Məhkəmə qərarları › İş №1(071)-20/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-20/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-20/2023 28.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri, D.Ağamaliyev küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kağız bükümündə təmiz çəkisi 0,540 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Hacıqabul rayon PŞ-in əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, D.Ağamaliyev küçəsi 25 №-li evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə onun əynində olan boz rəngli şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Polis Şöbəsinə dəvət etdiklərinə görə, həmin gün polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman, polis əməkdaşları ona narkotik vasitə heroin təqdim edərək, həmin vasitənin guya onun üzərindən çıxması barədə izahat verməsini tələb etmişlər. Həmin vaxt polis əməkdaşları ona qarşı hər hansı formada təzyiq etməmişlər. Lakin, narkotik vasitə istifadəçisi olduğundan və təklif edilən narkotik vasitəni qəbul etməsə, üzərinə və ya evinə daha çox miqdarda narkotik vasitə qoyulacağından ehtiyat etdiyindən, edilən təklifi qəbul etmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman ona verilmiş narkotik vasitəni cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Əslində üzərindən çıxan narkotik vasitə ona məxsus deyildir. Sonda təqsirləndirilən şəxs yaşının çox olmasını və ailə vəziyyətini nəzərə alaraq, onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 oktyabr 2022-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı almışdır. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmiş və həmin günü saat 15 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə məlumatın göstərildiyi Hacıqabul şəhəri, D.Ağamaliyev küçəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından saxlanılaraq Hacıqabul rayon PŞ-nə dəvət olunmuşdur. Polis Şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman, özü əynində olan boz rəngli şalvarının qabaq sağ cibində saxladığı bir ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Götürülmüş həmmin maddə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd kağız bükümünün içərsindən narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1173 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,540 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,490 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7469 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006cı il tarixli 39 saylı «Narkotik vasitələrin və səhətlərinin, habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,490 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(101)-1087/2009 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 7(003)-339/2013 nömrəli qərarı ilə cəzasının 2 il 10 ay gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs həmin hökm üzrə yaranmış məhkumluğu ödənilmişdir. Bundan başqa, o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-128/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli, 1(106)-134/2023 saylı qərarına əsasən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-128/2022 nömrəli hökmü dəyişdirilmiş, X1 təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 ilə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-137/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən həmin maddəni ona polis əməkdaşlarının verdiyini, narkotik vasitə istifadəçisi olduğu üçün bunu qəbul etdiyini, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Hacıqabul şəhəri, D.Ağamaliyev küçəsi ilə piyada gedən zaman, küçədə bir ədəd kağıza bükülmüş bükülünü görmüş, həmin bükülünü götürüb açıb içərisinə baxarkən oarada narkotik vasitə heroinə oxşar maddənin olduğunu bilib qəbul etmək məqsədi ilə özündə saxlamışdır. 29 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli şalvarının sağ cibində saxladığı bir ədəd kağız bükümündə narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Məhkəmə iclasında da təqsirləndirilən şəxs ifadəsində polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixi zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Onun bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır (CM 59.2). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əvvəlki məhkəmə araşdırmasının aparıldığı dövrdə hazırki iş üzrə cinayət əməlini törətmişdir. Bu hal onun cinayət törətməyə meyilli şəxs olmasını deməyə əsas verir və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin qarşısının alınmasına xidmət edə bilməz. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətinin mənfi səciyyələnməsi, o cümlədən cəzasını yüngülləşdirən halın olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,490 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və səhətlərinin, habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğundan, ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Bununla belə o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(106)-134/2023 nömrəli qərarı ilə ona təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,490 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar