Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-139/2022 14.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəklili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1966-cı ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ev 51A-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 116da yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinin bağ sahəsində qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdarda 06 ədəd bitki kolunu əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona məxsus Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinin bağ sahəsinə baxış keçirilərkən həmin bitki kolları kökündən çıxarılmış formada bağ sahəsində yerləşən əl damının qarşısında, 1 ədəd sintetik torbada qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 237.1ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ev 51A-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 116da yaşayır. O, narkotik vasitə olan çətənə bitkisindən siqaretə doldurub çəkmək yolu ilə istifadə etmişdir. Təxminən 2022-ci ilin iyun ayının əvəllərində yaşadığı küçədən tapdığı qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə istifadə edərkən, marixuananın içində toxum olduğunu görmüş və həmin toxumlar təxminən 06 ədəd olmuşdur. 2022-ci ilin iyun ayının ikinci on günlüyündə həmin 06 ədəd çətənə toxumunu yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evimin bağ sahəsində əkmiş və həmin tumdan əmələ gələn çətənə kollarına qulluq edərək, çətənə kollarının diblərini suvarmışdır. Sonradan qorxduğuna görə kolları kökündən çıxarıb torbaya yığmış və zibilliyə atmaq üçün həyətə qoymuşdur. xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinin yaxınlığında olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsində ona müdafiəççi dəvət edilmişdir. Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə vidioçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onunla sorğu sual aparılmışdır. O, bildirmişdir ki, onun yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinin bağ sahəsində əkib aqrotexniki qaydada qulluq etdiyi çətənə kolları vardır və həmin çətənə kollarını təqdim etmək üçün Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra, o, vəkili, aqronom və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinə getmişlər, vidioçəklişdən istifadə edilməklə bağ sahəsində əkdiyi və kökündən çıxarıb əl damının qarşısında 01 ədəd sintetik torbada saxladığı yaş vəziyyətdə olan 06 ədəd çətənə kollarını polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 06 ədəd çətənə kolları qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, onun, vəkilin, aqranomun və polis əməkdaşlarının iştirakı ilə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov bu barədə protokol tərtib etmişdir. Onlar protokolu imzalamışlar. 06 ədəd çətənə kolları yetişməmiş olmuş və ondan istifadə etmək mümkün deyildir. O, həmin kolları tutllamaq niyyəti ilə kökündən çıxardaraq torbaya yığmışdır. Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində arvadı, iki oğlu, gəlini, iki nəvəsi var. O, fəhlə işləyərək ailəsinin maddi təminatını ödəyir. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid Abbaszadə X4 Sahil Elman oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hacıqabul RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ev 51Ada qeydiyyatda olmaqla, Hacıqabl şəhəri H.Z.Tağıyev küçəsi ev 116-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 116-da yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Hacıqabul rayon polis şöbəsinə TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi1 ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməyə başlandı. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 116 nömrəli fərdi yaşayış evinin həyətyani sahəsində 6 ədəd çətənə kolu olduğunu və onları çıxarıb tobaya yığaraq həyətə qoyduğunu, evinin həyətyani sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirdi və bu barədə ərizə verdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 116 nömrəli fərdi yaşayış evinə təhqiqatçı Tural Namazov, Müdafiəçi1, aqronom Əliabbas Məmmədov və Sahil Mutuzayevlə birlikdə getmişlər. Evin həyətyanı sahəsinə vidioçəklişdən istifadə edilməklə baxış və götürmə keçirilməyə başlanmışdır. Baxış və götürmə zamanı Əbilov X2 H.Z.Tağıyev küçəsi 116 nömrəli fərdi yaşayış evinin həyətinin bağ sahəsində əkib becərdikdən sonra kökündən çıxardığı, əl damının qarşısında 01 ədəd sintetik torbada saxladığı yaş vəziyyətdə olan 06 kolların yerini göstərmişdir. Təqdim edilmiş çətənə kolları onun, vəkilin, aqranomun, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə sayılmış və 06 ədəd çətənə kolları olduğu müəyyən olunmuşdur. Bundan sonra aqronom Əliabbas Məmmədov kollara baxandan sonra həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib rəy vermişdir. Bundan sonra onun, əməliyyat qrupunun digər üzvünün, müdafiəçinin, aqronom Əliabbas Məmmədovun, TB-nin təhqiqatçısı T.Namazovun və Təqsirləndirilən şəxs iştirakı ilə həmin 06 ədəd kollar sintetik torbaya qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Onlar protokolu imzalamışlar. Şahidlər Hacıqabul RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili Şahid1 və Hacıqabul rayon DAİMdə bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyən X3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 20:45-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:45-də üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:15-də tərtib edilmiş baxış və götürmə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:15-də Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 116 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsindən 01 ədəd sintetik torba aşkar edilmiş, həmin sintetik torbaya baxış keçirilən zaman oradan 06 ədəd əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini götürmə aparılması ilə bağlı özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/962 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 06 ədəd, yaş vəziyyətdə ümumi çəkisi - 1500,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 06 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (iş v 40-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/982 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbadaki 6 ədəd çətənə bitkilərinin kökləri üzərində olan torpaq nümunəsi ilə “Azərbaycan Respublikası DİN Zərflər üçün № 80” dairəvi möhür ilə möhürlənmiş 1 ədəd şəffaf polietilen torbanın içərisindəki torpaq nümunəsi qrup və cinsi əlamətlərinə görə eynidirlər. (iş v 74-77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6506 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinpodlərdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, onlara aqrotexniki qaydada qulluq göstərib becərmə, yetişdirmə (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, evli olmasını, himayəsində yeddi nəfər ailə üzvünün olmasını, fərdi qaydada fəhlə işləməklə ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+49,74=81,69 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 06 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+49,74=81,69 (səksən bir manat altmış doqquz qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 06 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 saata görə 90 manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə baxışı zamanı iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-139/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-139/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver