Məhkəmə qərarları › İş №1(071)-126/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-126/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-126/2024 02.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – X3 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə “Tik-Tok” sosial şəbəkəsində vətəndaşlara "Kapital bank” ASC-dən kredit verilməsinə köməklik göstərilməsi ilə bağlı səhifə yaratdıqdan sonra kreditin ayrılmasına köməklik göstərilməsi məqsədilə həmin sosial şəbəkə və cinayət hadisəsi ilə əlaqəsi olmayan Şahid məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs adına kredit verilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq xx.xx.2024-cü il tarixdə saat 01 radələrində sonuncunun adına rəsmiləşdirilmiş "xxxx" ASC-nə məxsus 4169-7388-9219-0947 nömrəli kart hesabı ilə “Birbank” mobil tətbiqində müvafiq sənədləşmə proseslərini izah edərək Zərərçəkmiş şəxs bank tərəfindən 1601 manat pul vəsaitinin kredit qismində verildiyindən əmin olub onu aldadaraq özünə məxsus olan və istintaqa məlum olmayan kart hesabı nömrəsinin Zərərçəkmiş şəxs məxsus “Birbank” mobil tətbiqinə daxil edilməsini təmin etdikdən sonra "xxxx" ASC tərəfindən ayrılmış və müvafiq komissiya ödənişləri çıxıldıqdan sonra 1542,97 manat qalmış pul vəsaitinin özünə məxsus kart hesabına köçürülməsinə nail olmuş, beləliklə, zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1542.97 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır, onunla heç bir şəxsi ədavəti və ya düşməçiliyi olmamışdır. O, “Tik-tok” sosial şəbəkəsində "xxxx"-dan kredit götürülməsinə köməklik olunmasını bildirən yazılarla rastlaşmış, bundan sonra həmin fikrə düşmüş və səhifə açaraq həmin məzmunda paylaşım edərək vətəndaşları aldadıb gəlir əldə edə biləcəyini düşünmüşdür. Bu səbəbdən o, həmkəndlisi və dostu Şahid öz adına mobil nömrə alıb ona verməsini xahiş etmişdir. Təxminən 3 ay öncə Şahid yaşadığı Ucar rayonu Qazıqumlaq kəndində “Uğur market”dən 6 manat pula bir ədəd 055 *** ** ** saylı mobil telefon nömrə alıb ona vermişdir. Bundan sonra o, həmin nömrə ilə öz mobil telefonunda Whatsapp ani mesajlaşma tətbiqində qeydiyyatdan keçmişdir. Həmçinin, “Tik-tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək səhifə açmış və həmin səhifədə "xxxx"in loqosundan istifadə edərək onlayn kredit verilməsi barədə elan yerləşdirmişdir. 20 iyun 2024-cü il tarixdə saat 01 radələrində onun istifadəsində olan 055 *** ** ** nömrəyə 070 *** ** ** nömrədən Whatsapp vasitəsi ilə zəng gəlmiş, həmin nömrədən zəng edən şəxs əmək haqqının az olduğunu və 1500 manat pul krediti almaq istədiyini bildirmişdir. O, həmin şəxsə Whatsapp ani mesajlaşma tətbiqində şəxsiyyət vəsiqəsinin surətini göndərməsini və onu aldadaraq ona 1500 manat pulun kredit olaraq verilməsinin mümkün olduğunu bildirmişdir. Daha sonra o, onlayn olaraq hansı üsulla kredit götürülməsini ona izah etmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini əldə etdikdən sonra onun Zərərçəkmiş şəxs Arif oğlu olduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs telefonunda “Birbank” tətbiqi ilə onlayn kredit sifariş verməsini, həmin yerdə sifət nahiyyəsini çəkməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs etibarını qazanaraq öz istifadəsində olan "xxxx"dan aldığı və hal-hazırda sındırıb atdığından dəqiq rəqəmlərini xatırlamadığı kartın 16 rəqəmini ona demişdir. Zərərçəkmiş şəxs həmin kartın nömrəsini öz telefonunda qeyd etdikdən sonra bank avtomatik olaraq 1542 manat 97 qəpik pulu onun kart hesabına köçürtmüşdür. Pulun bir hissəsi avtomatik olaraq bank tərəfindən komisiyyalar üçün tutulduqdan onun kartına 1600 manat deyil, 1542 manat 97 qəpik pul köçmüşdür. O, Zərərçəkmiş şəxs kreditin onun hesabına gün ərzində köçəcəyini bildirmiş, daha sonra Zərərçəkmiş şəxs mobil nömrəsini blok etmiş və onu aldadaraq əldə etdiyi 1542 manat 97 qəpik pulu öz borclarına xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını, əvvəllər məhkum olunmadığını, ailəli olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində qeydiyyatsız evdə yaşayır. Ələt qəsəbəsində yerləşən dəniz limanında çilingər işləyərək 320 manat əmək haqqı alır. Yaşadığı evin təmirinə pul lazım olduğu üçün bir neçə dəfə fərqli banklara müraciət etmiş, lakin aldığı əmək haqqı az olduğundan ona kredit verilməmişdir. 18 iyun 2024-cü il tarixdə o, nənəsi Məleykə Eyvazovanın yaşadığı Hacıqabul rayonu, Qızılburun kəndinə qonaq gəlmişdir. 20 iyun 2024-cü il tarixdə nənəsi M.Eyvazovanın yaşadığı Hacıqabul rayonu Qızılburun kəndində yerləşən evində qonaq olan zaman saat 01 radələrində “Tik-tok” sosial şəbəkəsinə istifadəsində olan 070 *** ** ** nömrə ilə daxil olarkən həmin səhifədə "Kapital Bank” loqosu olan səhifəyə rast gəlmiş və həmin səhifədə 055 *** ** ** nömrə qeyd edildiyindən həmin nömrəni telefonunda qeydiyyat etdiyi zaman həmin şəxsin adı onun telefonunda “Nigar Əliyeva2” olaraq qeyd edilmişdir. O, Whatsapp ani mesajlaşma tətbiqi ilə həmin nömrəyə aldığı əmək haqqının miqdarını qeyd edərək kredit verilə bilibbilməməsi haqqında soruşmuş, həmin nömrədən ona “Whatsapp” ani mesajlaşma tətbiqi ilə zəng gəlmiş və onunla danışan şəxs kişi cinsli şəxs olduğundan o, şübhələnmişdir. O, həmin şəxsdən nömrənin nə səbəbə qadın adına olmasını, lakin kişi cinsli şəxsin cavab verməsini soruşmuş, həmin şəxs “həmin xanım bizim əməkdaşdı və nə lazım olsa o, edir” deyə bildirmişdir. O, həmin şəxsin qeyd etdiyi kimi həmin nömrəyə şəxsiyyət vəsiqəsinin surətini göndərmiş, həmin şəxs qısa müddətdə onun telefonuna sms gələcəyini, ona 1500 manat pul düşdüyünü və həmin pulu onun kart hesabına ata biləcəyini bildirmişdir. Təxminən bir neçə saat sonra həmin şəxs ona Whatsapp ani mesajlaşma tətbiqi ilə zəng edərək onun "xxxx" tərəfindən verilmiş kartının olub-olmadığını soruşmuşdur. O, təxminən 2 il öncə bir manata aldığı, üzərində 4169 7388 9219 0947 nömrəsi olan kartının tam yəni təhlükəsizlik kodu ilə birlikdə şəklini çəkib həmin şəxsə atmışdır. 20 iyun 2024-cü il tarixdə saat 19 radələrində onun telefonuna onlayn olaraq "xxxx"dan 1600 manat pul kredit götürməsi barədə sms gəlmişdir. O, hesabını dəfələrlə yoxlasa da, həmin vəsaitin kartına köçmədiyini görmüşdür. O, əmək haqqını “UniBank”-dan aldığından həmin bank tərəfindən verilmiş kartı da, yoxlamış və oradan heç bir vəsaitin silinmədiyini görmüşdür. Lakin ona kredit götürdüyü barədə SMS gəldiyi üçün 07 avqust 2024-cü il tarixdə "xxxx" ASC-nin Hacıqabul rayonunda yerləşən filalına getmiş, olanları danışmış, bank əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı həqiqətən də onun adma 1600 manat kreditin götürüldüyü müəyyən olunmuşdur. Bank əməkdaşları həmin kreditin qrafikini ona təqdim etmiş, o, da həmin qrafiklə birlikdə Hacıqabul rayon polis şöbəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. Onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onun qonşusu və dostudur. Münasibətləri normal olmuşdur. Təxminən 3 ay öncə Təqsirləndirilən şəxs ondan öz adına nömrə alıb ona verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs nə səbəbə öz adına nömrə almadığını soruşmuş, sonuncu öz adma çox nömrə olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs nə məqsədlə nömrə almaq istədiyini bilməmiş və onun yaxın dostu olduğu üçün onun xahişini yerinə yetirərək yaşadığı Ucar rayonu Qazıqumlaq kəndində “Uğur” marketdən 6 manat pula bir ədəd 055 *** ** ** saylı nömrəni alıb Təqsirləndirilən şəxs vermişdir. O, Hacıqabul rayon polis şöbəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun öz adına alıb verdiyi 055 *** ** ** saylı mobil nömrə ilə tanımadığı vətəndaşın kartından pul oğurlamışdır. Onun cinayət hadisəsindən məlumatı olmamışdır. Həmin nömrəni Təqsirləndirilən şəxs istifadə etmiş və dəfələrlə həmin nömrə ilə ona zəng etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/28865 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formalı disk maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 17:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə” dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Qazıqumlaq kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onunla barışmış və təqsirləndirilən şəxsən heç bir şikayət və tələbi yoxdur. “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş 18-1-77/2-A-304-42- 138/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 38 həftəlik hamiləlik dövründədir. “Xəstəlik haqqında” 787 saylı xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs “dilatasion kardiomiopatiya” diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, həyat yoldaşının hamiləlik vəziyyətində olmasını, səhhəti ilə əlaqədar hərbi xidmətə yarasız hesab edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən təqsirləndirilən şəxs X1 şübhəli şəxs qismində tutulduğu, qətimkan tədbiri qismində həbsdə saxlanıldığı müddətlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ucar rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Ucar rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ucar rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. "xxxx" ASC-nə məxsus bankomatda bank əməliyyatlarının keçirilməsini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 (altımış) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar