Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-22/2024 30.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu Hökməli qəsəbəsi At Yalı yaşayış massivi ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qubadlı rayonu Mahruzlu kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin icraatına 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs2 qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi” xüsusi təyinatlı səbət markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yanına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin səbət qoşqusunu işə saldıqdan sonra o, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs məxsus 1000 (bir min) manat dəyərində 1 ədəd 5 metr uzunluğunda 400 diametrlik 100 mm qalınlığında dəmir borunu iplə bağlayaraq birlikdə borunun avtomobilə yerləşdirilməsini təmin etmiş, daha sonra birlikdə oğurladıqları borunu həmin qəsəbədə yerləşən Şahid2 işlətdiyi metal qəbulu sexinə aparıb dəmir borunun oğurluq olmadığı barədə Şahid2 yalan məlumat verərək borunu 360 manat pulun qarşılığında sonuncuya satıb əldə etdikləri pul vəsaitini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1, 177.2.2ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mitsubishi” xüsusi təyinatlı səbət markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yanına gəlib aralarında olan razılaşmaya uyğun olaraq idarə etdiyi avtomobilin səbət qoşqusunu işə saldıqdan sonra Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs məxsus 1000 (bir min) manat dəyərində 1 ədəd 5 metr uzunluğunda 400 diametrlik 100 mm qalınlığında dəmir borunu iplə bağlayaraq birlikdə borunun avtomobilə yerləşdirilməsini təmin etmiş, daha sonra birlikdə oğurladıqları borunu həmin qəsəbədə yerləşən Şahid2 işlətdiyi metal qəbulu sexinə aparıb dəmir borunun oğurluq olmadığı barədə Şahid2 yalan məlumat verərək borunu 360 manat pulun qarşılığında sonuncuya satıb əldə etdikləri pul vəsaitini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə cinayət işinin materiallarını yoxlayıb aidiyyətlə bağlı məsələni araşdıraraq qeyd edir ki, sözügedən cinayət işinin baxılması Hacıqabul Rayon Məhkəməsinə aiddir. Məhkəmə hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikrlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı sözügedən maddə ilə yekun ittiham irəli sürülmüşdür (cild 01, iş vər. 147-154). İbtidai istintaq orqanı tərəfindən həmin qərarda təqsirləndirilən şəxsə qarşı CM-in 177.2.2-ci maddəsi ilə, yəni təkrarən özgəyə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq gizli şəkildə talama - oğurlama maddəsi ilə ittiham irəli sürülsə də, cinayət prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməmiş, şəxsə təkrar oğurluq etməsi ilə bağlı ittiham irəli sürüldüyü halda, qərarda həmin əməllərin nədə ifadə olunduğu, şəxsin konkret hansı əməlləri törətdiyi göstərilməmiş, dolayısı ilə də, şəxsin əməlində təkrar oğurluq əməlini yaradan epizodlar ayrı-ayrılıqda ona qarşı irəli sürülən ittihamın məzmununda əks etdirilməmişdir. Bunun əksinə olaraq 21 noyabr 2023-cü il tarixli qərarda təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 sentyabr 2023-cü il tarixli 920 saylı qərarda qeyd edilmiş eyni cinayət əməli yenidən göstərilmişdir. Beləliklə də, şəxsə təkrarən özgəyə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq gizli talaması ilə bağlı ittiham irəli sürüldüyü halda, bu əməllərin hər biri ayrı-ayrılıqda əks etdirilməklə onların məzmunu ittihamda göstərilməmişdir ki, bununla da faktiki olaraq qanunvericiliyin sadalanan tələbləri icra edilməmiş, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq hüquqları məhdudlaşdırılmış və nəticədə təqsirləndirlən şəxsin faktiki olaraq, müdafiə hüquqları zəruri səviyyədə təmin edilməmişdir. Belə ki, yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda digər vacib məlumatlarla yanaşı, şəxsə CM-in 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olan hər bir epizod ayrı-ayrılıqda göstərilməklə ittihamın məzmununda əks etdirilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan olunan ittihamın məzmununda yalnız bir epizod (sonuncu epizod) göstərilmiş, bu hal faktiki olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununun aydın olmadığını göstərməklə yanaşı təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək hüququnun tam təmin olunmadığını, yəni bu hüquqlarının pozulmasını təzahür etmiş, habelə onun nədən müdafiə olunması üçün lazımi tədbirlər görməsi istiqamətində, öz müdafiəsini necə qurması yönündə hərəkətlərini məhdudlaşdırmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X2 Konvensiyasının 6-cı maddsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar yalnız bununla bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da, bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. İttiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərkən də, qeyd edilmiş pozuntular aşkar edilərək aradan qaldırılmamış, təqsirləndirilən şəxsin pozulmuş müdafiə hüquqlarının bərpası təmin edilməmiş, ittiham aktının Cinayət Prosessual Məcəllənin müvafiq maddələrinin tələblərinə uyğunlaşdırılması həyata keçirilməmiş və qeyd edilən hal Cinayət Prosessual Məcəllənin 303.3.5-ci maddəsində nəzərdə tutulmuş pozuntu, yəni ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsinin təsdiq edilməməsi ilə nəticələnmişdir. Bundan başqa, ittiham aktında cinayət işinin başlanılmasına səbəbin 14 sentyabr 2023-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən sahədən naməlum şəxslər tərəfindən bir ədəd 1000 manat dəyərində dəmir borunun oğurlanması barədə Hacıqabul rayonu Muğan kənd sakini Zərərçəkmiş şəxs 14 sentyabr 2023-cü il tarixdə Hacıqabul rayon polis şöbəsinə yazdığı ərizə əsasında Hacıqabul rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması qeyd edilmişdir. Lakin cinayət işinin materiallarında görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 14 sentyabr 2023-cü il tarixdə deyil, 16 sentyabr 2023-cü il tarixdə oğurluq faktı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın yekun mərhələsində, yəni 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra elə həmin tarixdə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən 1088 saylı dindirmə protokolunda qeyri-dəqiqliyə yol verilmiş, protokolun əvvəlində təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamda təqsirli bildiyini, ifadə verərkən isə kompyuterlı yazılmış şəkildə özünü təqsirli bilmədiyini göstərmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1, 303.3.5 və 303.3.6-cı maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının növbəti tarixə keçirilməsini xahiş etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs1 heç bir üzürlü səbəb olmadan yenidən iştirak etməmişdir. Bununla əlaqədar Hacıqabul rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilərək barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. xx.xx.2024cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd edərək bunu təsdiqləyən sənədləri, habelə məhkəməyə ünvanladığı teleqramları məhkəməyə təqdim etmişdir. Bununla əlaqədar məhkəmə axtarış elan edilərək barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərarı ləğv etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq onun barəsində digər qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılması istintaq orqanına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301, 303 və 306-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində barəsində digər qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılması istintaq orqanına həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-22/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-22/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver