Məhkəmə qərarları › İş №1(071)-132/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-132/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-132/2022 07.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, öhdəsində iki uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,942 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd kağız bükümdə qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Nəsimi küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir. O, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul şəhəri Nəsimi küçəsində piyada gedərkən yerdən 1 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroin tapmışdır. Heroini özü istifadə etməsi üçün götürüb əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. Bir qədər sonra yaşadığı Hacıqabul şəhəri Nəsimi küçəsində yerləşən 24 nömrəli evin yaxınlığında polis əməkdaşları onu saxlayıb, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon Polis şöbəsində ona müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində olan kağız bükümünü təqdim etmiş, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Evlidir, öhdəsində iki övladı var. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri Nəsimi küçəsi ev 24-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin İTB-nın sahə polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri Nəsimi küçəsində saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon Polis şöbəsində TBnin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli qanunsuz əşya və predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində saxladığı kağız bükümün içərisində qablaşdırılmış halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Hacıqabul şəhəri Nəsimi küçəsində yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq Hacıqabul rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, protokolu imzalamışdır. Şahid Hacıqabul RPŞ-nin İTB-nın sahə polis nəfəri Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə xx.xx.2022-ci il tarixdə saat 12:35-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən 1 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə saat 12:35-də Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/940 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:“...Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,942 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (iş v. 32-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 5802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 91-92). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək əvvəli xx.xx.2019cu il tarixdən hesablanmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(106)-278/2019 nömrəli qərarı ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək, ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-70/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(003)-1356/2021 nömrəli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-70/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-1084/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 2 (iki) ay 21 (iyirmi bir) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar dərhal icra edilmişdir. Qərarın icrasına nəzarət Hacıqabul rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(106)-278/2019 nömrəli qərarı və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-70/2021 nömrəli hökmü ilə yaranmış məhkumluqları ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş 0,942 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, öhdəsində iki uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,892 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,892 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar