Məhkəmə qərarları › İş №1(071)-128/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-128/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-128/2021 18.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-da daimi qeydiyyatda olmaqla yaşamış, 13.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 1,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ayrı-ayrılıqda 0,041 və 0,031 qram olmaqla 2 ədəd bükümdə qablaşdırılmış, cəmi 0,072 qram çəkidə olan hissəsini 60 manat pul vəsaiti müqabilində tanışı Şahid3 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra 11.07.2021-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri T.Ələkbərov küçəsində yerləşən “Dəniz” marketin yaxınlığında satmış, qalan 1,209 qram çəkidə olan hissəsi isə 13.07.2021-ci il tarixdə saat 19:50-də Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri T.Ələkbərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, ünvan 1-da daimi qeydiyyatda olmaqla yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 234.4.3 və 307.2-ci maddələri ilə məhkum olunmuşdur. 2010-cu ildən narkotik vasitə heroindən istifadə etmiş, son zamanlar isə psixotrop maddə metamfetamindən istifadə edir. 11 iyul 2021-ci il tarixdə saat 23 radələrində Şahid3 ilə görüşmüş hər biri 30 manat qoymaqda, 60 manata tanımadığı şəxsdən öz istifadələri üçün psixotrop maddə olan metamfetamin almışdır. Bir hissəsini Rəhmana vermiş, qalan hissəni isə öz istifadəsi üçün saxlamışdır. O, rəhmana metamfitamini sattmamışdır. Bu səbəbdən özünü narkotik maddənin satışıında təqsirli bilmir., özünü Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilir. 13 iyul 2021-ci il tarixdə axşam saatlarında ünvan 1 ünvanda yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində psixotrop maddə saxlamaqda və Şahid3 psixotrop maddə metamfetamin satmaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul RPŞ-də onu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşlar. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Həmin vaxt ondan üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşlarına əynindəki göy rəngli cins şalvarın qabaq sağ cibində saxladığı 1 ədəd sellofan bükümü təqdim edərək, həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdalarına üzərindən aşkar edilən metamfetamini 10 iyul 2021-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri T.Ələkbərov küçəsində yerdən tapdığını, həmin psixotrop maddə metamfetaminin bir hissəsini 2 ədəd kağız bükümdə 11 iyul 2021-ci il tarixdə saat 23 radələrində Şirvan şəhərində yaşadığı evin yaxınlığında yerləşən “Dəniz” marketin yaxınlığında 60 manat pul müqabilində Şahid3 satdığını, satdığı metamfetaminin müqabilində əldə etdiyi 60 manat pulu xərclədiyini bildirsə də, əslində o, Rəhmana metamfitamin satmamışdır. Onlar birlikdə pul qoyaraq metamfitamin almışlar. Polis şöbəsində ona qarşı hər hansı bir psixi və fiziki təsir olmamış, zorakılıq göstərilməmişdir. Ondan aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, o protokola imza etmişdir. Şahid Hacıqabul RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 13 iyul 2021-ci il tarixdə ona Hacıqabul rayonu Abdulabad kəndində yaşayan Şahid3 üzərində qanunsuz olaraq narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid3 ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Hacıqabul rayon PŞ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində Şahid3 Hacıqabul şəhəri Ə.Vahid küçəsində “Loğman” aptekin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Şahid3 müdafiəçi təyin edildikdən sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Şahid3 əynində olan qara rəngli cins şalvarının sağ cibindən 2 ədəd kağız kəsiyində psixorop maddə olan metamfetaminə bənzər maddə aşkar edildi. Sorğu zamanı Şahid3 həmin psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs 60 manata Şirvan şəhərində aldığını bildirdi. Şahid3 aşkar edilmiş psixotrop maddəyə bənzər maddə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün PŞ-nin 80 nömrəli möhürü ilə möhürləndi. Bundan sonra TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunub ucadan oxundu. Onlar protokola imza etmişlər. Əməliyyat tədbirlərinin davamı olaraq 13.07.2021-ci il tarixdə saat 19 radələrində Şirvan şəhər T.Ələkbərov ev 9-da yaşayan Təqsirləndirilən şəxs müəyyən olunaraq Şirvan şəhəri T.Ələkbərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olmaqda şübhəli olduğundan və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli oluğundan Hacıqabul rayon PŞ-yə dəvət edilmişdir. Polis şöbəsində TBnin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edildikdən sonra o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd sellofan bükümündə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra Zabitin şalvarının qabaq sol cibindən 3 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 64 manat pul aşkar edildi. Sorğu zamanı Zabit 60 manata Rəhmana metamfetamin satdığını, lakin üzərindən aşkar edilmiş 64 manat pulun həmin pul olmadığını, Rəhmana satdığı metamfetaminin müqabilində aldığı pulları xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə və pul vəsaiti qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün PŞ-nin 80 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunub ucadan oxunmuşdur. O, protokola imza etmişdir. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır. Onunla aralarında ədavət və düşəmənçilik yoxdur. O, əvvəllər bir neçə dəfə Zabitdən narkotik vasitə alıb istifadə etmişdir. O, tutulmamışdan bir neçə gün qabaq metamfetamin qəbul etməyə başlamışdır. 11 iyul 2021-ci il tarixdə saat 23 radələrində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zabitin istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib ondan metamfetamin olub-olmadığını soruşduqda, Zabit ona psixotrop maddə olduğunu, iki bükümü 60 manata verə biləcəyini demişdir. O, Zabitlə razılaşmışdır. Zabit ona zəng edərək harada qaldığını soruşduqda, o, Zabitə Şirvan şəhərində olduğunu demişdir. Zabit ona Şirvan şəhərində yerləşən “Dəniz” marketin yaxınlığına getməsini demişdir. O, Şirvan şəhərində yerləşən “Dəniz” marketin yaxınlığına gedərək Zabitlə görüşüb sonuncuya 3 ədəd 20 manatlıq əskinas olmaqla, cəmi 60 manat pul vermişdir. Zabit isə həmin pulun müqabilində ona 2 ədəd kağız kəsiyinə bükülmüş vəziyyətdə olan büküm vermişdir. Bundan sonra o, yaşadığı kəndə gedərək yolda həmin bükümlərdən biraz götürərək istifadə etmişdir. Qalanını isə sonra istifadə etmək üçün və heç kimin görməməsi üçün cibinə qoymuşdur. 13 iyul 2021-ci il tarixdə saat 18 radələrində Hacıqabul şəhərində “Loğman” aptekin yaxınlığında olan zaman Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o əynində olan qara rəngli cins şalvarın sağ cibindən 2 ədəd kağız kəsiyində psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş və həmin maddənin metamfetamin olduğunu və tanışı Təqsirləndirilən şəxs 60 manata aldığını bildirmişdir. Onun təqdim etdiyi metamfetamin qablaşdırılmış, protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. 13 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid3 şəxsi axtarış və götürmə zamanı qara rəngli cins şalvarının sağ cibindən 2 ədəd kağız bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini tanışı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 60 manat pul müqabilində əldə etdiyini bildirmişdir. 13 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı göy rəngli cins şalvarının qabaq sağ cibindən 1 ədəd sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini Şirvan şəhər ərazisində yerdən tapdığını, həmin psixotrop maddə olan metamfetaminin bir hissəsini tanışı Şahid3 60 manat pul müqabilində satdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 18/720 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, 1) tədqiqata təqdim edilmiş üzərində: “...Şahid3 üzərindən....” sözləri və imzalar olan kağız paketi açdıqda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,041 qr, 0,031 qr, ümumi təmiz çəkisi - 0,072 qram olan maddələr eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 1,209 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 03 ədəd bükümdə olan metamfetamin eyni tərkiblidir.(iş v. 58-61). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 26.08.2021-ci il tarixli 3073 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 186-187). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 29.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, əvvəllər Şirvan şəhər Məhkəməsinin 12.06.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 02.10.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 03 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15.04.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 307.2, 93.1.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19.08.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2016-cı il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 19.08.2015-ci il tarixli qərarı ləğv edilərək iş yenidən Apellyasiya baxışına göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 10.11.2016-cı il tarixli 1(106)-398/2016 nömrəli hökmünə əsasən 15.04.2015-ci il tarixli hökm ləğv edilib Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Binəqədi rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarına əsasən 06 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, 22.05.2020-ci il ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 10.11.2016-cı il tarixli 1(106)-398/2016 nömrəli hökmü ilə yaranmış məhkumluğu ödənilməmiş və götürülməmişdir. Şirvan şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli 1(032)-158/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03.03.2021-ci il tarixdən 04.03.2021-ci il tarixə kimi, 23.04.2021-ci il tarixdən 25.04.2021-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınaraq cəzasından dörd gün çıxılmış, ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin barəsində «həbs» qətimkan tədbiri seçilməsinə dair Hacıqabul rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarına əsasən 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli 3(071)-332/2021 nömrəli qərarı ilə Şahid3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmişdir. 13.07.2021-ci ildən 14.07.2021-ci ilə kimi cinayət törətməkdə şübhəli şəxs qismində tutulduğu 1 gün, təyin olunan 20 gün müddətinə inzibati həbsdən çıxılmaqla, onun üzərində 19 gün müddətinə inzibati həbs tənbehi saxlanılmışdır. Həbs etmənin əvvəli 18.10.2021-ci il tarixdən saat 12:00-dan hesablanmışdır. Şahid3 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,041 qr, 0,031 qr ümumi təmiz çəkisi - 0.072 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 11.07.2021-ci il tarixdə saat 23:16:35-də zəng olunaraq 79 saniyə müddətində, 11.07.2021-ci il tarixdə saat 23:33:55-də zəng olunaraq 10 saniyə müddətində, 11.07.2021-ci il tarixdə saat 23:41:24-də zəng olunaraq 25 saniyə müddətində danışıqlar aparılmışdır. 11.07.2021-ci il tarixdə saat 23:16:35-də Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi Hacıqabul rayonu, 11.07.2021-ci il tarixdə saat 23:33:55-də və 11.07.2021-ci il tarixdə saat 23:41:24-də isə Şirvan şəhəri ərazisində anten dairəsində qeydə alınmışdır. "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 11.07.2021-ci il tarixdə saat 23:16:35-də zəng olunaraq 79 saniyə müddətində, 11.07.2021-ci il tarixdə saat 23:33:55-də zəng olunaraq 10 saniyə müddətində, 11.07.2021-ci il tarixdə saat 23:41:24-də zəng olunaraq 25 saniyə müddətində danışıqlar aparılmışdır. 11.07.2021-ci il tarixdə saat 23:16:35-də Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi Hacıqabul rayonu, 11.07.2021-ci il tarixdə saat 23:33:55-də və 11.07.2021-ci il tarixdə saat 23:41:24-də isə Şirvan şəhəri ərazisində anten dairəsində qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış telefon danışıqları və digər iş materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 1,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ayrı-ayrılıqda 0,041 və 0,031 qram olmaqla 2 ədəd bükümdə qablaşdırılmış, cəmi 0,072 qram çəkidə olan hissəsini 60 manata tanışı Şahid3 satması, qalan 1,209 qram çəkidə olan hissəsi isə öz üzərində üzərində saxlamaqla, cinayət törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsini və Şahid3 metamfetamin satmadığına dair məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, Təqsirləndirilən şəxs özü 13.07.2021-ci il tarixdə üzərinə müdafiəçinin iştirakı və video çəkiliş vasitəsilə baxış zamanı Şahid3 metamfetamin satdığını etiraf etmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi sərbəst ifadələrində də özünü Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə tam təqsirli bilmişdir. Məhkəmə iclasında polis əməkdaşları və Şahid3 təqsirləndirilən şəxsin üzünə qarşı onun Şahid3 narkotik vasitə olan metamfetamin satdığını söyləmişlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin 15 iyul 2021ci il tarixli 1(032)-158/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, Təqsirləndirilən şəxs qəti cəza müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin əvvəli 13.07.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 1,221 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdi 20 saata görə 120 manat olmaqla, cəmi 360 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 1(032)-158/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən, yeni hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, Təqsirləndirilən şəxs qəti cəza 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata götürülsün. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 1,221 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdi 20 saata görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar