Məhkəmə qərarları › İş №1(071)-132/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-132/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-132/2024 23.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul şəhəri Dədə Qorqud küçəsində ünvansız evdə yaşayan, hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda narkotik vasitə olan həşiş qatranını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Dədə Qorqud küçəsinə daşımış, 20 avqust 2024-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Dədə Qorqud küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 38,860 qram xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 avqust 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən Hacıqabul RPŞ-nin əməkdaşları onun yaşadığı mənzilə daxil olmuşlar. Həmin vaxt onun əynində “şortik” olmuşdur. Polis əməkdaşları ona bildirmişlər ki, şalvarını geyinib çölə çıxsın, çünki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir və üzərinə baxış keçiriləcəkdir. Həmin vaxt onun şalvarı kənarda stulun üzərində olmuşdur. Anlamışdır ki, polis əməkdaşları narkotik vasitəni onun şalvarının cibinə qoyaraq ondan geyinməsini istəyirlər. O, məcbur qalıb şalvarı geyinmiş və üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı ehtiyat edərək narkotik vasitənin ona aid olmasını bildirmişdir. Onun əvvəllər də narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı məhkumluğu olmuşdur, birinci məhkumluğu zamanı üzərində həqiqətən narkotik maddə aşkar edilmişdir. Lakin, hazırkı cinayət işi ilə bağlı ona verilən ittiham üzrə guya üzərindən aşkar edilən narkotik vasitə ona aid olmamışdır. Belə ki, narkotik vasitəni polis əməkdaşları onun yaşadığı evə daxil olub şalvarının cibinə qoymuşlar. Polis əməkdaşları həyətə tullanaraq evin qapısını döymüş, daha sonra içəri daxil olmuşlar. Şübhəli şəxs qismində tutularkən və sonrakı davam edən ibtidai istintaq zamanı müdafiəçi ilə təmin olunmasına, yəni ona vəkil Salman Fərəcovun təqdim edilməsinə baxmayaraq, o, müdafiəçisinə bu halları deməyə qorxmuşdur. Müdafiəçisi Salman Fərəcov sorğu-sual azamanı ona həqiqəti danışmalı olduğunu təklif etsə də, o müdafiəçisinə bildirmişdir ki, narkotik vasitə ona aiddir. Düşünmüşdür ki, cnayət işi baxılması üçün məhkəməyə göndəriləcək və o, məhkəmədə həqiqəti deyə biləcəkdir. Verilmiş suallar əsasında təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, birinci məhkumluğu ilə bağlı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra “patı” adlandırılan narkotik vasitədən istifadə etdiyini etiraf edir. Tutulmazdan 2-3 gün əvvəl isə “patı” adlanan narkotik vasitədən istifadə etmişdir, tutulan zaman isə üzərində narkotik vasitə olmamışdır. Hətta üzərindən aşkar edilən “həşiş” adlı narkotik vasitədən özü ümumiyyətlə istifadə etməmiş və həmin növ narkotik vasitənin istifadə qaydasını bilmir. Hazırda isə narkotik vasitənin hər hansı növündən istifadə etmir. Polis əməkdaşları tərəfindən saxlanan zaman ona qarşı zor tətbiq edilməmiş və yalnız hədə-qorxu gəlinərək daha ağır maddə ilə ona ittiham irəli sürəcəklərini bildirmişlər. O, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində saxlanılan zaman qonşulardan heç kim onu görməmiş və yaşadığı evdə tək olmuşdur. Belə ki, arvadı ilə ayrıldıqdan sonra sonuncu atasıgildə yaşayır. Anası isə şəxsi işləri ilə bağlı evdən çıxmışdır. Beləliklə, polis əməkdaşlarının narkotik vasitəni onun şalvarının cibinə qoymasını kənar şəxslər görməmişdir. Məhkəmə tərəfindən yaranmış zərurətlə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların yoxlanılması üçün o, şahidlərlə çarpaz sorğu-sual əsasında dindirilmiş lakin təqsirləndirilən Təqsirləndirilən şəxs öz dəlillərini kifayət qədər inandırıcı əsaslandıra bilməmişdir. Daha sonra o, son sözündə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını bildirdi və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 avqust 2024-cü il tarixdə Hacıqabul şəhəri, N.Tusi küçəsi, ev 26-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri, Dədə Qorqud küçəsində ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və istifadə etməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, üzərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul rayon polis şöbəsinə gətirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə Hacıqabul rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2, CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Abasxan oğlunun və PPXB-nin polis nəfəri Şahid4 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 20 avqust 2024-cü il tarixdə saat 12 radələrində onlar Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Dədə Qorqud küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan etmiş və Təqsirləndirilən şəxs onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibində saxladığı içərisində narkotik vasitə həşiş qatranı olan bir ədəd polietilen kəsiyi bükümü aşkar edilərək götürülmüşdür. Onun tərəfindən həmin polietilen kəsiyi bükümünə baxış keçirilmiş və polietilen kəsiyi bükümünün içərisindən narkotik vasitə həşiş qatranı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə həşiş qatranı olan bir ədəd polietilen kəsiyi bükümü onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 47 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra o, həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlayaraq daşıması barədə Təqsirləndirilən şəxs şifahi sual vermiş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, Hacıqabul şəhəri, Dədə Qorqud küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs barəsində prosessual sənədləşdirilmə aparılması məqsədi ilə onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra onlar birlikdə X12in xidməti otağına gəlmiş, X12 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini Təqsirləndirilən şəxs elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş, müdafiəçi qismində Şirvan Regional Vəkillər bürosunun vəkili X6 dəvət olunmuşdur. X12 Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan və qablaşdırılan əşyaya X12 tərəfindən yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Verilmiş suallar əsasında Şahid1 təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusutları təkzib edərək həqiqəti əks etdirmədiyini və yalnız məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakteri daşıdığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmaqla mənfi vərdişlərinə görə anası onunla birlikdə yaşamaqdan imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Abasxan oğlu və PPXB-nin polis nəfəri Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Onlar hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusutları təkzib edərək həqiqəti əks etdirmədiyini və yalnız məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakteri daşıdığını bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul şəhəri Dədə Qorqud küçəsində ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə381/2024 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Abasxan oğlu və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 daxil edilməklə, qrupa rəhbərlik Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2024-cü il tarixli 984 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10-da Hacıqabul şəhəri Dədə Qorqud küçəsində ünvansız evin qarşısında hərəkətdə olarkən saxlanılaraq üzərindən bir ədəd selafon bükümdə 47 qram narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı, X13 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10-da Hacıqabul şəhəri Dədə Qorqud küçəsində ünvansız evin qarşısında hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərini yoxlama zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd selafon büküm aşkar edilmişdir. Büküm açıldıqda içərisində qara rəngli narkotikə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə 47 qram olduğu müəyyən eidlmiş və zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, üzərinə baxış zamanı götürülmüş bükümə X12 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmasını bildirmişdir. DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını və aşkar edilən narkotik vasitənin ona aid olmasını etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli 18/745 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 38,860 qram olan maddə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır. Rəyə əlavə edilmiş aktdan həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 38,810 qram həşiş qatranı qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 11 sentyabr 2024-cü il tarixli 6180 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs ilkin ifadəsində göstəriyi ziddiyyətlə əlaqədar qeyd edir ki, o, saxlanılarkən hər hansı etirazını bildirməmiş, onun üzərində şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmiş və həmin vaxt üzərindən aşkar edilən bükümdəki narkotik vasitəni tanıyaraq ona aid olmasını bildirmişdir. Həmin istintaq hərəkəti Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış və nəticədə onun üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa üzərində şəxsi axtarış aparılarkən tədbirin keçirilməsində iştirak edən müdafiəçiyə bu barədə heç bir məlumat verməmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərilən xüsusatları inandırıcı hesab etməyək özünümüdafiə xarakterli məlumat kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranını əldə edib özündə saxlamaqla daşıması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 7-ci bəndinə görə narkotik hesab edilən həşiş qatranı maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,4 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həşiş qatranının təmiz çəkisi 38,860 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 11:10-dan hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2024-cü il tarixdə 38,860 qram narkotik vasitə həşiş qatranı aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 11:00-da azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-132/2024 saylı məhkəmə hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul Şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 946 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əliyev X7 şəhər N.Tusi küçəsi 26 saylı ünvanda daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri Dədə Qorqud küçəsində ünvansız evdə yaşayır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul Şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə onun barəsində mənfi rəy daxil olmuşdur. Dolayısı ilə o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2019-cu il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 22 avqust 2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Əliyev X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 17 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun əvvəlki məhkumluğu ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzandan azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi.. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan həşiş qatranı əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə sadə residiv olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 38,810 qram həşiş qatranı cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri, 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 38,810 qram həşiş qatranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 38,810 qram həşiş qatranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar