Məhkəmə qərarları › İş №1(071)-15/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-15/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-15/2022 08.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada çoban işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Nəvahı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tədbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (14 gün) ərzində yaşadığı evi tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk etməməsinə dair karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub 11.09.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsindəki ünvanını tərk edib insanların intensiv hərəkətdə olduğu küçəyə çıxaraq qəsəbə sakinlərinə məxsus təsərrüfat heyvanlarını, iri buynuzlu heyvanları və qoyun-quzunu otarmaqla və 11.09.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvana qayıtmaqla «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Kəndin malqarasını otarır, çobanlıq edir. 31.08.2021-ci il tarixdə könüllü olaraq Hacıqabul rayonu Mərkəzi Xəstəxanasında test üsulu ilə yaxma vermişdir ki, özünün “COVİD 19” virusuna yoluxubyoluxmadığını müəyyən etsin. 08.09.2021-ci tarixdə onun mobil telefonuna “COVİD 19” virusuna yoluxmağı barədə SMS-məktub gəlmiş, həmin SMS-də testin cavabının müsbət olması göstərilmişdir. 08.09.2021-ci il tarixdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi olan Gülşən həkim və Hacıqabul GEM-in əməkdaşı Zərifə ona zəng edərək, “COVİD 19” virusuna yoluxmağını, Aysel həkimlə əlaqə saxlamağını və ona müalicə yazmasını, yaşadığı evdən çölə çıxmamağını bildirib, ev şəraitində “COVİD 19” virusunadan müalicə almağını söyləmişdir. O, 11.09.2021-ci il tarixdə saat 11 radələrində küçəyə çıxma icazəsinin olmadığını bildiyi halda, qəsəbə sakinlərinin təsərrüfat heyvanlarını otarmaq məqsədi ilə evdən küçəyə çıxıb qəsəbənin ərazisində heyvanları otarmağa başlamış, gün ərzində 1-2 saat heyvanları otarmışdır. 11.09.2021ci il tarixdə Nəvahi qəsəbəsində heyvanları otaran zaman saat təxminən 12 radələrində evinə polis əməkdaşı gəlmişdir. Ondan nə üçün COVİD 19 virusu xəstəsi ola-ola küçədə olduğunu soruşmuşdur. O, heyvanları otarmaq üçün evdən çıxdığını və evin yaxınlığında olduğunu bildirmişdir. Polis əməkdaşı virus daşıyıcısı olduğu üçün evdən küçəyə çıxmamağını və 14 gün evdə müalicə almağını ona bildirmişdir. O, polisin dediyi tapşırığa əməl edib 14 gün ərzində evi tərk etməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı var. Bunları nəzərə alaraq ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. Hacıqabul rayonu Nəvahi qəsəbəsində xidmət aparır. 11.09.2021-ci il tarixdə saat 11 radələrində tərəfindən ölkə ərazisində Koronavirus infeksiyasının yayılmasının və “Covid-19” virusuna yoluxma hallarının qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmiş, virusa yoluxub evdə müalicə olunan xəstələrin evlərini tərk edib-etməməsini yoxlamaq məqsədilə yaşadıqları ünvanlara getmiş və telefon əlaqəsi saxlamışdır. Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 31.08.2021-ci il tarixdə test üsulu ilə yaxma götürülmüş və onda testin nəticəsi pozitiv, yəni “Covid-19” virusuna yoluxması barədə 08.09.2021-ci il tarixdə Hacıqabul rayon Gigiyena və epidemiologiya mərkəzinin işçi qrupu tərəfindən məlumat verilmiş, həmin tarixdən xəstə evdə müalicəyə götürülmüşdür. Bundan sonra 11.09.2021-ci il tarixdə saat 11 radələrində tərəfindən “Covid-19” virusuna yoluxmuş və evdə müalicə olunan şəxslərin evlərində yoxlama keçirilərkən xəstə Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşadığı evində olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs virus daşıyıcısı ola-ola küçəyə çıxması, həmçinin, bir neçə kənd sakinlərinin heyvanlarını kənddə otarması barədə ona məlumat daxil olmuş, dərhal həmin yerə getdikdə Elşənin həqiqətən də aktiv virus xəstəsi olmasına baxmayaraq evdən çıxmasının və heyvan otarmasının şahidi olmuşdur. O, Təqsirləndirilən şəxs virus daşıyıcısı olduğuna görə yaşadığı evə qaytarmış və küçəyə çıxmamasını tapşırmışdır. Bundan sonra o, şöbənin rəhbərliyinə məlumat vermişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Hacıqabul rayon GEM-də operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır və aralarında ədavət və düşmənçilik yoxdur. 31.08.2021-ci il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olan İmanov X3 rayon MX-na test, yəni yaxma üsulu ilə «COVİD 19» virusuna yoluxub-yoluxmaması barədə yaxma analiz vermişdir. 08.09.2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon GEM-nə daxil olmuş məlumat əsasında məlum olmuşdur ki, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs 31.08.2021-ci il tarixdə test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv, yəni «COVİD 19» virusuna yoluxması müəyyən olunmuş və həmin gün onun tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq Təqsirləndirilən şəxs «COVİD 19» virusu aşkar edilməsi, ev şəraitində müalicə alması, evdən çölə çıxmaması, küçəyə çıxıb harasa gedərsə başqa şəxsləri də virusa yoluxdurması, 14 gün müddətində yaşadığı evdən çölə çıxmaması, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 27.09.2021-ci il tarixli 115 №-li məktubundan görünür ki, “COVİD-19” virusuna yoluxmuş Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yoluxma barədə məlumatı 08.09.2021-ci il tarixdə kompyuter operatoru X2 vermişdir. Azərbaycan Respublikası İcbari X7 X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon X4 Hüquqi şəxsinin 24.09.2021-ci il tarixli 357 №-li məktubundan görünür ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 31.08.2021ci il tarixdə “COVİD-19” virusuna görə “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsində “PZR” müayinəsindən keçmiş, 08.09.2021-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuşdur. Xəstə qeyd edilən tarixdən evdə nəzarətə götürülmüşdür. 22.09.2021-ci il tarixdən onun evdə nəzarət müddəti başa çatmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 24.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması, yəni Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində iki uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək, yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar