Məhkəmə qərarları › İş №1(071)-154/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-154/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-154/2021 14.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 12.09.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 13.09.2021-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,782 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq özündə saxlamış, 12 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsi 18 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitə heroin onun əynində olan göy rəngli idman şalvarının qabaq sağ cibində 1 ədəd kağız kəsiyi bükümünün içindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 11 sentyabr 2021ci il tarixdə saat 11 radələrində Hacıqabul şəhəri Ə.Vahid küçəsi ilə gedən zaman yerdən 1 ədəd qara rəngli kağız kəsiyinə bükülmüş narkotik vasitə heroin tapmışdır və qəbul etmək məqsədi ilə özündə saxlamışdır. 12.09.2021-ci il tarixdə saat 01:45 radələrində yaşadığı evdə çıxıb yaxınlıqda olan mağazaya siqaret almağa getmiş, oradan bir ədəd siqaret alıb təxminən saat 02 radələrində gəlib yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsi 18 №-li evə çatmağa az qalmış Hacıqabul RPŞnin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitənin olmasında şübhəli olduğu üçün RPŞyə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuşdur. O, əynində olan göy rəngli idman şalvarının qabaq sağ cibində 1 ədəd kağız kəsiyi bükümün içərsində saxladığı narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmişdir. Əməlindən peşman olmasını, ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-da baş əməliyyat müvəkkili Şahid1 oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, 12 sentyabr 2021-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 02 radələrində Hacıqabul rayon PŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri Ə.Vahid küçəsinə gedərək orada Təqsirləndirilən şəxs saxlayıb Hacıqabul RPŞ-yə dəvət etmişlər. RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının qabaq sağ cibində saxladığı 1 ədəd kağız kəsiyi bükümünü təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 12.09.2021-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru M.Heybətov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən bir ədəd kağız kəsiyi bükümünün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 12.09.2021-ci il tarixli 18/989 №-li ekspertiza rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs Qədir oğlunun üzərindən…» sözləri yazılmış kağız paketi açdıq 1 ədəd bükümdə təmiz çəkisi - 0,782 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş v. 31-35). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 29.09.2021-ci il tarixli 3664 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikiya əlamətlərinin olmamasını nəzərə alaraqa, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtyiacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 92-93). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 15.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Astara rayon Məhkəməsinin 06.07.2014-cü il tarixli 1(018)-108/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir (iş v. 71-76, 79-86). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,782 qram heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 12.09.2021-ci il tarixdən 13.09.2021-ci il tarixə kimi olan 01 (bir) gün və 13.09.2021-ci il tarixdən 14.12.2021-ci il tarixə kimi “ev düstaqlığı”nda olduğu 03 (üç) ay 01 (bir) gün olmaqla, cəmi 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev düstaqlığı” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 14.12.2021-ci il tarixdən hesablanmalıdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,732 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X2 "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi zərər yyoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 12.09.2021-ci il tarixdən 13.09.2021-ci il tarixə kimi olan 01 (bir) gün və 13.09.2021-ci il tarixdən 14.12.2021-ci il tarixə kimi “ev düstaqlığı”nda olduğu 03 (üç) ay 01 (bir) gün olmaqla, cəmi 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev düstaqlığı” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14.12.2021-ci il tarixdən hesablansın. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,732 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar