Məhkəmə qərarları › İş №1(071)-158/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-158/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-158/2021 02.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri Babək küçəsi ev 69 mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, 24.09.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 26.09.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,325 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 24.09.2021-ci il tarixdə saat 13:00 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən «Bizim market» adlı ticarət mərkəzinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin psixtrop maddə onun əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibində bir ədəd sellofan bükümünün içindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 24.09.2021-ci il tarixdə yaşadığı evdən çıxıb Hacıqabul şəhəri Babək küçəsi ilə piyada gedərkən zibil qutularının yaxınlığında 01 ədəd qara rəngli üzərində «Kent» sözləri yazılmış siqaret qutusunu görmüş, siqaret qutusunu götürüb içərsinə baxarkən, orada siqaretin olmadığını, lakin qutunun içərsində sellofan bükümün içərsində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin maddəni qəbul etmək məqsədi ilə özündə saxlamış, həmin günü saat 13:00 radalərində Hacıqabul şəhəri H.Həmidov küçəsində «Bizim Market» adlı ticarət mərkəzinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin, polis əməkdaşlarının iştirakı və video çəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olubolmamasını soruşulmuşdur. O, əynində olan şalvarının qabaq sağ yan cibində saxladığı bir sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş və içərisində olan maddənin metamfetamin olduğunu bildirmişdir. Polis şöbəsində ona qarşı hər hansı bir psixi və fiziki təsir olmamış, zorakılıq göstərilməmişdir. Ondan aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. O, hərdən bir narkotik maddədən istifadə edir, sonuncu dəfə bir ay əvvəl istifadə etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağının olmasını, atası Müslüm Cəfərovun birinci Qarabağ müharibəsi zamanı şəhid olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 24.09.2021-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 13:00 radələrində Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri H.Həmidov küçəsinə getmişlər. Orada «Bizim Market» adlı ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakı və video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb təqdim etmiş və içərisində metamfetamin olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmişdir. TB-nin təhqiqatçısı bu barədə protokol tərtib etmişdir. O, protokola imza etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməklə ailəsində dava-dalaş salması ilə bağlı DİN 102 xidmətinə ailə üzvləri, o cümlədən anası tərəfindən şikayətlər daxil olmuşdur. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan 24.09.2021-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı R.Məmmədov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bükülünün içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli 18/1024 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,325 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İş v. 27-31). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29.09.2021-ci il tarixli 3665 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metfamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v.84-85). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 30.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 76). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,325 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində iki azyaşlı övladı olmasını, atası Müslüm Cəfərovun Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə şəhid olmasını, hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli 02.12.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24.09.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 26.09.2021-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,275 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 270 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 24.09.2021-ci il tarixdən 26.09.2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02.12.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,275 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar