Məhkəmə qərarları › İş №1(071)-15/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-15/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-15/2025 13.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-73/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məkhum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhərində yerləşən dmiryol vağzalının yaxınlığına daşımış, 07 sentyabr 2024-cü il tarixdə saat 15:50-də Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhərində yerləşən dəmiryol vağzalının yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən 02 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,087 qram və 0,096 qram olmaqla, ümumi təmiz çəkisi 0,183 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 05 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,219 qram, 0,343 qram, 0,293 qram və 0,218 qram olmaqla, ümumi təmiz çəkisi 1,213 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan polietilen torbacıqdan aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 7 (yeddi) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və hazırda cəza çəkir. Həmin iş üzrə məhkəmədə cinayət işinə baxılan vaxt ərzində, yəni 07 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ilə gedən zaman yerdə bir ədəd polietilen torbacığın olduğunu görmüş, həmin polietilen torbacıq onun diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmışdır. Polietilen torbacığın içərisinə baxan zaman orada 7 ədəd kağız kəsiyi bükümünün olduğunu görmüşdür. Kağız bükümləri açıb içərisinə baxan zaman 2 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroinin, 5 ədəd kağız kəsiyi bükümündə isə psixotrop maddə metamfetaminin olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün kağız kəsiyi bükümlərinin içərisindəki narkotik vasitəni və psixotrop maddəni dərhal tanımışdır. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. 07 sentyabr 2024-cü il tarixdə saat 15:50 radələrində Hacıqabul şəhəri dəmiryol vağzalının yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq satış məqsədi ilə üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla daşımaqda şübhəli olduğunu, bu səbəbdən üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan etmişlər. Özünü Hacıqabul rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim edilməsini xahiş etmişdir. O, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd polietilen torbacığı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Əməliyyatçı tərəfindən polietilen torbacığa baxış keçirilmiş və polietilen torbacığın içərisindən 07 ədəd kağız kəsiyi bükümü aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 həmin 07 ədəd bükümə baxış keçirmiş, 02 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroin, 05 ədəd kağız kəsiyi bükümündə isə psixotrop maddə metmfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyatçı tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metmfetamin olan bir ədəd polietilen torbacıq elektron tərəzidə çəkilmiş və çəkisinin 3,16 qram olduğu müəyyən edilərək, həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. Verilmiş suala cavab olaraq həmin kütlənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, Hacıqabul şəhəri İ.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində yoxlama aparılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır, sadəcə olaraq özü həmin maddələrdən istifadə edir. Sonda təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində şəxsi istehlak miqdarında narkotik vasitə və psixotrop maddə gəzdirdiyinə görə törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərində satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, üzərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul rayon polis şöbəsinə gətirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqənda” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi özünün, Hacıqabul rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Hacıqabul rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və Hacıqabul rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 07 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri dəmiryol vağzalının yaxınlığında saxlayaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, üzərində satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişən istifadə olunacağını bildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindəki bir ədəd polietilen torbacığı təqdim edib içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Onun tərəfindən polietilen torbacığa baxış keçirilmiş və polietilen torbacığın içərisində 07 ədəd kağız kəsiyi bükümü aşkar olunmuşdur. Həmin 07 ədəd bükümə baxış keçirdiyi zaman 02 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər kütlələr, 05 ədəd kağız kəsiyi bükümündə isə psixotrop maddə metmfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr və psixotrop maddə metmfetaminə bənzər kütlələr olan bir ədəd polietilen torbacıq onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 3,16 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə və psixotrop maddə olduğunu, Hacıqabul şəhəri, İ.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən yoxlama davam etdirilmiş, lakin, qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində prosessual sənədləşmə aparılması məqsədi ilə B.Bayramovu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kiçk selofan bağlama təqdim edib içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin bağlama açıldıqda içərisində 07 ədəd kağız büküm olduğu aşkar edilmişdir. Həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr, beşinin içərisində isə psixotrop maddə metmfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İçərisində narkotik vasitə olan heroinə bənzər kütlələr və psixotrop maddə metmfetaminə bənzər kütlələr olan bir ədəd polietilen torbacıq elektron tərəzidə çəkilmiş və çəkisinin 3,16 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/787 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki polietilen torbacıqda: -2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,087 qram və 0,096 qram olmaqla, ümumi çəkisi 0,183 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -5 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,140 qram, 0,219 qram, 0,343 qram, 0,293 qram və 0,218 qram olmaqla, ümumi təmiz çəkisi 1,213 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Həmin qanunda əks olunan İİ siyahının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarı daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6401 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X3 verdiyi xx.xx.2024-cü il tarixli, 18-141/2- 789/2024 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2024-cü ildən qeydiyyatdadır, lakin, ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini, Hacıqabul rayonu ərazisində və ya respublika daxilində kimlərəsə narkotik vasitə satıbsatmamasını müəyyən etmək mümkün olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(071)-73/2024 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yedi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2024-cü ildən hesablanması müvafiq məhkəmə hökmündə öz əksini tapmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,083 qram qalmış narkotik vasitə heroin və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,963 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bayramov X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-73/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1057 saylı arayışdan müəyyən olunur ki, Bayramov X2 şəhəri, İ.Məmmədov küçəsi, 31 saylı ünvanda yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müsbət rəy daxil olmamışdır. İş materiallarına əlavə edilmiş “Qubadlının azad edilməsinə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Döyüşdə fərqlənməyə görə” medallardan görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsində iştirak edərək ölkənin ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirakçısı olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-501/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən, saat 17:30-dan hesablanmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmadığını, sadəcə özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün üzərində saxlayaraq daşıdığını və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli saydığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bükülməsi, onların hazırlanması üşün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə və psixotrop maddələrin ümumilikdə 7 kağız kəsiyi bükümündə olması, həmin bükümlərin çəkilərək qablaşdırılması Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə üzərində saxlayaraq daşıdığına əsas verir. Eyni zamanda, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin çəkilərinə diqqət yetirildikdə onların hamısının təxminən eyni çəkidə olduqları müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərində “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, aşkar edilmiş selofan bükümlər səliqəli şəkildədir və üzərlərində heç bir toz və çirklənmiş ləkələr mövcud deyil. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, sadəcə həmin maddələrin istifadəçisi olaraq özünü təqsirli bilməsi barədə verdiyi ifadələr iş üzrə tədqiq edilmiş digər mötəbər və bir-biriləri ilə uzlaşan sübutlarla ziddiyyət təşkil edir. Belə olan vəziyyətdə, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini mötəbər sübut kimi qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 58.2-ci maddəsinə əsasən Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərədə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə məhkəmədə baxılan müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Hacıqabul Rayon Məhkəməsinin 4(071)-50/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(071)-73/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yedi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2024-cü ildən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin, məhkəmə tərəfindən cəza təyin edilərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-73/2024 saylı hökmü ilə təyin edilmiş 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Hacıqabul rayon polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,083 qram qalmış narkotik vasitə heroin və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,963 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi münasibətdə işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına təqdim edilmiş hesabata uyğun olaraq pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrinin tələblərinə əsasən həmin cəza Hacıqabul Rayon Məhkəməsinin 1(071)-73/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,083 qram qalmış narkotik vasitə heroin və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,963 qram qalmış psixotrop maddə metamfetamin məv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar