Məhkəmə qərarları › İş №1(071)-13/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-13/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-13/2023 07.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, "xxxx" ASC-nin proqram bazasında **********00037 saylı kodla qeydiyyatda olan abonent kimi atası Şahid3 elektrik enerjisinin istifadəsinə görə yaranmış 1127,03 manat debitor borcunu ödəmədiyindən elektrik enerjisinin verilişini dayandırması haqqında tapşırılmış qərarın icrası ilə bağlı 14 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində yerləşən evinə gələn "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 Təchizatı və Satışı İdarəsinin Hacıqabul Elektrik şəbəkəsində aparıcı-mühəndis vəzifəsində işləməklə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs elektrik enerjisinin verilişini dayandırması ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirərkən nalayiq ifadələr işlətmiş, onun sinəsinə əl ataraq köynəyini cırmış, qəsdən əli ilə sonuncunun sinə nahiyəsindən bir zərbə vurmaqla hakimiyyət nümayəndəsinə qarşı xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərərək Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sıyrığı və boyun nahiyəsinin ön səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən atası Qılmana məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Hacıqabul rayonu Abdulabad kəndində yaşadıqları evdə olan zaman küçədən "xxxx" ASC-nin Hacıqabul rayonunda işləyən işçilərinin onu küçəyə çağıraraq ödənilməmiş borclarının olduğunu və buna görə evə elektrik enerjisinin verilməsinin dayandırılacağını bildirdilər. Bu zaman anası Hüsniyyə Cəfərova küçəyə çıxaraq həmin şəxslərə elektrik xəttini kəsməmələrini xahiş etmişdir. Rahilin göstərişi əsasında montyor işığı kəsdiyinə görə, bundan əsəbləşərək Rahili söyməyə başlamış və sinəsindən bir dəfə yumruqla vuraraq köynəyindən dartmışdır. Bu zaman Rahilin onunla gələn iş yoldaşları onları aralayaraq davanın qarşısını almışlar. Bundan başqa, hadisə vaxtı əsəbi olduğuna görə evin giriş qapısının yanında yerdə olan karton borunu götürərək Rahilə tərəf qaçmış, lakin Rahilin iş yoldaşları onu sakitləşdirərək borunu əlindən almışlar. Təxminən 10 dəqiqədən sonra Hacıqabul RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onları polis şöbəsinə aparmışlar. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2016-cı ildən etibarən Şirvan RETSİ-Hacıqabul EŞ Enerji Satış sahəsində aparıcı-mühəndis vəzifəsində çalışır. Onun vəzifəsi abonentləri ödənişə cəlb etmək, ödəməyən abonentlərin isə elektrik enerjisini dayandırmaqdan ibarətdir. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu Abdulabad kəndi ərazisində əvvəldən yazılmış aktlar əsasında bəzi abonentlərin işıq xətlərini ayırmaq barədə tapşırılmış qərarı icrası üçün iş yoldaşları Şahid1, Şahid2, Xankişiyev Zöhrab, Əsgərov Rabil və Nəhmədov Vüqar ilə birlikdə abonent Şahid3 məxsus fərdi yaşayış evinə yaxınlaşmışlar. Rabil Əskərov evin elektrik xəttini ayırmaq üçün elektrik dirəyinə çıxmışdır. Həmin vaxt abonentin oğlu kimi özünü təqdim edən Təqsirləndirilən şəxs evdən çölə çıxaraq onlara işığı kəsməmələrini bildirmişdir. Onlar həmin şəxsə abonentin borcu olduğunu və bu səbəbdən evə gedən elektrik enerjisini kəsməli olduqlarını demiş və elektrik dirəyində olan montyora elektrik kabelinin kəsilməsi göstərişini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə onları söymüş, daha sonra onun üzərinə hücum çəkərək sinəsinə əl atmış, köynəyini cırmış və sinə nahiyəsindən bir dəfə vurmuşdur. İş yoldaşlarının köməkliyi ilə oradan kənarlaşmağa çalışsa da, Mirtağı “QAZ 31” markalı avtomobili ilə yolu kəsərək işığın qoşulmadığı halda onları oradan buraxmayacağını bildirmişdir. Hadisə vaxtı Mirtağı qapılarının önündə yerdən karton materialdan olan borunu götürərək onun üzərinə hücum çəkmiş və boru ilə onun baş nahiyəsindən vurmaq istəsə də əli ilə borunu tutmuş və iş yoldaşları onu sakitləşdirmək üçün aralaşdırmışdır. Hadisə vaxtı Mirtağı yalnız onun üzərinə hücum çəkmişdir. Buna səbəb isə elektrik kabelinin kəsilməsi ilə bağlı göstərişin onun verməsi olmuşdur. Həmin vaxt “102” çağrı mərkəzinə zəng edərək polis əməkdaşlarını oraya çağırmışdır. Bundan sonra Hacıqabul RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onları polis şöbəsinə dəvət etmişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi və təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən etibarən Şirvan RETSİ-Hacıqabul EŞ Enerji Satış sahəsində nəzarətçimühəndis vəzifəsində işləyir. Vəzifəsi abonentləri ödənişə cəlb etmək, ödəməyən abonentlərin isə elektrik enerjisini dayandırmaqdan ibarətdir. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu Abdulabad kəndi ərazisində əvvəldən yazılmış aktlar əsasında bəzi abonentlərin işıq xətlərini ayırmaq üçün idarələrində aparıcı mühəndis işləyən Zərərçəkmiş şəxs və iş yoldaşları Şahid2, Xankişiyev Zöhrab, Əsgərov Rabil, Nəhmədov Vüqar ilə birlikdə abonent Şahid3 məxsus fərdi yaşayış evinə yaxınlaşmışlar. Həmin vaxt Rahilin tapşırığı ilə Rabil Əskərov işıq xəttini kəsmək üçün abonentin evinin yaxınlığında olan elektrik dirəyinə çıxmışdır. Bu zaman abonentin yaşadığı evdən özünü abonentin oğlu kimi təqdim edən Təqsirləndirilən şəxs çölə çıxaraq onlara işığı kəsməmələrini bildirmişdir. Bu zaman Rahil Mirtağıya borclarının olduğunu demiş və elektrik dirəyində olan Rabil Əskərova elektrik xəttinin kəsilməsi göstərişini vermişdir. Həmin vaxt bundan əsəbiləşən Mirtağı Rahilin üzərinə hücum çəkərək onun köynəyini cırmış və sinəsindən vurmuşdur. Bu zaman Rahili iş yoldaşları ilə birlikdə oradan kənarlaşdırmağa çalışsa da, Mirtağı “QAZ 31” markalı avtomobili ilə yolu kəsərək işığının qoşulmadığı halda onları oradan buraxmayacağını bildirmiş və karton materialdan olan borunu götürərək Rahilə hücum çəkmiş və onu baş nahiyəsindən vurmaq istəyən zaman Rahil əli ilə borunu saxlamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs başqa xəsarət alan şəxs olmamışdır. Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona xəsarət yetirmişdir. Hadisə gedişində Rahil “102” çağrı mərkəzinə zəng edərək polis əməkdaşlarını oraya çağırmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və mübahisə sonlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsin atasıdır. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu Abdulabad kəndi ərazisində yerləşən evə işıq idarəsinin işçiləri gəlib evə gələn elektrik xəttini kəsmişlər. Həmin vaxt o, hadisə yerinə sonradan gəlmişdir. Hadisə yerinə gəldikdən sonra oğlu Mirtağı ilə işıq idarəsinin əməkdaşı Rahil arasında münaqişənin olması, münaqişə zamanı Mirtağının Rahilin üzərinə hücum çəkməsini öyrənmişdir. Hadisə yerinə gəldikdən sonra işıq idarəsinin əməkdaşlarından evində xəstə olduğunu, işığın bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışından tədqiq edilmiş: “Elektrik enerjisindən istifadə qaydalarını pozan istehlakçıların enerji təchizatının dayandırılması haqqında 38 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Hacıqabul rayonu Abdulabad kəndində yaşayan **********00037 saylı kodla qeydə alınmış abonent X1 elektrik enerjisindən istifadəyə görə 1127,03 manat debitor borcu vardır. X4 təchizatı və satışı idarəsinin Hacıqabul elektrik şəbəkəsinin xx.xx.2022-ci il tarixli 18\639 nömrəli arayışından və əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Zərərçəkmiş şəxs həqiqətən də Hacıqabul elektrik şəbəkəsində aparıcı-mühəndis vəzifəsində çalışır. "xxxx" ASC-nin Regional Enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatından görünür ki, elektrik enerjisinə olan borcların ödənişinin təşkilinin təmin edilməsi, kəsim ilə bağlı məsələlərin təşkili və nəzarətdə saxlanılmasının təmin edilməsi və şəbəkəyə qanunsuz qoşulma hallarının aşkarlanması və müvafiq tədbirlərin görülməsi aparıcı mühəndisin vəzifə səlahiyyətlərinə aid edilmişdir. X4 təchizatı və satışı idarəsinin Hacıqabul elektrik şəbəkəsinin xx.xx.2022-ci il tarixli 18\639 nömrəli məktubuna əlavə olunmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 1992-ci ildə Şirvan şəhərində anadan olmuş, 2013-cü il tarixdə Azərbaycan Təfəkkür Universitetini bitirərək maliyyə-kredit ixtisası üzrə bakalavr pilləsinə yiyələnmişdir. Enerji sistemində iş fəaliyyətinə 2016-cı il tarixdən başlamış və müxtəlif sahələrdə işləmişdir. Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdən hal-hazıradək "xxxx" ASC Şirvan RETSİ-nin Hacıqabul EŞ-də nəzarətçi mühəndis vəzifəsində, xx.xx.2020-ci il tarixdən isə Hacıqabul EŞdə aparıcı-mühəndis vəzifəsində işləyir. İşlədiyi dövr ərzində o, özünü bacarıqlı işçi kimi göstərmişdir. Zərərçəkmiş şəxs müəssisədə əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, neqativ hallarla mübarizə tədbirlərinin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmişdir. O, işlədiyi müddətdə rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqları müəyyən edilmiş müddətdə və keyfiyyətlə yerinə yetirmiş, öz vəzifələrinin öhdəsindən layiqincə gəlmiş, özünü nizam-intizamlı işçi kimi göstərmişdir. Zərərçəkmiş şəxs idarədə keçirilən bütün ictimai tədbirlərdə fəal iştirak etmiş və özünü nümunəvi işçi olaraq təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Hacıqabul rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 218 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-boyun nahiyyəsinin ön səthinin sıyrığı, döş qəfəsinin ön səthinin sıyrığı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilərdi. Müddəti müayinədən 1-2 gün əvvələ, yəni hadisə gününə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. “Könüllü təqdim edilən CD diskin və köynəyin götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə təqdim etdiyi baş vermiş hadisənin görüntülərini əks etdirən bir ədəd ağ zərfdə olan plastik CD disk və hadisə zamanı onun əynində olmuş mavi rəngli “GUES” markal köynək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, həmin videogörüntü 2 dəqiqə 14 saniyədən ibarətdir. Videogörüntüdə Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədir, Zərərçəkmiş şəxs qarşı əl-qol hərəkətləri edir, əlində olan boru ilə vurmağa cəhd edir, bu zaman Zərərçəkmiş şəxslə oraya gələn "xxxx" ASC-nin əməkdaşları araya girir və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışırlar. “Paltara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Hacıqabul RPŞ-yə təqdim etdiyi “GUESS” markalı mavi rəngli uzunqol köynəyin ön hissəsində köynəyin cırılmış hissəsi vardır. Baxış iştirakçısı Mehtiyev X2 rayonu Abdulabad kəndi ərazisində Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi zaman Mirtağının onun köynəyinin ön hissəsindən tutaraq dartığını və bu zaman təqdim etdiyi köynəyin cırıldığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirdiklərini təsdiq edərək təqdim olunmuş köynəyin hadisə vaxtı yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs əynində olduğunu, mübahisə etdikləri zaman o, Zərərçəkmiş şəxs sinəsindən tutaraq dartdığını və bu zaman onun əynində olan köynəyinin ön hissəsini cırdığını bildirdirmişdir. “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu, Abdulabad kəndində yerləşir. İfadələrin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmiş, "xxxx" ASC-nin Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin əməkdaşı Zərərçəkmiş şəxslə mübahisə etdiyi və onu nalayiq ifadələrlə söyərək köynəyini dartaraq cırıb sinəsinə xəsarət yetirdiyi yeri göstərərək ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 2018, 2020 və 2021-ci il təvəllüdlü olmaqla üç azyaşlı uşaqları vardır. O, qayğıkeş və mehriban insandır. Kəndin ictimai işlərində fəal iştirak edir. Şəxsi təsərrüfatlarında əkinçiliklə məşğul olur. Kəndin xeyir və yas mərasimlərində fəallıq göstərir. Yaşadığı müddət ərzində onun haqqında nümayəndəliyə şifahi və ya yazılı şikayət ərizəsi daxil olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istədiyindən onlar barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də ərizəsinin nəzərə alınaraq, onun barəsində tədbir görülməməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə ona dərəcəsi təyin edilməyən xəsarət yetirməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, eləcə də işdəki digər sənədlərlə tamamilə sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışmasını və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar