Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-22/2025 17.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağamməd oğlunun iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Nəvahi kəndinə daşımış, 05 oktyabr 2024-cü il tarixdə saat 03 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu Navahi kəndindən keçən hissəsində yerləşən BDYPİ-nin 720 saylı stansionar postunda saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kağız bükümündə təmiz çəkisi 0,754 qram və 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,033 qram olmaqla, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,787 qram xeyli miqdarda kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd kağız qəbz və 1 ədəd polietilen kəsiyi bükümü əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər psixotrop maddələrdən istifadə etmiş və bununla əlaqədar cinayət məsuliyyətinə cəlb edilərək barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 04 oktybar 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə toy məclisində iştirak etmək üçün Şirvan şəhərindən Bakı şəhərinə getmişdir. Toy məclisi başa çatdıqdan sonra 05 oktyabr 2024-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə Şirvan şəhərinə qayıtmaq üçün mikroavtobusa minmişdir. 05 oktyabr 2024-cü il tarixdə saat 03 radələrində Hacıqabul rayonu Navahi kəndində yerləşən BDYPİ-nin stansionar postunda polis əməkdaşları onların mikroavtobusuna saxlama işarəsini vermişlər. Mivroavtobus dayandıqdan sonra bir nəfər polis əməkdaşı mikroavtobusa daxil olaraq ondan avtobusdan düşməsini tələb etmişdir. O, mikroavtobusdan düşdükdən sonra bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun psixotrop maddələr saxlamaqda, daşımaqda şübhəli olmasını bildirmişlər. Polis əməkdaşları onun qoluna qandal vuraraq stasionar postun yanına aparmışlar. Orada bir müddət dayandıqdan sonra polis əməkdaşları ona xəsarət yetirmiş və içərisində psixotrop maddə metamfetamin olan kütləni onun şalvarının cibinə qoymuşlar. Bundan sonra videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmış və əynində olan şalvarın sağ yan cibindən içərisində psixtotrop maddə metamfetamin olan bükülü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq onuda bildirdi ki, həmin vaxt onun üzərində psixotrop maddə və ya narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlinmiş və o, döyülərək xəsarət almışdır. Sonda təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsinə aidiyyatı olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadələr verdiyinə görə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələr elan edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şirvan şəhərində yerləşən mebel sexində usta kimi fəaliyyət göstərib çörək pulunu qazanır. Təxminən 3 ilə yaxındır ki, psixotrop maddələrin aludəçisi olmuş və psixotrop maddə metamfetamindən istifadə etdiyinə görə, sonuncu dəfə 2022-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin hökmü ilə 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını çəkib qutardıqdan sonra bir müddət psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Son vaxtlar metamfetamindən arabir istifadə etməyə başlamışdır. 04 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdən çıxıb həmin küçədə yerləşən işlədiyi mebel sexinə tərəf piyada şəklində hərəkət edərək getməyə başlamışdır. Həmin vaxt hərəkətdə olduğu küçədə yerdə büküm olduğunu görmüşdür. Həmin büküm diqqətini çəkdiyi üçün yaxınlaşaraq əlinə götürən zaman içərisində əvvəllər istifadə etdiyi üçün tanıdığı metamfetamin olduğunu görmüşdür. Ətrafa nəzər salıb metamfetamini tapdığını heç kimin görmədiyinə tam əmin olduqdan sonra əynində olan şalvarının cibinə qoymuşdur. Tapdığı metamfetamini üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. Həmin gün saat 15 radələrində toy məclisində iştirak etmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxt tapdığı psixotrop maddə metamfetamin üzərində olmuşdur. Bundan başqa tapdığı metamfetamindən bir çəkimlik ayıraraq kiçik sellofana büküb kağız bükümün içərisinə qoymuşdur. Toy məclisində iştirak edib bir qədər spirtli içki qəbul etdikdən ailə üzvləri ilə birlikdə sərnişin daşıyan avtobusla Şirvan şəhərinə doğru yola çıxmışdır. Həmin gün tapdığı psixotrop maddə metamfetamindən spirtli içki qəbul etdiyi üçün istifadə etməmişdir. Təxminən saat 03 radələrində Hacıqabul rayonu Navahi kəndin yerləşən stansionar postu keçən zaman içərisində olduğu avtobus postun içərisində saxlanılmışdır. O, avtobusdan düşüb siqaret çəkmək istəyən zaman mülki geyimdə olan şəxslər ona tərəf yaxınlaşmış və Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Həmin vaxt o, üzərində psixotrop maddə metamfetamin olduğu, əvvəllər bir dəfə tutulduğu və spirtli içkinin təsirində olduğu üçün, polis əməkdaşlarına üzərində yoxlama aparılmasına bütün gücü ilə icazə verməmişdir. Həmin vaxt spirtli içkinin təsirində olduğu üçün özünü yerə atmağa başlamışdır. Bu zaman sol dirsək nahiyəsi asfalta dəyərək xəsarət almışdır. Buna baxmayaraq polis əməkdaşları maneə yaratdığı üçün onun qoluna qandal vuraraq üzərində yoxlama aparmağa başlamışlar. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi istəməsi barədə təklif etmişdir. Üzərində hər hansı qadağan olunmuş maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Əməliyyatçı üzərində yoxlama aparmağa başlamışdır. Əynində olan qara rəngli şalvarının sağ yan cibində yoxlama aparan zaman 1 gün əvvəl tapdığı metamfetamin həmin cibindən aşkar olunaraq götürülmüşdür. Əməliyyatçı tərəfindən əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,93 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra əməliyyatçı üzərindən aşkar olunan kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, cibində olmasından məlumatının olmadığını, ona zor tətbiq olunduğunu, 1-2 saat ərzində saxlanıldığını bildirmişdir. Əvvəl bir dəfə üzərində psixotrop maddə saxladığı üçün məhkum olunduğundan, həmin vaxt bunları deməkdə məqsədi məsuliyyətdən yayınmaq olmuşdur. Əsl həqiqətdə üzərindən aşkar olunan psixotrop maddə əvvəldən onun üzərində olmuş, ona hər hansı şəxs tərəfindən zor tətbiq olunmamış, 1-2 saat ərzində tutulduğu yerdə saxlanılmamışdır. Onu saxlayıb üzərində yoxlama aparıldıqdan sonra Hacıqabul RPŞ-nə gətirilmişdir. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Zahid Salahov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Təhqiqatçı ona qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərimdə saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X11 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə onlar tərəfindən imzalar edilmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, sadəcə olaraq istifadə etmiş, üzərindən aşkar olunan psixotrop maddədən kiminsə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis X1 qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 oktyabr 2024-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs onlara məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması və Şirvan-Bakı-Şirvan istiqamətinə sərnişin daşımanı həyata keçirən Mercedes Benz markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobildə şərnişin qismində əyləşərək Şirvan şəhəri istiqamətində hərəkətdə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 05 oktyabr 2024-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞnin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Bakı-Ələt-Qazax avtomobil yolunun üzərində yerləşən Daxili İşlər Nazirliyinin BDYPİ-nin 720 saylı stansionar postunda əməliyyat tədbirini qurmuşlar. 05 oktyabr 2024-cü il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi Mercedes Benz markalı **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 720 saylı stansionar posta tərəf yaxınlaşmasını müşahidə etmişlər. Bundan sonra şəxsiyyəti barədə heç bir məlumatları olmayan 720 saylı stansionar postda xidmət aparan YPX əməkdaşından Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobili dayandırması üçün kömək istəmişlər. Beləliklə, YPX əməkdaşı Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsünə saxlaması üçün işarə vermişdir. Avtomobili postun ərazisində saxladıqdan sonra onlar həmin avtomobilə tərəf yaxınlaşmışlar. Bu zaman avtomobildə olan sərnişinləri narahat etməmək üçün Təqsirləndirilən şəxs avtomobildən düşməsini bildirmişlər. Təqsirləndirilən şəxs avtomobildən yerə düşdükdən sonra Mercedes Benz markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və digər sərnişinlər barədə onlarda heç bir məlumat olmadığından yollarına davam etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özlərini təqdim edib Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də, üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını istəmədiyini bildirərək, qaçmağa cəhd etmiş və var gücü ilə onlar tərəfindən saxlanılmasına imkan verməmişdir. Daha sonra onlar tərəfindən saxlanılmamaq üçün qışqırmağa və özünü yerə çırpmağa başlamışdır. Onlar Təqsirləndirilən şəxs müqavimətinə baxmayaraq, onu saxlamış və yerə yıxılmış vəziyyətdə təhlükəsizlik üçün qoluna qandal vurub, sənədləşmə aparmaq məqsədi ilə ayağa qaldırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs spirtli içkinin təsirində olması hiss olunmuşdur. Bu müddət ərzində Təqsirləndirilən şəxs əlini şalvarının sağ cibinə salmağa cəhd göstərmişdir. O, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. O, üzərində yoxlama aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bir ədəd kağız büküm, həmçinin həmin bükümün yanında iki ədəd boş sellofan bükümlər aşkar olunmuşdur. Həmin bükümlər içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1.93 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, cibində heçnə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onlar tərəfindən üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Zahid Salahovun xidməti otağına daxil olmuşlar. X18 Muradova qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X11 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra baş təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmişdir. Sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, üzərində yoxlama və ondan aşkar olunaraq götürülmüş əşyaya baxış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlayıb, üzərində yoxlama aparmaq istəyən zaman Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını istəmədiyini bildirərək, qaçmağa cəhd etmiş və var gücü ilə onların saxlamasına imkan verməmişdir. Daha sonra onlar tərəfndən saxlanılmamaq üçün qışqırmağa və özünü yerə çırpmağa başlamış, bu səbəbdən bədənində xəsarətlər yaranmışdır. Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa imkan vermədiyi, onlara yoxlama aparmağa maneə olduğu və qaçmağa cəhd göstərdiyi üçün, onlar Təqsirləndirilən şəxs saxladıqdan 20 dəqiqə sonra videoçəkiliş aparmağa başlamışlar. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs və digər ailə üzvləri ilə birlikdə Bakı şəhərində keçiriləcək toy məclisində iştirak etmək məqsədilə Bakı şəhərinə getmişlər. Həmin gün saat 23 radələrində toy məclisindən çıxıb Şirvan şəhərinə qayıtmaq üçün mikroavtobusa əyləşmişlər. Mikroavtobus Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən YPX-nə məxsus stasionar postdan keçən zaman yol-patrul xidmətinin əməkdaşları onların mikroavtobusunu saxlamışlar. Mikroavtobus dayandıqdan sonra mülki geyimdə olan şəxs avtobusa kobud şəkildə daxil olaraq Təqsirləndirilən şəxs avtobusdan düşməsini bildirmişdir. O, və digər sərnişinlər nə baş verdiyini anlamamış, Təqsirləndirilən şəxs məsələnin ona heç bir aidiyyətinin olmadığını bildirərək avtobusdan düşmüşdür. Təqsirləndirilən şəxs mikroavtobusdan düşdükdən sonra 3 nəfər mülki geyimdə olan şəxs onun qoluna qandal vuraraq üzərində axtarış aparmışlar. Bundan sonra mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs yolun əks tərəfində yerləşən stasionar posta tərəf aparmış, sərnişinlərə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və yollarına davam etmələrini bildirmişlər. Onlar təxminən həmin yerdə 15 dəqiqə gözləmiş sonra yollarına davam etmişlər. Bundan iki gün sonra Təqsirləndirilən şəxs yaşadığı evə qayıtmış, həmin vaxt onun sifətində və bədəninin müxtəlif yerlərində göyərmiş, cızılmış izlər olmuşdur. Şahid Ş.Alışova əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən, eləcə də, onun stasionar posta aparılması zamanı onun polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs heç vaxt psixotrop maddələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X4, X5, X6 şahid X8 ilə eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Hacıqabul rayon MTE və PA şöbəsinin rəisi X3 ifadəsində bildirdi ki, hazırda Hacıqabul rayon MTE və PA şöbəsinin rəisi vəzifəsində, tibb eksperti ixtisası üzrə işləyir. İbtidai istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs bədəni onun tərəfindən müayinə edilmişdir. Təqsirləndirilən şəxs bədəninin müayinəsi zamanı bədənin iki nahiyyəsində xəsarət izləri aşkar edilmişdir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər sırasına aid edilmişdir. O, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər barədə soruşduqda, sonuncu spirtli işkinin təsiri altında yıxıldığını, sərxoş vəziyyətdə olduğu üçün hadisəni dəqiq xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs bədəninin müayinəsi aparılan zaman o, özünə məxsus mobil telefonla tədbirin gedişinin videoçəkilişini aparmışdır. Şahid L.Qasımov əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin yaranma səbəbini bir neçə dəfə onun özündən soruşmuş, o, isə sərbəst şəkildə aldığı xəsarətlərin bəzisini spirtli içkinin təsiri altında olarkən yıxılaraq aldığını, digərini isə polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi vəzifəsində xidmət edir. Tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət başlanılmış və ibtidai istintaq aparılmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmiş və bununla əlaqədar könüllü şəkildə yazılı izahat vermişdir. Təqsirləndirilən şəxs bədəninin tibbi müayinəsi zamanı sol bazunun ön səthinin sıyrığı, sol dirsəyin arxa səthinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən xəsarətlərdən birini tutulmamışdan əvvəl aldığını, digərini isə polis əməkdaşları tərəfindən tutulan zaman ayağını sürüşməsi nəticəsində aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd boş selofan bükülü aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,93 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd kağız kəsiyi bükümünün içərisində 1,93 qram psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan metamfetaminə bənzər kütləyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/845 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız bükümündə təmiz çəkisi - 0,754 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,033 qram, ümumi çəkisi – 0,787 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponenlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd kağız qəbz və 1 ədəd polietilen kəsiyi bükümünün üzərində psixorop maddə metamfetamin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7044 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Lakin, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin istifadəçisi olması, həmin psixotrop maddə metamfetamini özünün istifadə etməsi üçün əldə etdiyi, satmaq məqsədinin olmadığı müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,747 qram qalan psixotrop maddə hesab edilə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd kağız qəbz və 1 ədəd polietilen kəsiyi bükümü maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Zahid Salahov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:10-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 04:10-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Toğrul Hüseynov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Qətimkan tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. ünvan 2rə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. ünvan 2rə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 18-1-35/2-1541/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay 18 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-22/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasından daxil olmuş 3-16-17/42/2- 3749/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 381 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs obyektiv müayinəsi zamanı onun bədəni üzərində sol bazunun ön səthinin sıyrığı küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti müayinədən 4-5 gün əvvələ uyğundur. Sol dirsəyin arxa səthinin sıyrığı küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti müayinədən 3-4 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq onlar tərəfindən döyüldüyünü və həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq döyüldüyünü, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmişdir. Baxmayaraq ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 381 saylı ekspert rəyindən görünür ki, o, sol dirsək nahiyəsində olan xəsarəti polis əməkdaşları tərəfindən tutularkən özünü yerə atması zamanı asfalta dəyməsi nəticəsində aldığını, sol bazunun ön səthində olan xəsarəti tutulmamışdan bir neçə gün əvvəl iş görən zaman aldığını, sol dirsək nahiyəsinin arxa səthindəki xəsarəti isə polis əməkdaşları tərəfindən tutularkən ayağının sürüşməsi və qolunun kənarda olan əşyalara dəyməsi nəticəsində aldığını bildirmişdir. Eyni zamanda, müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4, X5, X6 və X8 ifadələrində təqsirləndirilənş şəxs Təqsirləndirilən şəxs tutulması və Navahi qəsəbəsində yerləşən yol-patrul xidmətinə məxsus stasionar posta aparılması zamanı onun polis əməkdaşları tərəfindən döyülməsinin şahidinin olmadığını bildirmişlər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər polis əməkdaşları tərəfindən döyülməsi və ya fiziki təzyiqlərə məruz qalması səbəbindən deyil, hazırki cinayət işi üzrə əhəmiyyət kəsb etməyən digər səbəblərdən yaranmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiçəsinin vəsatəti ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olmuş zənglərin, habelə anten dairəsi barədə məlumatların götürülməsi məqsədilə "xxxx" MMC-yə sorğu göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş məktuba və əlavə edilmiş CD diskdə olan məlumatlara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 15:34-dək Şirvan şəhəri ərazisində, saat 16:15-dən etibarən isə Bakı şəhəri ərazisində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 02:20-dən etibarən Hacıqabul şəhəri ərazisində olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Hacıqabul RPŞ-nin əməkdaşları olan Şahid3, Şahid2 və Şahid1 istifadəsində olan mobil telefon nömrələrinin anten dairələrindən məlum olur ki, onlar xx.xx.2024-cü il tarixdə saat 02:00-02:40 aralığında Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində olmuşlar. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutulmasında iştirak edən polis əməkdaşları tərəfindən verilən ifadələr zamanı onun tutulduğu məkanın və zamanın müəyyən edilməsində hər hansı şübhəli hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: - böyük ictimai təhlükə törətməyən cinayətlər; - yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; - bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay 18 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır, onun şəxsiyyətinin mənfi xarakterizə edilən hal kimi nəzərə alınır və təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilmiş cəzasının islahedici təsirinin şəxsin islah olunması üçün yetərli olmaması və nəticə etibarı ilə cəzanın məqsədlərinə nail olunmadığı qənaətinə gəlinir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivinin olmasını onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər törətdiyi analoji cinayətə görə barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə baxmayaraq, əvvəlki cinayətə görə məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,747 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, lakin müalicəyə ehtiyacının olmaması müəyyən olunduğundan, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmamalı, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasın və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,747 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-22/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-22/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver