Məhkəmə qərarları › İş №1(071)-147/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-147/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-147/2025 19.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğinin istifadəsinə dair Təlimat”ın 3.5-ci yarımbəndinin tələblərini pozaraq, 01 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayonu, Abdulabad kəndi ərazisinə gələrək orada özü ilə əvvəlcədən gətirdiyi “HUQLU” markalı, 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı və “ASELKON” markalı, 12 kalibirli üzərində 74-H21 YT- 002452 nömrəsi olan ov silahından istifadə edərək 07 ədəd hər birinin dəyəri 330 manat olmaqla, ümumilikdə 2310 (iki min üç yüz on) manat dəyərində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və X2 İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş və ovlanması tamamilə qadağan edilmiş Turac quşlarını lazımi icazə olmadan qadağan edilmiş vaxtda qanunsuz ovlamaqla təbiətə xeyli miqdarda, yəni ümumilikdə 2310 (iki min üç yüz on) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 11 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində müəyyən olunaraq RPŞ-nin inzibati binasına gətirilmiş, orada yoxlama zamanı ondan 07 ədəd Turac quşları, “HUQLU” markalı, 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı və “ASELKON” markalı, 12 kalibirli üzərində 74-H21 YT-002452 nömrəsi olan ov silahı aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, onun ov sənətinə həvəsi vardır. 16 yanvar 2017-ci il tarixdə ov zamanı istifadə etmək üçün “Huqlu” markalı tüfəng almışdır. Bundan əlavə olaraq 06 oktyabr 2022-ci il tarixdə 12 kalibrli, “Aselkon” markalı tüfəng almışdır. Həmin tüfənglər ilə o, hər il ov dövrlərində müxtəlif rayonlara, yəni İmişli, Sabirabad və digər rayonlara gedərək ov etmişdir. Ov zamanı turac, ördək və s. quş vurmuşdur. Ov zamanı vurduğu heyvanları və quşları dostları ilə məclisdə yemişdir. O, 28 sentyabr 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Yanardağ 31 küçəsində yaşadığı fərdi yaşayış evində qonşuları Şahid4 və Şahid3 ilə birlikdə çay içmişdir. O, həmin şəxslərə sözarası ov etmək istəyini bildirmişdir. Lakin bu dəfə eyni yerə getmək istəmədiyini, fərqli yerə getmək istədiyini bildirmişdir. O, həmin vaxt tanışı Zahidə kürəkəninin Şahid2 Hacıqabul rayonu sakini olduğunu demiş, ov üçün ora getmək istədiyini bildirmişdir. O, Zahiddən Ruflan ilə danışıb ov üçün ora gəlməyi üçün danışması barədə xahiş etmişdir. Zahid onun yanında istifadəsində olan və halhazırda xatırlamadığı mobil nömrəsi ilə Ruflanın istifadəsində olan mobil nömrəsinə yığaraq onun ov etmək üçün ora gəlmək istədiyini bildirmişdir. Ruflan ona ov etməyi üçün orada yer olmadığını bildirmişdir. O, isə Ruflana cavab olaraq ov üçün özü yer tapacağını bildirmişdir. O, söhbətin yekununda Ruflana vaxt təyin edib Hacıqabul rayonuna gələcəyini bildirmişdir. O, 30 sentyabr 2025-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Mitsubishi” markalı hal-hazırda xatırlamadığı dövlət qeydiyyat nişanlı avtomobili İlə Şahid4, Şahid3 və Şahid2 yaşadığı evlərindən götürüb Hacıqabul rayonu Abdulabad kəndi istiqamətində yola düşmüşdür. Yolda yorulduqları üçün avtomobili saxlayıb dincəlmişlər. 01 oktyabr 2025-ci il tarixdə saat 06 radələrində onlar kəndə çatmışlar. O, idarə etdiyi avtomobili Ruflangilin yaşadığı Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən fərdi yaşayış evində saxlamışdır. Həmin vaxt onlar yorğun olduqlarını və onunla birlikdə gələ bilməyəcəklərini bildirsələr də, o, tanışlarına ova tək getmək istəmədiyini və ərazini tanımamasmı bildirmişdir. Bundan sonra onun tanışları Hacıqabul rayonu Abdulabad kəndində yerləşən Axmaz adlanan çayın ətrafında piyada gəzmiş, lakin o, ovlamaq üçün heçnə tapa bilməmişdir. Təqribən 1 saat gəzdikdən sonra o, Hacıqabul rayonu Abdulabad kəndində yerləşən boş sahəyə getmək qərarına gəlmişdir. Boş sahədə turacın göyə qalxmasını görmüşdür. O, həmin an “Huqlu” markalı tüfəngi ilə 07 ədəd Turac quşunu vurmuşdur. Quşu vuran zaman ətrafda heç kim olmamışdır. Quşu götürdükdən sonra o, tanışları ilə birlikdə Ruflanın yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Təqribən 30 dəqiqə sonra Polis əməkdaşları Ruflanın yaşadığı fərdi yaşayış evinə gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. İfadəsinin sonunda təqsirləndirilən şəxs vurulmuş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, o, 3 saylı Regional və Təbii Sərvətlər İdarəsində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişi vəzifəsində çalışır. 01 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Yanardağ 31 küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Əliağa oğlundan 07 ədəd Turac quşu və Huqlu, Aselkon markalı 02 ədəd ov tüfənginin aşkar edilərək götürülməsi faktı ilə başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi etibarnamə əsasında cinayət işinə buraxılmışdır. Hacıqabul RPŞ-nin İBdə olandan sonra həmin hadisəni Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bilmişdir. Təqsirləndirilən şəxs 07 ədəd Turac quşlarını ovlaması nəticəsində təbiətə 2310 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Bakı şəhəri ünvan 2 ünvanda yaşayır. 28 sentyabr 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində dostu Təqsirləndirilən şəxs fərdi yaşayış evində, dostu Şahid3 ilə oturan zaman Təqsirləndirilən şəxs ov etmək istədiyini, lakin yeni əraziyə getmək istədiyini bildirmişdir. O, Zahidin kürəkəninin Hacıqabul rayon sakini olmasını bilmişdir. Buna görə də, Zahiddən kürəkəni Şahid2 ilə danışmasını xahiş etmişdir. O, öz istifadəsində olan mobil nömrəsi ilə Ruflanın istifadəsində olan mobil nömrəsinə yığaraq dostu Elman ilə birlikdə ora gəlmək istədiyini bildirmişdir. O, Ruflana yalnız Elmanın ov edəcəyini bildirmişdir. Çünki Elmanın uşaqlıqdan bəri ova həvəsi olmuşdur. Bu səbəbdəndə özünə 2 ədəd ov tüfəngi almışdır. Ov sezunu gələn zaman həftədə bir dəfə ov üçün müxtəlif rayonlara getmişdir. Elman Abdulabad kəndinə getmələri üçün ondan xahiş etmiş və həmin əraziləri tanımadığını bildirmişdir. O, 30 sentyabr 2025-ci il tarixdə saat 22 radələrində Zahid, Ruflan və Elman ilə birlikdə Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. Gecəni yolda dincəlmişlər. 01 oktyabr 2025-ci il tarixdə saat 06 radələrində Elman ov etmək məqsədi ilə Ruflan, Zahid və onu götürərək, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisinə getmişlər. Orada Elman özünə məxsus tüfəngləri ilə 7 ədəd Turac quşu vurmuşdur. Sonra yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları yaşadıqları ünvana gəlib ov etmələri ilə bağlı onu və tanışlarını Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 01 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayonu Abdulabad kəndində xidmətdə olan zaman ətrafdan tüfəng səslərinin gəlməsini eşitmişdir. Bununla bağlı dərhal Haciqabul RPŞ-yə məlumat vermişdir. O, səsin gəldiyi istiqamətdə hərəkət etməyə davam etmişdir. O, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində özünə məxsus avtomobili ilə hərəkət edərək, ərazidə olan vətəndaşlardan kənd ərazisində olan boş sahələrdən çıxan “Mitsubishi” markalı avtomobilin olmasını öyrənmişdir. Təqribən 30 dəqiqə sonra həmin avtomobilin kənd sakini olan Şahid2 fərdi yaşayış evinin qarşısında olmasını müəyyən etmişdir. O, həmin fərdi yaşayış evinə yaxınlaşmış və Hacıqabul RPŞ-nin əməkdaşı olduğunu bildirmişdir. O, həmin şəxslərə ov edib-etməmələri barədə sual verdikdə həmin evdə olan şəxslərdən bir nəfər ona yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və ov etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs 07 ədəd Turac quşu vurduğunu bildirirək, quşları və özünə məxsus Huqlu və Aselkon markalı ov tüfənglərini ona təqdim etmişdir. Bundan sonra onu və yanında olan Şahid2, Şahid4 və Şahid3 Hacıqabul RPŞ-yə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 01 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs turac ovlamaq üçün 1 ədəd “HUQLU” markalı, 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı, 1 ədəd “ASELKON” markalı, 12 kalibirli üzərində 74-H21YT-002452 nömrəsi olan ov silahı, 3 ədəd patron yığılması üçün daraq, 1 ədəd patron yığılması üçün ov gödəkcəsi, 1 ədəd patron yığılması üçün ov çantası və 76 ədəd patronun aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-42/2- 554/2025 saylı məktuba əlavə edilmiş hesabatdan görünür ki, təbiətə dəymiş zərər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı qərarının 3.5-ci yarımbəndinə əsasən aşağıdakı qaydada hesablanmışdır: 1 ədəd Turac quşunun ovlanmasına görə ziyan məbləği 330 manat olduğundan 330 manata x 7 ədəd =2310,00 manat. Cəmi: 2310,00 (iki min üç yüz on) manatdır. Azərbaycan Respublikası Qida X1-Salyan regional bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-4413/2-1997/2025 nömrəli məktubunda mütəxəssis rəyindən görünür ki, 7 ədəd Turac quşları orqanoleptik müayinədən keçirilərkən aşkar olundu ki, soyuq zəncir prinsipinin gözlənilmədiyi üçün istehlaka yararsız vəziyyətə düşmüşdür. Belə hallarda bakterial parçalanma və toksinlərin yaranması prosesi gedir. Bu da öz növbəsində zəhərlənmələrə və infeksion xəstəliklərə səbəb ola bilər. Həmin ov quşları qida məhsulu kimi istifadəyə tam yararsız olduğundan Hacıqabul rayon ərazisinin zibil tullantıları poliqonunda dərin dərə qazılıb basdırılaraq məhv edildi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-42/2- 743/2025 saylı məktubdan görünür ki, Hacıqabul rayonu, ərazisində xüsusi mühafizə olunan təbiət ərazisi mövcud deyil. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-42/2- 744/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası ərazisində 2025-ci il üçün ov mövsümü 10 oktyabrdan 01 dekabıra kimi zamanı əhatə etmişdir. Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış 25 noyabr 2025-ci il tarixli 2531 saylı arayışa və həmin tarixli 5-18/2/2-113/2025 saylı xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ 31 küçəsində qeydiyyatda olmaqla yaşayır və qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 3 saylı Regional Ekologiya və X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhər Nərimanov rayon polis idarəsi tərəfindən verilmiş 262 nömrəli şəhadətnamədən görünür ki, “Huqlu” markalı 1 lülə 12 çaplı 16-A-6398 saylı yivsiz ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Təqsirləndirilən şəxs icazə verilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 1911 nömrəli şəhadətnamədən görünür ki, “Aselkon” markalı 12 kalibrli 74-H21YT-002452 saylı yivsiz ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Təqsirləndirilən şəxs icazə verilir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “HUQLU” markalı 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı, 1 ədəd “ASELKON” markalı 12 kalibirli üzərində 74-H21YT-002452 nömrəsi olan ov silahı, 3 ədəd patron yığılması üçün daraq, 1 ədəd patron yığılması üçün ov gödəkcəsi, 1 ədəd patron yığılması üçün ov çantası və 76 ədəd patron maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara münasibətdə qanunsuz ov etməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 258.2.3-cü maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 258.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd “HUQLU” markalı 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı, 1 ədəd “ASELKON” markalı 12 kalibirli üzərində 74-H21YT-002452 nömrəsi olan ov silahı, 3 ədəd patron yığılması üçün daraq və 76 ədəd patron törədilmiş cinayətin alət və vasitələridir. Cinayətin törədilməsi zamanı istifadə edilən 1 ədəd patron yığılması üçün ov gödəkcəsi və 1 ədəd patron yığılması üçün ov çantasına münasibətdə məhkəmə hesab edir ki, həmin əşyalar geyim, habelə fərdi istifadə əşyalarıdır və cinayətin törədilməsində birbaşa deyil köməkçi vasitələr olmuşlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan 1 ədəd “HUQLU” markalı 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı, 1 ədəd “ASELKON” markalı 12 kalibirli üzərində 74-H21YT-002452 nömrəsi olan ov silahı, 3 ədəd patron yığılması üçün daraq və 76 ədəd patron müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 1 ədəd patron yığılması üçün ov gödəkcəsi və 1 ədəd patron yığılması üçün ov çantası isə qanuni sahibinə qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “HUQLU” markalı 12 kalibirli üzərində 16A6938 nömrəsi olan ov silahı, 1 ədəd “ASELKON” markalı 12 kalibirli üzərində 74-H21YT-002452 nömrəsi olan ov silahı, 3 ədəd patron yığılması üçün daraq və 76 ədəd patron dövlət nəfinə alınaraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 1 ədəd patron yığılması üçün ov gödəkcəsi və 1 ədəd patron yığılması üçün ov çantası Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 16 (on altı) saata görə 176 (bir yüz yetmiş altı) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, VÖEN **********). Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar