Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-130/2021 21.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul rayonu M.F.Axundov küçəsi ev 21A-da daimi qeydiyyatda olmaqla yaşamış, 16.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 18.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,210 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli şalvarın sol cibində daşıyaraq saxlamış, 16 iyul 2021-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri M.F.Axundov küçəsindəki 21A nömrəli evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri M.F.Axundov küçəsindəki 21A nömrəli evdə ailə ilə birlikdə yaşayır. Hərdən bir narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən istifadə edir. 16.07.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxıb bazar istiqamətində gedən zaman diqqətini yerdə 1 ədəd siqaret kağızı kəsiyi bükümü cəlb etmişdir. O, həmin kağız kəsiyini açıb içərisinə baxdıqda psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, metamfetamini sonra istifadə etmək məqsədilə götürərək əynində olan qara rəngli şalvarının sol cibinə qoymuşdur. Bundan sonra bir qədər sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Hacıqabul rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman onun üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet olubolmaması soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sol cibində saxladığı 1 ədəd siqaret kağızı bükümündə olan metamfitamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi psixotrop maddə qablaşdırlıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, da protokola imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Öhdəsində 1 və 3 yaşlı iki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şahid Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyul 2021-ci il tarixdə Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 21A-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 16 iyul 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri M.F.Axundov küçəsindəki 21A nömrəli evin yaxınlığında saxlayaraq, üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli qanunsuz əşya və predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibində saxladığı kağız bükümünü təqdim edərək, içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni 16.07.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə poçt zərfinə qoyularaq RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, və digər iştirakçılar protokolu imzalamışlar. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 16 iyul 2021-ci il tarixdə saat 21:42-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən 1 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi 17.07.2021-ci il tarixli 18/736 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd kağız bükümdə təmiz çəkisi - 1,210 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (iş v. 33). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 19.08.2021-ci il tarixli 2976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 82-83). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 29.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15.08.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 29, 206.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən əmlakı müsadirə olunmamaqla 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 05.04.2018-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. (iş v. 67-68, 76-81) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15.08.2008-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 1,210 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ailəli, himayəsində 17.03.2018-ci il təvəllüdlü X2 və 07.08.2020-ci il təvəllüdlü X3 adlı iki azyaşlı övladı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 1,160 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdi 2 saata görə 12 manat olmaqla, cəmi 224 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 1,160 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdi 2 saata görə 12 manat olmaqla, cəmi 224 (iki yüz iyirmi dörd) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-130/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-130/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver