Məhkəmə qərarları › İş №1(071)-16/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-16/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-16/2022 07.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 03.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 04.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,339 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 03 noyabr 2021-ci il tarixdə saat 08:30 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən bazarın yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin psixotrop maddə onun əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, 02 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə piyada gedən zaman, yerdə 1 ədəd kağzı kəsiyinə bükülmüş bükülünü görmüş, həmin bükülünü götürüb açıb içərsinə baxarkən orada psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğunu bilib qəbul etmək məqsədi özündə saxlamış, 03 noyabr 2021-ci il tarixdə saat 09:30 radalərində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən bazarın yaxınlığından RPŞ-nə dəvət olunmuş, RPŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuş, o, da əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı psixotrop maddə metamfetaminə oxşar kütləni polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı ölvadı olmasını və xəstəliyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 noyabr 2021-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 08:30 radələrində Hacıqabul rayon PŞ-nin PPXB-nin polis nəfərləri Şahid2, X3 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri H.Həmidov küçəsinə gedərək, orada Təqsirləndirilən şəxs saxlamış və Hacıqabul rayon PŞ-nə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmiş və tapdığını bildirmişdir. Götürülmüş maddə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, protokola imza etmişdir. Şahid Hacıqabul rayon PŞ-nin PPXB-nin polis nəfəri Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 03.11.2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində olan 1 ədəd kağızın içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli 18/1099 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,339 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (iş v. 29-32). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 02.12.2021-ci il tarixli 4840 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 110-111). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 04.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər Hacıqabul rayon Məhkəməsinin 25.06.2008-ci il tarixli 1(071)-04/2008 hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə hər ay qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 02 il müddətində islah işləri cəzasına məhkum olunmuş, Hacıqabul rayon Məhkəməsinin 14.01.2016-cı il tarixli 1(071)-07/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib və aylıq qazancının 20% faizi dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu iki ayın hər bir günü islah işlərinin üç gününə bərabər tutulmaqla üzərində qəti olaraq aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 04 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş v. 65-67, 81-105) Hacıqabul rayon İcra və Probasiya şöböəsinin 07.02.2022-ci il tarixli 223146/21-3 nömrəli məktubundan müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 il 05 ay 04 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan cəzası 01 il 03 ay 20 gün təşkil edir. Hacıqabul rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli 7(071)-356/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 03 ay 20 gün hissəsi 1 (bir) il azaldılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,339 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza - azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 03.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,289 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Hacıqabul rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli 7(071)-356/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 1(071)-108/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 03 ay 20 gün hissəsi 1 (bir) il azaldılmışdır) 03.11.2021-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,289 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar