Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-129/2021 09.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, "xxxx" MMC-də anbardar işləyən və barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, о, 05.05.2017-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-də SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) üzrə mütəxəssis vəzifəsində işləyərkən üzərinə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.3 bəndinin, yəni hündürlükdə işləyən işçilərin yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olması, ixtisas səviyyəsinin (dərəcəsi) peşə-ixtisas təhsili (təlimi) barədə sənədlə təsdiq edilməsinə dair, həmin qaydaların 2.6 bəndinin, yəni hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsinin bu qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun olaraq həyata keçirilməsinə dair, həmin qaydaların 5.19 bəndinin, yəni iş yerləri dam örtüyünün üzərindədirsə bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığının layihədə nəzərdə tutulmuş dam örtüyünə düşən yükün çəkisindən çox olmamasına dair, həmçinin “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.9 bəndinin, yəni kəlləçarxı işlərin görülməsinə yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş və yararlı tanınmış, tarif dərəcəsi 3-dən aşağı olmayan və kəlləçarxı işlərdə bir ildən az olmayaraq iş təcrübəsi olan şəxslərin (fəhlələr və mühəndis-texniki işçilər) buraxılması, birinci dəfə kəlləçarxı işlərə buraxılmış fəhlələrin bir il ərzində təşkilatın əmri ilə təyin olunmuş təcrübəli fəhlələrin bilavasitə nəzarəti altında işləməli olması (qeyd : torpaq səthindən, örtükdən və iş yerindən 5 m hündürlükdə görülən işlər kəlləçarxı işlər hesab olunur, təmir və quraşdırma işlərinin görülməsi zamanı işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə qoruyucu kəmərdir) qaydalarına dair, həmin qaydaların 2.1 bəndinin, yəni iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyinin təmin edilməsinə dair, həmin qaydaların 2.26 bəndinin, yəni 1.3 m və daha çox hündürlükdə və aşırımdan 2 m-dək məsafədə olan iş yerlərinin 12.4.059-89 DST-ə (dövlət standartlarına) uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin olunması, qoruyucu çəpərin quraşdırılması mümkün olmadıqda hündürlükdə görülən işlərin 12.4.059-89 DST-na uyğun qoruyucu kəmərlərin istifadəsi ilə yerinə yetirilməsinə dair, həmin qaydaların 12.11 bəndinin yəni, quraşdırıcıların bir konstruksiyadan digərinə keçməsi üçün inventar nərdivandan, məhəccəri olan keçid avadanlıqlarından, körpücüklərdən istifadə olunması, qoruyucu çəpərin tətbiqi mümkün olmayan konstruksiyalardan (fermalardan, riqellərdən və s.) quraşdırıcıların keçməsi xüsusi qoruyucu ləvazimatlar (qoruyucu kəmərin karabinin(qarmağının) bağlanması üçün ferma və ya tirlər boyu etibarlı şəkildə tarım çəkilmiş burazdan) istifadə edilmədən yol verilməməsinə dair tələblərə əməl etməyib texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarını pozmuş, nəticədə Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus istixana kompleksində fəhlə işləyən X7, 17.09.2020-ci il tarixdə saat 10:40 radələrində hündürlüyü 5 metr olan istixana kompleksinin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri apararkən oradan yıxılıb sol körpücük sümüyü üzərinin və sol çanaq tini nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan, solda 3-4-5-6-cı qabırğaların sınığı, sol körpücük sümüyünün sınığı kimi sağlamlığa az ağır zərər vuran, sol gicgah sümüyünün, ənsə sümüyünün, təpə sümüyünün sınıqları, beyinin subdural hematoması, beyin toxumasına qansızma, dalağın zədələnməsi kimi sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq 27.09.2020-ci il tarixdə xəstəxanada ölmüş, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölməsinə səbəb olan texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CMin 162.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də işçilərin texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) üzrə mütəxəssis kimi həyata keçirmiş, həmin vəzifənin icrası ona həvalə edilmiş, işçilərin texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət etməsinə nəzarət edilməsi də onun vəzifələri olmuşdur. O, "xxxx" MMC-də işçilər işə qəbul olunduğu zaman ilk növbədə onlara “giriş təlimatı” verərək ümumi qaydaları izah etmiş, işçilərə daxil olması qadağan olunan ərazilər barədə məlumat, yanğın təhlükəsizliyi, fövqəladə hallar zamanı necə davranmalı, gigiyena qaydaları, elektrik avadanlıqları ilə istifadə zamanı təlimatı və sair izah etmişdir. O, işə qəbul olunmuş hər bir işçiyə giriş təlimatı keçildikdən sonra, işçi “Giriş təlimatı” jurnalına imza etmiş, daha sonra isə işçiyə peşə üzrə əməyin mühafizəsi ilə bağlı təlimat haqqında məlumat vermişdir. Hər bir işçiyə öz peşəsinə müvafiq olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını izah etmiş, bu barədə təlimat keçmiş, işçi təlimat keçildikdən sonra “əməyin mühafizəsi üzrə iş yerində təlimat” jurnalına imza etmiş və işə buraxılmışdır. Hadisədən əvvəlki günlərdə istixana üzərində parnikin dam örtüyü, başqa sözlə sellofanlar cırıldığı üçün təmir işçiləri və fəhlələr həmin istixana üzərində təmir işlərinin görülməsinə cəlb olunmuş, lakin onun fəhlələrin istixana üzərində təmir işləri görməsindən məlumatı olmamışdır. X10 və Şahid1 təmir işləri görməsindən və 5 metr hündürlükdə istixana üzərində işləməsindən məlumatı olmamış və işlədiyi dövrdə bunu görməmişdir. Təmir işçilərini təmir işləri görən zaman fərdi mühafizə vasitələri ilə təmin etmişdir. Bəzən təmir işçiləri Şahid4 və Şahid5 5 metr hündürlükdə sellofan, tül tikilməsi zamanı onların dəbilqə, yəni kaska taxmamasını görsə də, yıxılmalarına risk az olduğu üçün buna əhəmiyyət verməmişdir. İlkin və Cəlalı 5 metr hündürlükdə istixananın altında, istixananın içində pərdələrin tikilməsi zamanı görmüşdür. Onlar qaldırıcı araba vasitəsilə 3 metr hündürlükdə işlər görmüşlər, arabanın özünün 1.1 metr hündürlüyündə qoruyucu məhəccəri var. İlkin və Cəlala fərdi mühafizə vasitəsi vermişdir. İlkin Baxşaliyevin istixana üzərində çıxıb təmir işləri görməsindən məlumatı olmamışdıır. Sonuncu dəfə İ.Baxşaliyevə 01.09.2020-ci il tarixdə əməyin təhlükəsizliyi üzrə təlimat keçmişdir, yeni sezon başladığı üçün işçilərə təlimat keçmişdir, müəssisədə gündəlik təlimat keçilmir. İ.Baxşaliyevə 20.01.2020-ci il tarixdə 2 dəst forma və çəkmələr vermiş, əlcəklər isə işçilərə 3 gündən bir verilir. İlkin fəhlə olduğu üçün ona fərdi mühafizə vasitələri kimi dəbilqə, təhlükəsizlik kəməri verilməmişdir. Dəbilqə və təhlükəsizlik kəməri təmir işçilərinə verilir. 17.09.2020-ci il tarixdə yuxarıda, yəni damda hər hansı bir iş görülməsi nəzərdə tutulmamışdır. Təmir işlərinin görülməsi İlkinin vəzifələrinə aid deyil. Onun vəzifəsi yeşikləri maşınlara yükləməkdən və ərazini təmizləməkdən ibarət olmuşdur. Damda təmir işlərinin görülməsi Şahid4 və Xanəliyev Fərmaninin vəzifələrinə aiddir. "xxxx" MMC-nin baş əməliyyat direktoru Şahid7 17.09.2020-ci il tarixdə İlkin Baxşaliyevə pomidor ştilləri olan yeşikləri maşınlara yüklənilməsini tapşırmışdır. Həmin gün saat 10:15-dən 10:30-a kimi çay fasiləsi olmuşdur. Bu zaman o, öz otağında olmuşdur. Birdən qışqırıq səsi eşitmişdir. Əbilova Elməddin qaçaraq onun yanına gəlmiş və İlkinin dəhlizin damından yıxıldığını bildirmişdir. O, dərhal hadisə yerinə getmiş, İlkinin yerdə betonun üstündə olduğunu və qulağından qan gəldiyini görmüşdür. O, İlkini maşına qoyaraq tibbi yardım göstərilməsi üçün təcili olaraq xəstəxanaya aparmışdır. Sonra iş yerinə qayıtmış və araşdırma aparmışlar. İşçilər hamısı İlkinin dəhlizin damına necə çıxmasını görmədiklərini bildirdilər. O, İlkinin dəəhlizin damına çıxmasını görsəydi ona mane olardı və çıxmasına icazə verməzdi. Çünki, damda iş görmək İlkinin vəzifələrinə aid deyildir. Baş vermiş hadisədən təəsüflənir, hadisənin qarşısını almağa imkanı olmadığı üçün özünü günahkar hesab edir. Hündürlükdə yerinə yetirilən kəlləçarxı işlər zamanı, yəni, 5 metr hündürlükdə görülən işlər zamanı işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə olan qoruyucu kəmərlə təmin olunsalar da, həmin kəmərdən istifadə etmək üçün müvafiq konstruksiya yoxdur. Dam örtüyü üzərində görülən işlər zamanı həmin qoruyucu kəmərin taxılması üçün yer yoxdur. İstixanaların üzəri sellofanla örtüldüyündən kəmər taxılmasına yer qurulması üçün hər hansı dəmir konstruksiya yoxdur. Hündürlükdə yerinə yetirilən işlər zamanı qoruyucu kəmərdən istifadə etmək mümkün olmadığı halda, işçilərin hündürlükdən yıxılmasının qarşısının almaq üçün müvafiq konstruksiyaya malik ayaqaltı qurğu və vasitələrin də tətbiqi mümkün deyildir. İstixana kompleksinin yerləşdiyi yerdə bu konstruksiyaların tətbiq olunması üçün şərait yoxdur. Qeyd olunan halların aradan qaldırılması, avadanlıqların təmin olunması, işçilərin qoruyucu kəmərdən istifadə etmək üçün iş şəraitinin yaradılması ilə bağlı rəhbərlik qarşısında rəsmi tələb irəli sürməmişdir. Vəzifə təlimatlarının 2-ci bəndinə əsasən “təhlükə mənbələrini aşkar etmək, tədbirlər görmək və istismar qaydalarına riayət olunmasını tələb etmək”, 7-ci bəndinə əsasən “Əməyin təhlükəsizliyinin qiymətləndirilməsi və qarşısının alınması”, 12-ci bəndinə əsasən “iş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunu təmin etmək”, 18-ci bəndinə əsasən “sağlam və təhlükəsiz iş şəraiti yaratmaq və iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks tədbirlər planı hazırlamaq və yerinə yetirmək”, 22-ci bəndinə əsasən “potensial təhlükə mənbəyi olan iş metodları, proseslər və ya materiallar üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirlər tövsiyyə etmək” onun vəzifələrinə aiddir. Bu vəzifələri yerinə yetirmişdir. Lakin 5 metr hündürlükdə təmir və quraşdırma işlərinin görülməsi zamanı işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə qoruyucu kəmərdən istifadə etmələrinə şərait olmamış, eləcə də kəmər olmadığı halda işçilərin hündürlükdə görülən işlər zamanı müvafiq ayaqaltı qurğu və vasitələrlə təmin olunması haqqında rəhbərlik qarşısında yazılı tələb irəli sürməmişdir. Yalnız şifahi olaraq bu işlərin görülməli olduğunu bildirmişdir. O, İlkin Baxşaliyevin yıxılması hadisəsi baş verdikdən sonra işçilərin təklifləri əsasında istixana üzərində kəmər taxılması üçün 7 metrlik qoruyucu dəmir boru tərtib olunması barədə rəhbərlik qarşısında rəsmi təklif irəli sürmüş və rəhbərlik həmin qoruyucu borunu təşkil etmişdir. Bundan sonra hündürlükdə görülən bütün işlər zamanı təhlükəsizlik kəmərinin dəmir boruya taxılaraq aparılır. 27.09.2020-ci il tarixədək İ.Baxşaliyev xəstəxanada komatoz vəziyyətdə qalmış, 27.09.2020-ci il tarixdə isə vəfat etmişdir. O, baş vermiş hadisə ilə bağlı çox təəssüflənir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinə sığorta ödənişi edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti yodur. Onun evli, himayəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 12 iyul 2004-cü il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan 2005-ci il təvəllüdlü Cahid, 2008-ci il təvəllüdlü Məhəmməd, 2018-ci il təvəllüdlü Tunar adlı övladları dünyaya gəlmişdir. İlkin, Hacıqabul rayonu Atbulaq kəndində yerləşən "xxxx" MMC adlanan müəssisədə fəhlə işləmiş, ailənin maddi təminatını ödəmişdir. 17.09.2020-ci il tarixdə saat 10:40 radələrində əri X7 fəhlə kimi işlədiyi "xxxx" MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət almış, 27.09.2020-ci il tarixdə xəstəxanada ölmüşdür. 17.09.2020-ci il tarixdə saat 17 radələrində atası ona əri İ.Baxşaliyevin iş vaxtı hündürlükdən yıxılması və xəsarət alması, Bakı şəhərinə “Mirqasımov” adına Respublika Kliniki Mərkəzinə aparılması barədə məlumat vermişdir. İlkinin 17 sentyabr 2020-ci il tarixdə saat 10-11 radələrində iş vaxtı müəssisənin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yerə yıxılmasını, işçilər tərəfindən əvvəlcə Ələt qəsəbəsində yerləşən xəstəxanaya çatdırılmasını, lakin xəstəxanaya daxil olmadan təcili yardım maşını ilə Bakı şəhərinə Respublika Kliniki Mərkəzinə gətirilməsini öyrənmişdir. Daha sonra isə İlkini “X16”a yerləşdirmişlər. 27.09.2020ci il tarixədək İ.Baxşaliyev həmin xəstəxanada komatoz vəziyyətdə qalmış, 27.09.2020-ci il tarixdə isə ölmüşdür. O, baş vermiş hadisə ilə bağlı hər hansı şəxsdən şikayəti deyildir. X14 vəfat etdikdən sonra ona və uşaqlarına maddi yardım, təzminat ödənilməmişdir, yalnız İlkinin maaş kartına işlədiyi yerdən son haqq-hesab pulu kimi təxminən 1000 manat pul köçürülmüşdür. İlkin 2020-ci ilin iyun ayına qədər istixanada paketləmə işində işləmiş, daha sonra isə təmir işlərinə keçmişdir. İlkin ona təmir işləri ilə məşğul olduğunu, hündürlükdə işlədiyini, tül tikdiyini bildirmişdir. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən İlkinin əməliyyatları üçün “X16”a təxminən 18.000 manat pul köçürülmüşdür. İlkinin icbari sığortası tərəfindən onun və uşaqlarının adına təxminən 40.000 manat pul köçürülmüşdür. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Şahid2 oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2017-ci ildən Hacıqabul rayonu Atbulaq kəndində yerləşən "xxxx" MMC-də fəhlə işləmişdir. Fəhlə kimi çöl və ərazi işlərində çalışmış, ərazinin təmizliyinə, anbara gələn yükün boşaldılmasına, sahənin yabanı bitkilərdən təmizlənməsinə, boruların təmirinə və sair bu kimi işlərə baxmışdır. O, 17 sentyabr 2020-ci il tarixdə saat 10:40 radələrində Hacıqabul rayonu Atbulaq kənd sakini X7 fəhlə kimi işlədiyi "xxxx" MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olan zaman yıxılaraq xəsarət almışdır. MMC-nin işçiləri tərəfindən İlkin Bakı şəhərinə xəstəxanaya çatdırılmış, lakin xəstəxanada ölmüşdür. O, 17 sentyabr 2020-ci il tarixdə saat 10:40 radələrində fəhlə Vahidlə birlikdə rəngləmə işləri ilə məşğul olmuş, hadisə baş verən vaxt MMC-nin giriş hissəsində işçilərin səsini eşitmiş, işçilər “yıxıldı-yıxıldı” deyə qışqırmış, işçilərin səs-küyünü eşidəndən sonra həmin tərəfə getmişdir. MMC-nin giriş hissəsinin servis tunelinə çatanda işçilərin İlkini maşına qoyub apardıqlarını görmüş, nə baş verdiyini soruşanda İlkinin dam örtüyü üzərindən yerə yıxıldığını demişlər. Həmin vaxt İlkinin yıxıldığı yerdə qan ləklərinin olduğunu görmüşdür. O, fəhlə Cəlalın bir neçə dəfə dam örtüyü üzərində işləməsinin şahidi olmuş, İlkin Baxşaliyevin dam örtüyü üzərində işləməsini heç vaxt görməmişdir. Hadisə günü Rəhman müəllim İlkinə kakobit yüklənməsi işi tapşırmışdır. Lakin İlkinin həmin işi yarımçıq qoyub özbaşına dam örtüyü üzərinə çıxmışdır. SƏTƏM işləyən Təqsirləndirilən şəxs fəhlə Cəlalın, eləcə də bütün hündürlükdə təmir işi görən şəxslərin təmir işlərini görməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs işçilərə bəzi hallarda fərdi mühafizə vasitələri versə də, istixana üzərində kəmərin taxılması üçün yer olmamışdır. Hadisə baş verdikdən sonra kəmər taxılması üçün konstruksiya quraşdırılmış, işçilərin hündürlükdən yıxılmasının qarşısının alınması üçün başqa vasitələr, ayaqaltı qurğu və vasitələr də tətbiq edildiyinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs işçilərə hündürlükdə işlərin görülməsindən əvvəl təlimat keçməsini, tibbi müayinəsinin aparılmasını, temperatur, təzyiqlərinin yoxlanılmasını görməmişdir. Hadisə baş verdikdən sonra, yəni 17.09.2020-ci il tarixdən sonra Təqsirləndirilən şəxs tərəfindən işçilərə hündürlükdə işlərin görülməsindən əvvəl qeyd edilən təlimat keçmişdir. Hadisə baş verənə kimi Təqsirləndirilən şəxs işçilərin hündürlükdə işləyən zaman onlara nəzarət etməsini görməmiş, onun çox vaxt otağında olduğunu görmüşdür. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hündürlükdə işləyən işçilərə nəzarət etməsinin şahidi olmuşdur. Şahid3 və Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Şahid X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2019-cu ildən "xxxx" MMC-də avtokar sürücüsü işləmiş, MMC-də torpaq yol üçün və beton yol üçün nəzərdə tutulmuş 2 ədəd sarı rəngli avtokar olmuş, dam örtüyü üzərinə qaldırıcı avtokar vasitəsi ilə istixana kompleksinin arxa tərəfindən və ön tərəfindən çıxmaq mümkün olmuş, hava şəraiti normal olduqda fəhlələrin və təmir işçilərinin yükləri olduqda avtokar vasitəsi ilə onların dam örtüyü üzərinə qalxmalarına kömək etmişdir. Hadisə baş verən gün, yəni 17.09.2020-ci il tarixdə İ.Baxşaliyev dam örtüyü üzərinə çıxmaq üçün ona müraciət etməmişdir. Hadisədən təxminən 2 saat əvvəl baş əməliyyat direktoru Şahid7 İlkinə paketləmə işinə nəzarət etməyi tapşırmış, İkin isə həmin yerdə az dayanmışdır. O, İlkin Baxşaliyevi hadisə hadisədən əvvəlki günlərdə dam örtüyü üzərinə avtokar vasitəsi ilə qaldırmış, bəzi hallarda dam örtüyü üzərinə qaldırdığı işçilərin üzərində fərdi mühafizə vasitələrinin olmadığını görmüşdür. Şahid "xxxx" MMC-də fəhlə işləyən Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, SƏTƏM Təqsirləndirilən şəxs yanında istixana üzərinə çıxıb təmir işləri görmüşdür. Təqsirləndirilən şəxs fəhlələrin dam örtüyü üzərində təmir işləri görməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs fəhlələri istixana üzərinə çıxarkən görsə də, hər hansı fərdi mühafizə vasitələri ilə təmin etməmişdir. O, və İlkin Baxşaliyevin kaska, yəni dəbilqə olmadan istixana üzərində təmir işləri görmüşlər. Təmir işçiləri Elməddin və Fərmaninin də istixana üzərində təmir işləri görən zaman dəbilqəsiz çıxıb düşmüşlər. Qoruyucu kəmərlə və digər fərdi mühafizə vasitələri ilə təmin olunmamışlar. İlkinin yıxılması hadisəsi baş verdikdən sonra, yəni 17.09.2020-ci il tarixdən sonra Təqsirləndirilən şəxs tərəfindən işçilərə hündürlükdə işlərin görülməsindən əvvəl təlimatın keçilmiş, tibbi müayinəsi aparılmışdır. Şahid "xxxx" MMC-də istehsalatın avtomatlaşdırılması üzrə mühəndis işləmiş Şahid6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, təmir işçiləri Elməddin və Fərmaniyə hündürlükdə işləməklə bağlı tapşırıq verdiyi zaman onları fərdi mühafizə vasitələri ilə təmin olunması üçün SƏTƏM Təqsirləndirilən şəxs yanına göndərmişdir. Lakin Təqsirləndirilən şəxs işçiləri fərdi mühafizə vasitələri ilə hər zaman təmin etməmişdir, onun hündürlükdə işləməklə bağlı təlimat keçməsindən məlumatı olmamışdır. Hündürlükdə işlərin görülməsi zamanı Təqsirləndirilən şəxs işçilərin təhlükəsizliyinə və görülən işlərə nəzarət edilməsini çox zaman həyata keçirməmişdir. İstixana kompleksi üzərində görülən işlər zamanı, təmir və quraşdırma işlərinin görülməsi zamanı işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə olan qoruyucu kəmərin istifadə olunmamış, taxılması üçün müvafiq konstruksiya olmamışdır. Hündürlükdə görülən işlərdə, eləcə də təhlükəli iş proseslərində işçilərin təhlükəsizliyinə nəzarət etmək, təhlükəsiz iş şəraiti yaradaraq işçilərin hündürlükdən yıxılmasının qarşısının alınması üçün qoruyucu kəmərin taxılmasına müvafiq konstruksiyanın təmin edilməsi SƏTƏM kimi Təqsirləndirilən şəxs vəzifəsi olmuşdur. Lakin Təqsirləndirilən şəxs həmin vəzifələrini tam yerinə yetirməmişdir. İşçilərin hündürlükdən yıxılmasının qarşısının alınması üçün müvafiq ayaqaltı qurğu və vasitələrin tətbiqi təmin olunmamışdır. Şahid "xxxx" MMC-nin baş əməliyyat direktoru işləmiş Şahid7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, SƏTƏM Təqsirləndirilən şəxs tapşırıq verərək hər hansı təhlükəli işlərin görülməsi zamanı işçilərin təhlükəsizlik vasitələrinin olub-olmamasına nəzarət etmək, təhlükəsizlik qaydalarına tam riayət etmələri üçün həmin yerə göndərmişdir. Lakin Təqsirləndirilən şəxs öz vəzifələrinin çox vaxt yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs işlə bağlı tapşırıq verərkən işçilərin gördüyü riskli işlər zamanı, hündürlükdə görülən işlər zamanı onların təhlükəsizliyinə, fərdi mühafizə vasitələrinin təmin edilməsinə, iş prosesinə nəzarəti həyata keçirməyi tapşırmışdıır. Lakin, Təqsirləndirilən şəxs işçilərin təhlükəsizliyinə, iş prosesinə lazımı qaydada nəzarəti həyata keçirməmişdir. Çox vaxt Təqsirləndirilən şəxs otağında oturub heç bir işlə məşğul olmadığını görmüşdür. Buna görə də ona dəfələrlə otaqdan çıxıb işlə məşğul olmağı, işçilərin üstündə durub onlara nəzarət etməyi, hündürlükdə işləyən işçilərə və iş prosesinə nəzarət etməyi tapşırmışdır. Hadisə günü o, X12 Baxşaliyevə kakobitlərin maşınlara yüklənməsinə nəzarət etməyi tapşırmışdır. İki maşın yüklənməli idi, təcili olaraq dibçəkləri parnikləldən çıxarmaq lazım idi. Çünki, orada ziyanverici həşaratlar əmələ gəlmişdi. Həmin həşaratların istixanaya yayılması bütün məhsulu məhv edə bilərdi. Bu səbəbdən 4,50 manata aldıqları dibçəkləri 0,20 manata satmmağa razılaşaraq, onları ərazidən kənarlaşdırmağa çalışmışdır. O, maşınları yükləmək üçün baş aqronomdan əlavə fəhlə istəmişdir. Həmin fəhlələr maşınlara 1500 ədəd dibçək yerləşdirirdilər. Əslində 2400 dibçək yerləşdirmək mümkündür. Dibçəklər az yüklənəndə əlavə maşın tələb olunur və yanacağa əlavə xərc çıxır. Odur ki, İlkinin bu barədə təcrübəsi olduğuna görə, o, İlkinə avtomaşınlara dibçəklərin yüklənilməsində iştirak etməsini və fəhlələrə nəzarət etməsini tapşırmışdır. Daha sonra aqronomla kiçik maşında ərazini gəzməyə çıxmışdır. Bir qədər sonra İlkin onun yanına gəlmişdir. O, İlkinə niyə görə maşınların yanında olmadığı irad tutmuş və onun yenidən dibçəkləri maşınlara yükləmək üçün göndərmişdir. Bir müddət sonra isə İlkinin dəhlizin üstündən yerə yıxıldığını və xəsarət aldığını eşitmişdir. Onlar İlkini MMC-nin avtomobili ilə təcili olaraq xəstəxanaya göndərmişlər. Təqsirləndirilən şəxs da İlkinlə birlikdə xəstəxanaya getmişdir, İlkini xəstəxanaya yerləşdirdikdən sonra geri qayıtmışdır. O, İlkinə dəhlizin üstünə çıxması ilə bağlı heç bir göstəriş verməmişdir. İlkinin dəhlizin üstünə necə çıxmasını öyrənə bilməmişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında 17 sentyabr 2020-ci il tarixli protokola əsasən, baxış keçirilən hadisə yeri Hacıqabul rayonu Atbulaq kəndində yerləşən "xxxx" MMC-nin pomidor parnikinin ərazisdir. Pomidor parnikinin yerləşdiyi əraziyə “1-ci post” adlanan mühafizə postunun qarşısında şlaqbaundan keçməklə daxil olmaq mümkündür. "xxxx" MMC-nin pomidor parnikində 3 mühafizə postu mövcuddur. 1-ci mühafizə postu pomidor parnikinin giriş hissəsində yerləşir. 2-ci və 3-cü mühafizə postları isə pomidor parniklərinin arxa tərəfində yerləşir. Pomidor parnikinin ərazisinə daxil olduqdan sonra geniş bir ərazidə sağ və sol tərəfdə hər birində 36 tunel olmaqla sellofanla əhatələnmiş pomidor parniki vardır. "xxxx" MMC-yə girişdən daxil olduqda hər iki tərəfdə yerləşən pomidor parnikinin arasında qazanxana, müxtəlif avadanlıqlar yerləşən qapalı hissəsi vardır. Həmin yer pomidor parnikinin 10 və 11-ci tunellərinin kəsişməsindən başlayır. İçəri daxil olduqda giriş hissədə, pomidor parnikinin 13-cü tuneli birləşən hissədə dam örtüyünün qırılmış vəziyyətdə olması müəyyən olunur. Həmin qırılmış dam örtüyü ilə döşəmə arasında olan məsafə 5 metr təşkil etmişdir. Baxışda iştirak edən Şahid4 həmin tarixdə saat 10:40-radələrində "xxxx" MMCnin servisində giriş qapısının yaxınlığında guppultu səsi eşitdiyini və həmin yerə doğru qaçdığını, "xxxx" MMC-nin girişində 13-cü tunelin dam örtüyünün bir hissəsinin qırıldığını, fəhlə işləyən X4 yerdə sol çiyni üstündə uzanıqlı vəziyyətdə olduğunu, yerdə isə az miqdarda qan olduğunu gördüyünü bildirdi. Bundan başqa, həmin pomidor parniki tunellərinin arasında mövcud olan qapalı əraziyə baxış zamanı müəyyən olundu ki, bir qədər irəlidə qazanxana, qadın və kişi işçilərin geyim dəyişmə otaqları, müdriyyət otağı, yeməkxana mövcuddur. Baxışda iştirak edən Şahid4 İ.Baxşaliyevin yıxıldığı 13-cü tunelləri birləşdirən dam örtüyünün üzərinə çıxmaq üçün yeri göstərərək İ.Baxşaliyevin həmin yerdən dam örtüyünün üzərinə çıxmış olduğunu bildirdi. Müəyyən olundu ki, İ.Baxşaliyevin 13-cü tunelləri birləşdirən dam örtüyünün üzərinə çıxmaq üçün "xxxx" MMC-nin girişindən sol tərəfdə olan parnikin 13 və 14-cü tunellərin dam örtüklərinin bitişdiyi yerdən istifadə etmişdir.( İ cild: səhifə 3-7) Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 28 yanvar 2021-ci il tarixli protokola əsasən, servis dəhlizində olan kamera görüntülərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə baş verməzdən əvvəl İlkin Baxşaliyev servis dəhlizinin kiçik qapısından çölə çıxaraq sağ tərəf istiqamətdə gedir. Baxış iştirakçısı Şahid1 bildirdi ki, servis dəhlizindən çölə çıxanda sağ tərəfdə müəssisənin qazanxanasının bacalarının köməkçi boruları və dəmir konstruksiyalar vardır. Həmin yerdən dam örtüyü üzərinə çıxmağa icazə verilmir. Lakin İlkin hadisədən əvvəl servis dəhlizinin kiçik qapısından çölə çıxaraq sağ tərəf istiqamətdə getdiyi üçün həmin dəmir borulardan və konstruksiyadan istifadə edərək dam örtüyü üzərinə çıxmışdır. Baxış keçirilərkən servis dəhlizinin giriş hissəsində iki qapılı darvaza, həmin darvazanın yanında isə digər bir qapı olması müəyyən olunur. Həmin qapıdan servis dəhlizindən çölə çıxarkən sağ tərəfdə 4 ədəd qazanxananın borusu və onların arasında dəmir konstruksiyaların olması görünür. Meyitə baxış keçirilməsi haqqında 27 sentyabr 2020-ci il tarixli protokola əsasən, meyitin xarici müayinəsi zamanı aşağıdakılar müəyyən edildi: meyit kişi cinsinə məxsus olub kafi qidalanmaya malikdir. Boyunun uzunluğu 170 sm-dir. Görünüşünə görə ona 39-40 yaş vermək olar. Ümumi dərisi avazımış boz rəngdədir. Meyit ləkələri meyitin arxa yan səthlərini əhatə etməklə yaxşı inkişaf etmişdir, barmaqla təzyiq etdikdə avazıyır, təzyiq kəsildikdən 6 dəqiqə sonra əvvəlki rənginə qayıdır. Meyit qacıması yoxlanılan qrup əzələlərində yaxşı inkişaf etmişdir. Baş tükləri qırxılmış vəziyyətdədir. Ağızı qapalıdır, ağızında dişləri təbii və özününküdür. Dodaqların selikli qişa keçidi avazımış boz rəngdədir. Boynu adi quruluşda olub əllə az hərəkətlidir. Boyun nahiyyəsində dəri səthində zədələr yoxdur. Gözlər bağlı vəziyyətdədir. Burun sümük və qığırdaqları əllə yoxladıqda tamdırlar. Burun keçəcəkləri təmiz və azaddır. Qulaq seyvanları üzə müsavidir, hər iki qulaq keçəcəkləri təmiz və azaddır. Qarnı döş qəfəsi səviyyəsindən bir qədər yuxarı olmaqla köpmə qeyd olunur. Döş qəfəsində qabırğaların əllə yoxlanması zamanı sol hissədə 4-cü və 5-ci qabırqaların sınığı hiss olunur. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik bağlıdır, ətraf dərisi təmiz və zədəsizdir. ZƏDƏLƏR: başın sağ hissəsində alın-təpə-ənsə nahiyyəsini əhatə edən 32x02 sm ölçüdə üzərində 30 ədəd cərrahi tikişləri olan cərrahi tikilmiş yara. Həmin nahiyəni əllə yoxladıqda həmin sahəyə aid olan sümüklərin müəyyən hissələrinin yerində olmaması hiss olunur. Sol körpücük sümüyü üzərində 10x5 sm ölçüdə bənövşəyi rəngli qançır. Sol çanaq tini nahiyəsində 12x4 sm ölçüdə bənövşəyi rəngli qançır. Diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2020-ci il tarixli protokola əsasən HGH_35_**********5348782.mp4 adlı fayl açıldıqda içərisində 9 dəqiqə 23 saniyədən ibarət videogörüntü olması müəyyən olunur. Videogörüntüdə səs yoxdur. Həmin videogörüntü "xxxx" MMC-nın servis dəhlizinin giriş hissəsini göstərir. Videogörüntü açıldıqda monitorun yuxarı sağ küncündə 09-17-2020 Thu 10:39:45 göstərir. Videogörüntüdə saat 10:40:48 göstərən zaman İlkin Baxşaliyevin "xxxx" MMC-nin servis dəhlizinin giriş hissəsindən dam örtüyünün qırılması nəticəsində yerə yıxılması müəyyən olundu. İ.Baxşaliyevin üzərində hər hansı fərdi mühafizə vasitəsinin olmaması müəyyən olunur. Həmin yerə bir neçə şəxslərin toplaşması, daha sonra işçilərin köməkləşərək İ.Baxşaliyevi servis maşınına qoyması, servis maşınının isə dəhlizdən çıxması, İ.Baxşaliyevin yıxıldığı yerdə beton döşəmə üzərində qanabənzər maye olması görünür. VİD_20200921_111844.mp4 adlı fayl açılan zaman 00:35 saniyəlik videogörüntü olması müəyyən olunur. Həmin videogörüntü 09:07:16-dan 09:08:25-dək olan vaxtı əhatə edir. Videogörüntüdə səs yoxdur. Həmin videogörüntüdə İ.Baxşaliyev ilə Şahid7 yanaşı yerləşən otaqların qarşısı ilə servis dəhlizi istiqamətində gedə-gedə söhbət etməsi görünür. Videogörüntüdə İ.Baxşaliyev ilə Şahid7 yan-yana bir neçə addım getmələri, həmin vaxt İ.Baxşaliyevin əli ilə servis dəhlizi istiqamətində əlini yuxarı qaldıraraq işarə etməsini, Şahid7 isə əli ilə İ.Baxşaliyevin göstərdiyi istiqamətə əks istiqaməti göstərməsi, daha sonra isə İ.Baxşaliyevin Şahid7 göstərdiyi istiqamətə getməsi müəyyən olunur. VİD_20200921_112509.mp4 adlı fayl açılan zaman 00:14 saniyəlik videogörüntü olması müəyyən olunur. Videogörüntü açıldıqda monitorun yuxarı sağ küncündə 09-17-2020 Thu 10:17:56 göstərir. Həmin videogörüntü 10:17:56-dan 10:18:09-dək olan vaxtı əhatə edir. Videogörüntüdə səs yoxdur. Həmin videogörüntüdə "xxxx" MMC-nin servis dəhlizinin giriş hissəsində iki qapılı darvaza, həmin darvazaya yanaşı digər bir qapı olması müəyyən olunur. Videogörüntüdə İ.Baxşaliyevin servis dəhlizinin içərisindən yeriyərək darvaza ilə yanaşı olan qapıdan çölə çıxaraq dönməsi və sağ tərəf istiqamətə getməsi müəyyən olunur. Məhkəmə-tibbi ekspertizasının 06.11.2020-ci il tarixli, 19 saylı rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol körpücük sümüyü üzərinin və sol çanaq tini nahiyəsinin qançırları, solda 3-4-5-6-cı qabırğaların sınıqları, sol körpücük sümüyünün sınığı, sol gicgah sümüyünün, ənsə sümüyünün, təpə sümüyünün sınığları, beynin subdural hematoması, beyin toxumasına qansızma, dalağın zədələnməsi. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılaraq yerdə olan küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilər. Yuxarıda qeyd olunan xəsarətlərdən sol gicgah sümüyünün, ənsə sümüyünün, təpə sümüyünün sınıqları, beynin subdural hematoması, beyin toxumasına qansızma, dalağın zədələnməsi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Solda 3-4-5-6-cı qabırğaların sınıqları, sol körpücük sümüyünün sınığı canlı şəxslərdə götürüldüyü kimi sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Sol körpücük sümüyü üzərinin və sol çanaq tini nahiyəsinin qançırları isə canlı şxslərdə götürüldüyü kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə aiddir. Yuxarida qeyd olunan xəsarətlər həyati olmaqla ölümündən az əvvəl əmələ gəlmişdir. X1 ölümünə səbəb, başın küt travması nəticədində kəllə qapağı sümüklərinin sınığı, baş beynin yumşaq toxumasına qansızmalar olmuşdur. Mərhum Baxşaliyev Ílkin Əlizadə oğlu ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etməmişdir. "xxxx" MMC-dən daxil olmuş 13.11.2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, fərdi mühafizə vasitələrinin qeydiyyatı jurnalında fəhlə X6 20.01.2020-ci il tarixdə 2 dəst forma və çəkmələr verilməsinə dair SƏTƏM üzrə mütəxəssis Təqsirləndirilən şəxs tərəfindən qeydiyyat aparılmış və İ.Baxşaliyev jurnala imza etmişdir. Əmək mühafizəsi üzrə giriş təlimatı jurnalında fəhlə X6 12.11.2019-cu il tarixdə SƏTƏM üzrə mütəxəssis Təqsirləndirilən şəxs tərəfindən təlimat keçildiyi və imza etdirildiyi görünür. "xxxx" MMC-dən daxil olmuş 16.02.2021-ci il tarixli 04 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 05.05.2017-ci il tarixli müqavilə ilə "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. SƏTƏM Təqsirləndirilən şəxs vəzifə təlimatlarına əsasən, onun bağlı olduğu vəzifə baş əməliyyat direktorudur. Vəzifələrində qeyd olunmuşdur: 1. Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, 2.Təhlükə mənbələrini aşkar etmək, tədbirlər görmək və istismar qaydalarına riayət olunmasını tələb etmək, 3.Texniki vasitələrin istismarında, mexaniki təmir işlərində və maşınmexanizmlərə texniki xidmət göstərilərkən əmək funksiyalarının düzgün icra olunmasına nail olmaq, 4. İstehsalatda baş vermiş bədbəxt hadisələrin uçotunu aparmaq və araşdırma prosesində iştirak etmək, xəbərdarlıq və məlumatverici işarələrin düzgün yerlərdə istifadə olunmasına nail olmaq, 6. Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın üzrə təlimlər aparmaq,
7. Əməyin təhlükəsizliyinin qiymətləndirilməsi və qarşısının alınması, 8.Ətraf mühitin mühafizəsi tədbirləri ilə əlaqədar lazımı vəsaitləri müəyyən etmək və əldə etmək, 9.İşçilərə təxliyyə planı və fövqəladə hal zamanı cavab hərəkətləri, evakusiya siyasət və prosedurları haqqında təlimat keçmək, 10. Təhlükəli ərazilər və ümumi təhlükəli vəziyyətlə əlaqədar lazımı yerlərə təhlükəsizlik lövhələrinin qoyulmasını təmin etmək, 11. Yanğından qorunma və yanğının qarşısının alınması üçün işçi heyətini maarifləndirmək, 12. İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunu təmin etmək,13.Müvafiq şöbələrin nümayəndələri ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların, havalandırma sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu təmin etmək, 14.İş prosesindən sonra işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərləşdirilməsinə nəzarət etmək, 15.Yanğından mühafizə avadanlıqlarının yerində olmasına nəzarət etmək, 16.Yanğından siqnalizasiya sisteminin standarta uyğun olmasına nəzarət etmək, 17.Havanın dövriyyəsinin, işıqlandırma sisteminin və digər işçilərin sağlamlığına, rahatlığına və iş nəticələrinə təsir edə biləcək şəraitlərin tələb edilən səviyyəsində olub-olmamasının yoxlanmasına nəzarət etmək, 18.Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq və iş şaraitinin yaxşılaşdırılmasına yönələn kompleks tədbirllər planı hazırlamaq və yerinə yetirmək, 19.İstehsalat zədələri və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək, 20. İstesalat zədələri və peşə xəstəliklərinin qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək, 21.İşçiləri tibbi müayinəyə göndərmək, 22.Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər və ya materiallar üzrə işçilərin sağlamlığının mühafizəsinə yönədilmiş tədbirlər tövsiyə etmək, 23. Müsəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riyayət edilməsinə nəzarət etmək, 24.Texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə dərslərin təşkili, biliklərin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək, 25.İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülərin götürülməsi üçün müvafiq şəx(lər)ə müraciət etmək, 26. SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında iştrak etmək, 27.Müəssisə daxilində SƏTƏM üzrə təkmilliəşdirmə prosedurları hazırlamaq və həyata keçirmək, 28.SƏTƏM üzrə daxili əmrləri yoxlamaq və hazırlanmasına yardım etmək, 29.Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərə hesabatlar hazırlayıb təqdim etmək, 30.Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə dövlət sənədlərini və təlimat jurnallarını yoxlamaq. Həmçinin səlahiyyətlərində qeyd olunmuşdur ki, 4. Təhlükəli iş zamanı işin dayandırılması və riskin qiymətləndirilməsini təşkil etmək onun səlahiyyətlərinə aiddir. Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş xasiyyətnamədə, onun işlədiyi müddət ərzində müsbət cəhətləri ilə fərqləndiyi, öhdəsinə düşən tapşırıqları vaxtında yerinə yetirdiyi, kollektivin hörmət və etimadını qazandığı göstərilmişdir. Əmək müqaviləsi bildirişində, onunla əmək müqaviləsinin 05.05.2017-ci il tarixində müddətsiz olaraq bağlandığı, "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsinə təyin olunduğu, aylıq əmək haqqının 938 manat olduğu qeyd olunmuşdur. (2 cild i.v. 35-40) Əlavə komisyon məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 27 avqust 2021-ci il tarixdə daxil olmuş 10/3761 saylı rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar, "xxxx" MMC-nin istixana kompleksinin dam örtüyünün üzərinə çəkilmiş sintetik materialının («selofanın») tikməklə təmir (bərpa) edilməsi işlərinin həmin cəmiyyətdə fəhlə peşəsində işləyən işçilər (həmçinin zərərçəkmiş fəhlə X7) tərəfindən yerinə yetirildiyinə, fəhlə peşəsi səlahiyyətlərinə aid olmayan 5 metr hündürlükdə görülməli olan kəlləçarxı işlərinin təhlükəsiz icra olunması üçün heç bir texniki (nərdivanlarla, körpülərlə, ayaqaltı qurğu və vasitələrlə, qaldırıcılarla, maşın və mexanizmlərlə, fərdi mühafizə vasitələri ilə təmin edilməsi) və təşkili (icra planın, texnoloji xəritələrin, istismar təlimatların hazırlanması) tədbirlər görülmədiyinə, işçilərə fərdi mühafizə vasitələrə aid olan qoruyucu (təhlükəsiz) kəmərinin verildiyi halda isə istixananın damında həmin kəmərlərin bağlanması üçün hər hansı bir yerin (tarım çəkilmiş burazın, etibarlı konstruksiyaların və s.) olmadığına, eləcə də fəhlə X7 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılmasının keçirilməsi təşkil edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları»nın 2.3, 2.6, 5.19 bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.9, 2.1, 2.26, 12.11 bəndlərinin tələbləri pozulmuşdur. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.3 bəndinə əsasən, “hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İxtisas səviyyəsi(dərəcəsi) peşə-ixtisas təhsili(təlimi) barədə sənədlə təsdiq edilir”. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.6 bəndinə əsasən, “hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsi bu Qaydalarda nəzərdə tutulmuş tələblərə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirilir”. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 5.19 bəndinə əsasən, “iş yerləri dam örtüyünün üzərindədirsə bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığı layihədə nəzərdə tutulmuş dam örtüyünə düşən yükün çəkisindən çox olmamalıdır”. “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.9 bəndinə əsasən, “kəlləçarxı işlərin görülməsinə yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş və yararlı tanınmış, tarif dərəcəsi 3-dən aşağı olmayan və kəlləçarxı işlərdə bir ildən az olmayaraq iş təcrübəsi olan şəxslər (fəhlələr və mühəndis-texniki işçilər) buraxılırlar. Birinci dəfə kəlləçarxı işlərə buraxılmış fəhlələr, bir il ərzində təşkilatın əmri ilə təyin olunmuş təcrübəli fəhlələrin bilavasitə nəzarəti altında işləməlidirlər. (Qeyd : torpaq səthindən, örtükdən və iş yerindən 5 m hündürlükdə görülən işlər kəlləçarxı işlər hesab olunurlar. Bununla belə, təmir və ya quraşdırma işlərinin görülməsi zamanı işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə qoruyucu(təhlükəsizlik) kəmərdir)”. “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.1 bəndinə əsasən, “iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməlidir”. “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.26 bəndinə əsasən, “1.3 m və daha çox hündürlükdə və aşırımdan 2 m-dək məsafədə olan iş yerləri 12.4.059- 89 DST-ə (dövlət standartlarına) uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin olunmalıdırlar. Qoruyucu çəpərin quraşdırılması mümkün olmadıqda hündürlükdə görülən işlər 12.4.059-89 DSTna uyğun qoruyucu kəmərlərin istifadəsi ilə yerinə yetirilməlidir”. “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 12.11 bəndinə əsasən, “quraşdırıcıların bir konstruksiyadan digərinə keçməsi üçün inventar nərdivandan, məhəccəri olan keçid avadanlıqlarından, körpücüklərdən istifadə olunmalıdır. Qoruyucu çəpərin tətbiqi mümkün olmayan konstruksiyalardan (fermalardan, riqellərdən və s.) quraşdırıcıların keçməsi xüsusi qoruyucu ləvazimatlar (qoruyucu kəmərin karabinin(qarmağının) bağlanması üçün ferma və ya tirlər boyu etibarlı şəkildə tarım çəkilmiş burazdan) istifadə edilmədən yol verilmir”. Bununla yanaşı, "xxxx" MMC-nin SƏTƏM(əməliyyat) üzrə mütəxəssisin vəzifə təlimatından görünür ki, onun vəzifələrinə aşağıdakılar aiddir: «1.Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, 2.Təhlükə mənbələrini aşkar etmək, tədbirlər görmək və istismar qaydalarına riayət olunmasını tələb etmək, 6.Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın üzrə təlimlər aparmaq, 7.Əməyin təhlükəsizliyinin qiymətləndirilməsi və qarşısının alınması, 12.İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanuni tələblərinə uyğunluğunu təmin etmək, 17.Havanın dövriyyəsinin, işıqlandırma sisteminin və digər işçilərin sağlamlığına, rahatlığına və iş nəticələrinə təsir edə biləcək şəraitlərin tələb edilən səviyyəsində olub olmamasının yoxlanılmasına nəzarət etmək, 20.İstehsalat zədələri və peşə xəstəliklərinin qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək, 23.Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək, 24.Texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə dərslərin təşkili, biliklərin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək, ...». Belə olan halda, ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında və hazırki ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, öz vəzifə borclarına əsasən: "xxxx" MMC-nin istixana kompleksinin dam örtüyünün üzərinə çəkilmiş sintetik materialının («selofanın») tikməklə təmir (bərpa) edilməsi işlərinin həmin cəmiyyətdə fəhlə peşəsində işləyən işçilər (həmçinin zərərçəkmiş fəhlə X7) tərəfindən yerinə yetirilməsinə qadağa qoyulmadığına, fəhlə peşəsi səlahiyyətlərinə aid olmayan 5 metr hündürlükdə görülməli olan kəlləçarxı işlərinin təhlükəsiz icra olunması üçün heç bir texniki (nərdivanlarla, körpülərlə, ayaqaltı qurğu və vasitələrlə, qaldırıcılarla, maşın və mexanizmlərlə, fərdi mühafizə vasitələri ilə təmin edilməsi) və təşkili (icra planın, texnoloji xəritələrin, istismar təlimatların hazırlanması) tədbirlər görülmədiyinə, işçilərə fərdi mühafizə vasitələrə aid olan qoruyucu (təhlükəsiz) kəmərinin verildiyi halda isə istixananın damında həmin kəmərlərin bağlanması üçün hər hansı bir tərtibatın (tarım çəkilmiş burazın, etibarlı konstruksiyaların və s.) olmasını təşkil edilmədiyinə, eləcə də fəhlə X7 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılmasının keçirilməsini təşkil edilmədiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları»nın 2.3, 2.6, 5.19 bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.9, 2.1, 2.26, 12.11 bəndlərinin tələbləri "xxxx" MMC-nin SƏTƏM üzrə mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. (2 cild iş v. 227-238). "xxxx" MMC - X15 03.09.2021-ci il tarixdə daxil olmuş məktuba əsasən X7 17.09.2020-ci il tarixdə çox ağır dərəcəli travmalarla Hospitala daxil olmuş, sonuncunun cərrahiyyə əməliyyatları, müayinə, müalicəsi üçün 17.09.2020-ci il tarixdən 28.09.2020-ci il tarixədək xəstəxanaya ümumilikdə 18.100 manat pul ödənilmişdir. (3 cild iş v. 64). "xxxx" ASC-dən 10.09.2021-ci il tarixdə daxil olmuş sənədlərə əsasən, X4 ölümü ilə əlaqədar yetkinlik yaşına çatmamış uşaqları və həyat yoldaşı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq onun faydalanan şəxsləri sayılmışdır. Həmin faydalanan şəxslərə ümumilikdə 40.535,30 (qırx min beş yüz otuz beş manat otuz qəpik) manat birdəfəlik sığorta ödənişi mərhumun həyat yoldaşı X2 bank hesabına köçürülmüşdür. (3 cild iş v. 65-71) Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən 25.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materiallarında olan digər sübutlarla, əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ailəli olmasını, himayəsində bir azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, hadisədən dərhal sonra zərərçəkmişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmasını, mərhumun dəfn və yas mərasimlərinin keçirilməsi üçün zərər çəkmiş şəxsin hüquqi varisinə maddi köməklik göstərilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını, işin digər hallarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 470 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 470 (dörd yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Sədrlik edən: Vahid Hacıyev