Məhkəmə qərarları › İş №1(071)-141/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-141/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-141/2021 10.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 22.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,737 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan göy rəngli cins şalvarın sağ cibində daşıyaraq saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 47-də daimi qeydiyyatda olmaqla yaşayır. 20 iyul 2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ilə gedən zaman yerdə olan 1 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyi bükümü görmüş və diqqətini cəlb etdiyindən açıb içərisinə baxmışdır. Həmin bükümün içərisində əvvəllcədən tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, sonra istifadə etməsi üçün psixotrop maddə olan metamfetamini götürərək əynində olan göy rəngli cins şalvarının sağ cibinə qoymuşdur. 22.07.2021-ci il tarixdə saat 21 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt ondan üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet olub-olmaması soruşulmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ cibində gizlətdiyi 1 ədəd siqaret kağızı bükümü təqdim etmiş və həmin kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid Hacıqabul RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 22 iyul 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində saxlayaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan göy rəngli cins şalvarının sağ cibinə 1 ədəd kağız bükümü içərisində maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini 20 iyul 2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, həmin protokolu imzalamışdır. Cinayət işində olan 22 iyul 2021-ci il tarixdə saat 22:30-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sağ cibində 1 ədəd kağız bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli 18/766 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi-1,737 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İş v. 31-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 iyul 2021-ci il tarixli 2558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v.71-72). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 26.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 65). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 1,737 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24.07.2021-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-ın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,687 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında “həbs” edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10.11.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 240 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 22.07.2021-ci il tarixdən 24.07.2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10.11.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,687 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar