Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-151/2025 12.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Hacıqabul rayon məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini, həmçinin bir ədəd soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, 20 Yanvar küçəsinə daşımış, 27 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən orada keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri 20 Yanvar küçəsində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,326 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli idman şalvarının sol yan cibindən və 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağı sağ əlindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 27 sentyabr 2025-ci il tarixdə saat 21 radələrində narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək üçün yaşadığı evdən çıxıb Hacıqabul şəhəri 20 Yanvar küçəsində piyada şəkildə hərəkət etmişdir. Həmin vaxt bir neçə şəxsin ona tərəf gəldiyini görmüş, həmin şəxslərin ona xəsarət yetirəcəklərindən ehtiyat etdiyi üçün üzərində olan ov bıçağını əlində saxlayaraq qaçmağa başlamışdır. Həmin şəxslər ona çatdıqda o, özünü müdafiə etmək üçün əlində saxladığı bıçaqla onlara hədə-qorxu gəlmişdir. Həmin şəxslər Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirərək rezin dəyənəklə onun qolundan vuraraq əlində olan blçağı almış və ona əl qandalı tətbiq etmişlər. Bundan sonra zahiri görkəmini xatırlamadığı polis əməkdaşlarından biri onun əynində olan idman şalvarının sol yan cibinə kiçik kağız bükümü qoymuşdur. Sonra videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmış və əynində olan idman paltarının sol yan cibindən polis əməkdaşları tərəfindən qoyulmuş büküm aşkar edilərək götürülmüşdür. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,326 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları xidməti otağında onun üzərində yoxlama aparılması barədə protokol tərtib etmişlər və onlar imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra onun narkotik vasitələr əldə edərək üzərində saxlamaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələri elan edilmişdir. Polis şöbəsində olarkən o, müdafiəçi ilə təmin edilmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən onun üzərində psixotrop maddə metamfetamin olmamış, həmin kağız büküm polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Üzərindən aşkar edilmiş bıçaq ona məxsusdur. Həmin bıçağı o, evdə olarkən məişətdə istifadə etmiş, evdən çıxarkən yadından çıxaraq üzərində qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadələr verdiyinə görə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələr elan edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. 27 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində özünə məxsus 6 baş xırdabuynuzlu heyvanları otarmağa aparmışdır. Hacıqabul şəhəri A.Şaiq küçəsində yolun kənarında heyvanları otararkən əlində olan ağacın budağını kolluğa toxunduran zaman həmin budaq kolluq ərazidə olan «KENO» markalı siqaret qutusuna dəymişdir. O, düşünmüşdür ki, həmin siqaret qutusunda siqaret var və siqaret qutusunu götürüb baxarkən qutunun içərisində siqaretin olmadığını, lakin qutuda 1 ədəd gümüşü rəngli kağız bükülünü görmüşdür. Həmin 1 ədəd gümüşü rəngli kağız bükülünü götürüb açıb içərisinə baxdıqda orada psixotrop maddə metamfetamin olduğunu bilmişdir. İçərisində psixotrop maddə metamfetamin olan bükülünü büküb sonra qəbul etmək məqsədi ilə əyninə geyindiyi qara rəngli idman şalvarımın sol yan cibinə qoymuşdur. Həmin günü yaşadığı evdən çıxıb işlərini görüb saat 21 radələrində Hacıqabul şəhəri 20 Yanvar küçəsi ilə piyada gedərkən mülki formada bir neçə şəxsin ona tərəf qaçdıqlarını görmüş, qorxub əynində olan qara rəngli gödəkçəsinin cibindən qatlanan bıçağı çıxardıb gələn şəxslərin ona yaxınlaşmasına imkan verməyib qaçmağa başlayanda özünə məxsus «Redmi-13» markalı mobil telefonu yerə düşmüşdür. Qovan şəxslər xüsusi vasitə olan rezin dəyənəkdən istifadə etdikdə o, yerə yıxılmışdır. Yerə yıxılıb onu tutub saxlayandan sonra onlar polis əməkdaşları olmasını bildirib sağ əlində olan bıçağı ondan almışlar. Sonra onun qoluna qandal vurmuşlar. Polis əməkdaşları üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu, videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirmişlər. Yoxlama aparılmamışdan əvvəl polis əməkdaşları onun hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişdən istifadə edilməklə üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub- olmamasını soruşmuşlar. O, onlara üzərində hər hansı bir qanunsuz maddənin və əşyanın olmadığını bildirmişdir. Polis əməkdaşları onun üzərində videoçəklişdən istifadə etməklə yoxlama aparan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd gümüşü rəngli kağız bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar etmişlər. Aşkar olunub götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən 0,68 qram olduğu müəyyən edilmişdir. O, qaçarkən yerə düşürdüyü özünə məxsus «Redmi» markalı mobil telefonu onun yanına gətirmişlər və həmin telefonla ona məxsus qatlanan bıçağa baxış keçirmişlər. Psixotrop maddə metamfetamin, bir ədəd bıçaq və özünə məxsus mobil telefon ayrı-ayrı poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan başqa üzərində qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra polis əməkdaşları onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman onun hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət etmişlər. Hacıqabul şəhəri, 20 Yanvar küçəsində polis əməkdaşları üzərindən aşkar edib götürdükləri psixotrop maddə metamfetamin müdafiəçisinin yanında və videoçəklişdən istifadə edilməklə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən poçt zərfi açılaraq götürülmüş və sonra psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. O, təhqiqat bölməsində çəkiliş zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin ona məxsusdur. Üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan başqa bildirmişdir ki, o, özünü düşmənlərindən qorumaq üçün üzərində bıçaq gəzdirmiş, həmin ov bıçağını təxminən 2 il əvvəl Hacıqabul şəhərində yerləşən mərkəzi bazardan tanımadığı şəxsdən almış, həmin bıçağı yaşadığı evin yataq otağındakı paltar şkafının rəfində saxlamışdır. Yaşadığı evdə bıçağın olmasını heç kəs bilməmiş, bu barədə heç kimin xəbəri olmamış, həmin bıçağı satmaq fikri olmamışdır. O, ovçular cəmiyyətinin üzvü deyil və heç vaxt ovçular cəmiyyətinə üzv olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olması, qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də, Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid3, Şahid5, Şahid6 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirində Hacıqabul RPŞ-nin ƏİÜ rəis müavini polis polkovnik-leytenantı Şahid1 da, iştirak etmişdir. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 27 sentyabr 2025-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri 20 Yanvar küçəsində piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamağa çalışmışlar. Saxlanarkən Təqsirləndirilən şəxs qaçmağa başlamış və onların Elvinə yaxınlaşıb saxlamaqlarının qarşısını almaq üçün cibindən bıçaq çıxararaq qaça-qaça ona yaxınlaşmalarına imkan verməməyə çalışmışdır. Ona görədə onlar xüsusi vasitə olan rezin dəyənəkdən istifadə etmiş və Təqsirləndirilən şəxs yıxılan kimi təhlükəsizlik məqsədi ilə qoluna qandal vurmuşlar. Bundan sonra özlərini təqdim edib Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də, üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini elan edib yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq, götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,68 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əlində olan bıçaq və “Redmi” markalı telefon zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra şəxsi polis şöbəsinə dəvət edib birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən şübhəli şəxsin üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Natiq Ağayevin xidməti otağına daxil olmuşlar. X13 Zərbaliyevə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildirişlər vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Zərbaliyevin hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və ya düşmənçliyi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3, Şahid5, Şahid6, Şahid1 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 27 sentyabr 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ifşa olunmaqdan yayınmaq məqsədilə əlində olan bıçaqla qaçaraq polis əməkdaşlarının ona yaxınlaşmasına mane olmuş, polis əməkdaşları tərəfindən rezin dəyənək tətbiq edilməklə bıçaq onun əlindən alınaraq saxlanılmış, ona əl qandalı tətbiq edilmişdir. Üzərində axtarış aparılarkən əynində olan idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək narkotik vasitə metamfetaminə bənzər kütlənin 0,68 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlində olan bıçaq zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bıçaq və 0,68 qram psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfə təkrar açılaraq onlara baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/708 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,326 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,276 qram psixotrop maddə metamfetamin, 01 ədəd soyuq silah hesab edilən bıçaq və 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:05-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 22:30-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 18/715 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, SOYUQ SİLAH hesab edilir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1, 228.5-ci maddələri ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin azad edilməsi barəsində qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 18-1-41/2-821/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində “F11.2 zərərli istifadə, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 3 üzvləri: həyat yoldaşı X3, qızı – 2006-cı il təvəllüdlü X4, oğlu – 2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək il 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1, 69.3, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə 03 ay 25 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 27 sentyabr 2025-ci il tarixli protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində axtarış aparılmış, axtarış aparılarkən əynində olan idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin videoçəkilişdə təqsirləndirilən şəxsin üzərindən bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edilməsi faktını şübhə altına alan hər hansı hallar mövcud deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda residiv təhlükəli sayılır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il Qərarına əsasən Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən görünür ki, o, Hacıqabul rayon məhkəməsinin həm xx.xx.2021-ci il tarixli, həm də, xx.xx.2023-cü il tarixli hökmləri ilə qeyd olunan cinayətlərdə təqsirli bilinərkən barəsində cəza Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni hökmlərin məcmusu qaydasında təyin edilmişdir. Odur ki, hər iki hökm üzrə təqsirli bilinən cinayətlərə görə məhkumluğun ödənilməsi sonuncu hökm üzrə cəzadan şərti olaraq cəzadan azad edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli hökmlərinə əsasən təqsirli bilindiyi cinayət əməllərinə görə məhkumluqlar ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması məlum olur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərə dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (CM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməllərə münasibətdə - yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular, habelə (CM-in 228.5 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə) qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah təşkil edir. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, CM-in 228.5-ci maddəsində milli geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlaması habelə, 01 ədəd soyuq silah olan bıçağı qanunsuz olaraq üzərində saxlayaraq gəzdirməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.5-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını, himayəsində yetkinlik çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 228.5-ci maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Məcəllənin həm 234.1, həm də, 228.5-ci maddələrinə münasibətdə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlaması, habelə 01 ədəd soyuq silah hesab edilən bıçağı üzərində saxlayaraq gəzdirməsi, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməllərinə görə məhkumluqlar ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız Məcəllənin 234.1-ci və 228.5-ci maddələrinə münasibətdə CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.5-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar Məcəllənin 66.2ci maddəsinə əsasən qismən toplanmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri tətbiq edilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,276 qram qalan psixotrop maddə metamfetamin və bir ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 101,68 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilməsinə baxmayaraq onun İİ dərəcəli əlil olması ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmamalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 220 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,276 qram psixtorop maddə metamfetamin və soyuq silah hesab edilən ov bıçağı məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 101,68 manat (yüz bir manat altmış səkkiz qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-151/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-151/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver