Məhkəmə qərarları › İş №1(071)-127/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-127/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-127/2025 01.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 07 ay 05 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 103 ünvanında qeydiyyatda olmaqla ünvan 1əsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri M.B.Nadim küçəsinə daşımış, 26 iyul 2025-ci il tarixdə saat 01 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Hacıqabul şəhəri M.B.Nadim küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 6,49 qram narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqislir bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2024-cü ilin sentyabr ayından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Heç vaxt narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmişdir. 26 iyul 2025-ci il tarixdə gecə saatlarında “X4 Minik” markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri H.B.Nadim küçəsi ilə hərəkətdə olarkən yol-patrul xidmətinin əməkdaşları avtomobilə saxla işarəsini vermişlər. O, avtomobili saxladıqdan sonra yolpatrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq avtomobildən zorla çıxarmış və döyərək xidməti avtomobilə əyləşdirmişlər. Bundan sonra yol-patrul xidmətinin əməkdaşları onu Hacıqabul RPŞ-nə gətirmişlər. Rayon polis şöbəsində olarkən şöbənin Eldar adlı əməkdaşı onu xidməti otağa apararaq orada yenidən döymüşdür. Xidməti otaqda olarkən Eldar adlı polis əməkdaşı ona hədə-qorxu gələrək əlində saxladığı kağız bükülünü onun əynindəki şalvarın cibinə qoymuş və videoçəkiliş zamanı həmin bükülünü çıxararaq təhvil verməsini ondan tələb etmişdir. Eldar adlı polis əməkdaşı onun dedikləri ilə razılaşmayacağı təqdirdə anasını polis şöbəsinə çağıracağını və yaşadığı mənzilə narkotik vasitə qoyaraq onu daha ağır cinayət əməlinə görə məsuliyyətinə alınacağını bildirmişdir. O, bundan qorxduğu üçün Eldar adlı polis əməkdaşı ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları onu yenidən H.B.Nadim küçəsinə gətirmiş, orada videoçəkiliş aparılmış və çəkiliş zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü təhvil vermişdir. Həmin narkotik vasitə ona məxsus deyil, Eldar adlı polis əməkdaşı tərəfindən onun cibinə qoyulmuşdur. Bundan sonra polis əməkdaşları onu yenidən Hacıqabul RPŞ-nə gətirmişlər. İki gün polis şöbəsində saxlanıldıqdan sonra onu buraxmışlar. Bundan sonra o, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə əlaqədar Hacıqabul Rayon Prokurorluğuna şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, fiziki və mənəvi təzyiqlərə məruz qaldığını və qeyd edilən cinayət hadisəsinə ona aidiyyatı olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadələr verdiyinə görə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələr elan edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 09 avqust 1996-cı ildə Qazı- Məmməd şəhərində anadan olmuşdur. Əvvəllər məhkum olunmuşdur. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Azadlığa buraxıldıqdan sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində “Yango” taksi şirkətinə qoşularaq özünə məxsus “Chevrolet Cobalt minik” markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taski kimi fəaliyyət göstərmişdir. Həftənin iş günləri Bakı şəhərində taksi kimi fəaliyyət göstərmiş, həftə sonlarında isə Hacıqabul şəhərinə qayıtmışdır. 25 iyul 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyası metro stansiyasının yaxınlığında su almaq üçün avtomobildən düşüb marketə piyada gedən zaman yolun kənarında yerdə bir ədəd sellofan bükümün olduğunu görmüşdür. Sellofan büküm onun diqqətini çəkdiyi üçün yerdən götürüb içərisinə baxmış, orada “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitələrin istifadəçisi olduğu üçün kağız bükümün içərisindəki “nəşə” kimi tanıdığı maddəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin narkotik vasitə qurudulmuş marixuananı yerdən götürüb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş və hərəkət etməyə davam etmişdir. İşlərini bitirdikdən sonra hər həftə olduğu kimi Hacıqabul şəhərinə gəlmək üçün yola düşmüşdür. Həmdə düşünmüşdür ki, Hacıqabul şəhərində tapdığı narkotik vasitə qurudulmuş marixuanandan istifadə edər. Təqribən 1 saat sonra Hacıqabul şəhərində yaşadığı fərdi yaşayış evinə çatmışdır. 26 iyul tarixdə saat 01 radələrində evdən çıxmış və cibindəki narkotik vasitə olan marixuananı çəkmək üçün sakit yer axtarmışdır. Hacıqabul şəhəri M.B.Nadim küçəsində avtomobillə hərəkət edən zaman Hacıqabul RPŞ-nin DYPB-nin YPX-nin inspektorları ona saxla əmri vermişdirlər. O, avtomobilindən düşmüşdür. Polis əməkdaşları özlərini təqdim etmiş, avtomobilinin ön işıqlarına görə saxladıqlarını bildirmişdirlər. Onun cibində narkotik vasitə olduğundan o, onların suallarına qeyri-adekvat cavab verməyə başlamışdır. Çünki yeni azadlığa buraxılmış və yenidən məsuliyyətə cəlb olunmaqdan ehtiyat etmişdir. Yol-patrul xidmətinin əməkdaşları onun davranışlarıdan şübhələnmiş və Hacıqabul RPŞ-nin əməkdaşları ilə əlaqə saxlayaraq məlumat vermişlər. Bir neçə dəqiqədən sonra onların olduğu yerə gələn və özünü Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı kimi təqdim edən Şahid5 şəxs ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdirlər. Daha sonra onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Daha sonra baş təhqiqatçı onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə sual vermiş, olduğu halda ona təqdim etməysini təklif etmişdir. O, əynində olan şalvarın sağ yan cibində narkotik vasitə olan marixuana olmasını bildirmişdir. və 01 ədəd solfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təhvil vermişdir. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 8,26 qram olduğu müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra idarə etdiyi “Chevrolet Cobalt minik” markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və oradan ona məxsus 1 ədəd Redmi və 1 ədəd Samsung markalı mobil telefonlar aşkarlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 26 iyul 2025-ci il tarixdə saat 01 radələrində Hacıqabul RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı Şahid2 ilə birlikdə Hacıqabul şəhəri M.B.Nadim küçəsində xidmətdə olan zaman ağ rəngli “Chevrolet Cobalt minik” markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön işıqlarının nasaz olmasını görüb onu dayan işarəsi vermişlər. Onlar avtomobili idarə edən şəxsin Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Onlar həmin şəxslə avtomobilin ön işıqlarının hansı səbəblə nasaz olması ilə bağlı söhbət apardıqda Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görmüşlər. Bununla bağlı dərhal Hacıqabul rayon Polis şöbəsinə məlumat vermişlər. Bundan sonra Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Şahid5 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi və üzərində şəxsi axtarış aparılması üçün müdafiəçisi Şirvan Regional Vəkillər Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Şahid5 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirmiş, hüquq və vəzifələrini elan etmiş, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində 01 ədəd kağız bükülü olmasını bildirmişdir. Bundan sonra Şahid5 onun təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirmiş və onun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 8,26 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Chevrolet Cobalt minik” markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra şəxsi Hacıqabul rayon Polis şöbəsinə dəvət etmişdirlər. Üzərində şəxsi axtarış aparılması ilə bağlı Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Şahid5 tərəfindən protokol tərtib olunmuş və hər biriləri tərəfindən protokola imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Hacıqabul rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ziddiyyətli münasibətdə olmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsindən heç bir məlumatı yoxdur. O, narkotik vasitənin aşkar edilməsində iştirak etməmiş və ibtidai araşdırmanın sonrakı mərhələlərində hər hansı bir şəkildə iştirak etməmişdir. Onun tərəfindən Yusif Abbasova qarşı fiziki və ya mənəvi təzyiqlər göstərilməmiş, o, heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Hacıqabul rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. 26 iyul 2025-ci il tarixdə saat 01 radələrində Hacıqabul RPŞ-ndə xidməti otaqda olarkən növbətçi hissədən məlumat verilərək bildirilmişdir ki, yolpatrul xidmətinin əməkdaşları Hacıqabul şəhəri M.B.Nadim küçəsində narkotik vasitələrin istifadəsi, üzərində saxlanılmasında şübhəli olan şəxsin avtomobilini saxlamışlar. O, təcili olaraq Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi ilə birlikdə məlumat verilən ünvana yollanmışdır. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə, predmet varsa təhvil verilməsi təklif edilmişdir. Yusif Abbasov əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm çıxaraq təqdim etmiş, kağız bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan kağız bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 8,26 qram olduğu müəyyən edilmişdir. Yusif Abbasov şifahi olaraq aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və iştirakçılar həmin protokolu imzalamışlar. O, və digər əməkdaşlar tərəfindən Yusif Abbasova qarşı fiziki və ya mənəvi təzyiqlər göstərilməmiş, o, heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs Yusif Abbasovun üzərində axtarış aparılmamışdan əvvəl o, könüllü şəkildə üzərində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış, baxış keçirilməsi və götürmə aparılması haqqında” 26 iyul 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən 1 ədəd solfet bükülü çıxaraq içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Bundan sonra həmin slfet büküm açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğu aşkar edildi. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 8,26 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/547 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 6,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 109-cu bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4898 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması, həmin narkotik vasitə qurudulmuş marixuananı özünün istifadə etməsi üçün əldə etdiyi, satmaq məqsədinin olmadığı müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 6,47 qram qalan narkotik vasitə qurudulmuş marixuana 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Şahid5 tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 01:10-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Cəmalədddin Rzayev tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:05-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Qətimkan tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Abasov X2 şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 103 saylı ünvanda qeydiyyatda olmaqla, ünvan 3ıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 18-1-41/2-658/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Abasov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 07 ay 05 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 390 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarət – sol çiyin qurşağında qançır – küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən 3-4 gün əvvələ uyğundur və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq onlar tərəfindən döyüldüyünü və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq döyüldüyünü, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs üzərində apaılmış şəxsi axtarışın videoçəkilişindən görünür ki, tədbirin keçirilməsi zamanı o, müdafiəçi ilə təmin edilmiş, lakin bu barədə müdafiəçiyə heç bir məlumat verməmişdir. Eyni zamanda videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs bədəninin görünən hissələrində heç bir xəsarət izləri mövcud deyil, habelə çəkiliş zamanı Y.Abbasovun hər hansı həyəcan keçirmədiyi, sadəcə olaraq polis əməkdaşları tərəfindən ifşa olunduğuna görə təəssüf hissi keçirdiyi görsənir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 390 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthinin müayinəsi zamanı sol çiyin qurşağında qançır aşkar edilmişdir. Lakin rəydə həmin xəsarətin əmələ gəlmə vaxının müayinədən 3-4 gün əvvələ təsadüf etməsi qeyd edilir. Təqsirləndirilən şəxsin tibbi müayinəsi xx.xx.2025-ci il tarixdə aparılmışdır. Xəsarətin əmələ gəlmə zamanı isə 3-4 gün əvvələ, yəni 24-25 iyul tarixlərinə təsadüf etdiyi qeyd edilir. Təqsirləndirilən şəxs Yusif Abbasov yol-patrul xidmətinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, təqsirləndirilən şəxs Yusif Abbasovun bədən səthində aşkar edilmiş xəsarət yol-partul xidmətinin əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl, hazırki cinayət işi üzrə əhəmiyyət kəsb etməyən digər səbəblərdən yaranmışdır. Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru Ülvi Əhmədov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman döyülməsi, fiziki zor və ya digər təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: - böyük ictimai təhlükə törətməyən cinayətlər; - yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; - bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əssən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 07 ay 5 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra cəzanın çəkilməmiş hissəsi ərzində və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır, onun şəxsiyyətinin mənfi xarakterizə edilən hal kimi nəzərə alınır və təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilmiş cəzasının islahedici təsirinin şəxsin islah olunması üçün yetərli olmaması və nəticə etibarı ilə cəzanın məqsədlərinə nail olunmadığı qənaətinə gəlinir. Eyni zamanda, məlum olur ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq o, cəzanın çəkilməmiş müddəti ərzində qəsdən az ağır cinayət törətmişdir. Qeyd edilən hal təqsirləndirilən şəxsin islah olunmadığına dəlalət edir və bu səbəbdən Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivinin olmasını onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzanın çəkilməmiş hissəsi ərzində, habelə əvvəlki cinayətə görə məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən (1 il 7 ay 5 gün) şərti olaraq vaxtından əvvəl azad edilməsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri tətbiq edilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,47 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunduğundan, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 26 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 286 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 7(003)-1386/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 7 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 7 ay 5 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6,47 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 26 (iyirmi altı) saata görə 286 (iki yüz səksən altı) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar