Məhkəmə qərarları › İş №1(071)-140/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-140/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-140/2021 10.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 07.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09.08.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,508 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd polietilen kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan boz idman şalvarının sağ cibində daşıyaraq saxlamış, 07.08.2021-ci il tarixdə saat 22:10-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisində yerləşən evinin yaxınlığında saxlanılaraq polis şöbəsində gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2020-ci ilin dekabr ayından narkotik vasitə olan heroindən istifadə edir. 06.08.2021-ci il tarixdə yaşadığı Hacıqbul rayonu Nəvahi qəsəbəsində yolun kənarı ilə gedən zaman diqqətini yerdə 1 ədəd sellofan kəsiyi bükümü cəlb etmiş, o, həmin bükümünü açıb içərisinə baxdıqda, narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, heroini istifadə etmək məqsədi ilə əynində olan boz idman şalvarın qabaq sağ cibinə qoymuşdur. O, heroinin bir hissəsini istifadə etmiş və yerdə qalan hissəsini yenə istifadə etmək məqsədi ilə 1 ədəd sellofan kəsiyi bükümündə, əynində olan idman şalvarın qabaq sağ cibində saxlamışdır. 07.08.2021-ci il tarixdə axşam saat 22 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul rayon PŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində hər hansı bir qanunsuz əşya və predment olub olmaması soruşulmuşdur. O, əynindəki idman şalvarının qabaq sağ cibində saxladığı 1 ədəd sellofan kəsiyi bükümünü polis əməkdaşlarına təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib olunmuşdur O, protokola imza etmişdir. Əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid Hacıqabul RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Şahid2 Fuad oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, 07.08.2021-ci il tarixdə saat 22 radələrində Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsindəki evinin yaxınlığında saxlayaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü Şahid1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan kəsiyi bükümündə olan toz şəklində olan maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu və 06.08.2021-ci il tarixdə yaşadığı Nəvahi qəsəbəsində küçədə yolun kənarından tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş heroinə oxşar kütlə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunduqdan sonra ucadan oxunmuşdur. O, protokola imza etmişdir. Cinayət işində olan 07.08.2021-ci il tarixdə saat 23:40-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi aşkar edilmiş, həmin kağız kəsiyinə baxış keçirilən zaman içərsində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 08.08.2021-ci il tarixli 18/847 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs....” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen bükümündə təmiz çəkisi - 0,508 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İş v. 33-36). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburinarkoloji tibbi yoxlamanın 18.08.2021-ci il tarixli 2949 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v.75-76). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 09.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 65). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs oğlunun özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,508 qram heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı 07.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09.08.2021-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında “həbs” edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10.11.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 49,74 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 240 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 07.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10.11.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar