Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-127/2021 21.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 202-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 179-da yaşamış, 19.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,312 qram psixotrop maddə olan metamfetamini əldə edib əynində olan ağ rəngli uzunqol köynəyinin döş cibində daşıyaraq saxlamış, 19 avqust 2021-ci il tarixdə saat 22 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində 179 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 202-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 179-da yaşayır. O, narkotik vasitə olan heroin və metamfetamindən ağrıları olduğuna görə istifadə edir. 18.08.2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə gəzən zaman diqqətini yerdə 1 ədəd sellofan kəsiyinə bükülmüş bükülü cəlb etmişdir. O, həmin bükülünü açıb içərisinə baxdıqda metamfetamin olduğunu görmüşdür. O, metamfetamini özü istifadə etmək məqsədi ilə bükülünü əynində olan ağ rəngli uzun qol köynəyinin döş cibinə qoymuşdur. 19.08.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində olan zaman Hacıqabul RPŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə getmişdir. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan ağ rəngli uzunqol köynəyinin döş cibində gizlətdiyi 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməyib. Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində yetkinlik yaşına çatmayan övladı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şahid Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 19.08.2021-ci il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 179-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla Hacıqabul RPŞ-nin rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 19.08.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu və üzərində şəxsi axtarış aparılması məqsədi ilə saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli uzunqol köynəyinin döş cibində saxladığı 1 ədəd sellofan kəsiyi bükümündə olan maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 18.08.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, və digər iştirakçılar protokola imza etmişlər. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə iclasında şahid Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 19.08.2021-ci il tarixdə saat 23:30-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd sellofan-polietilen kəsiyi bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 20.08.2021-ci il tarixli 18/898 nömrəli ekspertiz rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “.../imza var/Rzayev...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,312 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. (iş v. 34-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 09.09.2021-ci il tarixli 3330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 119-120) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 21.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Rzayev X2 rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 1(059)-7/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (iş v. 85-87, 95-99) Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin verdiyi 08.10.2021-ci il tarixli 78293/21-3 nömrəli məktubdan müəyyən edilir ki, Rzayev X2 rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 1(059)-7/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 ay 11 gününü çəkmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,312 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və himayəstində yetkinlik yaşına çatmayan bir uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Siyəzən rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu (azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə) Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Siyəzən rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 1(059)-7/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 02 il 02 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza - azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 19.08.2021-ci il tarixdən hesab edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,262 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 347-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Siyəzən rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 1(059)-7/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 02 il 02 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19.08.2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,262 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-127/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-127/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver