Məhkəmə qərarları › İş №1(071)-131/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-131/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-131/2021 25.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 26-da yaşayan, 12.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 13.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,286 qram narkotik vasitə olan heroini əldə edib əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, 12 avqust 2021-ci il tarixdə saat 09 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri Nəsimi küçəsində 26 nömrəli evin yaxınlığında saxlanılaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşıyaraq saxlamaqda şübhəli olduğundan şübhəli şəxs qismində saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən yuxarıda qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərmişdir ki, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 26-da yaşayır. O, uzun müddətdir narkotik vasitə olan heroindən onu tapdığı halda istifadə edir. 12 avqust 2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə gəzən zaman diqqətini yerdə 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülü cəlb etmişdir. O, həmin 01 ədəd bükülünü açıb içərisinə baxdıqda narkotik vasitə olan heroinin olduğunu görmüşdür. Bundan sonra o, həmin içərisində heroin olan 01 ədəd bükülünü özü istifadə etmək məqsədi ilə əynində olan boz rəngli şalvarının qabaq sağ cibinə qoymuşdur. 12.08.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı Hacıqabul şəhəri Nəsimi küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və polislərlə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan boz rəngli şalvarının qabaq sağ cibində gizlətdiyi 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməyib. Törətdiyi əməldən peşman olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 12.08.2021-ci il tarixdə Hacıqabul şəhəri Nəsimi küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmiş, daxil olmuş məlumat əsasında onun, Hacıqabul RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 12.08.2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Nəsimi küçəsində 26 nömrəli fərdi yaşayış evinin yaxınlığında, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Mübaşir Heybətov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heybətov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibində saxladığı 01 ədəd sellofan kəsiyi bükümündə toz şəklində olan sarımtıl rəngli maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini 12.08.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən 01 ədəd sellofan kəsiyi bükümündə tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolu imzalamışlar. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 12.08.2021-ci il tarixdə saat 10:10-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd sellofan-polietilen kəsiyi bükümündə narkotik maddə olan heroin aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 18/871 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,286 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş v. 34-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın 09.09.2021-ci il tarixli 3334 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və onların sintetik anoloqlarından sui-istifadə edilməsi ilə nəticələnən yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 127-128). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 13.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin 17.09.2019-cu il tarixli 1(032)-134/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli 1(106)- 556/2019 nömrəli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 17.09.2019-cu il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş, Binəqədi rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 7(001)-338/2020 qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 04 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. 23.12.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş v. 75-77, 96-103, 104- 105, 106-109, 110-113, 114-117). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan 0,286 qram heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,236 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdi 3 saata görə 18 manat olmaqla, cəmi 198 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,236 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdi 3 saata görə 18 manat olmaqla, cəmi 198 (yüz doxsan səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar