbul etmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman ona verilmiş heroini cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Əslində isə onun üzərindən çıxan heroin ona məxsus deyildir. Bununla belə, sonda təqsirləndirilən şəxs onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin günü saat 09:00 radələrində Aslanov X1 şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qabaq sağ döş cibində bir ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin qabaq sağ döş cibində gizlətdiyi bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı o, həmin kütləni xx.xx.2023-cü il tarixdə yaşadığı küçədən tapdığını, bir hissəsini istifadə etdiyini, qalanını isə gödəkcənin sağ döş cibinə qoyaraq saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/941 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,021 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,10 qramı sərf edildikdən sonra, 0,921 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6526 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 0,921 qram qalmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Hacıqabul şəhər İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1821 saylı arayışdan müəyyən olunur ki, Aslanov X1 şəhəri, İ.Qayıbov küçəsi 10 saylı ünvanda ailə üzvləri – arvadı X3 ilə birlikdə yaşayır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmlərinin və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (cəmi 7 dəfə) cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Onun əvvəlki məhkumluqları ödənilsə də, sonuncu məhkumluğu ödənilməmişdir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya aktı tətbiq edilməklə cəzasının müddəti 6 ay azaldılmış, daha sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının 1 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu hökm üzrə ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi tarixdən iki il keçməmiş hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən həmin maddəni ona polis əməkdaşlarının verdiyini, narkotik vasitə istifadəçisi olduğu üçün bunu qəbul etdiyini, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə piyada gedərkən yerdə asfalt örtüyünün üzərində 1 ədəd sellofana bükülmüş bükülünü görmüş, sellofan bükülünü götürüb içərsində baxarkən, bükümün içərsində narkotik vasitə olan heroinin olduğunu bilib qəbul etmək üçün özündə saxlamışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 09:30 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman, o, əynində olan qara rəngli gödəkçənin qabaq sağ döş cibində saxladığı narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Məhkəmə iclasında da təqsirləndirilən şəxs ifadəsində polis şöbəsində olarkən ona qarşı hər hansı zorakılığın olmadığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və ya psixi zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Onun bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Onun əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəllər dəfələrlə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,921 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,921 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X2, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-126/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-126/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver