Məhkəmə qərarları › İş №1(071)-15/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-15/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-15/2024 21.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – X3, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri N.Allahverdiyev küçəsinə daşımış, 24 avqust 2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, N.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd kağız bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,155 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan sarımtıl rəngli qısaqol köynəyin sağ döş cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qeyd edilən cinayətdə özünü təqsirli bilməyərək etirafedici olmayan ifadə verməsinə baxmayaraq, göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 ibtidai araşdırma zamanı verdiyi etirafedici yazılı ifadədə qeyd edilən halların həqiqətə uyğun olmadığını, ifadə verərkən müdafiəçi ilə təmin edilmədiyini bildirərək həmin yazılı ifadədən imtina etmişdir. Məhkəmə istintaqı zamanı X6 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, arabir spirtli içkilər qəbul edərək və narkotik vasitələrdən istifadə etmişdir. 24 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Hacıqabul şəhəri N.Allahverdiyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları onu hədələyərək üzərində narkotik vasitə gəzdirməsini etiraf etməyəcəyi təqdirdə daha ağır cinayətin törədilməsində ittiham elan ediləcəyini bildirmişlər. Həmin vaxt o, müdafiəçi ilə təmin edilməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə razılaşmışdır. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşları onun üzərində axtarış aparılarkən narkotik vasitə olan heroin onun üzərindən aşkar edilərək götürülmüşdür. İ.İsmayılov əlavə olaraq bildirdi ki, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. Arabir narkotik vasitələrdən istifadə etmiş, lakin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşarkən üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs X6 ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda işsizdir. Əvvəllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1 və 3-cü hissəsi, 228.1-ci maddəsinin 2-ci hissəsinin A,B bəndləri və 69-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin isə 234.1-ci maddəsi ilə 2 dəfə məhkum olunmuş, sonuncu dəfə 20 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təxminən 7 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitəni inyeksiya yolu ilə bədəninə qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. 24 avqust 2023-cü il tarixdə axşamüstü Hacıqabul şəhəri N.Allahverdiyev küçəsində yaşadığı evdən çıxıb küçədə piyada şəkildə hərəkət edərək gəzməyə başlamışdır. Təxminən evindən 200 metr məsafədə aralandıqdan sonra yerdə kağız büküm görmüşdür. Həmin kağız büküm diqqətini cəlb etmiş və açıb içinə baxan zaman kağız bükümdə narkotik vasitə heroin olmasını görmüşdür. Əvvəldən də, heroindən istifadə etdiyi üçün bükümdəki kütlənin heroin olmasını dərhal bilmiş və ətrafa baxıb hər hansı şəxsin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan sarımtıl rəngli qısaqol köynəyin sağ döş cibinə qoymuşdur. Bundan sonra şəhər ərazisində piyada şəkildə hərəkət etməyə başlamışdır. Həmin günü saat 21:00 radələrində yaşadığı evə geri qayıtmaq qərarına gəlib piyada hərəkət edərək, yaşadığı Hacıqabul şəhəri N.Allahverdiyev küçəsinə gəlmişdir. Bu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bildirərək özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün əlverişli şəraitin olmadığını görüb onlarla birlikdə polis şöbəsinə gəlməsini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X7 təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X16 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini bildirmiş, o, əynində olan sarımtıl rəngli köynəyin sağ döş cibində saxladığı bir ədəd kağız bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra təhqiqatçı Tural Namzov tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,19 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə - heroin olduğunu, Hacıqabul şəhəri N.Allahverdiyev küçəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra onun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Daha sonra onun üzərinə axtarış barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişdir. Şəxsi axtarış aparılan zaman, habelə polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. O, heç vaxt narkotik vasitə satmamış, yerdən tapdığı narkotik vasitəni sadəcə olaraq istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 avqust 2023-cü il tarixdə Hacıqabul şəhər sakini X3 Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar İ.İsmayılovun şübhəli şəxs qismində saxlanılması, Hacıqabul Rayon Polis Şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və o, yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. 24 avqust 2023-cü il tarixdə saat 21 radələrində X11 şəhəri N.Allahverdiyev küçəsində saxlayaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotk vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. İsmayıl İsmayılovdan şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet olubolmamasını soruşan zaman davranışları ilə onlarda bir daha şübhə yaratmışdır. Bu səbəbdən İsmayıl İsmayılovun üzərində axtarış aparılması üçün əlverişli şərait olmadığından onu Hacıqabul RPŞ-nə dəvət etdikdən sonra birlikdə təhqiqatçı Tural Namazovun xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra İsmayıl İsmayılov ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X16 dəvət olunduqdan sonra təhqiqatçı X3 üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı İ.İsmayılova üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, İ.İsmayılov əynində olan sarımtıl rəngli qısaqol köynəyin sağ döş cibində olan bir ədəd kağız bükümü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükümü açdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Paketdə aşkar olunan maddənin nə olmasını İ.İsmayılovdan soruşduqda, o, həmin maddənin narkotik vasitə - heroin olmasını, həmin maddəni Hacıqabul şəhəri N.Allahverdiyev küçəsində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,19 qram olduğu müəyyən edilmişdir. İsmayıl İsmayılovun üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, X3 əynində olan sarımtıl rəngli qısaqol köynəyin qabaq sağ cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/845 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X3 üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,155 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6208 nömrəli rəyindən görünür ki, müayinə zamanı X4 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab raportundan görünür ki, X3 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,105 qram qalan narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 20:20-dan etibarən faktiki azdlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 20:50-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Vasif Məmmədov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-78/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X6 barəsində üç ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 həyat yoldaşı – X13, övladları: 2014-cü il təvəllüdlü X9 və 2018-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X6 yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, X1 Federasiyası Vladimir vilayəti İzmaylovski rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 30-cu maddənin 3-cü hissəsi, 228.1-ci maddənin 2-ci hissəsinin A,B bəndləri, 30-cu maddənin 1-ci hissəsi, 228.1 maddəsinin 2-ci hissəsinin B bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1, 69-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılaraq üzərində 07 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sona çatması ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, X3 Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, daha sonra Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edildikdən qısa müddət sonra hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Eyni zamanda, X3 Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1, 69-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və xx.xx.2019-cu il tarixdə cəza sonu ilə azad edilməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırki cinayət əməli törədilən anda, yəni xx.xx.2023-cü il tarixinə yuxarıda qeyd edilən cinayətə görə məhkumluq ödənilmişdir. Belə ki, təqsirləndirilən şəxs İ.İsmayılovun törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs İ.İsmayılovun xx.xx.2019-cu il tarixdə cəza sonu ilə azad edilməsi nəzərə alınaraq onun həmin cinayətə görə məhkumluğu xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Bu səbəbdən Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına görə yaranmış məhkumluq residivin təyini zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-in 18.4.3-cü maddəsinə əsasən məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır”. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 10-cu bəndində qeyd edilir ki, “birinci cinayətə görə məhkum edilən şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir, hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır”. Təqsirləndirilən şəxs X3 məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, ibtidai araşdırma zamanı yazılı ifadə verərkən müdafiəçi ilə təmin edilməməsini və polis əməkdaları tərəfindən psixi zorakılığa məruz qalaraq hədələndiyini bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, İ.İsmayılov ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalaraq hədələnməsi və müdafiə hüquqlarının pozulması ilə əlaqədar səlahiyyətli dövlət orqanlarına (prokurorluq, məhkəmə) heç bir müraciət etməmişdir. Bundan başqa, Hacıqabul rayon məhkəməsinin X6 barəsində üç ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsinə dair 1(071)-78/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İ.İsmayılov qapalı keçirilən məhkəmə iclası zamanı elan edilmiş ittihamda özünü təqsirli bilərək aşkar edilmiş narkotik vasitə olan heroini yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, “Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz”. Göründüyü kimi, təqsirləndirilən şəxs İ.İsmayılov heç bir dəlil gətirmədən ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasını bildirmiş, bununla əlaqədar prokurorluq və ya məhkəmə orqanlarına şikayət etməsinə mane olan tutarlı səbəblər gətirə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. X3 bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs X3 əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X3 himayəsində azyaşlı uşaqların olmasını onun əməlində cəzanı yüngülləşdirən hall kimi nəzərə alır (CM-nin 59.1.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan X3 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,105 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,105 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul X2 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X8, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar