Məhkəmə qərarları › İş №1(071)-14/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-14/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-14/2024 27.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Salyan rayonu, Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Hacıqabul rayonu, Kürçülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə məlum olmayan tarixdə və vaxtda Hacıqabul rayonu, Kürçülü kəndi ərazisində Hacıqabul rayonu, Atbulaq kənd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş həyətyanı sahəsində iki ədəd dibçəkdə qanunsuz olaraq xeyli miqdarda 30,0 qram çəkidə 06 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əraziyə baxış keçirilərkən həmin bitki kolları aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixauananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla Hacıqabul rayonu, Kürçülü kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Hacıqabul rayonu, Kürçülü kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinə baxış aparılarkən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 205,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yataq otağında olan divanın alt hissəsindən bir ədəd polietilen torbada aşkar edilib götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оnа elаn edilmiş ittihаmlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Kürçülü kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqribən bir ildən çoxdur ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin may ayının sonlarında səhər saatlarında Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerdə diqqətini bir ədəd kağız büküm cəlb etmişdir. Həmin bükümü açıb içərisinə baxdıqda içərisində marixuana olduğunu görmüşdür. İstifadə etmək məqsədi ilə həmin bükümü götürmüşdür. Marixuananı istifadə etdikdən sonra içərisində çətənə toxumlarının olduğunu görmüşdür. Əkmək məqsədi ilə çətənə toxumlarını götürüb cibinə qoymuşdur. Təxminən 10 iyul 2023-cü il tarixdə yaşadığı evin həyətində 6 ədəd çətənə toxumlarının 2 ədədini bir qabda, 4 ədədini isə başqa qabda əkmiş və vaxtaşırı onlara su vermişdir. Həmin toxumlar böyüyüb kol olduqdan sonra da, qulluq etməyə davam etmişdir. Həyat yoldaşı Şahid6 ilə nikahlarının pozulmasına baxmayaraq birlikdə Hacıqabul rayonu, Kürçülü kəndində ər-arvad kimi uşaqları ilə birlikdə yaşayırlar. 08 avqust 2023-cü il tarixdə Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, yaşadığı evin həyətində çətənə kolları yetişdirməsi barədə Şahid6 Hacıqabul rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirərək, yaşadığı evə və yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olub-olmadığı ondan soruşulmuşdur. O, yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, onun, aqranomun, polis əməkdaşlarının və Atbulaq kənd ərazi nümayəndəsinin müavininin iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətində əkdiyi 2 ədəd dibçəklərdə olan çətənə kollarını göstərmişdir. Dibçəklərin birinin içərisində 2 ədəd, digərində isə 4 ədəd çətənə kolu aşkar olunmuşdur. Aşkar edilmiş çətənə kolları zərfə qoyulmuşdur. Bundan sonra, yaşadığı evə baxış keçirilən zaman yatdığı otağın içərisində divanın alt hissəsindən bir ədəd sellofan torbada marixuana aşkar olunmuşdur. Həmin marixuananı o, əvvəllər əkdiyi çətənə kollarının yarpaqlarını yığaraq qurutmuş və istifadə etmək üçün sellofan torbada saxlamışdır. Sonradan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs əvvəlki ifadəsini dəyişdirərək bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 6 ədəd çətənə kollarını o əkmiş və qulluq etmişdir. İttihamı həmin hissədə qəbul edir. Lakin, yaşadığı evə baxış keçirilən zaman divanın altında aşkar edilmiş sellofan torbada olan marixuana ona məxsus deyildir. Həmin maddənin oraya kimin tərəfindən qoyulmasını bilmir. İstintaq zamanı ona qarşı psixoloji təzyiq olunduğuna görə o, ifadəsində evindən aşkar edilmiş marixuananın da ona məxsus olduğunu demişdir. Əslində isə yaşadığı evdən aşkar edilən marixuana ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili işləyir. 08 avqust 2023-cü il tarixdə Hacıqabul rayon Kürçülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və yaşadığı mənzildə narkotik xassəli bitkiləri əkibbecərməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və 08 avqust 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Kürçülü kəndində yerləşən yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs evdən çıxaraq onları qarşılamışdır. Onlar Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun yaşadığı evin həyətində qanunsuz olaraq narkotik vasitələr becərməsi və kultivasiya etməsi, eləcə də narkotik vasitələri qanunsuz istifadə etməsi üzərində və yaşadığı evdə saxlaması barədə onlara məlumat daxil olduğunu, arvadı Şahid6 isə Hacıqabul rayon polis şöbəsinə bu barədə ərizə ilə müraciət etdiyini bildirmişlər. Şahid6 və Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirmələrinə heç bir etirazlarının olmadığını bildirib, bu barədə ərizə vermişlər. Bundan sonra, Hacıqabul rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Zahid Salahov tərəfindən Təqsirləndirilən şəxs, qrup üzvlərinin, aqronom Şahid4 və Hacıqabul rayon Atbulaq kənd icra nümayəndəsinin müavini Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilməyə başlanmışdır. Baxış aparılan zaman Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində çətənə kolları əkdiyini bildirib, qamışların arasını göstərmişdir. Evin həyətində olan qamışların arasına baxan zaman iki ədəd dibçək, həmin dibçəklərin birinin içərisində 2 ədəd, digərinin içərisindən isə 4 ədəd narkotik tərkibli çətənə bitkilərinin olmasını aşkar etmişlər. 6 ədəd çətənə bitkilərini sayıb dibçəklərdən kökündən çıxarmışlar. Bundan sonra çıxarılmış həmin narkotik tərkibli bitkilər yenidən sayılaraq ağ rəngli zərfə yığılmış və qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən şifahi suala cavab olaraq bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli bitkilərdir və həmin bitkiləri şəxsi istifadəsi üçün əkmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs şifahi olaraq üzərində və yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olubolmamasını soruşan zaman davranışları ilə şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yatdığı otağın içərisində divanın alt hissəsindən bir ədəd göy rəngli sellofan torba aşkar olunmuşdur. Həmin sellofan torbaya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlənin çəkisini və tərkibinin müəyyən etmək məqsədi ilə göy rəngli sellofan torba qablaşdırılaraq rayon polis şöbəsinin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparıldıqdan sonra üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Hacıqabul rayon polis şöbəsinə dəvət etdikdən sonra birlikdə baş təhqiqatçı Zahid Salahovun xidməti otağına gəlmişdirlər. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan, hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X8 dəvət olunduqdan sonra baş təhqiqatçı Zahid Salahov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videogörüntüdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra baş təhqiqatçı Zahid Salahov Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş maddə predmet və əşya olmadığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon Atbulaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. 08 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Hacıqabul rayon Kürçülü kəndi ərazisində olarkən mülki geyimdə olan bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək Hacıqabul rayon polis şöbəsinin əməkdaşı olduğunu, yaxınlıqda yerləşən onun əvvəllər tanıdığı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ehtimalının olduğunu deyib, onun yaşadığı evə və həyətyanı sahəsinə icazə verdiyi təqdirdə, onun iştirakı ilə baxışın aparılacağını bildirmişdir. O, da buna razılıq vermişdir. Daha sonra həmin polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs Hacıqabul rayon Kürçülü kəndi ərazisində yaşadığı fərdi yaşayış evinin həyətinə gəlmişlər. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuşlar və evin həyətinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə yazaraq polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Baxış aparılan zaman Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində çətənə kollarının olmasını bildirib onların yerini göstərmişdir. Həyətdə olan qamışlığın arasına baxan zaman iki ədəd dibçək, həmin dibçəklərin birinin içərisində 2 ədəd, digərinin içərisindən isə 4 ədəd çətənə bitkilərinin olmasını aşkar etmişlər. Bundan sonra aşkar edilmiş çətənə bitkiləri kökündən çıxarılıb, yenidən sayılaraq ağ rəngli zərfə yığılmış və qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, həmin bitkilər narkotik tərkibli bitkilərdir və həmin bitkiləri şəxsi istfadəsi üçün əkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış keçirilən zaman yatdığı otağın içərisində divanın alt hissəsindən bir ədəd göy rəngli sellofan torba aşkar olunmuşdur. Həmin sellofan torbaya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sellofan torba aşkar edilən kimi ilk əvvəl onun içərisində nanə qurusunun olduğunu bildirmiş, daha sonra isə həmin maddənin ona məxsus olmadığını demişdir. Aşkar olunmuş kütlənin tərkibinin müəyyən etmək məqsədi ilə göy rəngli sellofan torba qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Əmiraslan qızı ifadəsində bildirdi ki, 2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. Təxminən 4 ilə yaxındır ki, Təqsirləndirilən şəxsla nikahlarının pozulmasına baxmayaraq Hacıqabul rayon, Kürçülü kəndində birlikdə ər-arvad münasibətində yaşayırlar. Bu evliliklərindən 3 övladları vardır. O, 2023-cü ilin may ayına qədər Rövşənin narkotik vasitə qəbul etməsini bilməmişdir. Lakin, onun hərəkətlərindən və davranışlarından hiss etmişdir ki, narkotik vasitə qəbul edir. Son vaxtlar isə Rövşənin davranışlarında və səhhətində müxtəlif dəyişikliklər yarandığını görmüşdür. Bundan sonra Rövşənin narkotik vasitə qəbul etməsindən sübhələnməyə başlamışdır. 2023-cü ilin iyul ayının sonlarında bir neçə dəfə Rövşənin gecə saatlarında yaşadıqları evin həyətində əlində qabda su ilə kolların yaxınlığında gəzməsini görmüşdür. Rövşənin bu hərəkətlərindən şübhələndiyi üçün, bir gün Rövşənin evdə olmamasından istifadə edib, kolların yaxınlığına getmişdir. Evin həyətində iki ədəd dibçəkdə əvvəldən tanımadığı, lakin daha sonra “nəşə” kimi tanınan çətənə kollarının olduğunu aşkar etmişdir. Bu zaman, ər-arvad münasibətlərini və övladlarını düşündüyü üçün Rövşənin çətənə kolları əkməsi və narkotik vasitə qəbul etməsi barədə hər hansı hüquq mühafizə orqanına müraciət etməmişdir. Lakin, gün keçdikcə Rövşənin səhhəti daha da pisləşmiş və onunla heç bir səbəb olmadan tez-tez mübahisələr etməyə başlamışdır. Sonuncu dəfə, 07 avqust 2023-cü il tarixdə yaşadıqları evdə olan zaman Rövşən heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Bundan sonra Rövşənin düzəlməyəcəyini anlayıb, vəziyyətinin daha da, pisləşməsindən ehtiyyat etdiyi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə və xx.xx.2023-cü il tarixdə isə Hacıqabul rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 08 avqust 2023-cü il tarixdə yaşadıqları evdə olan zaman əvvəldən tanımadığı şəxslər yaşadıqları evə gəlmişlər. Həmin şəxslər Rövşənə yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib evə baxış keçirmək istədiklərini bildirmişlər. O və Rövşən evə baxış keçirilməsinə etiraz etməmişlər. Polis əməkdaşları əvvəlcə evin həyətinə baxış keçirməyə başlamışlar. Həmin vaxt evin içərisində olmuş və çölə çıxmamışdır. Sonra polis əməkdaşları evin içərisində olan Rövşənin qaldığı otağa baxış keçirmişlər. Baxış zamanı bir ədəd sellofan torbada narkotik vasitə aşkar edilmişdir. Lakin, həmin vaxt Rövşən aşkar edilmiş torbanın ona məxsus olmadığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 08 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə yaradaraq Hacıqabul rayon Kürçülü kəndində yerləşən onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ehtimalının olduğunu deyib həmin həyətə baxış keçirəcəklərini, aşkar olunacağı təqdirdə həmin bitkilərə rəy verilməsindən ötrü onun iştirak etməsini xahiş etmişdirlər. O, daha sonra polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs Hacıqabul rayon Kürçülü kəndi ərazisində yaşadığı fərdi yaşayış evinin həyətinə gəlmişlər. Daha sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilməyə başlamışdır. Baxış aparılan zaman Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində çətənə kollarının olduğunu bildirib, qamışların arasını göstərmişdir. Qamışların arasına baxan zaman iki ədəd dibçək, həmin dibçəklərin birinin içərisində 2 ədəd, digərinin içərisində isə 4 ədəd narkotik tərkibli çətənə bitkilərinin olmasını aşkar etmişlər. Oradan aşkar olunan bitkilərə o, tək-tək baxış keçirməyə başlamışdır. 2 ədəd dibçəkdə, birində 2 ədəd, birində isə 4 ədəd olmaqla, kökü ilə birlikdə təxmini olaraq 2 ədədinin boyu 0,45-0,50 sm, 4 ədədinin boyu isə 0,20-0,30 sm aralığında olan aqrotexniki qaydada qulluq edilmiş 6 ədəd narkotik tərkibli bitkilərin olmasını müəyyən etmişdir. Bundan sonra çıxarılmış həmin narkotik tərkibli bitkilər yenidən sayılaraq ağ rəngli zərfə yığılmış və qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yatdığı otağın içərisində divanın alt hissəsindən bir ədəd göy rəngli sellofan torba aşkar olunmuşdur. Həmin sellofan torbaya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş torbanın içərisində əvvəlcə nanə qurusunun olduğunu bildirmiş, daha sonra isə həmin torbanın ona məxsus olmadığını demişdir. Aşkar olunmuş kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə bir ədəd göy rəngli sellofan torba qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tərəfindən Hacıqabul rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Hacıqabul rayonu, Kürçülü kəndində yerləşən yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. “Baxış keçirilməsi və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə çətənə kolları olan yerə aparmış və qamışlığın arasında bir ədəd dibçəkdə olan 2 ədəd narkotik vasitə çətənə kollarına bənzər bitkiləri və ondan qarşıda qamışlığın arasında bir ədəd dibçəyin içərisində olan 4 ədəd narkotik vasitə çətənə kollarına bənzər kolları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dibçəklərdə olan çətənə kollarına bənzər kollara aqrotexniki qaydada qulluq etdiyini bildirdi. Bundan sonra aqronom Şahid4 həmin 6 ədəd narkotik vasitə çətənə kollarına bənzər kollara baxaraq aqrotexniki qaydada qulluq olunduğunu bildirdi. Bundan sonra dibçəklərdə olan 6 ədəd çətənə kollarına bənzər kollar dibçəkdən çıxarılıb 1 ədəd poçt zərfində qablaşdırıldı və rayon polis şöbəsinin möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və narkotik vasitə olan çətənə kolları olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və narkotik vasitə çətənə kollarının olmadığını bildirdi. Bundan sonra iştirakçıların iştirakı ilə evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağından divanın alt hissəsindən bir ədəd sellofan torba aşkar olundu. Həmin bir ədəd sellofan torbaya baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs ilk əvvəl sellofanın torbanın içərisində paltar olduğunu, sellofan torba açıldıqda isə içərisindəkinin nanə qurusunun olduğunu, daha sonra sonra həmin sellofan torbadan məlumatı olmadığını və ona məxsus olmadığını bildirdi. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin tərkibini və çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və 80 saylı möhür ilə möhürlənmişdir. Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi işləmiş Şahid4 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kürçülü kəndində yerləşən fərdi evin həyatyani sahəsində bağ hissəsində 2 ədəd dibçəkdə birində 2 ədəd, digər dibçəkdə isə 4 ədəd olmaqla 6 ədəd çətənəyə bənzər bitki kolları əkilmişdir. Bitki kollarının ölçüsü 2 ədədi 45-48 sm, 4 ədədi isə 22-30 sm olmaqla əkinə qulluq işləri aparılaraq suvarılmış və becərilmişdir. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/786№-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd kağız paketdə cəmi 06 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 30,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edilmişdir. Ekspertiza tədqiqatına 0,3 qramı (hə ob-0,05 qr) sərf edildikdən sonra, 29,7 qram qalıq qalmışdır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “..Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri yazılmış və imzalar olan polietilen torbada 1 ədəd polietilen torbada təmiz çəkisi - 205,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,1 qramı sərf edildikdən sonra, 204,9 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin xeyli miqdarı dedikdə 3-15 ədəd (6-30 hissə) başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6648 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu Kürçülü kəndindəki həyətyanı sahəsində qanunsuz olaraq dibçəklərdə əkib becərdiyi 06 ədəd çətənə (kanabis) bitkilərini və qurudub saxladığı narkotik vasitəni hansı məqsədlə saxlamasını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub olmasını və həmin narkotik vasitələri kimlərə satmasını müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs narkotik maddə aludəçisi olması aşkar olunsa da, həmin narkotik xassəli bitkiləri və qurudub saxladığı narkotik maddələri satış məqsədilə etməsi və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması əməliiyat yolu ilə müəyyən etmək olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və həmin evin həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 29,7 qram qalmış 06 ədəd narkotik tərkibli çətənə bitkiləri və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 204,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də fərdi yaşayış evinə və həyətyanı sahəyə baxışı və şəxsi axtarışın keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Hacıqabul RİHB-nın Atbulaq İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 25 saylı arayışdan müəyyən olunur ki, Dadaşov X1 rayonu Kürçülü kəndində ailə üzvləri – 1981-ci il təvəllüdlü həyat yoldaşı X3, 2006-cı il təvəllüdlü oğlu X5, 2008-ci il təvəllüdlü oğlu X6, 2013-cü il təvəllüdlü qızı X7 ilə birlikdə yaşayır. Hacıqabul RİHB-nın Atbulaq İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hacıqabul rayon Atbulaq bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli qərarı və “Torpaqların alqı-satıqına dair” xx.xx.2005-ci il tarixli aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Atbulaq kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək, yaşadığı evdən aşkar edilmiş bir ədəd sellofan torbada olan qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirsə də, sonradan həmin ifadəsini dəyişdirmiş və özünü həmin ittiham üzrə təqsirli bilməyərək yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını demişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı sonradan verdiyi ifadə ilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadə, eləcə də məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi əvvəlki ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində dindirilərkən ittihamın həmin hissəsi ilə bağlı ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilən zaman yatdığı otağın içərisində divanın alt hissəsindən 1 ədəd sellofan torba aşkar olunmuş, həmin sellofan torbaya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Yaşadığı evdən aşkar edilmiş bir ədəd sellofan torbada olan marixuana ona məxsusdur. Həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Hacıqabul rayonu, Kürçülü kəndində yerdən tapmışdır. Evə baxış aparılan zaman o həm narkotik tərkibli bitkiləri əkib becərmək, həm də narkotik vasitələri yaşadığı evdə saxlamaqla bağlı məsuliyyət daşıyacağını dərk etdiyi üçün videoçəkiliş aparılan zaman evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirərək, məsuliyyətdən yayınmaq istəmişdir. Lakin, hazırda etdiyi əməlin məsuliyyətini dərk edir. O, narkotik vasitə marixuananın istifadəçisidir. Çətənə bitkilərini evin həyətində əkib becərməkdə məqsədi marixuananı daha asan yolla əldə etmək olmuşdur. Evindən aşkar edilmiş qurudulmuş marixuana ona məxsusdur və istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında da təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 6 ədəd çətənə kollarının onun tərəfindən əkilibbecərildiyini və onlara qulluq olunduğunu, həmçinin yaşadığı evdən aşkar edilmiş bir ədəd sellofan torbada olan marixuananın ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş DVD diskdə olan videogörüntü tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağına baxış keçirilən zaman əməliyyat-müvəkkili tərəfindən divanın alt hissəsindən bir ədəd sellofan torba aşkar edilmiş, Təqsirləndirilən şəxs ilk əvvəl həmin torbanın içərisində paltar olduğunu bildirərək yerinə qoyulmasını istəmiş, əməliyyatçı torbanın içərisinə baxdıqdan sonra torbanın içərisində marixuanaya bənzər kütlə olduğunu bildirən zaman Təqsirləndirilən şəxs sellofan torbanın içərisinə baxaraq həmin maddənin marixuana deyil, qurudulmuş nanə olduğunu bildirir. Əməliyyatçı israrla həmin maddənin marixuanaya bənzədiyini dediyinə görə Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmadığını, həmin maddənin otağından necə aşkar olunmasını bilmədiyini bildirir. Məhkəmə, yaşayış sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə qiymət verərək qeyd edir ki, əgər aşkar edilmiş sellofan torba Təqsirləndirilən şəxs məxsus olmasa idi və ya o, ümumiyyətlə sellofan torbanın mövcudluğundan məlumatlı olmamış olsa idi, sellofan torba aşkar olunan kimi o, nəinki sellofan torbanın içərisində başqa əşyaların (paltar, nanə qurusu) olmasını bildirər, sellofan torba aşkar olunan kimi elə əvvəldən həmin sellofan torbanın ona məxsus olmamasını bildirərdi. Təqsirləndirilən şəxs sellofanın torbanın içərisində əvvəlcə paltarların olması, daha sonra isə torbanın içərisindəkinin nanə qurusu olması barədə fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, o, həmin torbanın onun yataq otağında olan divanın alt hissəsində olmasından məlumatlı olmuş və içərisində isə narkotik vasitə qurudulmuş marixuananın olmasını bilmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı ifadəsində bildirmişdir ki, ağır məsuliyyətdən yayınmaq üçün evinə baxış keçirilən zaman aşkar olunmuş marixuananın ona məxsus olmadığını demişdir. Evindən aşkar edilmiş qurudulmuş marixuana ona məxsusdur və istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq dövründə ona qarşı fiziki zorakılıq olmadığını, polis əməkdaşları tərəfindən döyülmədiyini, lakin ona psixoloji təzyiqlər olduğuna görə evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə ifadə verdiyini demişdir. Məhkəmə, təqsirləndirilən şəxsin bu dəlillərini əsassız hesab edərək qeyd edir ki, əvvəla təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələlərində ona qarşı psixi zorakılıq olması ilə bağlı hər hansı vəsatət və ya şikayət verməmiş, ibtidai istintaqın sonrakı gedişində ifadələrini dəyişməmişdir. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs sərbəst ifadəsində həmin ittiham üzrə özünü təqsirli bilmiş və evindən aşkar edilmiş sellofan torbada olan marixuananın özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişdirərək evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasını bildirsə də, hansı səbəbdən ibtidai istintaq dövründə və məhkəmə istintaqının əvvəlində etirafedici ifadələr verməsini əsaslandıra bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı sonradan verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadəsini cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr və məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması, eləcə də qanunsuz olaraq narkotik xassəli çətənə növünə aid olan xeyli miqdar hesab edilən 6 ədəd bitki kolunu əkib becərməklə yetişdirməsi, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etməsi tamamilə sübuta yetirilir. Onun bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olması onu deməyə əsas verir ki, hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən onun islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkməsi və yetişdirməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını və ailə vəziyyətini nəzərə alaraq, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 29,7 qram olan 6 ədəd çətənə bitkisi və çəkisi 204,9 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM 132). Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 29,7 qram olan 6 ədəd çətənə bitkisi və çəkisi 204,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar