Məhkəmə qərarları › İş №1(071)-138/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-138/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-138/2022 12.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx.xx.1976-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, Hacıqabul şəhəri 3 saylı tam orta məktəbdə mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 161-də daimi qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,809 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri H.Həmidov küçəsi 161 nömrəli evdə yaşayır və Hacıqabul şəhəri 3 saylı tam orta məktəbdə gecə növbəsində mühafizəçi işləyir. Arada bir narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxaraq Hacıqabul şəhərində yerləşən və onun işlədiyi 3 saylı tam orta məktəbin yaxınlığında yerləşən dəmir yolunun kənarı ilə gedərkən yerdən 1 ədəd siqaret qutusunda bir neçə siqaret və bir ədəd kağız bükümündə heroin tapmışdır. Heroini istifadə etmək məqsədi ilə götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra o, yaşadığı ünvana getmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb bir qədər getdikdən sonra H.Həmidov küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra dərhal Müdafiəçi1 ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibində saxladığı 01 ədəd kağız kəsiyi bükümündə olan heroini polis əməkdaşlarına təqdim etmiş, yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Evlidir, öhdəsində iki azyaşlı uşağı var. Törətdiyi əməldən peşman olmuşdur. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin İTB sahə polis nəfəri işləyir. Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 161-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri H.Həmidov küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Hacıqabul rayon Polis şöbəsində TB-nin təhqiqatçısı Röyal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Röyal Məmmədov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd kağız kəsiyində narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, heroini yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə bir ədəd poçt zərfinə qoyularaq Hacıqabul rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Röyal Məmmədov bu barədə protokol tərtib etmişdir. O, protokola imza etmişdir. Şahid Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 18:30-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız bükülüsü aşkar edilmiş, həmin kağız bükülüsünə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30-da üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/1028 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0,809 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş 31-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 5951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş v. 74-75). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 63). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,809 qram heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, evli, öhdəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,759 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,759 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar